Bakı bölgənin sərfəli ticarət mərkəzinə
çevrilir
800-dən çox mağazada
“Əvvəlcə alış-veriş et,
sonra pulunun bir qismini geri
al” kampaniyası davam edir
Paytaxt sakinlərinin və turistlərin böyük rəğbətini qazanan Bakı Şopinq Festivalı artıq iki həftədən çoxdur ki, alış-veriş həvəskarlarını sevindirməyə davam edir. Başlandığı ilk ildən böyük uğurlar əldə edərək beynəlxalq ictimaiyyətin marağına səbəb olan festival Azərbaycanda və regionda ilk dəfə keçirilməsinə baxmayaraq, qısa zamanda yüksək etibar qazanıb.
Budəfəki festivalda
da supermarketlər iştirak edir
Öncə onu vurğulayaq ki, 2017-ci ildə iki uğurlu festival keçirilib. Bu müddətdə,
ümumilikdə, 665 mağaza
iştirakçı qismində
festivala qoşulub.
Həmin
mağazalarda festival çərçivəsində
71 min 331 ədəd ƏDV qaytarılması əməliyyatı
həyata keçirilib.
Yerli alıcılarla yanaşı,
ƏDV qaytarılması imkanından
yararlanan turistlərin
sayı isə 6 min
534 nəfər olub.
III şopinq
festivalında isə alıcılara 800-dən çox
mağazada sərfəli
alış-veriş imkanı
təqdim olunur. Festivala qoşulan
mağazalardan yüksəkkeyfiyyətli
geyim, elektronika, məişət texnikası,
mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları endirimlərlə əldə
etmək olar. Payız festivalında olduğu kimi, bu dəfə
də supermarketlər
festivalda iştirak edir. Festivalın məqsədi Azərbaycanda
ticarət dövriyyəsini
inkişaf etdirmək,
genişləndirmək, turizmə
əlavə stimul yaratmaq, yerli istehsalı və sahibkarlığı hərəkətə
gətirmək, qeyri-neft-sektorunun
yeni bir yolla canlanmasına nail olmaqdır.
Saysız endirimlər,
maraqlı şou proqramları və cəlbedici kampaniyalar
Mayın 31-dək davam edəcək festivalın gedişatı
ilə maraqlanmaq üçün paytaxtın
böyük ticarət
mərkəzlərindən birinə yollandıq. Gəlişimiz axşama doğru düşdüyü üçün
ticarət mərkəzinin
dəhlizlərində gedib-gələnlər
çoxluq təşkil
edirdi.
Bakı Ticarət Festivalına qoşulmuş mağazaları
axtarıb tapmaq çətin olmur. ƏDV qaytarılması sisteminə
qoşulmuş obyektlərin
üzərində xüsusi
“Baku Shopping Festival - Tax Free” stikeri yerləşdirilib. Yalnız
həmin nişan
olan obyektlərdən
mal alan vətəndaşlara
ƏDV qaytarılması nəzərdə
tutulub. Həmin mağazaları bir-bir
gəzirik.
İlk baş çəkdiyimiz mağazanın meneceri Zaur Əliyev festivalın keçirilməsini
müsbət qiymətləndirir. O, gün
keçdikcə müştərilərinin
sayının artdığını
deyir: “Festival zamanı
alıcıların həvəslə
alış-veriş etməsini
görürük. Kampaniyadan xəbəri
olmayan müştərilərə
isə satıcılar
ətraflı məlumat
verirlər. Bəzən
müştəri alış-veriş
edib kassaya yaxınlaşanda onlara deyirik ki, aldığınız
malın qiyməti 100
manatı keçirsə,
bu cür güzəştlərdən faydalana,
onların vergisini gedib banklardan geri götürə bilərsiniz. Onda müştəri özü bu fürsətdən istifadə
etməkdə maraqlı
olur”.
