Fövqəladə Hallar Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin
ideyalarına sadiqdir
Mayın 10-da Fövqəladə
Hallar Nazirliyində (FHN) ulu öndər Heydər Əliyevin
anadan olmasının 95 illiyi münasibətilə təntənəli
mərasim keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə nazirliyin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül-çiçək dəstələri qoyublar.
Fövqəladə Hallar Nazirliyinin inzibati binasında keçirilən mərasim dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, tarixi xidmətlərindən danışaraq qeyd edib ki, ölkəmizin bugünkü inkişafına və çiçəklənməsinə görə Dahi Rəhbərə borcluyuq. Cəmiyyətin bütün sahələrindəki intensiv inkişafın əsası Ulu Öndərin istər 1969-1972-ci illərdə ölkəmizə rəhbərlik etdiyi illərdə, istər 1982-1987-ci illərdə SSRİ rəhbərliyində təmsil olunduğu vaxt, istərsə də 1993-cü ildən sonrakı fəaliyyəti dövründə atdığı möhkəm özüllərin sayəsində qoyulub. Nəticədə Azərbaycan Respublikası regionun iqtisadi cəhətdən qüdrətli dövlətinə, beynəlxalq birliyin nüfuzlu üzvlərindən birinə çevrilib.
Nazir xüsusi vurğulayıb ki, hələ SSRİ vaxtında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Bunun nəticəsində böyük tarixi şəxsiyyət gələcək müstəqil dövlətçiliyin milli atributlarını məharətlə qoruyub.
Ulu Öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam“ sözlərini xatırladan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Ümummilli Liderin şah əsəri olduğunu deyib. Bildirib ki, cəmiyyətimizin bütün sahələrində Heydər Əliyevin izlərini görmək mümkündür. Heç şübhəsiz ki, gələcək nəsillər də Dahi Rəhbərin böyük və misilsiz xidmətlərini dərin ehtiramla yad edəcək. Azərbaycanın siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərin Heydər Əliyevin müdrik siyasi kursunun davam etdirilməsi nəticəsində əldə olunduğuna diqqəti çəkən nazir Prezident İlham Əliyevin bu xəttin alternativsiz davamçısı olduğunu nəzərə çatdırıb. Məhz Prezident İlham Əliyevin düşünülmüş və hərtərəfli siyasəti nəticəsində Azərbaycan Respublikası bütün dünyada regionun qüdrətli dövləti, iri investor şirkətlərini özünə cəlb edən dayanıqlı inkişafa malik ölkə kimi tanınır.
Fövqəladə hallar naziri bildirib ki, Ümummilli Lider digər sahələrdə olduğu kimi, təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı mühafızəsinin təşkil olunması üçün də konkret işlər görüb, müasir xilasetmə texnika və avadanlığın alınmasını, xilasedici mütəxəssislərin hazırlanmasını diqqət mərkəzində saxlayıb, bu sahədə mühüm qərarlar qəbul edib. Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin yaradılması da Ulu Öndərin ideyası olub və 2005-ci ildə Prezident İlham Əliyev bu ideyanı yüksək səviyyədə gerçəkləşdirərək mükəmməl normativ hüquqi bazaya malik, maddi-texniki avadanlıqla təchiz olunmuş, müasir standartlara uyğun qurum yaradıb.
Nazir Kəmaləddin Heydərov bu gün böyük tarixi şəxsiyyətin irsini yaşadıb təbliğ edərək bütün dünyaya tanıdan Heydər Əliyev Fondunun və Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətlərindən danışıb.
Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcək.
Mərasimdə
çıxış edən Milli Məclisin
hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ümummilli Liderin anadan
olmasının 95 illiyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi ilə eyni ilə
vaxta təsadüf etdiyini
vurğulayıb. Bildirib ki, Heydər Əliyev ömrünün
yarısından çoxunu dövlətçilik
ənənələrinin qorunmasına, dövlət quruculuğuna həsr edib.
Onun titanik fəaliyyəti
bu ənənələrin davamı və
dövlətin əbədi olmasına yönəlib. Natiq Ümummilli Liderin ölkəmizdə
demokratik təsisatların və hüquqi dövlətin qurulması ilə
bağlı aparılan islahatları xatırladaraq məhz Dahi Rəhbərin uzaqgörənliyi nəticəsində
müxtəlif xarici təhdidlərə və
təhlükələrə baxmayaraq, Azərbaycan
Respublikasında ictimai-siyasi sabitliyin təmin olunduğunu,
iqtisadi uğurların əldə edildiyini söyləyib.
Azərbaycan.-
2018.-11 may.- S.8.