21 km, 18 min marafonçu...
Heydər Əliyev
Fondunun təşəbbüsü
ilə “Bakı Marafonu 2018” keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva marafonda iştirak ediblər.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu ardıcıl üçüncü ildir təşkil olunub. Builki marafonda iştirak üçün 18 minədək şəxs qeydiyyatdan keçib. Marafona, həmçinin dövlət və hökumət rəsmiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar, ictimaiyyətin nümayəndələri və tələbələr qoşulublar.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.
Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə təşkil olunub. Yarışda 16 yaşdan yuxarı şəxslər əvvəlcədən qeydiyyatdan keçərək iştirak ediblər.
Marafonda Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak ediblər. Bakı Marafonuna Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri də qoşulublar. Həmçinin İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də marafonda iştirak ediblər.
Yarış Dənizkənarı Milli Park, Yusif Səfərov küçəsi, daha sonra Heydər Əliyev Mərkəzinin yanından keçərək Heydər Əliyev prospekti boyunca Bakı Olimpiya Stadionunadək marşrutu əhatə edib. Marşrut boyunca marafonçuları DJ-lər, dəstək qrupları finişə çatmağa təşviq edib. Hər üç kilometrdən bir yardım məntəqələri fəaliyyət göstərib.
Finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda yaradılan fan zonasında müxtəlif əyləncə proqramları təqdim olunub.
Bakı Olimpiya Stadionunda toplaşan azarkeşlər “Küləyə qalib gəl”ənləri dəstəkləyiblər. Yarışın təltifetmə mərasimi də Bakı Olimpiya Stadionunda olub. “Bakı Marafonu 2018”in qalibləri iki kateqoriya üzrə müəyyən olunub. Kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko finiş xəttinə birinci çatıb. İranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü olublar. Qadınlar arasında isə türkiyəli Fadimə Çelik, ukraynalı Valentina Poltavska, Rusiyadan olan Anastasiya Petrova müvafiq olaraq I-III yerləri tutublar.
Kişi və qadın kateqoriyalarının hər birində birinci yerin qalibi 3000, ikinci yerin qalibi 2000, üçüncü yerin qalibi isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediliblər.
Bununla yanaşı, kişi və qadın kateqoriyaları üzrə 4-10-cu yerlərin sahiblərinə müxtəlif qiymətli hədiyyələr verilib. Marafonun bütün iştirakçılarına təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.
Həmçinin “Azercell” şirkətinin köynəyində yarışanlar arasında qalib olan Namiq Əsədova, ikinci yeri tutan Samir Paşayevə və üçüncü olan Tural Sadıxlıya isə müxtəlif hədiyyələr verilib.
“Bakı Marafonu
2018” layihəsinin eksklüziv tərəfdaşı
“Azercell Telekom”
şirkətidir. Marafon Dənizkənarı
Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi
ilə təşkil olunub. Layihənin icrasını isə
“Sport Marketing Group” (SMG) şirkəti həyata keçirib.
“Bakı
Marafonu 2018”də toplanan
vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinin icrasına yönəldiləcək.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə “Küləyə
qalib gəl” şüarı altında
Bakıda ilk marafon
2016-cı il mayın 1-də, ikinci yarımarafon isə 2017-ci
il aprelin 30-da keçirilib. Bu layihə
region sakinləri tərəfindən
böyük marağa
səbəb olduğundan
2017-ci il sentyabrın 17-də Gəncədə
də yarımarafon təşkil edilib.
Azərbaycan.- 2018.- 15 may.- S.1; 4.