Bakıda XXIV Azərbaycan Beynəlxalq Qida
Sənayesi və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
sərgiləri
açılıb
Prezident
İlham Əliyev tədbirdə iştirak edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 16-da Bakı Ekspo Mərkəzində
XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan
2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı
“Caspian Agro 2018” sərgiləri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verdi.
Bildirildi ki, ötən illə müqayisədə bu il “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım nümayiş etdirib. Sərgilərə dünyanın 34 ölkəsindən 402 şirkət qatılıb və bu şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribütorlar təşkil edir. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 12 milli və regional qrup iştirak edir.
Prezident İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun stendi ilə tanış oldu. Diqqətə çatdırıldı ki, 1991-ci ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan şirkət qida sektorunda əhəmiyyətli paya malikdir. Şirkətin zavodlarında geniş ixracat şəbəkəsi mövcuddur. Ölkə iqtisadiyyatına xeyli sərmayə qoyan “Azərsun Holdinq” bu müddət ərzində istehlakçıların rəğbətini qazana bilib.
“Grow Group Azərbaycan” şirkətinin stendi ilə tanışlıq zamanı məlumat verildi ki, istixanaların satışı və quraşdırılması sahəsində ixtisaslaşan şirkətin məhsulları ən son standartlara cavab verməklə yanaşı, tam avtomatlaşdırılmış müasir plastik və şüşə istixana komplekslərinin hazırlanmasını əhatə edir. “Grow Group Azərbaycan” 2009-cu ildən başlayaraq beynəlxalq şirkətlərlə əməkdaşlıq şəraitində dünyanın 80-dən çox ölkəsində müasir standartlara cavab verən məhsulları ilə diqqəti cəlb edir.
Sərgidə iştirak edən digər şirkət - “Grand Motors” MMC Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürüb və fəaliyyətini bu istiqamətdə qurub. Bu baxımdan, “Grand Motors” MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Dünyada tanınmış 14 istehsalçının Azərbaycanda rəsmi təmsilçisidir. Bu istehsalçılardan biri də “Nyu Holland”dır. “Nyu Holland” müştərilərə məhsuldarlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsini vəd edir.
“Maschio Gaspardo” şirkəti torpaq və quruntun işlənilməsi, əkin aqreqatları, ot biçini və yığımı, gübrələrin verilməsi üçün nəzərdə tutulan kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə liderdir. Şirkət 10 iri istehsal mərkəzindən ibarətdir və dünyada bir sıra kommersiya filialları ilə təmsil olunur.
150 illik tarixə malik “Göygöl şərab zavodu” ASC Azərbaycanın ən qədim şərab emalı müəssisəsidir. 1860-cı ildə yaradılan müəssisənin 507 hektarlıq üzüm təsərrüfatı var. Zavodda istehsal olunan şərab xüsusi materialdan hazırlanan çənlərdə standartlara uyğun saxlanılır. Şirkət müxtəlif növ spirtli və alkoqolsuz sərinləşdirici içkilər istehsalı ilə bazarda önəmli yer tutur.
Sərgidə xüsusi pavilyonla təmsil olunan Gürcüstan bu beynəlxalq tədbirə öz kənd təsərrüfatı məhsullarını təşviq etmək və onların beynəlxalq miqyasda tanıdılması baxımından böyük əhəmiyyət verir. Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bu sərgidə ilk dəfə 2015-ci ildə iştirak edib və “Ən yaxşı ölkə təqdimatı” sertifikatına layiq görülüb. Builki sərgidə Gürcüstanı 10-a yaxın şirkət təmsil edir.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 2016-cı ildə fəaliyyətə başlayıb. Ölkəmizdə narçılığın inkişaf etdirilməsini, narın xarici bazarlara çıxarılmasını və ixrac miqyasının yeni bazarlar hesabına genişləndirilməsini qarşıya məqsəd qoyan assosiasiya hazırda “Made in Azerbaijan” brendi ilə məhsul istehsalını təşviq edir.
İtaliyanın “Antonio Carraro” şirkəti istehsal etdiyi kənd təsərrüfatı texnikasının satışının dünya bazarında stimullaşdırılması ilə bağlı tədbirlər görür. Bakıda keçirilən builki sərgiyə şirkətin göstərdiyi maraq da məhz bundan qaynaqlanır.
