Aqrar sektorun sənayeləşməsi dövrün tələbidir

 

Kənd təsərrüfatında ənənəvi sahələrin dirçəldilməsi  aqrar sektorun dinamik inkişafında mühüm rol oynayır. Məsələn, son dövrlər pambıqçılığın, tütünçülüyün, sitrus meyvəçiliyinin, üzümçülüyün, çayçılığın, çəltikçiliyin dövlət dəstəyi hesabına inkişafı bu sahədə məhsul istehsalının artımına və ölkənin ixrac potensialının çoxalmasına imkan yaradıb.

Bunun nəticəsidir ki, cari ilin yanvar-fevral aylarında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 37,3 faiz artaraq 241,7 milyon dollara çatıb. Sözsüz ki, ixrac olunan qeyri-neft məhsullarında aqrar sektorun payı da yüksəkdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ənənəvi sahələrin dirçəldilməsi barədə demişdir: “Kənd təsərrüfatı ilə bağlı artım 4,2 faizdir, yaxşı göstəricidir, xüsusilə bitkiçilikdə. Bunun böyük hissəsi pambığın istehsalı ilə bağlıdır... Biz ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atmışıq...”

Azərbaycanda aqrar sektor üzrə islahatlar kompleks şəkildə aparılır. Yəni kənd təsərrüfatı məhsullarının istehsalı, emal prosesləri və son məhsula çevrilməsi planlı şəkildə həyata keçirilir. Məsələn, pambıq və baramanın Mingəçevir Sənaye Parkında və Şəki İpək Kombinatında yüksək səviyyədə emal edilərək son məhsula çevrilməsi üçün konkret tədbirlər görülür. Bu da həmin məhsullardan daha çox gəlir əldə etməyə, daxili tələbatı ödəməyə və ixrac etməyə hesablanıb. Qeyd edək ki, təkcə pambıqçılığa verilən dövlət dəstəyi sayəsində ötən il 207 min ton pambıq tədarük edilmişdir. Müqayisə üçün bildirək ki, 2015-ci ildə bu rəqəm cəmi 35 min ton olmuşdu. Göründüyü kimi, fərq dəfələrlədir.

Ümumiyyətlə, kənd təsərrüfatında sənayeləşmədən geniş istifadə dövrün tələbidir. Dünya təcrübəsi də göstərir ki, aqrar sektorda sənayeləşmə olmadan inkişaf mümkün deyil. Odur ki, bu sahədə yeni texnikatexnologiyalar tətbiq ediliro, məhsuldarlığın artmasına, məhsulların emalına geniş imkanlar açır. Digər tərəfdən, məhsul istehsalçıları ilə emalçılar arasında əlaqə yaranır. İstehsalçı məhsulun alıcısının olacağını, emalçı nə qədər xammaldan istifadə edəcəyini öncədən bilir. Bu qarşılıqlı əlaqə və anlaşma hər iki tərəf üçün sərfəlidir və istehsalı stimullaşdırır.

Aqropark da müasir texnikatexnologiyalardan istifadə edilən aqrar müəssisədir. Artıq ölkəmizdə də bu təcrübədən geniş istifadə olunur. Hazırda Azərbaycanda 45 aqroparkın yaradılması prosesi gedir. Həmin aqroparkların 28-i bitkiçilik, 17-si heyvandarlıq kompleksidir. Bu müəssisələrin fəaliyyətə başlaması həm ölkəmizin ərzaq təhlükəsizliyini təmin edəcək, həm də ixrac imkanlarını genişləndirəcək.

Aqroparkların bir üstünlüyüistehsal, emal, satış və texniki xidmətlərin kompleks şəkildə həyata keçirilməsidir. Digər tərəfdən, aqroparkların ilin bütün fəsillərində məhsul yetişdirmək imkanı var. Bu, fasiləsiz istehsalixrac imkanı deməkdir. Azərbaycan da bu imkandan yararlanaraq il boyu məhsul ixrac etməklə xarici bazarda yerini qorumağa çalışır.

İxracdan danışıb fındıqçılıqdan bəhs etməmək mümkün deyil. Fındıqçılıq Azərbaycanın ənənəvi bitkiçilik sahələrindən sayılır. Bu məhsulun istər ölkə daxilində, istərsə də xaricdə alıcısı başının üstündədir. Elə buna görədir ki, ixracda pomidordan sonra fındıq ikinci yerdədir və yüksək gəlir gətirməyi ilə seçilir.

Tütünçülük də seçilən sahələrdəndir. Bu sahənin Azərbaycanda ən yüksək inkişaf dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Amma sonrakı illər məlum səbəblərdən bütün sahələrdə olduğu kimi, tütünçülükdə də durğunluq yarandı. Səbəb emal müəssisələrinin işləməməsi, xarici bazara məhsul çıxarmaq imkanının olmaması idi. Ölkədə həyata keçirilən aqrar islahatlar çərçivəsində tütünçülüyün inkişafı ilə bağlı qəbul edilən qərarlar isə bu tənəzzülə son qoydu. Məsələn, 2015-ci ildə cəmi 1300 hektarda tütün əkilmişdisə, cari ildə bu rəqəm 3300 hektara çatıb. Bu isə ixracdan asılılığa son qoyulması, əlavə ixrac imkanı deməkdir.

Baramaçılıq da sənayeləşmə tələb edən sahədir. Ümumiyyətlə, Azərbaycanda ipəkçiliyin tarixi qədimdir. Azərbaycan kəlağayısı istər Şərqdə, istərsə də Avropada məşhur idi. Kəlağayıların incəliyi və naxış bolluğu alıcıları özünə cəlb edirdi. Azərbaycanın müxtəlif bölgələrində kəlağayı sexləri olsa da, Şəki əsas baza rolunu oynayırdı. Ötən əsrdə sənaye üsulu ilə işləyən Şəki İpək Kombinatı fəaliyyət göstərirdi. Bu gün baramaçılığın dirçəldilməsi kombinatın fəaliyyətini yenidən canlandırıb. Hazırda kombinat yerli xammalla təchiz olunur. Təkcə ötən il ölkədə 240 ton barama tədarük edilmişdir. Cari ildə isə 450-500 ton barama tədarükü proqnozlaşdırılır.

Aqrar sektorda ənənəvi sahələrin dirçəldilməsi, sənayeləşmə məhsul istehsalı ilə yanaşı, əhalinin məşğulluğunun təminatında da mühüm rol oynayır. Məsələn, məlumdur ki, pambığın əkin coğrafiyası digər məhsullara nisbətən genişdir. Təkcə pambıq sahələrinin artırılması 200 minə yaxın insanın işlə təmin edilməsinə imkan yaradır. Yəni, daha çox ailə gəlir əldə edib güzəranlarını yaxşılaşdırır. Digər sahələrdə də həmçinin - daha sürətli inkişaf və sənayeləşmə həm də daha çox yerinin açılması ilə nəticələnir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 13 may.- S.1; 5.