İstiqlalın
canlı sipərləri
Azərbaycanın
daxili işlər orqanları - 100
19 may 2015-ci il...
Bakıda yeni bir yaz səhəridir. Paytaxt səması
aydın və dupdurudur. Ağ buludlarda yerdəki
əmin-amanlığın, hüzurun sakitliyi duyulur sanki.
Qəfil şəhərin
şimal-qərb səmtindən göylərə bülənd
olan qara tüstü bu həzin sakitliyi bir andaca pozur. İlk dəqiqələrdə
insanlar nəyin baş verdiyini bilməsələr də,
hamı nəsə dəhşətli bir faciənin
yaşandığının fərqindədir.
Və tezliklə sosial şəbəkələrdə
görünən ilk qısa xəbərlər...
Tüstünün
çıxdığı məkanda baş verənlər
doğrudan da sözlə təsviri mümkünsüz faciədir. Anidən
böyük bir binanı ağuşuna almış alovun dilimləri
mərtəbə-mərtəbə yüksələrək mənzilləri
bir-bir işğal edir. Ana oğlundan, ata
qızından, baba-nənə nəvələrindən
ayrı düşüb. Hamı vahimə
içində çırpınır. Bir
tərəfdən yanğının qorxusu, bir tərəfdən
də doğmalarının içəridə yanıb
kül olması vəhşəti insanları çarəsiz
durumla üz-üzə qoyub. Hamı
içəridəkilərin xilası üçün nəsə
etmək istəyir, amma alov və onun zəhərli qara
tüstüsü o qədər güclüdür ki, binaya
daxil olmaq labüd ölümə getmək deməkdir.
Bu an gənc polis
çavuşu irəli şığıyır,
özünü oda atır, qara tüstüdən
görünməz olan binaya daxil olub bir müddət sonra
qucağında körpə alovun içindən
çıxır! Ölümün cəngindən
qopardığı balacanı ətrafdakılara təhvil verərək
yenidən binaya - alovla, qara nəfəsli ölümlə
mübarizəyə, insan həyatını xilas etməyə
qayıdır!
Hamının həyəcan
içində olduğu bir zamanda hadisə yerində çəkiliş
aparan “Assoşieyted Press” agentliyinin müxbiri məqam taparaq
çöhrəsindən cəsarət və mətinlik
yağan, öz həyatını düşünmədən
darda qalan insanların xilasına tələsən polis nəfərinin
surətini kameranın yaddaşına
köçürür...
Növbəti gün
dünya informasiya agentlikləri Bakıdakı dəhşətli
yanğından epizodlarla yanaşı, dörd nəfər
insanın həyatını xilas edən polisin də şəklini
səxavətlə paylaşmışdı.
Günün hadisəsi yanğın,
günün qəhrəmanı isə Azərbaycan polisi
sayılmışdı!
Əslində, polis
çavuşu Emin Abışov o müdhiş hadisə
zamanı, yalnız insanların həyatını xilas etməmişdi. Həm də mənsub
olduğu strukturun gündəlik iş fəaliyyətinin
bütün mahiyyətini qəhrəman obrazının əbədiləşdiyi
foto vasitəsilə ictimailəşdirmişdi.
Bakıda baş vermiş ağır
yanğın hadisəsini işıqlandıran dünyanın
ən nüfuzlu kütləvi informasiya vasitələri də
məhz bu fotonu belə bir başlıq altında
yaymışdılar: “Qəhrəman polis”.
***
Bu, Azərbaycan polisinin qəhrəmanlığıdır!
Amma onun qəhrəmanlığının
hamısı deyil!
Saysız-hesabsız qəhrəmanlıq
nümunələrindən yalnız biridir, sırf təsadüf
üzündən fotokameranın obyektivinə yaxalanmış
ani epizoddur.
Əslində, Azərbaycan polisi eyni qəhrəmanlığı
hər gün, hər yerdə nümayiş etdirir!
İnsanları, həyatımızın
sakit axarını qorumaqdan ötrü özünü
ölümün ağzına atır. Əli
silahlı cinayətkarların üzərinə bəzən hətta
yalın əllə gedərək igidlik göstərir.
Həyatını, sağlamlığını şüurlu
surətdə təhlükədə qoyan Azərbaycan polisi
dövlətə və cəmiyyətimizə layiqincə xidmət
edir! Bütün risklərə, çətinliklərə rəğmən,
öz missiyasını şərəflə yerinə yetirir,
mübarizliyini, sayıqlığını bir an
belə əldən vermir.
Əfsus ki, bunların
hamısını çəkib göstərmək, yaymaq,
şəkillərin, videotəsvirlərin yaddaşında əbədiləşdirmək
mümkün olmur. Çünki polis xidmətə gedəndə
özü ilə fotoqraf, jurnalist aparmır. Həm də hansı təhlükə ilə
üzləşəcəyini irəlicədən bilmir. Ona görə də polisimizin qürur doğuran fəaliyyətinin
bəlkə heç 90 faizindən xəbər tutmuruq. Onların əməyi, fədakarlığı əksər
hallarda mətbuatdan kənarda qalır.