Yerli şirkətlərdən olan “Gilan Pivot” MMC-nin fəaliyyəti də maraq doğurur. Neftçala Sənaye Məhəlləsinin ərazisində yerləşən MMC-də investisiya dəyəri 1 milyon manat olan istehsal sahəsi yaradılıb. Bu müəssisədə ildə 400 ədəd suvarma sistemi istehsal edilə bilər. Bu isə 20 min hektar əkin sahəsinin suvarılması deməkdir.
Rusiyanın “Rostselmaş” şirkəti də builki sərgidə fəal iştirak edir. Eyni ad altında avadanlıq istehsal edən 13 müəssisədən ibarət olan şirkətin məhsul xəttinə 24 növ texnika və 150-dən çox model və modifikasiya daxildir.
Sərginin fəal iştirakçıları sırasında olan “Fruit Life” şirkəti Avropa İttifaqı və Yunanıstanın köməyi ilə maliyyələşdirilən kampaniyadır və Aİ standartlarına uyğun məhsulların bazara çıxarılmasını təmin edir.
Belarus
Respublikası da bu sərgidə
bir neçə şirkətlə təmsil
olunur. “Belin-ter-ekspo” bu ölkənin milli ekspozisiya və pavilyonlarının
rəsmi operatorudur. Sərgidə Belarusun kənd təsərrüfatı və
qida sənayesində ixtisaslaşmış şirkətləri
öz məhsullarını
təqdim edir. Bura Azərbaycanda da fəaliyyət göstərən “Belaruski”
ticarət şəbəkəsinin,
Belarusun ən iri özəl baytarlıq preparatları hazırlayan şirkətlərindən
olan “Beleko-texnika”nı daxil etmək olar.
Sərgidə Yunanıstan ayrıca stendlə təmsil olunur.
Altay diyarı
Rusiyada ekoloji təmiz qida məhsullarının ən
böyük istehsalçısıdır. Sərgidə ayrıca stendi olan bu diyarın
məhsulları ixrac üçün nəzərdə
tutulub və bütün beynəlxalq tələblərə uyğundur.
2016-cı ildən
fəaliyyətə başlayan
“Balxurma” müəssisəsi
quru və yarım-quru meyvələrin
istehsalı sahəsində
öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunan, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir
standartlara cavab verən müəssisədir.
Avropa bazarında kifayət qədər tanınan Latviya Mərkəzi Südçülər Assosiasiyasının
“Milk-river” kampaniyasının məqsədi Aİ ölkələrində
istehsal olunan süd məhsullarının
rəqabətqabiliyyətliliyinin təşviqi və
ABŞ, Birləşmiş Ərəb Əmirliyi, İsrail, Azərbaycan və Çin kimi ölkələrdə
bazar payının artırılmasıdır.
İtaliya builki sərgidə bir çox şirkətlə təmsil
olunur. Dünyada kənd təsərrüfatı
sahəsində məşhur
olan İtaliya şirkətləri sərgidə
öz kənd təsərrüfatı texnikalarını
və məhsullarını
təqdim edirlər.
Bu ölkənin stendində qida məhsullarının emalı,
soyuducu, yuyucu, təmizləyici avandanlıq
istehsalı üzrə
ixtisaslaşan italyan şirkətləri barədə
də geniş məlumat almaq mümkündür.
Türkiyə həmişəki kimi, sərgidə daha çox şirkətlə
təmsil olunan ölkələrdən biridir. Qardaş ölkə
builki sərgiyə kənd təsərrüfatının
və qida sənayesinin bir çox spektrlərini əhatə edən şirkətlərin məhsullarını
çıxarıb. Plastik qablaşdırma
sahəsində ixtisaslaşan
Türkiyənin “Polipa”
şirkətinin məhsulları
sərgidə xeyli maraq doğurub. “Tekno-Ser” şirkəti
isə irriqasiya və istixana komplekslərinin geniş çeşidini təqdim edir.
Sərginin “Holland pavilyonu”nda Niderland Krallığının kənd
təsərrüfatı və
qida sektorunda fəaliyyət göstərən
bir neçə şirkəti təmsil olunur. Onlar öz məhsullarını
sərgi ziyarətçilərinə
təqdim edirlər.
