Müsəlman Şərqində ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 100 il ötür. Dövlət başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi Azərbaycan Xalq Cümhuriyyətinə verilən ən böyük qiymətdir.

 

Cümhuriyyət dövrü hansı hadisələrlə yaddaşlara həkk olub?

 

Birinci Dünya müharibəsi və onun nəticəsi olan Fevral burjua inqilabı Rusiyada 300 ildən artıq hökmranlıq edən Romanovlar sülaləsini devirdi, zülm və əsarət altında inləyən məzlum xalqlar öz müqəddəratlarını təyin etmək imkanı əldə etdilər. O cümlədən, Qafqaz cəbhəsində Rusiya və Osmanlı arasında gedən hərbi əməliyyatlar Azərbaycanda iqtisadi, sosial-siyasi həyata ağır təsir göstərməklə bərabər, əsrin əvvəllərindən burada dərinləşən milli-demokratik prosesi, muxtariyyət ideyasını və son nəticədə müstəqilliyə olan meyli xeyli gücləndirdi.

Fevral inqilabından az sonra martın 3-də Rusiya Dövlət Dumasının Cənubi Qafqazdan olan deputatlarının təşəbbüsü ilə Tiflisdə Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə yaradıldı. Bu komitə regionun əsas millətlərini Dövlət Dumasında təmsil edən deputatlardan ibarət idi. Bura V.Xarlamov sədr, M.Papacanov, M.Cəfərov, K.Abaşidze və P.Pereverzev üzv təyin edildilər. Müvəqqəti hökumətin qərar və təlimatlarına uyğun olaraq ona Cənubi Qafqazda geniş hüquq və səlahiyyətlər verildi. Yəni Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə Müvəqqəti hökumətin idarə orqanı funksiyasını yerinə yetirməyə başladı. Lakin Xüsusi Zaqafqaziya Komitəsində Cənubi Qafqaz xalqları bərabər təmsil olunmadığı və aqrar məsələdə ardıcıl mövqe tutmadığına görə əhali ona etimad göstərmədi və o, güclü dövlət orqanı funksiyasını icra edə bilmədi.

1917-ci il martın əvvəllərində Bakıda Müvəqqəti hökumətin ali hakimiyyət orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı. Bura həm fəhlə deputatları sovetlərinin, həm də şəhər dumasının və ictimai təşkilatların nümayəndələri daxil oldu. İcraiyyə komitəsinin tərkibində azərbaycanlı əhalinin təmsilçiləri M.H.Hacınski və M.Ə.Rəsulzadə də var idi.

Rusiyanın başqa sənaye mərkəzlərində olduğu kimi, Bakıda da fəhlə və əsgər deputatları sovetinin yaradılmasına başlandı. 1917-ci il martın 7-də 52 deputatdan ibarət Bakı Deputatları Soveti formalaşdı. Sovetin tərkibi qeyri-azərbaycanlılardan ibarət idi. Bakı Sovetinə qiyabi olaraq S.Şaumyan sədr seçildi. Cənubi Qafqazın başqa şəhərlərindən fərqli olaraq, Bakıda sovetlər nisbətən güclü idi.

Müvəqqəti hökumətin milli proqramını Rusiyanın bölünməzliyi prinsipi təşkil edirdi. Daha nüfuzlu partiyalar olan kadet, eser və menşeviklər milli məsələnin həllini gələcəkdə çağırılacaq Müəssislər Məclisinə tapşırır, burada milli-mədəni muxtariyyət prinsiplərini müdafiə edəcəklərini bəyan edirdilər.