Biz bu əmək, fədakarlıq,
qəhrəmanlıq sayəsində yaradılan sabitliyi, rahatlığı,
özgüvəni isə daim duyub hiss edirik, həyatımızın
hər saniyəsində yaşayırıq. Amma insanlarda,
ümumən cəmiyyətdə bu hissin hansı çətinliklər
bahasına yarandığının bəlkə də
heç fərqində olmuruq.
***
İndi isə onların qəhrəmanlığının
100-cü ildönümünü qeyd etməyə
hazırlaşırıq.
Məhz qəhrəmanlığının
100-cü ilini...
Azərbaycan polisi düz bir əsrdir
ki, Azərbaycan xalqını müxtəlif təhlükələrdən,
cinayətkar ünsürlərdən və ayrı-ayrı təhdidlərdən
qoruyur.
“Polis” sözünün ilkin
mənası “dövlət” deməkdir. Azərbaycan
polisinin fəaliyyəti də Azərbaycan dövlətinin
elan olunması ilə başlanır. Bəli,
Azərbaycan polisi istiqlalımızın, Cümhuriyyətimizin
yaşıdıdır.
Qədim dövlətçilik
irsinə malik Azərbaycanda asayişin qorunması və cinayətkarlığa
qarşı sistemli mübarizə ənənəsi Avropada
polis xidmətinin yaranması ilə eyni vaxta təsadüf
edir.
Bu ənənələr XIX əsrin
birinci yarısında, Azərbaycanın Rusiya
imperiyasının tərkibində olduğu dövrdə
formalaşmağa başlamış, 1840-cı ildən
müvafiq qurumlar yaradılmışdır. Milli polis orqanlarımızın
təsis olunması isə müsəlman Şərqinin ilk
demokratik respublikası kimi Vətənin istiqlalını
bütün dünyaya bəyan edən Azərbaycan Xalq
Cümhuriyyəti ilə bağlıdır. Mayın 28-də Cümhuriyyət elan olundu, Fətəli
xan Xoyskinin başçılığı ilə təşkil
edilmiş ilk milli hökumətin əsas addımlarından
biri elə səhəri gün - mayın 29-da Azərbaycanın
ilk Daxili İşlər Nazirliyini yaratmaqdan ibarət oldu.
Bu sahəyə o qədər mühüm məsələ
kimi baxılırdı ki, Fətəli xan Xoyski həm Nazirlər
Şurasının sədri, həm də daxili işlər
naziri vəzifəsini yerinə yetirirdi. Sonra
ayrı-ayrı vaxtlarda Behbud xan Cavanşir, Xəlil bəy
Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Məmmədhəsən
Hacınski və Mustafa bəy Vəkilov da Azərbaycanın
daxili işlər naziri vəzifəsini icra etdilər. Bu şəxslərin
hamısı zəmanələrinin görkəmli ictimai-siyasi
xadimləri, cəmiyyətdə böyük nüfuz
qazanmış ziyalılar, əsl vətənpərvərlər
idi!
Milli hökumətin 24 iyun 1918-ci il tarixli 178 nömrəli qərarına əsasən,
1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında
ilk milli polis orqanları yaradılaraq ştatları təsdiqləndi.
Və beləliklə, Azərbaycan
polisi çox çətin tarixi sınaqlar dövründə
şərəfli missiyasının icrasına
başladı...
Cənubi Qafqaz
respublikaları içərisində Azərbaycan yeganə
dövlət idi ki, onun təsis etdiyi polis həm xalqın
azadlığını və dövlətin müstəqilliyini
müdafiə edir, həm də separatizmə qarşı əzmlə
mübarizə aparırdı. Ümumən həmin
dövrdə polis Azərbaycan dövlətinin
formalaşmasında, milli maraqların qorunmasında
mühüm rol oynayır, müstəqilliyin müdafiəsi
uğrunda mübarizənin ön sıralarında gedirdi.
Xalq Cümhuriyyətinin
ömrü cəmi 23 ay çəksə də, o ayların
ruhu, cəmiyyət qarşısında müəyyən
edilmiş öhdəliklər Azərbaycan polisini tərk etmədi. Bu, bir əsrlik
dövrün sovet dönəmində xalqa və dövlətə
xidmətin milis, müstəqillik illərində isə polis
adı altında yerinə yetirilməsi, əslində,
yalnız adı dəyişdi. Missiyanın
mahiyyəti, zabit mundirində daşınan dövlətçilik
atributlarımıza sadiqlik, Azərbaycan amalı dəyişməz
qaldı. Onlar bu amala, milli ideyalara, dəyərlərə,
zabit şərəfinə nə qədər bağlı
olduqlarını hələ milis adı altında fəaliyyət
göstərdikləri sovet dövründə də dəfələrlə
sübuta yetirdilər.
Azərbaycan polisinin fəaliyyətində
köklü islahatların yarandığı ilk “qızıl
dövr” də məhz Heydər Əliyevin ötən əsrin
70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi. “Milis”
adını daşıyan daxili işlər orqanlarının
mənən saflaşdırılmasına, əməkdaşların
vətənpərvərlik, milli-mənəvi dəyərlər
əsasında peşəkarlaşdırılmasına və
digər bu kimi mühüm addımlara məhz ümummilli
liderimiz böyük uzaqgörənliklə nail oldu və bu
strukturlarda milliləşmə prosesi böyük vüsətlə
getdi.
