Odlu-alovlu illərin xatirələri

 

96 yaşlı veteranın ömür yolunun səhifələrindən

 

Müharibədən onu gözləri ilə görüb, həmin dəhşətləri yaşamağa məhkum olanlar daha yaxşı danışa bilərlər. Qayğısız uşaqlıq illərini yaşamağa macal tapmayan, “vaxtından tez böyüyən”, evin, ailənin başbiləni kimi gecə-gündüz çalışmağa məcbur olan, aclığın, səfalətin demək olduğunu zülmət gecələrdə yuxusu ərşə çəkilmiş anasının qəm-qüssə dolu baxışlarından yağan kədər hüzndən anlayanların sonrakı taleləri yaxşı gətirsəydi vardı ki...

İndi o ölüm-dirim səhnələri ilə dolu müharibə illərindən xeyli vaxt keçir. az-nə çox, bizi 73 illik bir zaman ayırır o dəhşətli günlərdən. Böyük Vətən müharibəsi tarixə sovet xalqlarının faşizm üzərində qələbəsi ilə yazıldı.

Həmin qanlı-qadalı günlərin canlı şahidlərindən, müharibənin ilk illərindən o dəhşətləri həyatında yaşadanlardan, əlinə silah alıb düşmən üzərinə gedənlərdən, sonda Vətənə qələbə müjdəli soraqla qayıdanlardan biri 96 yaşlı Nuriyev Nəbi Balı oğludur. 1922-ci il mart ayının 12-də Vedibasar mahalının Vedi rayonunun Ərmik kəndində dünyaya göz açan Nəbi atasını erkən itirib. Ona görə kiçik qardaşı Əyyubla ailənin qayğılarını çəkib: ağır işlərdə çalışmağa məcbur olub.

Veteranın nəvəsi, tarix müəllimi, Nizami adına Göyçay şəhər 7 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aqil Kəngərli babasının ömürnaməsinə həsr etdiyi “Xatirələr dil açsaydı...” kitabında yazır: “Barmaqla sayılacaq qədər qalan veteranlarımızın döyüşlərdə göstərdiyi vətənpərvərlik bir örnəkdir. Ona görə onların acılı-şirinli xatirələrinin toplanıb gələcək nəsillərə çatdırılması çox vacibdir. Mən tarixçi olduğumdan, çalışıram ki, yüzə doğru addımlayan babamın döyüş yollarında qalan xatirələrini yaşadam. Maraqlı olduğu qədər əzab işgəncələrlə dolu ömürnaməsindən məlum olur ki, İkinci Dünya müharibəsinin başlanması babam Nəbini çətin vəziyyətə salıb. O, 1942-ci il fevralın 28-də cəbhəyə yola salınıb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçən Nəbi Nuriyev elin, mahalın evin igid oğullarından biri kimi tanınıb. Döyüşlərdə göstərdiyi şücaətə görə ona çavuş rütbəsi verilərək bölmə komandiri vəzifəsi tapşırılıb. Sovet-yapon müharibəsində o, ağır döyüşlərdən keçib. Yaponların cəngavər generalı sayılan Kvantın döyüşən ordusu ilə üz-üzə gəlib. O, burada da qəhrəmanlığını cəsurluğunu göstərib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolunu davam etdirən Nəbi Nuriyev həmin ordunun təslim olunması əməliyyatında da xüsusi fəallığı ilə seçilib”.

...Müharibənin qələbə ilə başa çatması, gedənlərin geri qayıtması kimi xoş xəbərlər - müjdələr 1946-cı ilin dekabr ayında onun da ailəsinin qapısını döyüb. O, Azərbaycana qələbə ilə dönüb. Müharibənin hər sahəyə vurduğu zərbələrin Azərbaycandan da yan keçmədiyini görən Nəbi gəncliyini döyüş meydanlarında itirib, amma bir ildən sonra ailə qurub: “Ağlıma da gəlməzdi ki, uğrunda canımı verməyə hər an hazır olduğum İ.V.Stalin bir sənəd imzalamaqla yüz minlərlə vətənpərvər azərbaycanlını doğma yurdundan perik salacaq”. Deportasiya adı altında onun da ailəsini, ata-babasının doğulduğu torpağı ermənilərə hədiyyə edəcək. İnanmazdı, amma bu, acı da olsa, tarixdir: SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 17 noyabr 1937-ci il tarixli qərarına əsasən, 1949-cu il dekabrın son günlərində o da digər həmvətənləri kimi, indiki Ermənistan adlanan yurdundan deportasiya edilib Azərbaycanın İmişli rayonunun Qaralar (Əzizbəyov) kəndinə köçürülüb. Kəndin ağsaqqallarından olan Qurban kişi onun da ailəsinə sığınacaq verib. O zaman kolxoz sədri Mirəli Nəbini taxılçılıq sahəsinə briqadir təyin edib. O, dünyanın ağlı-qaralı günlərini yaşadığından, kolxoz sədrinin bu etimadını doğrultmaq üçün var qüvvəsi ilə çalışıb. Aclıq illərində bir buğda dənəsinin belə itkiyə getməməsinin qarşısını alıb. Bunu görən təsərrüfat rəhbəri onun oxuyub təhsil almasını da unutmayıb. Nəbi Nuriyev Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbinə daxil olub...”

