Cümhuriyyətin dil siyasəti

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha səhv etməmək üçün növbəti mərhələlərdə nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhvolmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşadılan, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqəddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu il təntənə ilə qeyd edəcəyik. Şərəfli yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbu orqanlarda gedən məqalələrin kiçik bir qismini qəzetimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

 

Azərbaycan dilinin tarixi kökləri qədim dövrlərlə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan ədəbi dili dövrümüzə qədər qədim bir tarixi yol keçmişdir. Bu müddət ərzində öz ictimai mahiyyətinə, istifadə dairəsinə, işlənmə sahələrinə görə daha da inkişaf etmişdir.

Dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu siyasəti ilə bağlıdır. Bu baxımdan 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk demokratik respublika kimi dil siyasətinin həyata keçirilməsində rolu böyük olmuşdur. Yenicə yaranan müstəqil Azərbaycan Respublikası fəaliyyətinin ilk günlərində dövlət dili haqqında qərar verdi. Bununla da, Azərbaycan dili dövlət dili kimi statuslu bir dil olmaq səviyyəsinə yüksəldi. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur.

Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Xüsusilə, Azərbaycan dilində qərarların verilməsi, bütövlükdə kargüzarlıq işlərinin dövlət dilində aparılması ədəbi dilin sürətli inkişafını təmin etmişdir. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqillik tarixi üçün möhkəm zəmin yaratdı. Xalqımızın ictimai, siyasi, mənəvi həyatında böyük rol oynayan bir dövr kimi tariximizə həkk olundu.

İki ilin xüsusi bir dövr kimi qeyd olunması, əsrlərdən ibarət olan dövrlər silsiləsində ona ayrıca yer verilməsi zahirən qeyri-adi görünsə də, təsadüfi deyil; xalqımızın ictimai, siyasi, mənəvi həyatındakı bu bənzərsiz dövrün oynadığı rola, gördüyü və görmək istədiyi işlərin yüzillərin görə bilmədiyi işlərə bərabər olması ilə bağlıdır. Ona görə ki, o nəinki xalqımızın, ümumən qoca Şərqin tarixinə daxil ilk demokratik respublika, Azərbaycan Milli Şurasının elan etdiyi ilk parlamentli dövlət olmuşdur. Xalqımızın tarixində bu böyük demokratik dəyişikliklər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır.

Dövlətçiliyin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində idi. Şərqdə ilk demokratik respublikanın qurucusu olan dövlət xadimləri Azərbaycanın başqa görkəmli ziyalıları ilə birlikdə bütün fəaliyyətləri ərzində Azərbaycan dilinin hüquqları uğrunda mübarizə aparmışdılar. M.Ə.Rəsulzadə, H.B.Ağayev, S.M.Qənizadə və başqaları dil məsələlərinə həsr etdikləri məqalə və çıxışlarında ana dilinin qorunması uğrunda mübarizə aparırdılar.

Demək olar ki, AXC-nin rəhbərlərinin əksəriyyəti Azərbaycan ədəbiyyatını və mədəniyyətini yaradanların özləri idilər. Buna görə də müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində idi. Azərbaycanda ikihakimiyyətliyin hökm sürdüyü (Bakı quberniyası Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti altında idi) və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hökumət orqanlarının hələ Gəncədə yerləşdiyi bir zamanda - 1918-ci il iyunun 27-də AXC hökuməti dövlət dili haqqında qərar verdi. Yenicə yaranan müstəqil Azərbaycan Respublikası fəaliyyətinin elə ilk günlərində dövlət dili haqqında qərarın 28-ci maddəsində yazılırdı: “Dövləti lisan türk dili qəbul edilərək iləridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisani bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin”. Bu qərar Azərbaycan dövlətçiliyi tarixində dövlət dili haqqında ilk rəsmi sənəd idi. Qərarı AXC Nazirlər Şurasının sədri F.X.Xoyski imzalamışdı. AXC hökumətinin ilk ən mühüm qərarlar sırasında dövlət dili haqqında qərar verməsi təsadüfi deyildi. Çünki dil dövlətçiliyin əsas atributlarından hesab edilirdi.

