Bilik Fondu Rabindranat Taqorun yaradıcılığı ilə
bağlı tədbir keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) böyük hind ədibi, Nobel mükafatçısı Rabindranat Taqorun həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.
ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov dünya şöhrətli sənət adamlarının yaradıcılıqlarının təbliği və təşviqi istiqamətində görülən işlərin gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini bildirib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində həyata keçirdiyi maarifləndirici tədbirlərdən söz açıb.
Mütəfəkkirlərin Taqorun yaradıcılığı haqqında maraqlı fikirlər söylədiklərinin iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Amartiya Senin hindli yazıçının şəxsiyyətinə və yaradıcılığına verdiyi qiyməti diqqətə çatdırıb.
R.Taqorun şair, dramaturq, rəssam, bəstəkar, filosof kimi fəaliyyətini əks etdirən filmin nümayişindən sonra Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana çıxış edib.
Səfir Azərbaycanda Hindistan mədəniyyətinə böyük marağın olduğunu, hindlilərin də Azərbaycana məhəbbət bəslədiklərini vurğulayıb. S.Rana qeyd edib ki, Hindistanla Azərbaycan arasında bütün sahələrdə, xüsusən elmi müstəvidə qurulan əlaqələrin daha da genişlənməsi məqsədilə səfirlik Bilik Fondu ilə əməkdaşlığa həmişə hazırdır.
Bilik Fondunun lektorlar qrupunun üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Bədirxan Əhmədov şairin filosof səviyyəsində yazdıqlarının oxucularda heyrətamiz hisslər yaratdığını bildirib. Həyatını hind xalqının azadlığı uğrunda mübarizəyə həsr edən Taqorun on ikidən çox roman və povestin, otuzadək dram əsərinin, yüzlərlə poetik və mənsur şeirin müəllifi olduğunu, hind və benqal ədəbiyyatına yeni ruh gətirdiyini deyib.
Professor onu da bildirib ki, R.Taqor Nobel mükafatına layiq görülən ilk asiyalı yazıçıdır. 1923-cü ildən başlayaraq onun əsərləri dilimizə tərcümə edilir, haqqında məqalələr yazılır.
Sonda
Azərbaycan Dillər Universitetinin Hind dili və mədəniyyəti
mərkəzinin kollektivinin ifasında R.Taqorun şeirləri
və mahnılar səsləndirilib.
Azərbaycan.-
2018.- 18 may.- S.5.