İnternat məktəbinin sakinləri üçün toy şənliyi təşkil olunub

 

Gənc ailəyə yeni mənzilin açarı təqdim edilib

 

Mayın 9-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Təhsil Nazirliyinin 8 nömrəli sanatoriya tipli internat məktəbinin sakinləri üçün “Xəmsə” şadlıq sarayında toy şənliyi keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində təşkil olunan iki gəncin izdivacına YAP-ın üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər şahidlik ediblər.

AZƏRTAC xəbər verir ki, Fikrət Həsənovla Aytac Səfərovanın nikahı rəsmiləşdirildikdən sonra məktəbinin direktoru Pəri Paşayeva hər kəsə təşəkkür edib.

Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirən təhsil ocağının rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olmuş insanlara xüsusi həssaslıqla yanaşdığını söyləyib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək gənclərə xeyir dua verib. Onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin qurucusu, banisi olduğu ölkədə heç kimin tək, kimsəsiz olmadığını qeyd edib. Bu toy şənliyini cəmiyyətimizin birliyinin təzahürü adlandıran Baş nazirin müavini gənclərə nümunəvi ailələrdən olmağı arzulayıb.

Əli Əhmədov gənc ailəyə yeni mənzilin açarını təqdim edib.

Bəy də öz adından onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Təhsil Nazirinin müavini Firudin Qurbanov gənclərə xoş günlər arzulayıb, Azərbaycanın inkişafı naminə həyata keçirilən proseslərdə yaxından iştirak etmələrini tövsiyə edibonlara rəhbərlik etdiyi qurum adından xatirə hədiyyəsi verib.

 

Azərbaycan.- 2018.-11 may.- S.6.