Nazir Teodor Meleşkanu:
Azərbaycan Rumıniyanın Cənubi Qafqazda
yeganə strateji tərəfdaşıdır
Rumıniya ilə Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Rumıniya Azərbaycanın
müstəqilliyini tanıyan
ilk dövlətlərdən biridir.
Bu fikirləri
AZƏRTAC-a məxsusi müsahibəsində Rumıniyanın
xarici işlər naziri Teodor Meleşkanu
deyib.
Avropa İttifaqı
üzvləri arasında
ilk dəfə Rumıniyanın
2009-cu ildə Azərbaycanla
strateji tərəfdaşlığın
yaradılmasına dair
razılaşma haqqında
Birgə Bəyannamə
imzaladığını söyləyən
nazir ölkəmizin Rumıniyanın Cənubi
Qafqazda yeganə strateji tərəfdaşı
olaraq qaldığını
bəyan edib: “Bu, əlaqələrimizin etibarlılığının
və dostluğumuzun mükəmməl göstəricisidir.
Azərbaycan regionda Rumıniyanın
ən böyük ticarət və iqtisadi tərəfdaşıdır,
enerji və nəqliyyat kimi strateji sahələrdə
əsas partnyorudur.
Biz enerji, əlaqələndirmə,
ticarət və təhsil sahələrində
sıx işləyirik.
Eyni zamanda, multikulturalizm, tolerantlıq kimi birgə dəyərləri
paylaşırıq. Beynəlxalq aləmdə
Rumıniya Azərbaycanın
Avropa İttifaqı, eləcə də NATO ilə əlaqələrinin
inkişafını dəstəkləyir.
Əminəm ki, Azərbaycanın
yeni hökuməti ilə əməkdaşlığımız
bizim ikitərəfli və çoxtərəfli
gündəliyimizi zənginləşdirəcək”.
Ölkələrimiz arasındakı iqtisadi əlaqələri ətraflı
şərh edən Teodor Meleşkanu ticarətdə çox müsbət tendensiyanın
müşahidə edildiyini
vurğulayıb. Ötən il ticarət
dövriyyəsinin 400 milyon
dollara çatdığını
bildirən Rumıniyanın
xarici siyasət idarəsinin rəhbəri
ölkələrimizin hələ
bir çox istifadə edilməmiş
potensialının olduğunu
qeyd edib: “Rumıniyanın dinamik və saxələndirilmiş
iqtisadiyyatı var. Azərbaycan
iqtisadiyyatın inkişafı
və şaxələndirilməsi
üçün addımlar
atır. 2016-cı ilin dekabrında ölkənizdə 11 Strateji
Yol Xəritəsi prioritetlərinə başlanıldı.
Bu, Azərbaycanda investisiya yatırmaq, eləcə də ticarət etmək istəyən Rumıniya şirkətləri üçün
əlavə imkanlar yarada bilər. Azərbaycan və Rumıniya güclü rəqabətlilik
mövqeyi olan sahələrdə yeni layihələr reallaşdırmaqla
iqtisadiyyatlarını tamamlaya
bilər. Bizim coğrafi
mövqeyimiz, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat
dəhlizimiz əlaqələndirmə
sahəsində geniş
imkanlar yaradır.
Azərbaycanlı tərəfdaşlarımız
ilə birgə Xəzərdə və Qara dənizdə yük dəhlizinin inkişaf etdirilməsi üzərində işləyirik.
Ümid edirəm ki, Cənubi Qafqaz və Mərkəzi Asiya bu işdə
uğura nail olacaq.
Bu mənada biz Azərbaycana inanırıq”.
Yeni məhsul, xidmət, tərəfdaşlar
tapmaq üçün
şirkətlərə göstərilən
dəstəyin artırılmasının
vacibliyinə toxunan Teodor Meleşkanu deyib ki, bu
müsbət faktorları
konkret layihələrə
çevirmək üçün
daha sıx işləməliyik: “SOCAR bu
mənada yaxşı
platformanı təmsil
edir və ruhlandırıcı nümunədir.
SOCAR Rumıniyada uzun müddətdir uğurlu fəaliyyət göstərir və bizim ölkəmizdə tanınmış, etimad qazanmış brenddir.
Şirkət insanlara iş imkanları yaradır və lazımlı investisiya qoyur. Bu uğur
hekayəsinin dərinləşməkdə
davam etməsini səbirsizliklə gözləyirik.
Enerji bizim ikitərəfli əməkdaşlığımızın əsas komponentidir. Ölkələrimiz enerji təhlükəsizliyi
və şaxələndirilməsi
bazarında eyni mövqeyi paylaşır.
Eyni zamanda, regional tərəfdaşlarımızla
“Agri LNG” interkonnektorunu
inkişaf etdirmək üçün işləyirik.
