İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı olub

 

Mayın 24-də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Bəxtiyar Qaracanın və “Şərq” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Akif Aşırlının müəllifləri olduğuİstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitaba filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva və Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ön söz yazıblar. Nəşrin ideya müəllifi İlham Məmmədov, elmi redaktoru professor Anar İsgəndərovdur.

Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir. Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm islahatlar həyata keçirilib. Həmin vaxt Azərbaycanda ana dilində dərc olunan qəzetlərlə yanaşı, xaricidilli qəzetlərin də fəaliyyətinə şərait yaradılmışdı. Bu da Azərbaycanda müxtəlif millətlərə bərabər hüquqların verilməsinin sübutu idi.

Tədbirdə çıxış edən Sona Vəliyeva Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri haqqında danışıb. O, təqdimatı keçirilən kitabın dövlətçilik tariximizə töhfə olduğunu deyib. Qeyd edib ki, müəlliflər Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox bədii salnamə dilində təqdim ediblər. Kitabda yer alan publisistik qeydlər ardıcıllıqla oxucuya çatdırılır. Maraq doğuran cəhətlərdən biriodur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan Azərbaycan Xalq Cümhuriyyəti faktına bütöv bir istiqlal epoxası kimi yanaşırlar.

Professor Cahangir Məmmədli, Milli Məclisin deputatı Elman Nəsirov, xalq artisti Nurəddin Mehdixanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları kitab haqqında fikirlərini bölüşüb, onun bədii və publisistik məziyyətlərindən danışıblar.

Sonda kitabın müəllifləri Bəxtiyar QaracaAkif Aşırlı tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.- 2018.- 25 may.- S.7