Beləliklə, cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Qeyd edilməlidir ki, dövlət dili haqqında qərar hökumətin Gəncəyə köçdükdən sonra qəbul etdiyi ilk qərarlardan biridir. Bu fakt Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət dili məsələsinə necə mühüm diqqət yetirdiyini aydın göstərir.

Fərmanda türkcə - Azərbaycan türkcəsi dövlət dili olmalıdır tələbi ilə yanaşı, o da qeyd edilir ki, vəzifə başında olan şəxslərin hamısı bu dövlət dilini bilməlidir. Bu, gerçəklik idi, çünki o zaman Azərbaycan ziyalılarının əksəriyyəti ana dilində təhsil almamışdılar. Ona görə də dövlət dilini - ana dilini ədəbi dil səviyyəsində mükəmməl bilmirdilər. Bu, nəzərə alınaraq fərmanda qeyd edilirdi ki, idarəçilikdə ruscanın işlənməsi müvəqqətidir. Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrin başında duranlar dövlət dilini lazımi səviyyədə öyrənənədək, hökumət müəssisələrində rus dilinin də işlənməsinə icazə verildi. Lakin bu, real şəraitdən doğan müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdur. Bununla da o zaman türk dili adlanan Azərbaycan dili 1918-ci il 27 iyunda dövlət dili elan olundu və qərardan göründüyü kimi, rus dilindən istifadəyə müvəqqəti olaraq icazə verilirdi. Azərbaycan dilinin dövlət dili elan edilməsi qərarına görə ölkədə məhkəmə inzibati idarəçilik və başqa vəzifələrin başında duranlar dövlət dilini lazımi səviyyədə öyrənənədək, rus dilindən də istifadəyə yol verilirdi. Qərardan sonra (daxili işlər naziri) Behbud xan Cavanşir bildirmişdi ki, Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqdır. Bu, real şəraitə uyğun olaraq idarəçi-likdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdur. Onu qeyd etmək lazımdır ki, dövlət dili haqqında qərar hökumətin dövlətin atributlarından sayılan “Milli bayraq haqqında” 9 noyabr 1918-ci il tarixli qərarından altı ay əvvəl verilmişdir. Göründüyü kimi, AXC hökuməti və parlamentin ilk qərarı dövlət dili haqqında qərar olmuşdur. Bu fakt Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət dili məsələsinə mühüm əhəmiyyət verdiyini aydın göstərir. AXC-nin proqramında ana dilinin inkişafına xüsusi diqqət verilirdi və qeyd edilirdi ki, ali və orta məktəblərdə təhsil Azərbaycan dilində aparılmalıdır. Ana dilinin dövlət dili elan edilməsi ilə əlaqədar olaraq bütün idarə, dəftərxana, kargüzarlıq işləri, təhsil müəssisələri milliləşdirilməli, yəni, azərbaycanlılaşdırılmalıdır. Yeni yaranan bu dövlət az vaxt içərisində öz hökumətlərini, parlamentlərini, dövlət atributlarını yaratmaq qayğısı qarşısında qaldılar. Həmin xoş qayğılardan biri də az vaxt ərzində dövlət dilini yaratmaq, formalaşdırmaq qayğısı idi. Azərbaycan tarixində ilk və həqiqətən demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti bu məsələdə tam demokratik və müdrik mövqe tutdu: ana dilini bilən dövlət işçiləri yetişdirmək. AXC hökuməti 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında müzakirələr keçirirdi. Müzakirələrdə qeyd edilirdi ki, bütün tədris müəssisələrində tədris ana dilində aparılmalı, dövlət dili icbari qaydada tədris olunmalıdır. Dövlət idarələrində dövlət dili məsələsini tənzimləməyi nəzərdə tutan qərardan sonra 1918-ci il avqustun 28-də AXC hökuməti “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar qəbul etdi. Qərar dövlət dili haqqında fərmandan sonra ana dilinin dövlət dili kimi inkişafını təmin edən ən həlledici addım idi. Qərarda qeyd olunurdu ki, birinci dərəcə ibtidai təhsil müəssisələrində şagirdlərin təhsili ana dilində aparılmalı, eyni zamanda, türk dili artırılmış həcmdə məcburi qaydada tədris olunmalıdır; ikinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində isə tədris dövlət dili olan türk dilində aparılmalı idi.