“ASAN xidmət”in
nəzdində fəaliyyət
göstərən “ABAD” publik
hüquqi şəxs Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafında
vətəndaşların fəal
iştirakına, kiçik
və orta sahibkarlığın inkişafına,
əhalinin məşğulluq
səviyyəsinin artırılmasına
və rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının
formalaşdırılmasına dəstək olan ABAD mərkəzlərinin yaradılması
istiqamətində görülən
işlər artıq öz bəhrəsini verib. Ailə biznesini dəstəkləyən
bu mərkəzlər
istehsal olunan məhsulların ölkədə
və xaricdə satışını həyata
keçirməyə xidmət
edir.
Fəaliyyət göstərdiyi
sahədə vahid dövlət siyasətinin
hazırlanmasını və
reallaşdırılmasını təmin edən Qida Təhlükəsizliyi
Agentliyi qida məhsullarının təhlükəsizliyinə
dair normativ tənzimləməni, risklərin
təhlilini, qida məhsullarının qablaşdırma
materiallarının dövlət
qeydiyyatına alınmasını
və digər funksiyaları həyata keçirir. Əsas diqqət genetik
seleksiyaya məruz qalmış məhsulların
istehlakdan kənarlaşdırılmasıdır.
Yerli “AMORİS” Məhdud Məsuliyyətli
Cəmiyyəti meyvə
və tərəvəz
məhsullarının yetişdirilməsi
sahəsində ixtisaslaşıb. Çoxillik təcrübəyə
malik olan şirkət yeni bitki növlərinin yetişdirilməsi və
“BİS” markası altında
müştərilərə çatdırılmasını qarşıya hədəf
qoyub.
Litvanın “Svalya” şirkəti Baltikyanı regionda aparıcı mövqe tutur. Avropa İttifaqı və
MDB məkanında böyük
nüfuz qazanan şirkət süd və süd məhsullarının geniş
çeşidinin istehsalı
ilə məşğuldur.
Kənd təsərrüfatı texnikalarının
ekspozisiyası həm
Bakı Ekspo Mərkəzinin daxilində,
həm də sərgi kompleksinin açıq platformasında
yerləşir.
Sərgidə ölkəmizin kənd təsərrüfatının əsas
istiqamətlərindən biri
olan heyvandarlıq sahəsindəki nailiyyətləri
də nümayiş olunur. “Gilan Kənd
Təsərrüfatı” şirkətinin
fəaliyyəti və
şirkətin müəssisələrində
yetişdirilən heyvan
cinsləri məhsuldarlığı
ilə diqqəti cəlb edir.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin məqsədi
kənd təsərrüfatı
məhsulu istehsalçılarının
maddi-texniki bazasını
yaratmaq, sahibkarları
lizinq yolu ilə texnika, mineral gübrə, damazlıq heyvanlar, texnoloji avadanlıq, suvarma sistemi ilə təmin etmək, məhsul istehsalı ilə məşğul olan fiziki və
hüquqi şəxslərə
güzəştli qiymətlərlə
aqroservis xidmətlərini
göstərməkdir.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı
Belarus traktorları, MAZ və
KAMAZ yük avtomobilləri,
avtomobil kranları, müxtəlif təyinatlı
qoşqular, ekskavatorlar,
xüsusi traktorlar və digər məhsulları ilə Azərbaycan və xarici bazarda böyük nüfuz qazanıb.
İtaliyanın “Landini” şirkəti də kənd təsərrüfatı traktorlarının
geniş çeşidini
təqdim edir. Müəssisənin
Almaniya, Fransa, Cənubi Afrika, Kanada və ABŞ-da filialları fəaliyyət göstərir.
Prezident İlham
Əliyev adları yuxarıda qeyd olunan şirkətlərin
və ölkələrin
stendləri ilə tanış oldu.
Beləliklə, “WorldFood Azerbaijan” və
“Caspian Agro” sərgiləri bir daha aqrar
sənaye kompleksinin mütəxəssisləri üçün
növbəti görüş
yerinə çevrildi.
Hər iki sərgi keçirildiyi illər ərzində özünü
qida sənayesi üzrə avadanlığın,
məhsul və xidmətlərin nümayiş
olunduğu, eləcə
də müştərilər
tapmaq, biznes tərəfdaşları ilə
mövcud əlaqələri
möhkəmləndirmək və yeni satış
bazarlarına çıxmaq
üçün imkanların
yaradıldığı etibarlı
platforma kimi doğrultmağa müvəffəq
olub.
Sərgilər mayın 18-dək davam edəcək.
Azərbaycan.-
2018.-17 may.- S.5-6.