Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov Qazaxıstanın
Almatı şəhər akimi (qubernatoru) Baurjan Baybek ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu bildirilib.
Prezidentin köməkçisi deyib ki, müstəqillik illərində Qazaxıstan mühüm nailiyyətlər əldə edərək regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın siyasi sahədə sabit diplomatik münasibətlərinin mövcud olduğu ölkələrdən biri məhz Qazaxıstandır. Azərbaycan-Qazaxıstan əlaqələrinin genişlənməsinə əlverişli şərait yaradan üstünlüklər, eyni zamanda, düşünülmüş siyasət regionun inkişafına təkan verən bir sıra layihələrin reallaşdırılmasını şərtləndirib.
Almatı şəhər akimi Baurjan Baybek Azərbaycana səfəri zamanı müşahidə etdiyi inkişaf haqqında xoş təəssüratlarını bölüşüb. O, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakter daşıdığını qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin getdikcə möhkəmləndiyi vurğulanıb, ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın
Qazaxıstandakı səfiri Rəşad Məmmədov
görüşdə iştirak edib.
Azərbaycan.-
2018.- 18 may.- S.4.