Fevral inqilabından sonra açıq fəaliyyətə keçmiş Müsavat Partiyası Azərbaycanda siyasi qüvvələr arasında daha çox diqqət çəkirdi. Müsavat Partiyası federativ Rusiyanın tərkibində Azərbaycana milli-ərazi muxtariyyəti və 20 yaşına çatmış azərbaycanlı vətəndaşlara seçki hüququ verilməsi ideyasını irəli sürürdü. Gəncədə N.Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyası, Əlimərdan bəy Topçubaşovun və Fətəli xan Xoyskinin başçılıq etdikləri Müstəqil Demokratik qrup, RSDFP-nin yerli təşkilatı - “Hümmət”, Gəncədəki İttihadi-İslam Partiyası ilə Bakıdakı Rusiya Müsəlman Partiyasının qalıqlarından yaranmış İttihad Partiyası fəaliyyətini genişləndirir. N.Yusifbəylinin rəhbərlik etdiyi partiya Rusiya dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi ideyası ilə çıxış edirdi. İttihadi-İslam Partiyasının əməli fəaliyyətinin və nəzəri baxışlarının bünövrəsi islama əsaslanan ittihad - birlik idi. İslamı yalnız din deyil, siyasi, iqtisadi, hüquqi, mənəvi norma kimi qiymətləndirən ittihadçılar onu müsəlman həyatının özülü, əsas strukturu hesab edir, inkişaf yolunu isə məhz islam normalarını təkmilləşdirmək vasitəsilə həyata keçirməkdə görürdülər.

 

Qafqaz müsəlmanlarının qurultayı və fəaliyyətdə olan partiyalar

 

Milli qüvvələrin Azərbaycanın gələcəyinə münasibəti aprelin 15-20-də (1917-ci il) Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında açıqlandı. Qurultay Qafqaz müsəlmanlarının Müvəqqəti hökumətə, habelə müharibəyə və Rusiyanın digər xalqlarına münasibəti məsələlərini müzakirə etdi. Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının siyasi həyatında mühüm rol oynadı, siyasi hadisələrin həmin mərhələsində onların mənafelərini ifadə edərək Rusiya müsəlmanları üçün milli hərəkatın gücləndirilməsi yollarını, demokratik respublika prinsiplərinə söykənən dövlət quruluşu seçimini müəyyənləşdirdi. “Müsavat” və Türk Ədəmi-Mərkəziyyət partiyaları Rusiyanın demokratik federativ respublikaya çevrilməsi və Azərbaycana geniş ərazi-milli muxtariyyətinin verilməsi haqqında qərar layihəsi ilə çıxış edir. Lakin islamçılar (ittihadçılar), sosialistlər, bolşeviklər və menşeviklər Rusiyanın ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxdılar.

Həmin il mayın 1-11-də Ümumrusiya müsəlmanlarının Moskva qurultayında “Rusiya daxilində millətlərə ərazi-milli muxtariyyəti” şüarı demokratik qüvvələr tərəfindən müdafiə edilir. Qurultayın müzakirəyə çıxardığı ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi.

1917-ci ilin oktyabrında Bakıda Türk Ədəmi-Mərkəziyyət Partiyası ilə “Müsavat”ın birləşməsi prosesi başa çatdı. “Müsavat”ın proqramında demokratik, federativ Rusiyanın tərkibində Azərbaycana geniş ərazi-milli muxtariyyət tələbi təsbit edildi.

1917-ci ilin payızına doğru siyasi nüfuza malik milli demokratik qüvvələr dövlət tələbi ilə çıxış edərək, başqa qeyri-rus xalqları ilə bir sırada öz ümidlərini Müəssislər Məclisinə bağlamışdılar.

Bolşeviklərin həyata keçirdiyi 1917-ci ilin oktyabr çevrilişi xalqların milli müstəqilliyə olan ümidlərini daha da artırdı. Bu ümidlər xeyli dərəcədə bolşeviklərin hakimiyyətə gəldikləri ilk günlərdən başlayaraq elan etdikləri mühüm sənədlərlə bağlı idi. Bolşeviklərin qəbul etdikləri “Sülh haqqında dekret”, “Rusiya xalqlarının hüquq bəyannaməsi”, “Rusiya və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” müraciətnaməsi ilk addım kimi keçmiş imperiyaya daxil olan xalqların azad surətdə ayrılıb öz müstəqil dövlətlərini yaratması üçün hüquqi təminat verirdi. Lakin az sonra məlum oldu ki, bu sənədlər reallıqdan uzaq olub daha çox təbliğat xarakteri daşıyır.

