“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı
iştirakçılarının əsərlərindən
ibarət sərgi açılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli sərəncamına əsasən ümummilli liderin anadan olmasının 95-ci ildönümü muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur. Tədbirlər Planına uyğun olaraq mayın 21-24-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, mayın 21-dən keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçıları muxtar respublikanın tarixi və təbiət abidələrinə, görməli yerlərinə ekskursiyalar ediblər. Mayın 23-də isə Naxçıvan şəhərinin Əcəmi seyrəngahında festivalın açılışı olub, dünyanın müxtəlif ölkələrindən gələn rəssamlar Naxçıvana həsr olunmuş əsərlər çəkiblər. Bu gün isə həmin əsərlərdən ibarət sərginin açılışı keçirilir.
Türkiyəli rəssam Birsən Çəkər çıxış edərək deyib: “Naxçıvanda beynəlxalq rəsm festivalının yüksək səviyyədə keçirilməsi və yaradılan şərait bütün rəssamlar tərəfindən sənətə və sənət adamlarına göstərilən qayğı kimi dəyərləndirilir. Festivalın ilk günü bu qədər əsərin çəkiləcəyini təsəvvür etmirdik. Lakin Naxçıvanın tarixi abidələri, təbiəti və müasir inkişafı ilə tanışlıq, buradakı qonaqpərvərlik hər bir rəssamı daha səylə işləməyə ruhlandırdı. Qısa müddətdə festival iştirakçıları tərəfindən Naxçıvanla bağlı əsərlərin çəkilməsi və sərginin açılması bunu bir daha təsdiq edir. Naxçıvanda rəssamlar üçün yaradılan şəraiti bundan sonrakı fəaliyyətimizdə daim təbliğ edəcəyik”.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran ukraynalı rəssam Yevgeniy Smirnov müəllifi olduğu “Dağlarda qəsəbə” rəsm əsərini Ali Məclisin Sədrinə hədiyyə edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalında iştirak etdiklərinə görə rəssamlara təşəkkürünü bildirərək deyib: “Hər bir ölkənin, hər bir xalqın tarixində və həyatında onun şəxsiyyətləri vardır. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının tarixində və həyatında mühüm xidmətləri olan böyük şəxsiyyətdir. Hər il muxtar respublikada ulu öndərin doğum günü şərəfinə müxtəlif tədbirlər keçirilir. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təsdiq olunmuş Tədbirlər Planı”na əsasən keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı da belə tədbirlərdəndir.
Ali Məclisin Sədri “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının iştirakçılarının ölkələrinə xoş hisslərlə qayıdacaqlarına əminliyini bildirib, festivalın uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb və təşkilatçılara təşəkkür edib.
Sonra sərgiyə
baxış olub.
Azərbaycan.-
2018.- 25 may.- S.6.