Cümhuriyyətin Gəncə izləri...
Azərbaycan Xalq Cümhuriyyəti – 100
1918-ci il may ayının 28-də Şərqdə ilk Demokratik Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi tariximizin ən şanlı səhifələrindən biridir. Cəmi 23 ay yaşamasına baxmayaraq qısa müddət ərzində hökumət formalaşmış, çoxlu sayda qərarlar qəbul edilmişdir. Lakin Xalq Cümhuriyyətinin elan edilməsi nə dərəcədə vacib idisə, onun paytaxtının seçilməsi də bir o qədər əhəmiyyətli idi.
Ancaq həmin dövrdə Bakıda erməni bolşevik alyansı at oynatdığından elan olunmuş Xalq Cümhuriyyətinin Bakıda fəaliyyət göstərməsi mümkün deyildi. AXC-nin yaradılmasında əvəzsiz xidmətləri olan Azərbaycan oğullarının əksəriyyəti gəncəli idi. Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi şəxsiyyətlər məhz Gəncə torpağının yetirmələri idi. Beləliklə, yenicə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə oldu. Azərbaycan müstəqilliyini elan etdikdən 19 gün sonra, iyunun 16-da hökumət Tiflisdən Gəncəyə köçdü.
Qeyd etmək lazımdır ki, Cümhuriyyətin Gəncədəki 3 aylıq fəaliyyəti dövründə həyata keçirilən tədbirlər dövlətçiliyimizin tarixində silinməz izlər qoydu. Müstəqilliyimizin şanlı səhifəsi olan Xalq Cümhuriyyəti özünün ilk uğurlu addımlarını məhz Gəncədə atdı. Bu dövrdə Azərbaycan dili dövlət dili elan edildi. “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” qərar təsdiqləndi. Cümhuriyyətin rəsmi nəşri olan “Azərbaycan” qəzeti işıq üzü gördü. Dövlətin sosial-iqtisadi və maliyyə əsasları ilə bağlı bir sıra tədbirlər, o cümlədən sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili kimi mühüm tədbirlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən ən vacib qərarlardan biri isə dövlət bayrağımızın qəbulu oldu. O dövrdə ordunun təşkili isə sözün həqiqi mənasında, Cümhuriyyətin gücünün göstəricisinə çevrildi. Həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Azəbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 26 iyununda Azərbaycan Milli Ordusunun yaradılmasına başladı. AXC-nin hərbi naziri təsis olundu. Bundan başqa, hərbi zavodun yaranması, hərbi mükəlləfiyyət haqqında qərarın qəbul edilməsi, zabit kurslarının təsis olunması da Cümhuriyyətin Gəncə dövrünə təsadüf edir.
Göründüyü kimi, Cümhuriyyət tarixinin ən məhsuldar dövrünü yaşayan Gəncə Azərbaycanın şərəf tarixinin daha bir səhifəsinə öz adını yazdı.
İndi şəhərin Atatürk prospektində yerləşən iki qədim bina var. Azərbaycan Xalq Cümhuriyyətinin 3 ay fəaliyyət göstərdiyi bu binalar gəncəlilərin fəxrlə üz tutduqları məkandır. Binalardan birində Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə ali təhsil müəssisəsinin nəzdində yaradılan Xalq Cümhuriyyəti müzeyi yerləşir.
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla söhbət edirik. Deyir ki, ADAU-nun baş binası kimi tanınan bu tikili 1897-ci ildə inşa edilib və vaxtilə burada Dövlət Duması yerləşib. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olan bu bina 10 il sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin vətəndə keçirdiyi ilk iclasa şahidlik edib. Yeni hökumət 211 qərar qəbul edib. Yolun o tərəfindəki bina bəzi mülahizələrə görə, Fətəli xan Xoyskinin qardaşı İsmayıl xan Xoyskiyə məxsus olub. Binada AXC-nin Nazirlər Kabinetinin sədri Fətəli xan Xoyski fəaliyyət göstərib. Azərbaycan tarixindəki əhəmiyyətini və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hazırlıqla əlaqədar görülən işlər çərçivəsində hər iki binanın təmir edilməsini qərara aldıq. Hazırda təmir işləri başa çatdırılmışdır. İkinci binada yerləşən Cümhuriyyət muzeyində aparılan yenidənqurma işləri imkan vermişdir ki, burada daha çox sənəd nümayiş etdirək. Binaların daxili ilə yanaşı, fasad hissəsi də təmir edilmişdir. Aparılan təmir işlərində hər iki binanın tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilmişdir.
Sabir ƏLİYEV
Azərbaycan.- 2018.- 24 may.- S.1; 4.