Cəmiyyətdə hüquqi dəyərlər
bir günə, beş günə
formalaşmır. İnsanların onları əxz
etməsi, öz həyatını bu dəyərlərə
uyğunlaşdırması, cinayətə və cinayətkarlığa
barışmaz ruhda köklənməsi, vətəndaş
olaraq öz hüquq və məsuliyyətini anlamasından
ötrü onilliklər lazımdır. Bu
mənada, ölkəmizdə nizamlı bir cəmiyyətin
yaranmasında, qanunlara hörmət hissinin
formalaşmasında, cinayətkarlığın
qarşısının alınmasında Azərbaycan hüquq-mühafizə
orqanlarının sovet dövründə gördüyü
işlər, özü haqqında
formalaşdırdığı ictimai obraz çox
böyük rol oynamışdı.
***
Ötən əsrin 80-ci illərinin
sonlarına doğru Azərbaycanın müstəqilliyinə
doğru çətin və şərəfli yolda da onlar
xalqla birlikdə idilər...
Ermənilərin Azərbaycan
torpaqlarına qarşı işğalçı hərəkətlərinə
etiraz olaraq meydanlara axışan və bu axınla tədricən
böyük bir xalq hərəkatı formalaşdıran
insanlarımızın vəhdətində, cəsarətində
əslində, qəlbi hərəkatla döyünən
asayiş keşikçilərimizin böyük payı
vardı. Çünki daxili işlər orqanlarındakı əsl
vətənpərvərlər sovet rejiminin sərt
qaydalarına rəğmən, o günlərdə imperiyanın
deyil, məhz xalqın keşiyində dayanmışdılar.
Vətəndaşlar
onları da öz aralarında görürdülər. Vətənpərvər
milislər xalqı, onun mübarizə əzmini qorumağa, bu
ümumxalq qətiyyətinə dəstək verməyə,
onun öz milli hədəflərinə çatmasına hər
vəhclə kömək göstərməyə can
atırdılar.
1990-cı ilin Qanlı yanvar
gecəsi xalqımıza qarşı törədilmiş qətliam
zamanı həlak olanlar sırasında daxili işlər
orqanlarının əməkdaşları da vardı.
Erməni
işğalçılarının təxribat əməllərinin
qarşısını almaqdan ötrü ilk günlərdən
ön cəbhəyə yollanan, Azərbaycanın ərazi
bütövlüyü uğrunda vuruşan, şəhidlər
verən, yaralanan birinci qüvvə yenə onlar idi.
Onda hələ nizami ordumuz
formalaşmamışdı. Bütün yük
milis dəstələrinin üzərinə
düşürdü və onlar qəlblərindəki Azərbaycan
sevgisini bu müharibədə öz canları-qanları ilə
sübuta yetirirdilər.
Vətən savaşında
1695 əməkdaş və hərbi qulluqçu şəhidlik
zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri
şücaət və igidliklərə görə 67 nəfər
“Milli Qəhrəman” adına, 1143 nəfər
orden və medallara layiq görüldü.
Bu rəqəmlər yalnız
statistika deyil, əslində, 100 yaşlı polisimizin
qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən
biridir...
***
Müstəqilliyimizin ilk illərində
üzləşdiyimiz ağır siyasi, iqtisadi, sosial təlatümlər
Azərbaycan polisi üçün xüsusilə çətin
keçdi. Daxili işlər orqanları ölkəmizin müstəqillik
dönəminə nizami bir struktur kimi, sovet dövründə
formalaşmış zəngin təcrübə, təşkilati
imkanlar və peşəkar xidmət ənənələri ilə
daxil olmuşdu. Azərbaycanın müstəqilliyini
möhkəmləndirmək, xalqın əldə etdiyi bu
misilsiz tarixi dəyəri özbaşınalıq kimi başa
düşənlərin yaratdıqları anarxiya, xaos
mühitini aradan qaldırmaqdan ötrü ilk iş bu
imkanlardan, peşəkarların təcrübəsindən məqsədyönlü
şəkildə istifadə etməkdən ibarət olmalı
idi.
Bəs əslində, nə baş verdi?!
Yenicə qazandığı
müstəqilliyi Azərbaycanın əlindən almaq istəyənlər
yaxşı anlayırdılar ki, ölkəni xaosa
sürükləməkdən ötrü ən vacib addım
daxili işlər orqanlarını parçalamaqdan, bu sistemdə
əsas vəzifələrə milli dövlətin deyil,
onların tapşırıqlarını yerinə yetirən
öz adamlarını yerləşdirməkdən ibarət
olmalıdır. İnsafən, bunu pis
“bacarmamışdılar”.
Müstəqilliyin ilk illərində
ölkə rəhbərliyində bir-birini əvəz edən
təsadüfi iqtidarların dövrü daxili işlər
orqanlarındakı peşəkarlar üçün tam bir fəlakət
mənzərəsi yaratmışdı. Onlar
yaşananların, yol verilən səriştəsizliklərin
Azərbaycanı hansı təhlükələrə
doğru apardığını öz təcrübələri
işığında aydın görürdülər.
