Almaniyanın Frankfurt şəhərində
IMEX sərgisi açılıb
Azərbaycan Konqreslər Bürosu
iştirakçı ölkələr arasında ən
yaxşı nümayiş stendinə
görə təşəkkür məktubu alıb
Mayın 15-dən Almaniyanın Frankfurt şəhərindəki “Frankfurt Messe”də dünyanın ən nəhəng turizm sərgilərindən biri olan IMEX sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən yüzlərlə təşkilatın iştirak etdiyi bu sərgidə respublikamızı Azərbaycan Konqreslər Bürosu (AzKB) uğurla təmsil edir.
Mayın 17-dək davam edəcək sərgidə Azərbaycan Konqreslər Bürosunun stendi ilk gündən təşkilatçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. IMEX rəhbərliyinin Azərbaycan Konqreslər Bürosuna ünvanladığı təbrik məktubu bunun əyani təsdiqidir. Məktubda Azərbaycan Konqreslər Bürosuna yüksək səviyyədə iştirakına görə minnətdarlıq edən IMEX-in təşkilati və satış işləri üzrə baş meneceri Oliver Bailey Büronu sərginin ilk günündən əldə etdiyi uğura görə təbrik edib.
IMEX sərgisi hər il dünyanın MİCE sənayesinin bütün sektorlarından 3500-dən çox təchizatçını Frankfurtda bir araya gətirir.
Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.
Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli sənaye tərəfdaşlarının maraqlarını qorumaqla Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.
Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasında turizmin
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” 2016-cı il 1 sentyabr
tarixli sərəncamına əsasən
Bakı şəhərində ticarət festivalının təşkili
Azərbaycan Konqreslər Bürosu tərəfindən
həyata keçirilir. 2017-ci il aprelin 10-dan mayın
10-dək Azərbaycanda ilk dəfə olaraq Bakı Şopinq
Festivalı keçirilib. Bu
layihə ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlanıb. Hər iki festival şəhərimizin
qonaqları, yerli alıcılar və
ticarət sektorunun
iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə
qarşılanıb. Üçüncü
şopinq festivalı bu
il mayın 1-dən start
götürüb. Festival
mayın 31-dək davam edəcək.
Azərbaycan.-
2018.-16 may.- S.8.