Milli Məclis AŞ PA-nın qərarını ədalətsiz
və qərəzli hesab etdi
Mayın 18-də Milli Məclisin
növbəti plenar iclası keçirildi. İclasın
gündəliyinə 10 məsələnin müzakirəsi
salınmışdı.
Milli Məclisin Sədri Oqtay
Əsədov gündəlikdəki məsələlər təsdiq
edildikdən sonra cari məsələlərin müzakirəsinə
vaxt ayırdı. Deputatlar Avropa Şurası Parlament
Assambleyasının Azərbaycana (AŞ PA), onun timsalında
konkret olaraq bu qurumda ölkəmizi təmsil edən nümayəndə
heyətinin rəhbəri Səməd Seyidova qarşı olan ədalətsiz
yanaşmanı qətiyyətlə pislədilər.
AŞ PA məkrli
qərarı ilə öz prinsiplərini tapdalayır
Öncə deputatlardan Fəzail
İbrahimli və Sahibə Qafarova AŞ PA-nın son qərarı
ilə bağlı fikirlərini söylədilər. Bildirdilər
ki, ölkəmizin uğurlarını həzm edə bilməyən
qüvvələr, beynəlxalq təşkilatlar hər vəchlə
Azərbaycanın inkişafına kölgə salmağa
çalışırlar. Qəbul
olunmuş qərar da bu qəbildəndir. AŞ
PA bu dəfə Azərbaycanın nümayəndə heyətinin
rəhbəri Səməd Seyidovu hədəf seçib.
Bu da təsadüfü deyil, çünki həmin
qurum yaxşı bilir ki, Səməd Seyidov bu təşkilatda
gedən bütün proseslərə yaxından bələd
olan siyəsətçidir.
Müzakirəyə qoşulan
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynli Azərbaycan nümayəndə heyətinin
rəhbəri Səməd Seyidov haqqında qəbul edilmiş
qərarla AŞ PA-nın bir təşkilat kimi
özünün də, Azərbaycan dövlətinin də qəbul
etdiyi hüquq normalarını pozduğunu dedi. Əlavə
etdi ki, AŞ PA Azərbaycanı həmişə yüksək
səviyyədə təmsil edən layiqli deputata qarşı
sanksiya tətbiq etməklə prinsiplərini inkar edib və
özünün əleyhinə yönəldilmiş addım
atıb.
Bu sanksiya Azərbaycana
heç bir təsir göstərməyəcək
Milli Məclisin Sədri Oqtay Əsədov
deputatların çıxışını təsdiq edərək
dedi ki, AŞ PA-nın Səməd Seyidovla bağlı qərarı
ədalətsizdir. Spiker bu təşkilatın Azərbaycana
qarşı belə əsassız qərarlarının ilk dəfə
olmadığını xatırlatdı: “Əvvəllər də
bu təşkilat Azərbaycan haqqında qərəzli qərarlar
qəbul edib. Biz Ermənistan tərəfindən
işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə
qanunsuz səfər etmiş fransalı deputatın AŞ
PA-nın Azərbaycanda keçirilən komitə iclasında
iştirak etməsi üçün ölkəmizə gəlməsinə
icazə vermədik. Bizim parlamentə qarşı sanksiya
qəbul etdilər ki, Azərbaycanda iki il
müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada
keçirilməli idi. Maddi imkanları da
yox idi. Hətta iclasın keçirilməsi
ilə bağlı xahiş də etdilər. Lakin biz buna
etiraz olaraq bildirdik ki, sanksiyaya görə iclas keçirə
bilmərik və iki il müddətində
bundan imtina etdik. Yalnız iki ildən sonra komitə
iclasları yenidən Azərbaycanda keçirildi”.
Qəbul olunmuş qərarı ədalətsiz
qərar adlandıran Milli Məclisin Sədri bu sanksiyanın
Azərbaycana təsir göstərməyəcəyini dedi:
“Biz Səməd Seyidovun fəaliyyətinə bələdik.
O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir.
Azərbaycan nümayəndə heyəti fəaliyyətini
bundan sonra da davam etdirəcək”.
Sonra deputatlardan Zahid Oruc, Aydın Mirzəzadə,
Fazil Mustafa və Asim Mollazadə AŞ PA-nın qərarının
konkret olaraq müxtəlif dairələrin maraqlarına xidmət
etdiyini dedilər.
AŞ PA-ya etiraz bəyanatı
göndərilsin
Deputat Fazil Mustafa Azərbaycan
parlamentinin AŞ PA-ya etiraz bəyanatının göndərilməsini
təklif etdi.
Deputatın fikrincə, etiraz bəyanatı
AŞ PA-nın qarşıdakı iclasında oxunmalı və
bütün parlamentarilərə paylanılmalıdır.
Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri Səməd Seyidov məsələ
haqqında fikrini bildirdi. Deputat bu sanksiyanın Azərbaycana qarşı növbəti
təzyiq, ikili standartların yeni forması olduğunu diqqətə
çatdırdı: “AŞ PA-da yüksək vəzifədə
təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç
bir sanksiyaya məruz qalmırlar. Ermənistan
nümayəndə heyəti sanksiyaya məruz qalmayıb.
Amma haqqı tapdanan Azərbaycan dəfələrlə
sanksiyalara məruz qalıb. Azərbaycan
nümayəndə heyəti rəhbərinin adı bu siyahıya
qərəzli şəkildə salınıb. Bu qərar bizim nə söz demək
imkanlarımıza, nə də hansısa sənədlərin
hazırlanmasına heç bir məhdudiyyət yarada bilməz.
Bu, Azərbaycanın qurumda normal fəaliyyətinə,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılmasına heç bir əngəl
yaratmayacaq. Çünki Azərbaycan
düz yoldadır”.
Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş
Novruzov Səməd Seyidovun timsalında söhbətin Azərbaycandan
getdiyini dilə gətirdi. AŞ PA-da atılan addımların
Azərbaycana qarşı, ölkəmizin iqtisadi
inkişafına qarşı yönəldiyini söylədi və
bunu Azərbaycanı gözü götürməyənlərin
ölkəmiz haqqında mənfi imic formalaşdırmaq
planı kimi qiymətləndirdi: “Nümayəndə heyətinin
üzvləri birgə, planlı şəkildə fəaliyyət
göstərməlidirlər ki, belə cəhdlərin
qarşısı alınsın. Biz bu istiqamətdə
işimizi davam etdirməli, ölkəmizin maraqlarını
bütün səviyyələrdə müdafiə etməliyik.
Belə olduğu halda Azərbaycana qarşı
atılan istənilən məkrli planın
qarşısını almaq mümkündür”.
Hesablama
Palatası ötənilki fəaliyyəti ilə bağlı
hesabat verdi
Sonra Azərbaycan
Respublikası Hesablama Palatasının hesabatı dinlənildi. Hesablama
Palatasının sədri Vüqar Gülməmmədov məruzə
edərək bildirdi ki, hesabat mövcud qanunvericiliyin tələblərinə
uyğun tərtib edilərək təqdim olunub. Hesablama
Palatasının Kollegiyası hesabat ili
üzrə iş planına uyğun 59 və əvvəlki ildən
başlayan və 2017-ci ildə başa çatan 1 tədbir
olmaqla 60 nəzarət tədbirinin nəticələri ilə
bağlı qərarlar qəbul edib. Nəzarət
tədbirlərinin 10-nu analitik təhlil, 50-si audit formasında
həyata keçirilib, həmin tədbirlər ümumilikdə
135 qurumu əhatə edib.
2017-ci ildə Prezident
İlham Əliyev tərəfindən dövlət maliyyə
nəzarəti sahəsində islahatların tərkib hissəsi
kimi bir sıra qanunvericilik aktlarında mühüm dəyişikliklər
edilib. Ölkə rəhbəri tərəfindən həyata
keçirilmiş bu dəyişikliklər dövlət vəsaitlərinin
nəzarətlə əhatəsinin daha da genişləndirilməsinə,
dövlət vəsaitlərinin qənaətli, səmərəli
və nəticəli istifadəsini təmin etməklə
hesabatlılıq və şəffaflığın
artırılmasına xidmət edir. Maliyyə
və prosedur nöqsanların müəyyən edilməsinə
sistemli yanaşmanın tətbiq edilməsinə və təsirli
tədbirlərin həyata keçirilməsinə imkan
yaradır.
Vüqar Gülməmmədov
vurğuladı ki, nöqsan təsnifatına uyğun olaraq səkkiz
istiqamətdə Hesablama Palatası tərəfindən 689 hal
üzrə nöqsanlar müəyyən edilib. Nəzarət tədbirlərinin
nəticəsi olaraq, 2017-ci ildə dövlət büdcəsinə
15,2 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə
1,1 milyon manat, dövlət-təsərrüfat
qurumlarının hesablarına 1,7 milyon manat olmaqla,
ümumilikdə 18 milyon manat vəsaitin bərpasına nail
olunub.
Müzakirələr zamanı
deputatlardan Qüdrət Həsənquliyev, Vahid Əhmədov,
Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev, Tahir Kərimli, Fərəc
Quliyev hesabata münasibət bildirdilər, nöqsan və
uğurlardan söz açdılar. Ümumilikdə
hesabatın mükəmməl hazırlandığını
deyərək qarşıda duran vəzifələr və bu
istiqamətdə görüləcək işlər
haqqında geniş müzakirə apardılar.