Vətənpərvərliyin, zabit şərəfinin, peşəkarlıq
vicdanının diktəsi ilə nələrsə etməyə
can atırdılar. Amma əmr sahiblərinin bu dəyərlərdən
tamamilə uzaq adamlar olması ortada heç bir imkan
buraxmırdı.
Cəmiyyəti ölkədaxili
çəkişmələrdən qorumağa görə məsuliyyət
daşıyan, ictimai həyatda düzən yaratmalı olan
polis özü təxribatçıların əli ilə
siyasi burulğanların tam mərkəzinə sürüklənmişdi. Özü də
ölkədaxili çəkişmələrdə tərəf
kimi iştirak edirdi.
Durum son dərəcə ziddiyyətli
idi: bu sistemdə çalışanların əksəriyyəti
vəzifə öhdəliklərindən irəli gələrək
siyasi proseslərə qarışmadan yenə də əhalinin
təhlükəsizliyini, ölkəmizin ərazi
bütövlüyünü qoruyur, canı və qanı
bahasına cinayətkarlığa qarşı mübarizə
aparır, bir qismi isə cinayətkarlarla əlbir şəkildə,
dövlətin və müstəqilliyin əsaslarını
baltalamağa can atırdı.
***
Bir anlıq təsəvvürümüzə
gətirək ki, 1992-1993-cü illərdə daxili işlər
naziri vəzifəsi tutan şəxs həm də siyasi partiya
sədri idi, öz firqə maraqları, siyasi iddiaları
vardı.
Üstəlik, həmin şəxs bu vəzifəyə gətirilənə
qədər sosialist əmlakını dağıdanlara
qarşı mübarizə qurumunda, yəni, o vaxt sadə
insanlar arasında OBXSS kimi tanınan və yumşaq desək,
o qədər də yaxşı ad çıxarmayan sistemdə
ancaq bölmə rəisi vəzifəsinə qədər
“yüksələ” bilmişdi. Və hər birimiz dəqiq
bilirdik, sonrakı proseslər də aydın göstərdi ki,
onun ucuz populuzminin arxasında idarəçilik qabiliyyəti,
şəxsi heyətlə iş təcrübəsi, daxili
işlər orqanlarında əsl peşəkarları dəyərləndirmək
bacarığı tamamilə yox idi.
Onun birinci müavini vəzifəsinə
tikinti briqadiri işləyən adam təyin
edilmişdi. Bu kəslərin Naxçıvan polisinin
başına keçirmək istədikləri adam
isə işsiz idman müəllimi idi. Daxili
İşlər Nazirliyinin Banditizmə və Terrorizmə
qarşı Mübarizə İdarəsi kimi həmin dövr
üçün son dərəcə mühüm strateji əhəmiyyət
daşıyan sahəsi isə kinorejissora tapşırılmışdı.
Əlbəttə, bunları
qələmə almaqla peşələr arasında müqayisə
aparmaq, hansısa sənətə xələl gətirmək
istəməzdik. Hər bir şərəfli peşənin
öz dəyəri, faydaları var. Cəmiyyətə peşəkar
polislər kimi öz sənətinin bilicisi olan tikinti mütəxəssisləri,
müəllimlər, yaradıcı adamlar da gərəkdir.
Amma hər kəsin məhz öz sahəsinin peşəkarı
olmağa çalışması, hər işin öz
ustasına tapşırılması, peşəkarların
diletantlardan qorunması da mühüm şərtdir! Təsvir
etdiyimiz dövrdə isə bunun tamam əksi baş verirdi! Bu sahədə xidmətə ömrünün illərini
sərf etmiş peşəkar zabitlər polis sisteminə
tamamilə yad olan adamların əmrlərini yerinə yetirmək
məcburiyyətində qalmışdılar. Peşəkarların
taleyinə naşılar qərar verirdilər...
Belə fürsətləri həmişə
həssaslıqla “dəyərləndirməyi” bacaran peşəkar
cinayətkarlar isə qızğın “iş başında”
idilər. Rayon polis şöbə və idarələrinə
təsadüfi adamların, bəzi hallarda isə hətta cinayətkar
qruplaşmalarla əlbir olan ünsürlərin rəhbərlik
etməsi onların meydanını genişləndirirdi.
Və bu faciəvi durumun
qısa müddət ərzində yaratdığı nəticələri
həmin dövrə aid əlahəzrət statistika çox
aydın dillə təsvir edir. AXC-Müsavat
cütlüyünün hakimiyyəti dövründə
küçəyə çıxmağın belə təhlükəli
olması həqiqətinin təkzibinə
çalışanlar bəlkə bu rəqəmlərdən
sonra ibrət götürərlər. Bunu necə inkar
etmək olar ki, respublikada cinayətlərin sayı 1992-ci ildə
1991-ci ilə nisbətən 7 min, onların ağır
növləri 3 min, o cümlədən qəsdən
adamöldürmələr 200, mülkiyyət əleyhinə
olanlar 6 min hadisə çoxalmışdı.
