Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik yubileyi
prokurorluq orqanlarında qeyd
olunub
Mayın 21-də
“Boulevard Hotel”də Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasının 100 illik
yubileyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Baş prokuror ölkəmizin qədim və zəngin dövlətçilik ənənələrinin, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdiyini bildirib. Zakir Qaralov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını xüsusi vurğulayıb.
Baş prokuror ölkəmizin müstəqilliyinin bərpasından sonra qazanılmış uğurlar, ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və Ulu Öndərin etibarlı davamçısı Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib. Xüsusi vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığına və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub.
Baş prokuror qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və “Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik” sözləri xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edərək Cümhuriyyətin xalqımızın dövlətçilik tarixinin şanlı səhifələrindən olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamlarının önəmini qeyd edən akademik tariximizin, o cümlədən Cümhuriyyət dövrünün dərindən tədqiq olunmasında AMEA-nın Tarix İnstitutunun Azərbaycan Prokurorluğu orqanları ilə səmərəli əməkdaşlığını xüsusi vurğulayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və əldə etdiyi mühüm uğurlar barədə konfrans iştirakçılarına ətraflı məlumat verən Y.Mahmudov deyib ki, 1918-1920-ci illər xalqımızın tarixinin ən parlaq səhifələrindən biridir. Cümhuriyyətin qurucuları olduqca gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın müstəqilliyini elan edib və 23 aylıq qısa müddətdə bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirərək Azərbaycanın sonrakı müstəqilliyi üçün dövlətçilik ənənəsi formalaşdırıblar.
Ümummilli lider Heydər Əliyevin Cümhuriyyət dövrünün dərindən araşdırılmasını daim diqqət mərkəzində saxladığını vurğulayan akademik diqqətə çatdırıb ki, bu istiqamətdə elmi tədqiqatlar fasiləsiz davam etdirilir, ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir, sanballı elmi əsərlər hazırlanır və müxtəlif dillərə tərcümə edilir. Tarix İnstitutunun direktoru ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi əsər olduğunu vurğulayıb. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən də Cümhuriyyət dövrünün tədqiqinə daim xüsusi diqqət yetirməsinin bu sahədə işin daha geniş aparılmasına imkan yaratdığını bildirib.
Çıxışından sonra akademik Y.Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı baş prokurora təqdim edib.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü, Milli Məclisin deputatı, professor Musa Qasımlı “Müsəlman Şərqinin ilk demokratik respublikası” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli sürurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını deyib. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərini xüsusi qeyd edən M.Qasımlı diqqətə çatdırıb ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda milli azadlıq hərəkatının ön sıralarında ziyalılar addımlayırdılar. Professor həmin dövrdə ziyalılarımızın azadlıq ideyalarına, demokratik dəyərlərə sadiqliyinin Azərbaycanın həmin dövrdə siyasi elitasının yüksək zəkasının və vətənpərvərliyinin göstəricisi olduğunu bildirib. Cümhuriyyətin ağır ictimai-siyasi şəraitdə elan edilməsinə baxmayaraq, mühüm uğurlar əldə etdiyini diqqətə çatdıran M.Qasımlı bu baxımdan 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın ən böyük dövlətləri tərəfindən tanınmasının, nizami ordu yaradılmasının, müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi vurğulayıb.
Professor Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib. Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb və istiqamətdə iş davam etdirilir.
Baş prokurorun müavini Namiq Əsgərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolu” mövzusunda çıxış edərək bildirib ki, Şərqdə ilk demokratik Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı hüquqi zəmin yaradıb. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixinin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başladığını qeyd edən Namiq Əsgərov prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə Palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində mürəkkəb və ağır şəraitdə öz səlahiyyətləri daxilində böyük işlər gördüyünü diqqətə çatdırıb.
Konfransa yekun vuran baş prokuror Zakir Qaralov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli və parlaq səhifələrindən biri kimi böyük ruh yüksəkliyi ilə qeyd edilməklə, xalqımız müasir Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin bütün atributlarına sahib olmasından və onun qorunub saxlanılmasının etibarlı əllərdə olmasından qürur hissi duyaraq işıqlı gələcəyinə tam inamla baxır.
Əminlik ifadə olunub ki, Azərbaycan Respublikasının Prokurorluq orqanları öz fəaliyyətini Prezident İlham Əliyevin müəyyənləşdirdiyi tələblər səviyyəsində qurmaqla, müstəqilliyimizin və suverenliyimizin dönməzliyinin və sarsılmazlığının təmin olunması, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması istiqamətində davam etdirəcək.
Tədbir çərçivəsində AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixini özündə əks etdirən və nəfis şəkildə hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digər kitablar nümayiş etdirilərək konfrans iştirakçılarına təqdim olunub.
Konfransın sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.
Azərbaycan.- 2018.- 22 may.- S.5.