Azərbaycanın dəniz nəqliyyatı yeni,
müasir inkişaf mərhələsinə qədəm qoyur
Mayın 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev paytaxtın
Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub.
Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.
Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyur.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər. Burada ümumi sayı 2502 olmaqla, uzunluğu 45 kilometr, orta dərinliyi 26 metr təşkil edən müxtəlif diametrli svay işləri aparılıb. Limanın yerüstü infrastrukturu bu svaylar üzərində qurulub. Kompleksin qərb istiqamətində olan sahil xəttinin yuyulmasının qarşısının alınması məqsədilə 1077 metr uzunluğunda xüsusi struktura malik müdafiə divarı inşa edilib.
Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək.
Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kran isə modernləşdirilərək quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir. Burada qapalı və açıq anbarlar tikilib. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.
Dövlətimizin başçısı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsini bildirən düyməni basdı.
Azərbaycan Prezidenti İlham Əliyev kompleksin ərazisini gəzdi.
Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci il 13 aprel tarixli Sərəncamına əsasən bu kompleksin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün görüləcək işlərin sifarişçisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi təyin edilib. Bu istiqamətdə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlama tarixləri göstərilməklə Tədbirlər Planı hazırlanıb. Bu planla müəyyən edilən hədəflərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq olunub. Atılan addımların nəticəsində işlərin dinamikasının əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artırılmasına nail olunub. Tikinti prosesinə 1500-ə yaxın işçi qüvvəsi və 300-dək müxtəlif təyinatlı texnika cəlb edilib.
Yeni liman kompleksinin Baş Planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi, Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. İnşaat işləri liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılıb. Kompleksin ərazisində tikinti işləri yerli şirkət - “Evrascon” ASC tərəfindən yerinə yetirilib.
Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İT komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb.
Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin – konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet üzərindən işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən modern və rahat yükaşırma mərkəzinə çevirir, mühüm nəqliyyat qovşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.
“Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Limanın elektrik enerjisi ilə təminatı Ələt elektrik yarımstansiyası və Səngəçal modul elektrik stansiyasından olmaqla iki mənbədən yerinə yetirilir. Layihənin ümumi elektrik gücü 18 meqavat təşkil edir. Bununla yanaşı, limanın fasiləsiz elektrik enerjisi ilə təminatı üçün iki dizel generator stansiyası qurulub. İçməli su təchizatının təmin edilməsi məqsədilə ərazidə su anbarı inşa edilib.
Dövlətimizin başçısına ölkəyə daxil olan yük axınlarının həcminin artım dinamikasına uyğun olaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilmə potensialı, bu çərçivədə daxil olan yük axınlarının çeşidlərinə və intensivliyinə uyğun olaraq, Limanın genişləndirilmə seqmentində görülməsi nəzərdə tutulan tədbirlər, yükaşırma həcmlərinin artacağı təqdirdə yaranacaq əlavə imkanlar barədə məlumat verildi.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Prezidenti
görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
-Bu gün ölkəmizin həyatında
çox əlamətdar bir gündür. Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə
verilir. Bu gözəl hadisə münasibətilə
sizi və bütün Azərbaycan xalqını ürəkdən
təbrik edirəm. Əminəm ki, yeni
Bakı Limanı ölkəmizin nəqliyyat
potensialının möhkəmləndirilməsində önəmli
rol oynayacaqdır.
Mən bir neçə il bundan əvvəl limanın tikintisi ilə
bağlı qərar qəbul etmişəm. Bilirdim,
görürdüm ki, Azərbaycanın çox böyük nəqliyyat
və tranzit potensialı olacaqdır, ölkəmiz sürətlə
inkişaf edəcəkdir. Belə bir qərarın
qəbul edilməsi bir daha göstərdi ki, bizim siyasətimiz
uzaqgörən siyasətdir, düşünülmüş
siyasətdir.
Tikinti işləri
başlamışdı və biz bu tikinti işlərini mərhələlərə
böldük.
2014-cü ildə bərə terminalı, bu ilin
əvvəlində isə Ro-Ro terminalı istifadəyə
verildi, bu gün isə liman tam fəaliyyətə hazırdır.
On beş milyon ton yükaşırma, o
cümlədən 100 min konteyner yükaşırma qabiliyyəti
olan liman bizim nəqliyyat infrastrukturumuzun möhkəmlənməsində
əlbəttə ki, önəmli rol oynayacaqdır. Bundan sonrakı mərhələ yükaşırma
qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb.
Bax, burada yerlər də hazırdır. Bu gün təqdimatda, o cümlədən limanın
genişləndirmə işləri ilə bağlı planlar
da məruzə edilmişdir və konteynerlərin həcmi ildə
500 min ədədə hesablanıb.
