Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş estafet yarışları keçirilib

 

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin, Gənclər və İdman Nazirliyinin Xəzər rayon idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr edilmiş estafet yarışları keçirilmişdir.

Tədbirin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılma tarixi haqqında ətraflı məlumat verilmiş, bu əlamətdar hadisənin təkcə Azərbaycan üçün deyil, bütün müsəlman dünyası üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.

Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri minnətdarlıq hissi ilə qeyd edilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən tədbirlər sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı xüsusi vurğulanmışdır.

Məqsədi ölkəyə, dövlətə, xalqa sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi üçün xüsusi məktəbin fəaliyyətə başlamasında, formalaşmaşında, onun tədris bazası ilə təchiz olunmasında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı da minnətdarlıqla qeyd olunmuşdur.

Rəsmi hissə başa çatdıqdan sonra müxtəlif estafet yarışları keçirilmiş, milli rəqslər, teatr tamaşalarından səhnəciklər göstərilmiş, vətənpərvərlik ruhunda mahnılar ifa edilmişdir. Sonda estafet yarışının qalibləri mükafatlandırılmışlar.

 

Azərbaycan.- 2018.- 24 may.- S.7.