Əhalisinin sayı 7.207.000
nəfər olan Azərbaycanda hər yüz min nəfərə
nisbətdə cinayətlərin sayı 307 fakt təşkil
etməklə görünməmiş hal almışdı. Kriminogen durum
kəskinləşmiş, ölkənin iqtisadiyyatı
dağıdılaraq sərvətləri talan edilmişdi.
Ən acınacaqlısı isə dövlətə
və onun mühüm bir təsisatı kimi polisə inam
azalması idi. Hüquq-mühafizə
orqanlarındakı təsadüfi ünsürlərin yaramaz fəaliyyəti
vətəndaşların bu sistemə etimadını yerlə
bir etmişdi. İş o məqama
çatmışdı ki, ayrı-ayrı yerlərdə
insanlar aralarındakı hansısa məişət zəminli
mübahisələrinin həlli üçün dövlətin
hüquq-mühafizə orqanlarına deyil, cinayətkar
ünsürlərə, kriminal avtoritetlərə müraciət
edirdilər.
Təhsil səviyyəsi
aşağı, dünyagörüşü məhdud bir qism
insanın, xüsusilə sadəlövh yeniyetmələrin
kriminal aləmə, onun tanınmış simalarına,
“qayda-qanunlarına” bu gün də sezilən gizli
marağı, əfsus ki, öz başlanğıcını
məhz həmin təlatümlü dövrlərdən
götürür və bu ziyanlı nəticələri tam
aradan qaldırmaqdan ötrü insanların maarifləndirilməsinə
hələ çox zəhmət çəkməliyik.
***
...O illər Azərbaycanın daxili
işlər orqanları üçün tarixi bir sınaq,
taleyüklü məqam idi. Bir tərəfdə
polisin şanlı ənənələrinə tamamilə yad əməllərə
qoşulmuş kəslər, əks tərəfdə isə
dövlətçiliyə sədaqəti, xidməti və
peşə borcunu hər şeydən uca tutan şəxsi heyət
dayanırdı.
Ölkəni üzləşdiyi
fəlakətdən xilas etmək üçün 1993-cü
ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyev isə cəmiyyətin
hava və su kimi ehtiyac duyduğu sabitliyi bərqərar etmək
üçün məhz sınaqlardan alnıaçıq
çıxan, müstəqilliyin dəyərini dərk edən
qüvvələrə arxalandı. Çox keçmədən
də öz fəhmində yanılmadığına əmin
oldu.
Heydər Əliyev zamanın
sərt tufanlarının dağıdıb param-parça
etdiyi hissələri bir-bir öz yerinə topladı, bu hissələrdən
milli dövlətimizi bina etdi.
Və Azərbaycan polisi müstəqil
Azərbaycan dövlətinə layiqli xidməti ilə bu
binanın təməlində öz möhkəm, sarsılmaz,
şərəfli yerini tutdu...
Onların uzun illərdən bəri
topladıqları zəngin səriştə, eləcə də
müstəqilliyin ilk illərində formalaşmış təcrübə,
əvvəlki iqtidarların səhvlərindən,
yanlışlıqlarından çıxarılan dərslər
Heydər Əliyevin həyata keçirdiyi hüquqi dövlət
quruculuğu prosesində, respublikada kriminogen durumun nəzarət
altına alınmasında, asayişin, sabitliyin bərpası
və qorunmasında çox mühüm rol oynadı.
***
Azərbaycanda hərəsi bir firqəyə,
xarici şəbəkəyə bağlı silahlı dəstələrin
at oynatdığı, dövlətə barmaq silkələdiyi
o ağır günlərdə bütün çətinlikləri,
təhlükə və təhdidləri gözə alaraq
daxili işlər orqanlarında köklü islahatlara start verməkdən
ötrü bir ölkə rəhbəri ancaq Heydər
Əliyev qədər qətiyyətə sahib olmalı idi.
Ulu öndər bütün
maneələrə baxmayaraq bu sistemin sağlamlaşdırılmasına
başladı.
1994-cü ilin 29 aprel günü
keçirilmiş müşavirə Azərbaycan daxili işlər
orqanlarının həyatında yeni bir mərhələnin əsasını
qoydu.
Heydər Əliyevin həmin
müşavirədəki tarixi çıxışında
müəyyən etdiyi vəzifələr ulu öndərin
şəxsində zamanın, yeni dövrün
özünün Azərbaycan polisinə ünvanlanmış
çağırışı idi...
Heydər Əliyev bu tədbirdə
təkcə konkret vəzifələr müəyyənləşdirmədi. Daxili
İşlər Nazirliyinin rəhbərliyində dəyişiklik
apararaq bu vəzifələri layiqincə yerinə yetirə
biləcəyinə ümid bəslədiyi şəxsi - Ramil
Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri
təyin etdi.
