Mübarək Ramazan ayı başlayır
Bu gün
orucluğun niyyət axşamıdır
Müsəlman dünyası sevincli günlər ərəfəsindədir. Möminlərin on bir aydır səbirsizliklə gözlədikləri
məqam gəlib çatır. Bu gün orucluğun niyyət axşamıdır.
Bu axşam müsəlmanlar
mübarək Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət
edəcək, sabah isə oruc tutmağa başlayacaqlar.
Hicri-qəməri təqvimin
doqquzuncu ayında - Ramazan ayında oruc tutmaq hər
bir müsəlman üçün vacibdir, çünki oruc islamın beş
fərzindən biridir.
Ağıllı, həddi-büluğa çatmış, oruc tutması üçün
üzrlü səbəb
olmayan hər bir şəxs oruc tutmalıdır.
Bir ay ərzində müsəlmanlar
günün işıqlı
vaxtında oruc tutub yemək-içməkdən
və cinsi əlaqədən uzaq olacaqlar.
Qeyd etmək lazımdır ki, oruc islamla
başlamamışdır, insanlar islamdan əvvəl də oruc tutmuşlar. Bu, Qurani-kərimin
Bəqərə surəsində
açıq-aşkar ifadə
edilmişdir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən
əvvəlki ümmətlərə
vacib olduğu kimi, sizə də vacib edildi
ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!.. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.
(Bu günlərdə) sizdən xəstə və ya səfərdə
olanlar tutmadığı
günlər qədər
başqa günlərdə
oruc tutmalıdırlar.
Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər
kəs könüllü
xeyir iş görərsə (həm oruc tutub, həm
də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin
üçün nə
qədər xeyirlidir!”.
Oruc tutmaq Tanrının buyuruğu olmaqla bərabər, böyük
əxlaqi-mənəvi, sosial
əhəmiyyətə malikdir. Hədisi-şərifdə deyilir ki, “oruc
sipərdir”, yəni, müsəlmanı pis əməllərdən qoruyan
gizli silahdır.
Oruc tutan insan qeybət
qılmaq, söyüş
söymək, dava-dalaş
salmaq kimi naqis əməllərdən
çəkinməlidir. Peyğəmbərimiz demişdir:
“Oruc insanla günah arasında sanki bir pərdədir.
Sizdən biriniz oruc tutduqda pis
söz danışmasın!
Onu söyənə və ya vurana
“mən orucam” desin”.
Ramazan ayı boyunca insanlar arasında bir-birinə məhəbbət,
hörmət, şəfqət,
dostluq, qardaşlıq,
həmrəylik münasibətləri
hökm sürməlidir. Oruc tutanlar
düşmənçiliyə, umu-küsüyə son qoymalıdırlar.
Hamı bir-birinə münasibətdə
mərhəmətli olmağı,
bir-birini bağışlamağı
bacarmalıdır. Allah-təala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının
zəruriliyini xatırladır.
Ramazan müsəlmanın mənəvi
inkişafı üçün
böyük əhəmiyyət
kəsb edir. Məlumdur ki,
yemək-içmək, cinsi
əlaqə kimi cismani ehtiyaclar insan həyatında güclü amillərdəndir.
İlin bir ayında oruc tutmaqla müsəlman
cismani ehtiyacların hökmranlığından azad
olur və mənəvi-ruhi cəhətdən
təkmilləşmək imkanı
əldə edir.
Oruc insanda dözüm, iradə və təmkin tərbiyə edir, nəfsə hakim olmaq vərdişləri aşılayır. Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı sınağa çəkir:
varlı kasıbın
sosial vəziyyətini
dərk edir, ona münasibətdə xeyirxah olmağın vacibliyini anlayır. Oruc insanı yaxşı işlər görməyə
sövq etməklə
yanaşı, pis əməllərdən də
çəkindirir. Aparılmış çoxsaylı araşdırmalar
göstərir ki, Ramazan ayı boyunca müsəlman ölkələrində cinayətkarlığın
səviyyəsi açıq-aşkar
aşağı düşür.