Bakı Sovetinin İcraiyyə Komitəsi S.Şaumyanın planına uyğun olaraq milli partiyaların cəmiyyətdə artan nüfuzunun qarşısını almaq, onların seçkilərdə iştirakını zəiflətmək məqsədilə seçkilərin keçirilməsi vaxtı haqqında axırıncı günə qədər heç bir məlumat vermədi. Bütün bu maneələrə baxmayaraq, oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat” eserləri, menşevikləri, bolşevikləri və daşnakları geridə qoyaraq böyük üstünlüklə qələbə əldə etdi. Bu seçkilərdən sonra “Müsavat” partiyası Azərbaycanda hakimiyyət strukturlarının formalaşdırılması prosesinə ciddi təsir göstərməyə başladı.

1917-ci il noyabrın 11-də Tiflisdə Cənubi Qafqazın əsas siyasi qüvvələrini təmsil edən gürcü menşevikləri, “Müsavat”, “Daşnaksütyun” və sağ eserlər Rusiyadakı bolşevik hökumətini tanımaqdan imtina etdilər. Yığıncaqda qərara alındı ki, Ümumrusiya Müəssislər Məclisi tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər regionu idarə etmək üçün “Müstəqil Zaqafqaziya hökuməti” (Zaqafqaziya Komissarlığı) yaradılsın. Noyabrın 15-də Tiflisdə yeni hökumətin tərkibi elan edildi. Ona gürcü menşeviki E.P.Gegeçkori sədrlik edirdi. Hökumətin tərkibinə Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov daxil idilər. Noyabrın 26-da Müəssislər Məclisinə seçkilər keçirildi. Bu seçkilərdə gürcü menşevikləri 11, müsavatçılar 10, daşnaklar 9, müsəlman sosialist bloku 2 yer, bolşeviklər, ittihadçılar və eserlər hərəyə 1 yer əldə etdilər. Seçkilərin gedişində aydın oldu ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti “Müsavat”ın irəli sürdüyü ərazi muxtariyyəti ideyasını müdafiə edir.

Zaqafqaziya Komissarlığının yaranması ilə Osmanlı və Rusiya qoşunları arasında gedən müharibədə anlaşılmaz bir vəziyyət əmələ gəldi. Çünki komissarlığın özünü müdafiə edə bilən ordusu yox idi. Digər tərəfdən, Zaqafqaziya Komissarlığı fraksiyalarının Osmanlı dövlətinə münasibəti də birmənalı deyildi: müsəlman fraksiyası osmanlılara qarşı vuruşmağın əleyhinə idi, gürcülər türklərlə sazişə girməyi məqbul sayırdılar, ermənilər isə bu barədə qəti qərara gələ bilmirdilər. Qafqazda hərbi əməliyyatların dayandırılmasında maraqlı olan və bu məqsədlə vasitəçilər axtaran Rusiya üçün əlverişli fürsət yaranmışdı: nəhayət, 1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında barışıq imzalandı.

Dekabrın 19-da Zaqafqaziya Komissarlığı Qafqazdakı rus ordusunun tərxis olunması və bu əsasda milli qoşun hissələrinin təşkil edilməsi haqqında sərəncam imzaladı. İlk addım kimi üç piyada diviziyasından, atlı briqadadan və ərazi polklarından ibarət olan erməni ordusu yaradıldı. Erməni və gürcü milli ordu hissələrinin yaradılması bir qədər asan idi, çünki Qafqaz cəbhəsində rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü könüllü hərbi dəstələri fəaliyyət göstərirdi. Zaqafqaziya cəbhəsindən tərxis olunmuş əsgərlərin əksəriyyəti erməni idi. Onlar nəinki silah satır, hətta özləri də bu orduya yazılırdılar. Digər tərəfdən, çar ordusunda qulluq edən silahlı erməni partizanları müsəlmanlara qarşı təbliğat aparmaqla məşğul idilər. Erməni Milli Şurası kifayət qədər var-dövlətə malik olduğu üçün Qafqaz cəbhəsindən tərxis olunmuş rus əsgərlərindən çoxlu miqdarda silah ala bildi.

