MDB İcraiyyə Komitəsinin sədri Sergey
Lebedev: "Heydər Əliyevin xatirəsi
daim yaşayacaq"
Moskvada Azərbaycanın
Rusiyadakı səfirliyində xalqımızın ümummilli
lideri Heydər Əliyevin 95 illiyinə həsr edilmiş təntənəli
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış siyasi və ictimai xadimlər, mədəniyyət və incəsənət xadimləri, o cümlədən Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski, MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov, Dövlət Dumasının deputatı Yelena Drapeko, Rusiyanın Xalq Artisti, teleaparıcı Leonid Yakuboviç, Rusiyanın Əməkdar Rəssamı Nikas Safronov və başqaları iştirak edirdi.
Səfirliyin foyesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi təşkil edilmişdi.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçıları qarşısında çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri barədə ətraflı məlumat verdi. O dedi: “Tarixdə elə insanlar olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Azərbaycan Prezidenti Heydər Əliyev də belə insan idi”.
Diplomat xatırlatdı ki, 1982-ci ilin dekabr ayında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib, Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilib və faktiki olaraq SSRİ-nin rəhbərlərindən biri olub. Səfir dedi: “Heydər Əliyev 12 nazirliyə kuratorluq edir, səhiyyə, elm, maşınqayırma, yüngül sənaye, nəqliyyat, kommunikasiya, mədəniyyət, təhsil kimi mühüm sahələrə rəhbərlik edirdi. SSRİ-də orta təhsil və ixtisas təhsili sahəsində əsaslı islahat da Heydər Əliyevin adı ilə bağlıdır. O, həmin islahatın əsas müəllifi və kuratoru idi. Ötən yüzilliyin ən nəhəng tikintilərindən biri olan Baykal-Amur Magistralının (BAM) tikintisi üzrə komissiyaya Heydər Əliyev başçılıq edirdi. O, öz prinsipial mövqeyi sayəsində bütün istiqamətlərdə ona tapşırılmış məsul işi layiqincə yerinə yetirirdi”.
Lakin P.Bülbüloğlunun qeyd etdiyi kimi, Heydər Əliyevin nadir iş qabiliyyəti, peşəkarlığı və təşkilatçılıq istedadı heç də hamının xoşuna gəlmirdi. M.S.Qorbaçovun Heydər Əliyevə psixoloji təzyiqi açıq xarakter daşıyırdı. Keçmiş baş katib öz məqsədlərinə nail olmaq üçün hətta həkimləri də cəlb etmişdi. Onlar Heydər Əliyevə israrla təlqin edirdilər ki, guya o, ağır xəstədir, ən çoxu 3-5 il ömrü qalıb və o işləməməlidir. Məhz bu səbəblər üzündən 1987-ci ildə Heydər Əliyev tutduğu vəzifələrdən istefa verməli oldu. Onun istefasından az sonra oğlu, Azərbaycanın gələcək prezidenti İlham Əliyev məzunu olduğu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) adi müəllimi vəzifəsindən kənarlaşdırıldı.
Diplomat deyib: “1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi faciə ilə əlaqədar o vaxt pensiyada olan Heydər Əliyev həmin dövrdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin yerləşdiyi bu binaya gələrək bəyanatla çıxış etdi. Bu hadisələrə ilk olaraq siyasi qiymət verən Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi. Analitiklərin çoxu Heydər Əliyevin bu bəyanatını şücaətli bir addım hesab edir, bunu “böyük siyasətə qayıdış” adlandırırlar.
Heydər Əliyev yeni Azərbaycanın əsl memarı oldu. O, ölkədə demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdi. Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadi böhranın qarşısı alındı və beləliklə, bugünkü nailiyyətlərin təməli 1994-1995-ci illərdə qoyuldu.