Limanın inşasında
yerli və xarici mütəxəssislər, işçilər
iştirak ediblər. Mən gördükləri işlərə
görə onlara minnətdarlığımı bildirmək
istəyirəm. Limanın tikintisi ilə
bağlı işlərə mən şəxsən nəzarət
etmişəm. Şadam ki, bu gün burada ən
yüksək standartlar tətbiq olunur, bütün
avadanlıq, lazım olan texniki vasitələr, ən
müasir kranlar alınıb quraşdırılıb. Beləliklə, biz Azərbaycanda çox
güclü nəqliyyat-logistika mərkəzini yaratdıq.
Ələtin seçilməsi
də təsadüfi deyildi. Çünki
mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza
artıq uyğun deyil, şəhərin mərkəzində
yerləşir və artan yükləri qəbul etmək
imkanları çox məhduddur. Ələt
isə coğrafi baxımdan çox əlverişli bir yerdir və
həm Qərb, həm Cənub istiqamətinə buradan
açılan yollar, o cümlədən avtomobil, dəmir
yolları əlbəttə ki, bu yerin seçilməsində əsas
rol oynamışdır. Əlbəttə
ki, Ələt qəsəbəsinin də inkişafı
böyük dərəcədə burada yaradılan logistika və
nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə
etsək ki, biz yaxın gələcəkdə Ələt Azad
İqtisadi Zonasının yaradılmasına
başlayacağıq, deməyə tam əsas var ki, Bakı
şəhərinin bu ərazisi gələcəkdə
çox sürətlə inkişaf edəcək,
çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə,
Ələt ölkəmizin iqtisadi nəqliyyat
potensialının inkişafında əlbəttə ki,
önəmli yer tutacaqdır.
Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının istifadəyə verilməsi deməyə
əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı
qarşımızda duran bütün vəzifələri icra
etdik. Bu günə qədər bu istiqamətdə
çox böyük işlər
görülmüşdür. Xəzərdə bizim ən
böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə
verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi
alınmışdır. Mənim təşəbbüsümlə
Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə
bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan
asılılığı aradan qaldırmışıq.
Son 15 il ərzində
ölkəmizdə 15 min kilometr avtomobil yolu
salınmışdır. Bizim bütün
qonşu dövlətlərlə sərhədimizə qədər
gedən yollar istifadəyə verilib, şəhərlərarası,
kənd yolları, yəni, bu infrastruktur da yaradılıb.
Bu illər ərzində 7 aeroport tikilibdir.
Onlardan 6-sı beynəlxalq aeroportdur. Azərbaycanın ən müasir təyyarə
parkı var. Heydər Əliyev Beynəlxalq Aeroportu bu
yaxınlarda beşulduzlu statusu alıbdır. Məlumat üçün demək istərdim ki,
dünyada cəmi 9 aeroportun beşulduzlu statusu var, onlardan biri
Heydər Əliyev Aeroportudur.
Biz dəmir yolu
infrastrukturumuzu müasirləşdiririk, mövcud dəmir yolu
xətlərini təzələyirik, yeni dəmir yolu xətləri
çəkilir ki, sürət artsın. Lokomotivlər,
vaqonlar alınır. Bakı-Tbilisi-Qars dəmir
yolu keçən ilin oktyabr ayında bax, bu ərazidə
istifadəyə verilmişdir. Bu, tarixi
layihə idi. Azərbaycan bu layihənin təşəbbüskarı
idi və bu layihənin həyata keçirilməsi
üçün böyük vəsait
ayırmışdır. Biz Bakını
Avropaya dəmir yolu xətti ilə birləşdirdik. Əslində Asiyanı Avropa ilə birləşdirən
Azərbaycan olmuşdur. Bu nəqliyyat dəhlizi
uzun illər bundan sonra bizə böyük gəlirlər gətirəcək,
xalqımıza böyük fayda verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir.
Bu layihənin uğurla icra edilməsi nəticəsində
Azərbaycan bu bölgədə öz mövqeyini daha da
gücləndirəcəkdir.
Biz hazırda Şimal-Cənub
nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq
və öz ərazimizdə bütün lazımi işləri
başa çatdırdıq. Beləliklə, həm
Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən
yollar Azərbaycan ərazisindən keçir və keçəcəkdir.
Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa
çatması üçün biz əlavə vəsait
ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə
veriləcəkdir. Beləliklə, Avrasiya məkanında
açıq dənizlərə çıxışı
olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə
çevriləcək. Artıq biz bunu
görürük və biz bu funksiyanı artıq yerinə
yetiririk.