 

Azərbaycanlılardan ibarət ordu hissələrinin yaradılması ciddi çətinliklərlə üzləşirdi

 

Ordu yaradılması ilə bağlı Müsəlman Milli Şurasının vəziyyəti ermənilər və gürcülərlə müqayisədə o qədər də yaxşı deyildi. Əvvəla, Qafqaz ordusunda azərbaycanlı əhali xidmət etmirdi. Köhnə rus ordusunda ayrıca müsəlman hissəsi yox idi. Rus ordusunun tərkibində müsəlman əsgərləri olmadığından milli ordunun yaradılması mümkün deyildi. Ən nəhayət, müsəlman əhali qorxurdu ki, rus dövləti onlardan türkdilli olduqları üçün şübhələnə bilər. Ona görə də Müsəlman Milli Şurası çox ehtiyatla hərəkət etməyə məcbur idi. Azərbaycanın ordu ilə bağlı problemlərini qabaqcadan görə bilən siyasi xadimlər Fevral inqilabından sonra Rusiyanın Müvəqqəti hökumətinə müraciət edərək milli ordunun yaradılmasına icazə istəmişdilər. Lakin bu müraciətə cavab verilməmişdi. Zaqafqaziya Komissarlığının qərarından sonra Müsəlman Milli Şurasının təşəbbüsü ilə Gəncədə, Bakıda, Lənkəranda və Tiflisdə müsəlman hərbçilərinin yığıncaqları keçirildi. Milli hissələrin yaradılması üçün radikal addımların atılması, məsələn, 1918-ci il yanvarın əvvəllərində Şamxor stansiyasında rus əsgərlərinin tərksilah edilməsi bir tərəfdən Bakı Soveti rəhbərliyi, digər tərəfdən isə Erməni Milli Şurası və gürcülərin müəyyən dairələri tərəfindən böyük hiddət və narazılıqla qarşılandı. Halbuki bunun üçün heç bir əsas yox idi: cəbhədən qayıdan rus əsgərlərinin tərksilah edilməsi haqqında qərarı Zaqafqaziya Komissarlığı çıxarmışdı. Məlum olduğu kimi, Zaqafqaziya Komissarlığının cəbhənin silahlarının Cənubi Qafqaz hüdudlarından kənara çıxarılmaması haqqında qərarı müsəlman, erməni və gürcü milli şuraları tərəfindən rəğbətlə qarşılanmışdı. Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsinin Baş Qərargahından tələb etdi ki, ordunun bütün əmlakı və silahı yenicə yaradılmaqda olan milli şuralara təhvil verilsin. Zaqafqaziya Komissarlığının gürcü rəhbərliyi ordu hissələrinin Tiflis şəhərinə daxil olmasına icazə vermədi və onların Gəncə istiqamətindən Bakıya, oradan isə Şimali Qafqaz yolu ilə Rusiyaya keçməsini təklif etdi. Zaqafqaziya Komissarlığı nəzərdə tuturdu ki, Azərbaycandan keçən rus ordusunun bir qrupu silahlarını Şamxor və Dəllər stansiyasında könüllü surətdə Gəncədən gələn Müsəlman Milli Şurasının üzvlərinə təhvil verməlidir. Əvvəla, tərksilah öz qaydası ilə gedirdi. Tərksilah olunmuş əsgərlərə Bakıya getmək üçün şərait yaradıldı. Bu işə doktor Rəfibəyov və Səfikürdski rəhbərlik edirdilər. Lakin yanvarın 9-dan sonra eşelonlar tərksilahdan imtina etdi. Tiflisdən eşelonları müşayiət edən gürcü Abxazava və müsəlman korpusunun komandiri Maqalovla əsgərlər arasında toqquşma başlandı. İdarə olunmayan əsgərlər eşelonlardan artilleriya atəşi ilə yüzlərlə Azərbaycan kəndini yandırdılar və əhalisini məhv etdilər.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılmış rus ordusunu əvəz edən erməni ordu birləşmələri cəzasızlıq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə qarşı vəhşiliklər törətdilər. Nəticədə 1918-ci ilin martına qədər İrəvan quberniyasında azərbaycanlı əhalinin yaşadığı 199 kənd darmadağın edildi. Bu ərazidə yaşayan 135 min nəfər əhalinin bir qismi ermənilər tərəfindən öldürüldü, bir qismi isə Osmanlı ordusunun nəzarəti altında olan torpaqlara pənah apardı. İrəvan quberniyasında bir il ərzində ermənilər 100 mindən artıq türk-müsəlman əhalini məhv etdilər. Xüsusilə Azərbaycan muxtariyyətinə qarşı fəal mübarizə aparan S.Şaumyan Rusiya Xalq Komissarları tərəfindən Qafqaza fövqəladə komissar təyin edildikdən sonra bölgədə vəziyyət daha da ağırlaşdı. “Müsavat”ın günü-gündən artan nüfuzundan ehtiyat edən Şaumyanın başçılıq etdiyi bolşeviklər və daşnak qüvvələri martın axırlarında (29 mart - 2 aprel 1918-ci il) Bakıda yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdilər; 12 mindən çox dinc əhali qətlə yetirildi, şəhər duması, milli şuralar (Erməni Milli Şurasından başqa) ləğv edildi. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olundu, xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə yeksan edildi. Daşnak-bolşevik birləşmələri uzaqvuran toplarla Təzəpir məscidini zədələdi və dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırdılar. Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ziyan o dövrün qiymətləri ilə 339,5 milyon manat təşkil edirdi. Şamaxı şəhərinin əhalisinin böyük bir hissəsi - 8 min nəfəri öldürülmüş, azərbaycanlı əhaliyə dəyən ziyan isə bir milyard manatdan çox olmuşdu. Quba qəzasının 162 kəndi dağıdılmış, 16 mindən artıq türk-müsəlmanın həyatına son qoyulmuş, 32 kənd isə yer üzündən silinmişdi.