2003-cü ildə Heydər Əliyev dünyasını dəyişdi. Bu, Azərbaycan üçün ciddi sarsıntı oldu. Rusiya prezidenti Vladimir Vladimiroviç Putin Heydər Əliyevlə vida matəm mərasimində onu öz ölkəsinin böyük dostu adlandıraraq qeyd etmişdi ki, Heydər Əliyev bir siyasi xadim kimi həm Azərbaycan, həm də Rusiya üçün çox böyük əhəmiyyət kəsb edir. Vladimir Putin demişdi: “Bu insan irəli baxmağı bacarırdı”. Deyirlər, insanın adı onun taleyini müəyyən edir. Heydər adının mənası “öndər” deməkdir. Məhz bu səbəbdən, Heydər Əliyev gələcəyə can atır, zamanı qabaqlamağı, hadisələri öncədən görməyi bacarırdı. Tarix göstərdi ki, Azərbaycan xalqının böyük oğlu, bizim ümummilli liderimiz Heydər Əliyev öz adını doğruldub”.
RF Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov vurğulayıb ki, Heydər Əliyev nümunəvi dövlət başçısı idi. O deyib: “Heydər Əliyev ölkə rəhbərliyinə qayıdanda Azərbaycan müharibə girdabında idi. Heydər Əliyev qayıtdı və ölkədə qayda yaratdı. Rusiyalı bir keşiş mənə deyirdi ki, Heydər Əliyev prezident vəzifəsində işə başlayanda əvvəlcə bir milli diaspora gedib, onları Azərbaycandan getməməyə razı salıb. Sonra başqa, rus diasporuna, rus keşişin yanına gedib. Heydər Əliyev bunu ölkənin prezidenti kimi edib. Bugünkü bəzi dövlət başçıları bunu öyrənməlidirlər”.
Deputat çıxışının sonunda deyib: “İndi həyatımızda riyakarlıq çoxdur: sözdə bir cür danışırlar, əməldə başqa cür hərəkət edirlər. Böyük Heydər Əliyevdə belə xasiyyət yox idi, o, dediyini hökmən həyata keçirirdi. Bizim bir siyasətçi kimi vəzifəmiz bu böyük insan haqqında xatirələri gələcək nəsillərə çatdırmaqdır”.
MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev qəti əmin olduğunu bildirib ki, Heydər Əliyevlə görüşmək imkanı olmuş hər kəsin qəlbində onun barəsində silinməz xatirələr qalıb. S.Lebedev deyib: “Bu gün mən Azərbaycan xəbər agentliklərinin, o cümlədən AZƏRTAC-ın lentlərinə baxırdım. Ölkədə keçirilən genişmiqyaslı anım tədbirləri məni mütəəssir etdi. Fəxri xiyabana gələnlərin ardı-arası kəsilmirdi. İnsanlar Azərbaycan xalqının Ümummilli Liderinə ehtiramlarını bildirməyə gəliblər. Bu, o deməkdir ki, bu böyük insanın xatirəsi daim yaşayacaq”.
Rusiyanın Xalq Artisti, teleaparıcı Leonid Yakuboviç Heydər Əliyevin bənzərsiz şəxsiyyət olmasını vurğulayaraq dedi: “Əlbəttə, Heydər Əliyev tamamilə fantastik şəxsiyyətdir. Onunla dəfələrlə görüşmüşəm və o, mənə elə güclü təsir bağışlayıb ki, sonra onun bioqrafiyasını öyrənməyə xeyli vaxt sərf etmişəm. O, tarixi miqyaslı şəxsiyyətdir. Mübaliğəsiz deyə bilərəm ki, onu de Qoll və Çörçill ilə müqayisə etmək olar. Mən çox insanlarla görüşmüşəm, lakin bu miqyaslı şəxsiyyətləri barmaqla saya bilərəm. Onun gözlərini hələ də xatırlayıram. Tanrıya şükür edirəm ki, mənə bu insanla söhbət etmək qismət olub”.
Azərbaycan
xalqının Ümummilli Liderinin
95 illiyi şərəfinə təşkil
edilmiş tədbir musiqili
proqramla davam edib. Rusiya Böyük Teatrının solisti, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov,
“Qolos” şousunun
iştirakçısı Emil Qədirov,
Azərbaycanın Əməkdar Artisti
Elnarə Məmmədova və pianoçu
Nazxanım Dadaşovanın ifasında Heydər Əliyevin
xoşladığı əsərlər səslənib.
Azərbaycan.-
2018.- 12 may.- S.5.