Mağazada alıcıların
çoxaldığı hiss olunur
Digər mağazanın xəzinədarı
Orxan Hacıyev isə festival endirimlərindən
yararlanan müştərilər
arasında yerli əhalinin üstünlük
təşkil etdiyini deyir. Onun sözlərinə
görə, festival çərçivəsində
mağazada alıcıların
artımı hiss olunur:
“Bəzi müştərilərin
festivaldan xəbəri
olmasa da, satıcılar onları məlumatlandırır. Demək olar
ki, mağazamızdakı
bütün kolleksiyalara
endirim var”.
Bakı Ticarət Festivalı çərçivəsində xidmət göstərən
başqa bir mağazada müştəri
kimi dolaşırıq. Endirimə qoyulan
malları gözdən
keçiririk. Sonra mağazanın
işçisi Fuad Əlizadə ilə söhbətləşirik.
O öz təəssüratlarını bizimlə bölüşür:
“Ölkəmizdə üçüncü
dəfə belə bir festivalın keçirilməsi təqdirəlayiq
haldır. Bu həm
də alıcılar üçün çox xoşdur. Müştəri 100 manatdan artıq
alış-veriş edərsə,
kampaniyada iştirak etmək hüququ qazanır. Festival zamanı alıcılıq
qabiliyyətinin yüksək
olması bizi qane edir. Mağazamızda isə malların
90 faizinə endirim var”.
Elə həmin mağazada qeydiyyatçı Gülxanım
Yolçiyevadan festivalın
gedişatı ilə
bağlı fikirlərini
soruşduq. O, festivalın başladığı ilk gündən
heç bir problem yaşanmadığını, sistemin
tam normal və qaydasında
işlədiyini söylədi.
Həvəslə alış-veriş
edənlər və endirimdən faydalananlar…
Festival endirimlərindən
yararlanan müştərilər
arasında yerli əhalinin üstünlük
təşkil etdiklərini
görüb onlardan bir neçəsinin rəyini öyrəndik. Bakı
şəhər sakini
Günay Kərimova belə bir festivalın
təşkilindən məmnunluğunu
dilə gətirdi: “Xarici ölkələrin bəzilərində ticarət
festivallarının təşkil
olunduğunu bilirdik. Bizdə də belə bir tədbirin keçirilməsi ürəkaçandır.
Festivala qoşulmuş mağazalardakı
mallarla tanışlığa
bu gündən başlamışam, istəyirəm
ki, endirimlərdən
faydalanam”.
Aytən Vəliyeva üçüncü
dəfə keçirilən
şopinq festivalından
razılığını bildirdi. O bu festivalın
insanların həvəslə
alış-veriş etməsinə
səbəb olduğunu
dedi.
10 mindən
çox dəyərli
hədiyyə
“Alış-verişiniz
sizə hədiyyə
qazandırsın!” şüarı
ilə mayın 1-dən
açıq elan edilən festivalın onlayn lotereyası bu vaxt ərzində
yüzlərlə iştirakçıya
dəyərli hədiyyələr
qazandırıb. Ötən həftə Bakı
Şopinq Festivalında
alış-veriş etməklə
lotereya iştirakçısına
çevrilən alıcılardan
bir çoxu artıq uduşda qalib olaraq qiymətli
hədiyyələrə sahib çıxıb.
Mayın 31-dək davam edəcək festival müddətində alış-veriş
etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən
alıcılar 10 mindən
çox dəyərli
hədiyyəyə və
əsas uduş olan “Nissan Sunny” avtomobilinə
sahib olmaq imkanı qazanırlar.
Bunun üçün heç bir lotereya bileti
almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi
təsdiqləyən sənəd
(çek və ya VHF) sizin lotereya
biletinizə çevriləcək.
Bütün bunlarla yanaşı, festival zamanı həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur. Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Ticarət Festivalının iştirakçısı ola bilər.
Dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkili Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.
Səbinə MƏMMƏDOVA
Azərbaycan.-
2018.-18 may.- S.1; 3.