Azərbaycanın şərqində Sovet Rusiyasının yerli hökumətini qurmağa müvəffəq olan Şaumyan bütün Cənubi Qafqazı sovetləşdirmək adı altında sərsəm “böyük Ermənistan” ideyasını reallaşdırmağa başladı.

 

Zaqafqaziya Seymi

 

Hələ 1918-ci ilin əvvəllərində regionda heç bir nüfuzu və gücü olmayan Zaqafqaziya Komissarlığı fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. 1918-ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi. 1918-ci il fevralın 23-də üç əsas partiya (“Müsavat”, menşevik, “Daşnaksütyun”) fraksiyalarının nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymi öz işinə başladı. Seymdə Azərbaycanı 30 nəfər müsavatçı və onlara qoşulmuş bitərəf demokratlar, 7 nəfər Müsəlman sosialist bloku, 3 nəfər ittihadçı və 4 nəfər menşevik-hümmətçi təmsil edirdi. Zaqafqaziya Seymində Azərbaycanın siyasi partiyalarının 44 nümayəndəsi var idi. Onlardan hümmətçi-menşeviklər gürcü fraksiyasına daxil olmuş, qalanları isə müsəlman fraksiyasında birləşmişdilər. Müsəlman fraksiyası gürcü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq şəkildə fəaliyyət göstərirdi. Daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar Zaqafqaziya Seymindəki Azərbaycan nümayəndələrini qəti addım atmağa məcbur edirdi. Seymdəki azərbaycanlıların Şaumyan başda olmaqla Bakıdakı quruma və müharibəyə münasibətdə mövqeyi erməni və gürcülərdən fərqlənirdi: başlıcası isə bu idi ki, osmanlıların Qafqazdakı siyasəti azərbaycanlıları tamamilə təmin edirdi. Aprelin 7-də Seymin müsəlman fraksiyalarının (“Hümmət”dən başqa) fövqəladə iclasında Azərbaycanda yaranmış dramatik vəziyyət ətraflı müzakirə olundu. Çıxış edənlər əsasən menşeviklərdən ibarət olan Tiflis hökumətinin Bakı bolşevikləri ilə əlbir olub, Bakı istiqamətinə göndərilən azsaylı qüvvəni lazımi silah və sursatla təmin etmədiyini, V.Leninlə gizli danışıqlar apardığını və müsəlman qırğınlarının artdığını narahatlıqla qeyd edərək qəti tədbirlər görmək vaxtının çatdığını göstərdilər. Qərara alındı ki, başqa fraksiyaların nümayəndələri ilə Zaqafqaziya Komissarlığının birgə iclası çağırılsın və müsəlman nazirlərin istefası bildirilsin. Qafqazın müstəqilliyinin elan edilməsi məsələsində müsəlman fraksiyasının qəti fikri Seymdə təmsil olunmuş bütün partiyaların nəzərinə çatdırılsın. Seymdəki çıxışında müsəlman sosialist blokunun lideri Səfikürdski dedi: “Əgər Şamxor hadisələrindən sonra Zaqafqaziya hökuməti Bakı üzərinə hücuma keçsəydi, mart qırğını baş verməzdi. Biz Zaqafqaziya hökumətindən xahiş edirik: bizim müdafiə olunmağımıza və Şaumyan başda olmaqla bolşevizmin ləğv edilməsinə kömək etsin. Əgər Zaqafqaziya hökuməti mövcuddursa, biz ondan tələb edirik ki, haqq işimizi müdafiə etsin. Əgər hökumət bu faciə ilə bağlı qəti tədbir görməzsə, biz özümüz onları məhv edəcəyik. Bizim tariximizdə çoxlu qanlar tökülüb, onların çoxu qanla yazılıb, biz bunu da tarixə qanla yazacağıq”. Həmin iclasda M.Ə.Rəsulzadə nitqinə hökuməti ittiham edən çıxışla başladı: “Əgər Zaqafqaziya hökuməti və Zaqafqaziya Seymi bu andan etibarən müsəlman sosialist blokunun tələbini təmin etməsə, bizim burada sakit oturub bir yerdə işləməyimiz yolverilməzdir”. Azərbaycan nümayəndələrinin ultimativ tələbləri Seymdə çaxnaşma saldı.

