Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının ildönümü ilə bağlı bəyanat yayıb

 

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədarAzərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyi bəyanat yayıb.

İctimai Birlikdən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurmaböyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiyaetnik təmizləmə kimi cinayətlər törədiblər. Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağ-lıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Hər dəfə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR tərkibindən çıxması və Ermənistan SSR tərkibinə daxil edilməsi haqqındakı qərarı hüquqaziddKonstitusiya əleyhinə bir qərar idi. Respublikaların sərhədlərinin dəyişdirilməsi cəhdləri həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyalarına zidd olduğundan buna heç cür haqq qazandırıla bilməzdi və bu, Azərbaycan SSR-in dövlət suverenliyinin pozulması demək idi.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əv-vəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

26 il əvvəl – Azərbaycanın Şuşa şəhəri işğal edildikdən az sonra Ermənistan silahlı qüvvələri qısa müddət ərzində, yəni, 1992-ci il mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhərini - Laçını da zəbt etdilər. Nəticədə, 1835 kvadratkilometr ərazisi, işğal zamanı 60 min nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Heç şübhəsiz ki, Azərbaycan Respublika-sının Dağlıq Qarabağ bölgəsinin erməni icması hətta istəsəydi belə, kənardan çox böyük kömək olmadan Azərbaycan ərazilərini işğal edə bilməzdi. Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi.

Bununla yanaşı, işğal nəticəsində Laçın rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilib, yandırılıb, dağıdılıb və məhv edilib. Tarixi və memarlıq abidələrindən Hoçaz kəndindəki mağara-məbəd (V əsr), Cicimlidəki Məlik Əjdər türbəsi (XIV əsr), Minkənddəki XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə Alban məbədi, Piçənisdə Alban məbədi, Kosalar kəndindəki Ağoğlan qəsri (IX əsr), Adsız türbə (XVII-XVIII əsrlər), Şeyx Əhməd türbəsi (XIX əsr), Qarıqışlaq kəndindəki məscid (1718), Malxələf kəndindəki Xəlifə türbəsi (XVII əsr), Hüsü kəndində Həmzə Sultan sarayı (1761), Həkəri çayı üzərindəki körpü (XVIII əsr), Ağoğlan çayı üzərindəki məbəd (XIX əsr), Minkənd kəndindəki Birtağlı və İkitağlı körpülər (XIX əsr), Güləbirddəki türbə, eləcə də yüzlərlə tarixi və memarlıq abidələrimizin taleyi naməlumdur.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Bəyanatda deyilir: Biz, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan 80 mindən artıq, o cümlədən Laçın rayonundan olan 77 mindən çox azərbaycanlı beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gündavam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsinpozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmamasıdır.

Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

MüraciətAzərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıİctimai Birliyinin mayın 17-də keçirilmiş toplantısında qəbul edilib.

 

Azərbaycan.- 2018.- 19 may.- S.6.