Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşanın işğalının ildönümü ilə bağlı bəyanat yayıb

 

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.

Bəyanatda deyilir ki, son 200 ildə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurmaBöyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906-cı, 1918-1920-ci, 1948-1853-cü, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiyaetnik təmizləmə kimi cinayətlər törədiblər. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb. Eyni zamanda, bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər dinc insan həlak olub və 1705 nəfər yaralanıb. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub. Dinc insanlara qarşı törədilən vəhşiliklər bütün beynəlxalq normalara zidd olmaqla yanaşı, bəşəriyyətə qarşı törədilən amansız cinayətlərdir. Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə, sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub.

Bu cinayətlərin içərisində 26 il bundan əvvəl - 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycanın mədəni irsinə vurulan ağır zərbədir. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox insan doğma torpağından məcburən köçkün düşüb.

Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriyası, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəni və tarixi abidə də erməni vandalları tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tuncilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Əbdürrəhim bəy Haqverdiyevin, Qasım bəy Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, Nəcəf bəy Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Bəyanatda deyilir: “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Şuşa rayonunun 33 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gündavam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də mədəniyyət mərkəzi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin yüzilliklər boyu yaşadığı Şuşa şəhərində Azərbaycanın tarixi, memarlıq və dini abidələrin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq.

Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsinpozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə oradan təcavüzə məruz qalaraq qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür.

Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

Bəyanat “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin toplantısında qəbul edilib.

 

Azərbaycan.- 2018.- 9 may.- S.15.