Məlum olduğu kimi, 1917-ci ilin axırlarında Almaniya və onun müttəfiqləri Rusiyanı döyüşən cəbhələrdən geri çəkilməyə və öz torpaqlarının bir hissəsindən imtina etməyə məcbur etdilər. 1918-ci il martın 3-də Brest-Litovskda Sovet Rusiyası ilə Almaniya arasında bağlanmış müqaviləyə görə, Qərbi Ukrayna və Qərbi Belorusiya torpaqları Almaniyaya, rusların Qafqaz cəbhəsində işğal etdikləri Qars, Ərdəhan, Batum isə Osmanlı dövlətinə keçirdi. Əslində Rusiya bu müqaviləni bağlamaqla vaxtilə S.Şaumyana Osmanlı ərazisində “Türkiyə Ermənistanı” yaratmaq haqqında vermiş olduğu 1918-ci il 11 yanvar tarixli 13 saylı dekretdən imtina etməyə məcbur oldu. Digər tərəfdən, həmin günlərdə Osmanlı nümayəndə heyətinin başçısı Seymdən Brest-Litovsk barışığının tanınmasını, həm də Türkiyə ilə müzakirələr aparmaq üçün Rusiyadan ayrılaraq özünü müstəqil dövlət elan etməsini tələb etdi. Aprelin 10-da Zaqafqaziya nümayəndə heyəti Brest müqaviləsinin şərtlərini qəbul etməyə və bu əsasda danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. Lakin Seymdə bu məsələ kəskin mübahisələrə səbəb oldu. Gürcü deputatları Osmanlı dövləti ilə müharibəni davam etdirmək üçün bütün qüvvələri səfərbərliyə almağı və kömək üçün Rusiyaya müraciət etməyi təkid edirdilər. Erməni fraksiyası müharibəni axıra qədər davam etdirmək və Osmanlı dövlətini məğlub etmək üçün hər cür vasitələrə əl atmaq təklifini irəli sürürdü. Erməni fraksiyası Seym qüvvələrinin geri çəkilməsinin bütün günahını Azərbaycan nümayəndələrində görürdü. Gürcü və erməni nümayəndələri Trabzon danışıqlarını yarımçıq kəsərək ölkəni müharibə vəziyyətində elan etdilər. Erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarşısını almağa qadir deyildi. Aprelin 15-də osmanlılar Batum şəhərini tutaraq Poti istiqamətində şimala doğru irəliləməyə başladılar. Belə bir şəraitdə Seymdəki erməni-gürcü çoxluğunun Qafqazın müstəqilliyini elan etmək və Brest-Litovsk sülhünü tam şəkildə qəbul etməkdən başqa çarəsi qalmadı. Aprelin 22-də müstəqil Zaqafqaziya Federativ Demokratik Respublikasının yaradıldığı elan edildi.

 

(Ardı var)

 

Anar İSGƏNDƏROV,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 22 may.- S.1; 5.