Deputatlar Hesablama
Palatasının hesabatına müsbət münasibət
bildirdilər.
Hesabatdan sonra iclasda “Azərbaycan
Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi
ikinci oxunuşda müzakirəyə çıxarıldı. Parlamentin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə
layihə haqqında məlumat verdi. Bildirdi ki, sənəd komitədə ikinci
oxunuşda geniş müzakirə olunub və birinci
oxunuşda irəli sürülən təkliflər, iradlar nəzərə
alınıb. Belə ki, birinci
oxunuşdakı rəy və təkliflərin nəticəsi
olaraq layihədəki 41 maddədən 34-ü üzərində
əlavə və dəyişiliklər edilib. Dəyişikliklər layihəni daha da təkmilləşdirib.
Müzakirələr zamanı
deputatlardan Qüdrət Həsənquliyev, Xanhüseyn
Kazımlı, Musa Quliyev və Çingiz Qənizadə belə
bir qanunun qəbul olunmasını Hesablama Palatasının
işini, fəaliyyətini daha da genişləndirəcəyini,
fəaliyyətinə çox müsbət təsir edəcəyini
vurğuladılar. 6 fəsil, 41 maddədən
ibarət olan qanun layihəsi səsə qoyularaq
üçüncü oxunuşda qəbul olundu.
Milli Məclis
Ələt azad iqtisadi zonası ilə bağlı sənədi
təsdiqlədi
Gündəlikdəki “Ələt
azad iqtisadi zonası haqqında” qanun layihəsi də geniş
müzakirə olundu. Sənədi üçüncü oxunuşda təqdim
edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov
təklif və tövsiyələr əsasında qanun layihəsinə
olan əlavə və dəyişikliklərdən
danışdı.
Komitə sədri bildirdi ki,
sənədi hazırlayan mütəxəssislər,
hüquqşünas və ekspertlər dünyada gedən
proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi
zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib
və ən uğurlu nəticələr verən, investorlar
üçün əlverişli şərait yaradan müddəalar
əsas götürülüb.
Müzakirələr
zamanı deputatlar sənədin əhəmiyyətini yüksək
dəyərləndirdilər. Bildirdilər ki, sənəddə
dövlət maraqları ilə investorların maraqları
uzlaşdırılıb. Layihə azad
iqtisadi zonaların fəaliyyəti üçün müvafiq
hüquqi təminat yaradacaq.
Sonra iclasda parlamentə bir zərfə
daxil olan 6 qanun layihəsi - Əmək Məcəlləsinə
dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında”,
“Penitensiar müəssisələrdə cəza çəkməkdən
azad edilmiş şəxslərin sosial adaptasiyası
haqqında”, “Dövlət qulluğu haqqında”,
“Yanğın təhlükəsizliyi haqqında” və
“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişikliklər
edilməsi barədə qanun layihələri müzakirəyə
çıxarıldı.
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri İsa Həbibbəyli hər bir qanun
layihəsinin ölkədə inkişafa, təhsil sisteminin təkmilləşməsinə
yol açan vacib sənədlər olduğunu dedi və “Təhsil
haqqında” qanuna dəyişikliklər edilməsi barədə
qanun layihəsinə olunan əlavələrdən söz
açdı. Qanun layihələri
ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Keyfiyyətli dərman
olmadan yüksək tibbi yardım mümkün deyil
Gündəlikdə olan
sonuncu məsələ “Dərman vasitələri haqqında”
qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi
idi. Sənədə
edilən əlavə və dəyişikliklər haqqında
parlamentin Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov məlumat verdi.
Bildirdi ki, son dərəcə
vacib olan bu sahə hər zaman diqqət mərkəzindədir. Keyfiyyətli
dərman olmadan insanlara yüksək tibbi yardım göstərmək
olmaz. Əhalinin dərman təchizatı,
insanların yüksək keyfiyyətli dərmanlarla təmin
olunması, dərmanların qiymətinin
optimallaşdırılması və digər istiqamətlərdə
dəfələrlə dəyişikliklər edilib. Bu layihənin də qəbul olunmasında məqsəd
insanların sağlamlığıdır.
Müzakirələr zamanı deputat
Rəşad Mahmudov çıxış edərək bildirdi
ki, dəyişikliklər bu sahədə olan boşluqları
aradan qaldırmaqla yanaşı, həm də dərman
satışı və istehsalı ilə bağlı
saxtakarlığın qarşısının
alınmasında mühüm rol oynayacaq, vətəndaşların
keyfiyyətli dərmanlarla təmin olunmasına və
sağlamlığına öz töhfəsini verəcək.
Sənəd səsverməyə
çıxarılaraq qəbul edildi. Bununla da Milli Məclisin
plenar iclası başa çatdı.
Elnur HADIYEV
Azərbaycan.- 2018.-19 may.- S.5.