Təqaüdə çıxana kimi kolxozda müxtəlif vəzifələrdə çalışan Nəbi Nuriyev müharibə əmək veteranı kimi el-oba, ictimaiyyət arasında sayılıb-seçilib.

...O, həm qayğıkeş ailə başçısıdır: 4 oğul, 6 qız atası, 30-a yaxın nəvə, 30-dan artıq nəticənin sevimli babasıdır...

Şərəfli ömür sürmüş, həm ağır döyüş yolu keçmiş veteran dövlət hökumət tərəfindən daim qayğı görüb. Uzaq Şərqdə yaponlara qarşı aparılan döyüşlərdə göstərdiyi igidliyə şücaətlərə görə, komandiri olduğu bölmənin şəxsi heyəti adından Ali Baş Komandanın 23 avqust 1945-ci il tarixli əmrinə əsasən təşəkkürnamə alıb. 5 iyul 1946-cı ildə isə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yapon imperialistlərinə qarşı döyüşlərdə fədakar iştirakına görə səhra hərbi hissə komandiri, mayor Levçenkonun imzası ilə “Yaponiya üzərində qələbəyə görə”, həmçinin faşizm üzərində qələbənin 20, 40, 50, 60 65 illik yubiley medalları ilə təltif edilib. O, SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 mart 1985-ci il tarixli fərmanı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində göstərdiyi şücaətə, sovet xalqlarının alman-faşist işğalçıları üzərində qələbənin 40 illiyi münasibəti ilə “II dərəcəli Vətən Müharibəsi Veteranı” yubiley medalı SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1988-ci il tarixli Fərmanı ilə “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” ordeninə layiq görülüb.

Nəbi Nuriyevin təltifləri sırasında bir sənəd də var. Bu sənədi əvvəlkilərindən daha dəyərli yadigar kimi əzizləyir. Bu, ulu öndər Heydər Əliyevin Böyük Vətən müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə imzaladığı sərəncamdır. Həmin sərəncamla Nəbi Nuriyev də “1941-1945-ci illər müharibəsi veteranı” döş nişanı ilə təltif olunub.

Ömrünün yüzünə doğru yolda hələ qıvraq görünən Nəbi Nuriyevin bu il mart ayında 96 yaşı tamam olub. O illəri xatırlayan veteran deyir ki, Azərbaycandan çox-çox uzaqlarda düşmənlə üz-üzə gələndə arxa cəbhədəkilər onların yollarını və qələbəni səbirsizliklə gözləyirdilər. Bu hiss isə döyüşçülərimizi daim irəli, düşmən üzərinə qorxmadan, çəkinmədən aparırdı. Həmin döyüşlərdən alnıaçıq-üzüağ, qələbə ilə qayıdanların cəbhə xatirələri nəvə-nəticələrinə nağıl kimi gəlirdi. Sən demə, müharibənin od-alovları “müharibə nağılları” ilə böyüyənlərin özlərini də bir cəbhə həyatı gözləyirmiş.

Ötən əsrin doxsanıncı illərində erməni daşnaklarının torpaqlarımıza qəfil hücumlarında könüllü olaraq döyüşlərə yollananlara xeyir-dua verənlərdən biri də müharibənin od-alovunun içərisindən keçib gəlmiş Nəbi Nuriyev idi. Bu dəfə qanlı döyüşlər uzaqlarda yox, Azərbaycan torpaqlarında gedirdi. Azğınlaşmış erməni daşnak quldur dəstələrinin torpaqlarımıza amansız hücumlarının qarşısının alınmasında qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalanlar arasında bədənində o illərin ağrı-acısını və güllə qəlpələrini gəzdirən Nəbi Nuriyevin də doğmaları, qohum-əqrabaları az deyil. Ömrünün ixtiyar çağlarında da Nəbi babanın arzuları təzə-tərdir. Deyir ki, bircə Qarabağımızı azad görsəydim, bir qayğım, dərd-sərim qalmazdı. Bu tarixi və şərəfli Qələbəni görəcəyinə isə əmindir veteran baba...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 9 may.- S.13.