Bakı şəhəri
“Expo 2025” ümumdünya sərgisinin namizədlik prosesində
növbəti mərhələyə adlayıb
Beynəlxalq Sərgilər
Bürosunun (BSB) İcraiyyə Komitəsi mayın 4-də
keçirilmiş iclasının ümumi hesabatını dərc
edib. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə
ümumdünya sərgisinə namizədliyi məqsədilə
ölkəmizdə səfərdə olmuş Beynəlxalq Sərgilər
Bürosunun Qiymətləndirmə Missiyasının rəyi də
daxil edilib.
“Bakı Expo 2025” Əməliyyat
Katibliyindən AZƏRTAC-a bildiriblər ki, 2025-ci ildə Beynəlxalq
Sərgilər Bürosunun ümumdünya sərgisinə
evsahibliyinə Bakı şəhərinin namizədliyi üzrə
İşçi Qrupu Bakı şəhərinin növbəti
mərhələyə keçdiyini və finala doğru irəliləməkdə
olduğunu qürurla bildirir. Bu ilin noyabrında Parisdə təşkil
ediləcək Beynəlxalq Sərgilər Bürosunun Baş
Assambleyasının 164-cü sessiyasında üzv dövlətlər
2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun
ümumdünya sərgisinə evsahibliyi edəcək şəhəri
seçəcəklər.
2025-ci ildə Beynəlxalq Sərgilər
Bürosunun ümumdünya sərgisinə evsahibliyinə
Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə
Missiyasının rəsmi hesabatında deyilir: “Expo sərgisinin
Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq
tədbirlərə evsahibliyi etməsi istiqamətində təcrübəsinin
artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə
məntiqi və böyük dəstək olacaq”.
Qiymətləndirmə Missiyası
ölkə səviyyəsində sərgiyə evsahibliyi ilə
bağlı fikir birliyini və bunun inkişaf strategiyası ilə
üst-üstə düşməsini də qeyd edib. Həmçinin
“İnsan kapitalını inkişaf etdirərək daha
yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini
olduqca təqdirəlayiq hesab edib və bildirib ki, bu mövzu
çoxsaylı ölkələr üçün cəlbedici
və mühüm olmaqla bərabər, hazırkı iqtisadi və
sosial transformasiyaları və
çağırışları nəzərə alır.
Bununla yanaşı, Azərbaycanın bu mövzunu təqdim
etməsinin məqsədəuyğun olduğu da bildirilib. Qeyd
edilib ki, missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə
son dərəcə uyğun olduğunu və
iştirakçıların cəlb edilməsi
üçün güclü potensial təşkil edə biləcəyini
güman edir.
Azərbaycan Respublikasının
maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin
işçi qrupunun sədri Samir Şərifov deyib: “Biz Beynəlxalq
Sərgilər Bürosunun İcraiyyə Komitəsinə və
Qiymətləndirmə Missiyasına təklifimizlə
bağlı hazırladıqları ətraflı və
müsbət hesabata görə təşəkkür edirik. Gələn
ay Beynəlxalq Sərgilər Bürosunun Baş
Assambleyasının Parisdə keçiriləcək 163-cü
sessiyası zamanı Beynəlxalq Sərgilər Bürosunun
üzvlərinə Bakı şəhərinin namizədliyi ilə
bağlı planlarımızı təqdim etməyi səbirsizliklə
gözləyirik”.
Beynəlxalq Sərgilər
Bürosunun 6 expo sərgilərində 18 il ərzində
öz pavilyonları ilə fəal iştirak etmiş və
pavilyonlarının yüksək keyfiyyətlərinə
görə üç mükafat qazanmış Azərbaycan
expo hərəkatına güclü bağlılıq
nümayiş etdirir.
Bakı şəhərinin namizədliyi
seçilərsə, “Expo 2025” ümumdünya sərgisi
2025-ci il mayın 10-dan noyabrın 10-dək altı ay ərzində
keçiriləcək. Bu, Beynəlxalq Sərgilər
Bürosunun bütün regionda təşkil ediləcək ilk
ümumdünya expo sərgisi olacaq.
Azərbaycan.-
2018.-16 may.- S.7.