ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbər üzvü Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə bəyanat verib

 

ABŞ Konqresinin üzvü, Konqresin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) demokratların rəhbəri Alsi Heystinqs (demokrat, Florida) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ABŞ Konqresinin Nümayəndələr Palatasında bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, bəyanatda 1918-ci il mayın 28-də müstəqil dövlət qurmuş Azərbaycan Respublikasına təbrik ünvanlanır. Qeyd edilir ki, İstiqlal Bəyannaməsi qəbul edən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament respublikası idi.

Diqqətə çatdırılır ki, bolşevik işğalına məruz qalan Azərbaycanda sovet hakimiyyəti qurulubrespublika SSRİ-nin tərkibinə qatılıb. Sovet İttifaqı dağılarkən Azərbaycan xalqı yenidən müstəqillik hərəkatına başlayıb və 1991-ci il avqustun 30-da müstəqilliyini bərpa edib. ABŞ Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. Bəyanatda ABŞ-ın həmin tarixdən etibarən Azərbaycan Respublikasının dövlət müstəqilliyini, suverenliyini və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəklədiyi xüsusi vurğulanır.

Azərbaycanın xüsusən 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dost olması ilə seçildiyi, Birləşmiş Ştatlara qarşı o hücumları həyata keçirən şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması üçün Azərbaycanın ABŞ-a təmənnasız yardım etdiyi bildirilir.

Bəyanatın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi münasibətilə Azərbaycan xalqına səmimi təbriklər çatdırılır.

 

Azərbaycan.- 2018.- 24 may.- S.4.