Eyni zamanda, bir ay oruc tutmaq insanın
sağlamlığında mühüm
rol oynayır. Peyğəmbərimiz
Məhəmməd salavatullah
buyurmuşdur: “Oruc tutun ki, sağlam
olasınız!” Qədim zamanlardan
bəri oruc insanın sağlamlığını
möhkəmlətmək, müxtəlif
xəstəlikləri müalicə
etmək üçün
təbii vasitə kimi nəzərdən keçirilir. Antik dövrdə
Sokrat, Platon, Aristotel kimi böyük mütəfəkkirlər
müəyyən müddət
ac qalmağı, başqa
sözlə, oruc tutmağı tövsiyə
etmişlər. Müasir alimlər
də yemək-içməkdən
imtina edilməklə bir çox xəstəliklərin müalicəsində
uğurlu nəticələr
əldə etmişlər.
Oruc insan psixikasına, əsəb sisteminə müsbət təsir göstərir. Heyrətamiz haldır ki,
oruc bir sıra psixiatrik xəstəliklərin, hətta
şizofreniyanın müalicəsində
təsirli vasitədir.
Bir çox dərdin dərmanı elə insan orqanizminin özünün daxilindədir. Bu gün həkimlər təsdiqləyirlər ki,
oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati zərurətdir.
İnsan
qida qəbul edərkən, nəfəs
alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli
maddələri bədəndən
oruc tutmaqla kənarlaşdırmaq mümkün
olur.
Oruc tutarkən mədə, bağırsaqlar, qara ciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına
gətirib çıxarır.
Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr
yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü
yoxdur ki, orucun müsbət təsirinə məruz qalmasın.
Oruc bel, onurğa, boyun ağrılarının
sağalmasına kömək
edir. Norveçdə aparılmış elmi tədqiqat nəticəsində məlum
olmuşdur ki, qida qəbulundan imtina oynaqların iltihabının müalicəsində
effektiv vasitədir - bir şərtlə ki, xəstə dörd həftə ac qalsın. Bu isə təxminən Ramazan orucunun müddətinə
bərabərdir! Həkimlər mədə-bağırsaq xəstəliklərindən
müalicə zamanı
da elə bu qədər pəhriz saxlamağı məsləhət görürlər.
Qeyri-müsəlman ölkələrində
aparılmış və
on minlərlə xəstəni
əhatə etmiş araşdırmalar sübuta
yetirmişdir ki, oruc bir çox
digər xəstəliklərin,
o cümlədən yüksək
qan təzyiqinin, qara ciyər, dəri xəstəliklərinin,
xüsusilə allergiya
və xroniki ekzemanın və s. müalicəsinə kömək
edir. Bundan başqa, oruc
bir çox insanların əziyyət
çəkdiyi köklükdən
və onun doğurduğu xəstəliklərdən
qurtulmaq üçün
təsirli vasitədir.
Eyni zamanda, oruc pis
vərdişləri (siqaretə,
narkotik maddələrə
aludə və s.) tərgitməyə kömək
edir.
Orucun mənəvi-əxlaqi və
fiziki faydaları çoxdur. Eyni zamanda, yaddan
çıxarmaq olmaz ki, Ramazanda oruc
hansısa fayda naminə yox, Allahın əmrini yerinə yetirib Onun rizasını qazanmaq üçün tutulur.
Bu mübarək
ayda Tanrıya edilən dualar daha tez qəbul
olunandır. Vətən torpağının düşmən
tapdağından qurtulması,
didərgin soydaşlarımızın
yurd-yuvalarına qayıtması
üçün dua edək! Allah orucunuzu və müqəddəs ayda edəcəyiniz duaları qəbul eləsin! Amin!
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2018.-16 may.- S.8.