Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyinə həsr olunmuş Universiada başa çatıb
Moskvada Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
və Rusiya Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) təşkilatçılığı
ilə keçirilən,
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinə həsr olunmuş III Universiada başa çatıb.
AZƏRTAC xəbər verir ki, III Universiada Heydər Əliyev Kuboku uğrunda mini futbol turniri ilə yekunlaşıb. Moskvadakı Sokolniki İdman Kompleksində keçirilən turnirin qalibi Moskva Dövlət Humanitar İqtisadiyyat Universitetinin komandası olub. İkinci yeri Rusiya Gömrük Akademiyası və Moskva Dövlət Pedaqoji Universitetinin birləşmiş komandası, üçüncü yeri isə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin komandası tutub.
Rusiya Azərbaycanlı Gənclər Birliyi İdarə Heyətinin üzvü Emin Hacıyev qaliblərə Heydər Əliyev Kuboku və medallar, RAGB-nin sədri Leyla Əliyevanın adından hədiyyələr təqdim edib.
III Universiada
çərçivəsində, həmçinin kişilər
və qadınlar arasında voleybol, marafon və stolüstü
tennis yarışları da
keçirilib. Universiadanın bütün qaliblərinə mükafatlar
təqdim olunub.
Azərbaycan.- 2018.- 22 may.- S.6.