İnsan sərrafı olan
Heydər Əliyevin bu seçimi yeni nazirin Azərbaycan
dövlətçiliyinə sədaqətini polis
orqanlarındakı uzunmüddətli fəaliyyəti
dövründə sübuta yetirməsi, zəngin təcrübəsi,
yüksək peşəkarlığı kimi mühüm
meyarlara əsaslanırdı. Ümummilli lider bu qərarı
şəxsi heyətin önündə elan edərkən
demişdi: “Ramil Usubova tam inanır, prezident kimi ona etimad
göstərirəm və bir daha hamınızdan tələb
edirəm ki, ona kömək göstərəsiniz. Daxili İşlər Nazirliyi xüsusi bir orqan,
bilavasitə prezidentin tabeliyində olan orqandır. Heç bir kənar vəzifəli şəxslərin
bu nazirliyin işinə qarışmağa ixtiyarı yoxdur.
Bu başdan xəbərdarlıq edirəm ki,
yeni təyin edilmiş nazirin işinə heç kəs mane
olmasın, heç kəs öz şəxsi məqsədlərinə
çatmaq üçün orada cürbəcür işlərlə
məşğul olmasın və hər kəs yeni nazirə
kömək etməyə çalışsın. Mən naziri daim müdafiə edəcək, nazirliyin
bütün məsələlərinə baxaraq onları
şəxsən özüm həll edəcəyəm. Nazirə səlahiyyət verirəm ki, orada vəziyyəti
dəyişdirmək üçün lazımi tədbirlər
görsün. Mən də onun təkliflərini
müdafiə edəcəyəm. Ancaq xəbərdarlıq
edirəm, kim buna mane olarsa, bu işləri pozmağa cəhd
göstərərsə, onlara qarşı çox ciddi tədbirlər
görüləcək və mən heç kəsi
bağışlamayacağam”.
***
Dövlət
başçısının yeni nazirdən gözləntiləri
çox qısa müddətdə özünü
doğrultdu.
Polis orqanlarında ciddi dəyişikliklər baş verdi, ən əsası bu struktur yuxarıdan
aşağıya doğru daxilən
safflaşdırıldı, vəzifə andına, məsuliyyətinə
sədaqət əsas amilə çevrildi. Nəticə
etibarilə ölkədə ictimai-siyasi sabitliyin qorunması,
cinayətkarlığa qarşı mübarizə sahəsində
ilk mühüm nailiyyətlər əldə edildi.
Müşavirədən qısa müddət sonra Heydər
Əliyevin imzaladığı “Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
tədbirləri haqqında” 1994-cü il 9
avqust tarixli Fərmanla respublikanın hüquq-mühafizə
orqanlarının, o cümlədən polisin fəaliyyətinin
əsas istiqamətləri müəyyənləşdirildi. Mütəşəkkil cinayətkarlıqla
mübarizənin təşkilati-hüquqi bazasının, bu
istiqamətdə aparılan işlərin əsasları
formalaşdırıldı.
Respublikada fövqəladə
vəziyyət ləğv olundu, bir müddət əvvələ
qədər axşamlar tamamilə boş qalan Bakı
küçələri öz qələbəlik məcrasına
qayıtdı.
Həyatı öz axarına düşmüş insanlar
ictimai asayişi, bazar iqtisadiyyatı yoluna yenicə qədəm
qoyan ölkədəki inkişaf mühitini, qanunun aliliyini
qorumaqdan ötrü daxili işlər orqanlarının
göstərdiyi qətiyyəti, fədakarlığı
gördükcə cəmiyyətdə polisin nüfuzu yenidən
yüksəldi, onlara inam gücləndi, şəxsi heyətin
peşəkarlığı artdı, cinayətkarlar bu güc
qarşısında yavaş-yavaş geri çəkilməyə
başladılar.
Amma cinayətə, özü də
dövləti cinayətə meyilli şəxslər təkcə
cəmiyyətdə deyildi ki... Belələri
qarmaqarışıqlıq dövründə daxili işlər
orqanlarının divarları arasında da özlərinə
yuva qura bilmişdilər.
***
1994-cü ilin oktyabr və
1995-ci ilin mart ayında baş verən dövlət
çevrilişi cəhdləri zamanı daxili işlər
orqanlarının şəxsi heyəti arasında birbaşa
xidməti vəzifəsini unudub milli mənafeyə zidd siyasətə
qurşanan, ekstremal vəziyyətdə mənəviyyatsızlıq
göstərib dövlətə xəyanət edən,
gözləmə mövqeyi tutan əməkdaşların
mövcudluğu da üzə çıxdı. Onların əksəriyyəti
daxili işlər orqanlarına AXC-Müsavat iqtidarı
dövründə gəlmiş və yüksək vəzifələr
tutmuş şəxslər idi .
Milli dövlətçiliyimizə
qarşı yönələn təhdidlər, bu fonda baş verən qorxulu hadisələr
polisin sıralarında təmizləmə aparılması
üçün təxirəsalınmaz tədbirlər
görülməsini tələb edirdi. Belə
də oldu. Polis adına ləkə gətirən
şəxslər daxili işlər orqanlarından
uzaqlaşdırıldı, beləliklə, bu sistem Azərbaycan
polisinin şərəfli adına xələl gətirən kəslərdən
təmizləndi.