Fikirləşmək
olardı ki, biz artıq bununla işimizi başa
çatmış hesab edə bilərik. Ancaq biz gələcəyə
baxmalıyıq və baxırıq. Hazırda
Cənub-Qərb nəqliyyat dəhlizinin işə salınması
ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat
dəhlizidir və mənə verilən məlumata görə,
birinci sınaq qatarı artıq bu yolla hərəkət
edib. Beləliklə, biz böyük nəqliyyat
infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini
qat-qat artırmış oluruq. Eyni zamanda,
bu layihələr beynəlxalq əməkdaşlığı
genişləndirir, gücləndirir. Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizlərində
iştirak edən ölkələrin sayına, onların
gücünə baxsaq, görərik ki, bu, doğrudan da
genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır.
Şərq-Qərb nəqliyyat dəhlizi
Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə
və ondan sonra Avropa ölkələrini birləşdirir.
Şimal-Cənub nəqliyyat dəhlizi Pakistan,
Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini
birləşdirir. Cənub-Qərb dəhlizi
isə daha geniş formatda ölkələri birləşdirir.
Bütün bu layihələrdə iştirak edən
ölkə Azərbaycandır. Biz bu layihələrin
həyata keçirilməsi üçün çox
böyük səylər qoyduq, çox böyük siyasi
addımlar atıldı. Yəni, bu layihələrin
həyata keçirilməsi üçün məqsədyönlü,
düşünülmüş şəkildə işlədik,
çalışdıq. Nəhayət,
bunun nəticəsini görürük.
Bir daha demək istəyirəm
ki, bu layihələrin həyata keçirilməsi təkcə
bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat
potensialımızdan çox böyük səmərə ilə
istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha
da yaxşılaşdıracağıq. Bu
layihələr Azərbaycanın geosiyasi önəmini
böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq
üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini
davam etdirəcək. Onsuz da dünyada bizə
böyük hörmət, rəğbət var. Azərbaycan
çox etibarlı tərəfdaş, çox qabiliyyətli
ölkə kimi tanınır. Bizim artan
iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri
icra edək. Bakı Beynəlxalq Dəniz
Ticarət Limanının tikintisi Azərbaycanın dövlət
büdcəsi hesabına həyata keçirilən önəmli
layihələrdən biridir və bu gün bizim tariximizdə
yaddaqalan və önəmli gün kimi qalacaqdır.
Mən bu limanın tikintisində
iştirak edən bütün yoldaşları bir daha
salamlayıram, onlara təşəkkürümü bildirirəm. Sizə gələcək
fəaliyyətinizdə uğurlar arzulayıram. Bu gözəl hadisə münasibətilə sizi və
bütün Azərbaycan xalqını bir daha təbrik edirəm.
Sağ olun.
***X X X
“Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı
Vəfa SƏFƏRLİ-ABDULLAZADƏ dedi:
- Möhtərəm cənab Prezident,
Bakı Limanının kollektivi adından Sizi
salamlayırıq. İlk növbədə,
fürsətdən istifadə edərək, prezident
seçkilərində parlaq qələbəniz münasibətilə
Sizi təbrik edirik və Azərbaycanın rifahı naminə
fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.
Möhtərəm cənab
Prezident, Siz çıxışınızda da qeyd etdiniz ki,
yeni Bakı Limanının fəaliyyətə
başlaması təkcə ölkəmizin deyil, eyni zamanda,
region ölkələrinin iqtisadiyyatının
inkişafına böyük təkan verəcəkdir. Bu vacib,
strateji əhəmiyyətli kompleksin yaradılmasına
göstərdiyiniz böyük dəstəyə görə
Sizə dərin minnətdarlığımızı
bildiririk. Rəhbərliyinizlə ölkəmizdə
həyata keçirilən digər layihələrdə
olduğu kimi, yeni Bakı Limanında da müasir innovativ
texnologiya tətbiq edilir. Bu, o deməkdir
ki, biz Bakı Limanının kollektivi olaraq daim yeni
texnologiyaları öyrənir, yeni avadanlıqlardan istifadə
edir, bilik və bacarıqlarımızı inkişaf etdiririk.
Yeni Bakı Limanının yaradılması həm də mənim
kimi yüzlərlə gənc üçün yeni iş yeri
deməkdir. Bu imkanı
yaratdığınız üçün Sizə dərin
minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab
Prezident, Sizi Bakı Limanının kollektivi adından bir daha
salamlayır və bizə göstərdiyiniz daimi diqqət və
qayğıya görə minnətdarlığımızı
bildiririk.
Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ
olun, təşəkkür edirəm.
***
Sonra xatirə şəkilləri
çəkdirildi.
Azərbaycan.- 2018.- 15 may.- S.1-2.