Transgaz və SOCAR bu layihənin irəliləməsi
üçün əsas
yolları müəyyənləşdirmək
məqsədilə birgə
çalışır”.
Buxarestdə keçiriləcək
Azərbaycan-Rumıniya hökumətlərarası
komissiyasının beşinci
iclası barədə
fikirlərini bölüşən
nazir deyib: “Birgə Komissiya hökumətlərarası dialoq
və ümumi iqtisadi əməkdaşlığın
prioritetlərini və
perspektivlərini müəyyənləşdirən
əsas vasitə, birgə layihələrimizə
yaşıl işıq
yandıra biləcək
yeganə ən mühüm forumdur. Bu, şirkətlər və biznes nümayəndələri üçün
görüşmək, əlaqələrin
dairəsini genişləndirmək
üçün imkandır.
Hökumətlərarası Komissiyanın növbəti
iclası çərçivəsində
biznes forum da təşkil olunacaq.
İclas,
həmçinin iqtisadi
sahədə ümumi
layihələrin daha da inkişaf etdirilməsinə hər iki hökumətin güclü siyasi dəstəyini nümayiş
etdirəcək”.
Regionda Azərbaycanın təşəbbüsü
ilə həyata keçirilən irimiqyaslı
layihələrdən söhbət
açan xarici işlər naziri Bakı-Tiflis-Qars dəmir yolunun Şərq-Qərb dəhlizində
vacib əlaqələndirmə
olduğunu bildirib. Qeyd edib
ki, bu, regional əlaqənin gücləndirilməsinə
mühüm töhfədir.
“Layihənin Mərkəzi
Asiya, Xəzər və Qara dəniz
regionunun yeni nəqliyyat marşrutunun inkişafına müsbət,
artıq hiss olunan təsiri var. Azərbaycan Şərq-Qərb dəhlizində
açar rolunu oynayır və bunu Rumıniyaya da aid etmək olar. Bizim Qara dəniz
sahilində mühüm
Konstansa limanımız
var. Biz də Dunay çayı ilə Mərkəzi Avropa boyunca yaxşı nəqliyyat əlaqələndirməsi
təmin edə bilərik. Mən bir daha Xəzər dənizi ilə Qara Dəniz
arasında Yük Daşımaları Dəhlizi
təşəbbüsünün inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamaq
istərdim. Rumıniya və
Azərbaycan, həmçinin
Gürcüstan və
Türkmənistanla da
sıx işləyir”,
- deyə xarici işlər naziri əlavə edib.
Rumıniya ölkəmizin Avropanın
enerji tələbatının
təminindəki rolunu
dəyərləndirir və
buna böyük əhəmiyyət verir. Bu barədə
danışan Teodor Meleşkanu Azərbaycanın
birbaşa və mühüm dəstəyi
sayəsində inkişaf
etdirilən nəqliyyat
marşrutlarının və
qaz resursları nəqlinin şaxələndirilməsi
ilə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin artırılmasında
düzgün seçim
olduğunu vurğulayıb:
“Rumıniyanın Cənub
Qaz Dəhlizi Məşvərət Şurasının
iclasında təmsil olunması bizim bu strateji layihəyə
verdiyimiz diqqətin təcəssümüdür. “Cənub Qaz
Dəhlizi” layihəsinin
tamamlanması ilə yeni imkanlar əldə
etmək mümkün
olacaq və regional layihələr əlaqələndirmənin
daha da genişləndirilməsinə
xidmət edir. Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya interkonnektoru (BRUA) Cənub Qaz Dəhlizi ilə Mərkəzi Avropa arasında açar olmağı qarşıya
məqsəd qoyub.
Bu, Xəzər dənizinin enerji ehtiyatlarını Cənub
Qaz Dəhlizi ilə Rumıniya vasitəsilə Avropaya çıxaracaq”.
Ölkəsinin Avropa İttifaqının ilk üzv
dövləti olaraq Enerji Xartiyasına sədrlik etdiyini və enerji sahəsində davamlı,
təhlükəsiz gələcəyin
təminində Xartiyanın
rolunun gücləndirilməsinə
çalışacaqlarını bildirərək deyib ki, Rumıniya, həmçinin enerji investisiyaları, enerji ticarəti, nəqliyyat sahələrində Enerji
Xartiyasının modernləşdirilməsinə
diqqət yetirəcək.
Əsas mövzular enerji faydalılığının
inkişafı ilə enerji
qıtlığının aradan
qaldırılması, texniki
boşluqları həll etməklə əməkdaşlıq
çərçivəsinin möhkəmləndirilməsi,
trans-sərhəd enerji axınının
təhlükəsizliyinin təmin olunmasıdır.
Azərbaycan.- 2018.-15 may.- S.3.