Dövlət
çevrilişi cəhdlərinin qarşısının
alınması ilə yanaşı, daxili işlər
orqanları kriminogen vəziyyətə nəzarətin
möhkəmləndirilməsi, müharibə dövründə
əhalidə tapılmış qanunsuz silahların
yığılması sahəsində də ciddi nəticələr
əldə etdi. O ağır illərdə ulu öndər Heydər
Əliyev müstəqil dövlətə sədaqətli xidməti
hər şeydən uca tutan Azərbaycan polisinin formalaşmasının
möhkəm təməlini qoydu. Məhz bu təməl üzərində
sağlamlaşan, daha da mətinləşən polisimiz az vaxt ərzində ölkəmizin regionda
sabitlik adasına çevrilməsinə böyük töhfələr
verdi.
1992-ci illə müqayisədə
2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin
açılması 67 faizdən 94,8 faizə yüksəldi,
ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən
qəsdən adamöldürmələr 2,7 dəfə,
quldurluq və soyğunçuluqlar 3,7 dəfə,
oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə
törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat
vasitələrinin oğurluğu 25 dəfə, habelə
bağlı qalmış cinayətlər 13 dəfə
azaldı. 10 il ərzində daxili işlər
orqanları tərəfindən əllərdə qanunsuz
saxlanılan 30 mindən artıq silah yığıldı. Hər
il orta hesabla qrup halında fəaliyyət
göstərən 1000-dən artıq cinayətkar dəstə
zərərsizləşdirildi.
***
Könül istərdi ki, nə
zamansa Azərbaycanda onların fəaliyyətinə, fədakar
əməyinə ümumiyyətlə, ehtiyac qalmasın. İnsanlarımız
cinayətlərdən, hüquq pozuntularından çəkinsinlər,
polisin hər hansı nəzarəti, müdaxiləsi olmadan da
qayda-qanunlara dəqiqliklə riayət etsinlər. Cəmiyyət üzvlərinin özlərindən gələn
azadlıq, hüquq və məsuliyyət hissi ictimai həyatımızda
ideal birgəyaşayış modeli formalaşdırsın.
Bəlkə də hələlik
utopiya kimi görünür, deyilmi?! Amma əgər dərin
təhsil, mədəni davranış, başqalarına
anlayış göstərmək, ən əsası isə
öz məsuliyyətini anlamaq duyğusu hamı
üçün vazkeçilməz dəyərə
çevrilərsə, belə bir ideala qovuşmaq nədən
mümkün olmasın ki?!
Əslində, bu ideala
doğru aparan yol da ölkələrdə polis sisteminin
inkişafından, xüsusilə uşaqların polisə
hörmət ruhunda tərbiyə olunmasından keçir. Bir müddət
əvvəl maraqlı bir tədqiqatın nəticələri
elan olunmuşdu. Elmi araşdırmalar nəticəsində
isbat edilmişdi ki, gənc nəslin polisə nifrət ruhunda
yetişdiyi cəmiyyətlərdə cinayət halları da
buna müvafiq artır. O toplumlarda ki, polisə inam, etibar
yüksəkdir, orada cinayətlərin dinamikası getdikcə
aşağı düşür.
Ulu öndər Heydər
Əliyevin dövlətçilik irsini bu sahədə də
davam etdirən Prezident İlham Əliyevin daxili işlər
orqanlarında apardığı davamlı islahatların son məqsədi
də elə məhz budur. İlham Əliyevin
ölkəyə rəhbərliyi dövründə Daxili
İşlər Nazirliyinin bütün strukturları müasir
dünyanın çağırışlarına uyğun
qurulub. Bu sistemə aid yüzlərlə
yeni obyekt tikilib, yaxud yenidən qurulub. Cinayət
hallarına qarşı mübarizə, ictimai asayişin təminatı
məqsədilə minlərlə nəqliyyat vasitəsi,
xüsusi texnika alınıb. Sahə polis
məntəqələrindən baş idarələrədək
bütün inzibati xidmət müəssisələri yenilənib,
maddi-texniki təminatı yüksəldilib, informasiya
texnologiyaları ilə təchizatı yüksək səviyyəyə
çatdırılıb. Azərbaycan
polisinin çevik, səmərəli fəaliyyətini, cinayətkarlığa
qarşı mübarizənin effektiv təşkilini təmin
edən mükəmməl qanunvericilik bazası
formalaşdırılıb.
Ən mühümü isə
bu gün daxili işlər orqanlarındakı mənəvi
ruh sağlamdır, Daxili İşlər Nazirliyinin şəxsi
heyətinin Vətən və xalq qarşısındakı
tarixi məsuliyyət hissi çox yüksəkdir. Tam şəffaf
əsaslarla polis orqanlarına qəbul edilən gənc,
cüssəli, yüksək-mənəvi əxlaqi keyfiyyətlərə
malik, müasir dünyagörüşlü gənclərlə
bu orqanlar mütəmadi qaydada yenilənir. Eyni zamanda, Azərbaycan
polisinin şərəfli adına xələl
gətirəcək, cəmiyyətin öz polisinə
inamını sarsıdacaq hər hansı neqativ hallara
qarşı da kifayət qədər prinsipiallıq
nümayiş etdirilir.
İş olan yerdə
hansısa nöqsanların baş verməsi də təbiidir. Azərbaycan
polisinin fəaliyyəti də nöqsanlardan xali deyil. Üstəlik, bu, elə bir fəaliyyət sahəsidir
ki, qanunçuluğun keşiyində dayanarkən istər-istəməz
kimlərinsə maraqlarının üzərinə getməli
olursan. Kimlərsə, polisin guya ona
qarşı hər hansı pozuntuya yol verməsi iddiası ilə
ortaya atılır və sonradan bu iddiaların əsassızlığı
bəlli olur. Yaxud belə pozuntulara həqiqətən,
yol verildiyi aşkarlanır. Polisin fəaliyyətində
də xidməti qəbahətə, nöqsana, bəzi
çatışmazlıqlara rast gəlinir. Amma burada
xüsusi diqqət ediləsi bir məqam var: bütün bu
problemlər əksər hallarda məhz daxili işlər
orqanlarının rəhbərliyi tərəfindən
aşkarlanır. Onların
qarşısının alınması üçün konkret
addımlar atılır. Vəzifə
öhdəliklərinə riayət etməyən əməkdaşlar
cəzalandırılır, orqanlardan kənarlaşdırılır.
Polis haqqında ictimai əhəmiyyət kəsb
edən hətta ən epizodik rəy, fikir, iddia belə
reaksiyasız qalmır. Məsələnin
mahiyyəti aydınlaşdırılır, nəticə
çıxarılır, günahkar cəzalandırılır,
günahsız insan əsassız təzyiq və təqiblərdən
qorunur.
Azərbaycan polisi fəaliyyətini
bütün parametrlər üzrə yeni dövrün tələblərinə
uyğun qurur.
Dövlətə, xalqa bağlılıq, xidməti
öhdəliklərə məsuliyyətli yanaşma daxili
işlər orqanlarının ictimai nüfuzunu daim
artırır.
Bu gün İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın tarixinin ən qüdrətli mərhələsinə
yetişməsi, bütün dünyada sülh, mədəniyyətlərarası
dialoq, tolerantlıq məkanı kimi tanınması, xarici
turistlərin arxayınlıqla Vətənimizə üz tutması,
gecədən səhərə qədər mərkəzi
küçələrdən səngiməyən qələbəliklər,
xoş insan mənzərələri bu inkişafı təmin
etmiş bütün digər təsisatlarla yanaşı, həm
də Azərbaycan polisinin fədakar fəaliyyətinin
yaratdığı mənzərədir.
***
Ətrafımızda od
içində yanan, terrorizmə, dini radikalizmə, insan alverinə,
silah, narkotik qaçaqmalçılığına və digər
çeşidli cinayətlərə sürüklənən
qan-qada dolu bir dünya var. Və bu dünyanın tam mərkəzində
qərar tutmuş Azərbaycanı da oda yaxmaq istəyənlərin,
bu torpaqları da saysız-hesabsız cinayətlərin məkanına
çevirməyə can atanların sayı o qədər
çoxdur ki...
Belələri sərhədlərdən
kənarda da var, elə öz içimizdə də. Amma Prezidentin
yürütdüyü mahir siyasət buna imkan tanımır,
bu siyasətə uyğun olaraq sabitliyi, sakitliyi, cəmiyyətin
hüzurunu göz bəbəyi kimi qoruyan Azərbaycan polisi belə
cəhdlərə macal vermir.
Cəmi iki il əvvəl
Nardaranda Azərbaycan dövlətinin milli maraqları
uğrunda şəhid olmuş əməkdaşları
hesabına...
Bir körpənin xilası
üçün özünü oda atacaq qədər mətin
iradəyə sahib polislər sayəsində...
Cinayətlə, cinayətkarlarla
mübarizədə keçən yuxusuz gecələr
bahasına...
Milli dövlətçiliyimizin, vətəndaş
hüquq və azadlıqlarının etibarlı müdafiəçisinə,
milli istiqlalımızın sipərinə çevrilmiş
daxili işlər orqanlarımızın gəlib
çatdığı bu səviyyə və öz tarixi boyu əldə
etdiyi möhtəşəm uğurlar Cümhuriyyətimizin
yaşıdı olan Azərbaycan polisinin bu 100 illik irsə həm
də ən dəyərli töhfəsidir.
Kimdir polis?
Bizim asayişimiz üçün
düşünmədən canlarını qurban verən qəhrəmanlardır…
Dövlətin təhlükəsizliyini
qorumaq naminə canlarını sipər edən fədailərdir…
Müstəqilliyin əbədiliyi,
ölkənin sabitliyi üçün terrorçunun
üstünə yeriyən, cinayətkarı bir həmlədə
zərərsizləşdirən igidlərdir…
Onlar həm də Vətən
uğrunda şəhidlərdir…
Gecə-gündüz demədən, yağışa-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyən, küçələrdə rahatlığı təmin edən, bədnam ünsürlərə əl-qol açmaq imkanı verməyən əsl dostlardır…
Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirməyə müvəffəq olan peşəkarlardır…
Məmləkətimizin vətənpərvərləridir, ər oğullarıdır…
100 illik istiqlalımızın 100 illik canlı sipərləridir…
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-
2018.-20 may.- S.1; 3.