Milli məktəb ideyasının reallaşması üçün digər mühüm tədbirlər də həyata keçirilməyə başlandı. 1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirildi. Bakı, Şəki, Zaqatala, Ağdam və Şuşada ibtidai siniflər üçün müəllimlər hazırlayan kişi və qadın kursları açıldı. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Qazaxa köçürüldü. 1919-cu ilin noyabrında parlament Göyçayda iki realnı məktəbin açılması haqqında qərar qəbul etdi. Türk dilində dərsliklərin hazırlanması üçün komissiya da yaradıldı.

Yerli azərbaycanlı kadrlar hazırlamaq çətin bir proses olduğuna görə, vaxt tələb olunurdu. Ana dilinin bütün sahələrdə dövlət dili kimi işlənməsini təmin etmək üçün müntəzəm tədbirlər görülürdü. Hökumət qeyri millətlərdən olan Azərbaycan vətəndaşlarının dövlət dilini öyrənməsi üçün tədbirlər görürdü. 1919-cu ilin sentyabrında türk dilinin öyrənilməsi üçün kurslar təşkil edilmişdi və bu məqsədlə 351 min manat vəsait ayrılmışdı.

Deməli, təhsil sistemi milliləşdirilmiş olurdu. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr dərslikləri” nəşr olundu. Bu dərsliklərin nəşri ilə yanaşı, əlifbanın dəyişdirilməsi məsələləri də müzakirə olunurdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müzakirə olunan əsas məsələlərdən biri əlifba ilə bağlı müzakirələrdir. 1919-cu il 21 martda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə komissiya yaradılmışdı. Bu qərarda qeyd edilirdi ki, ölkədə tədris işinin sürətləndirilməsi üçün ərəb əlifbasının islahatı üçün komissiya yaradıldı. Xalqın savadlanmasında yeni qrafikaya keçidi əsas yol hesab edildi.

Ərəb əlifbasının mürəkkəbliyi xalqın maariflənməsini çətinləşdirən və savadsızlığı yaradan əsas səbəb kimi əsaslandırılırdı.

AXC hökumətinin dil sahəsindəki növbəti tədbiri dövlət dilinin orduda tətbiqi ilə əlaqədar idi. 1918-ci il noyabrın 1-də yaradılmış Hərbi Nazirlik həmin dövrdə dövlət strukturunda xüsusi əhəmiyyət kəsb etdiyinə görə ilk vaxtlar ona Nazirlər Şurasının sədri F.X.Xoyski özü başçılıq etmişdi. 1918-ci il dekabrın 25-də artilleriya generalı S.Mehmandarov hərbi nazir təyin olundu (həmin vaxtadək nazirin müavini idi). Onun dekabrın 27-də imzaladığı ilk əmr orduda dövlət dilinin tənzimlənməsinə aid idi. 34 nömrəli həmin əmri ilə AXC-nin hərbi naziri orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında belə bir tələb qoyurdu ki, bir ay müddətində heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb edildi. Əsgərlərlə ünsiyyətin, təlimin ana dilində aparılması, heç şübhəsiz ki, şəxsi heyəti əsgəri xidmətə daha yaxından bağlayır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərirdi.

Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan Milli Ordusunda türk dilində süvari qoşunların nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi.

AXC hakimiyyətinin maarif sahəsindəki ən mühüm xidmətlərindən biri 1 sentyabr 1919-cu il tarixli qanunu ilə Bakı Dövlət Universitetinin açılması idi. Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında - Bakı Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi diqqət yetirilmişdi. Çıxış edənlərin əksəriyyəti ölkənin bu ilk ali məktəbində tədrisin hansı dildə aparılması məsələsinə böyük əhəmiyyət vermişdilər. Belə bir cəhət də qeyd edilməlidir ki, universitetin ilk nizamnaməsində yazılırdı ki, dərslər bütün fakültələrdə məcburi şəkildə Azərbaycan dilində keçirilməlidir. Milli mədəniyyətimizin, dilimizin inkişafı üçün gördüyü tədbirlər sırasında universitetin açılması böyük elmi-mədəni, eyni zamanda, sosial-siyasi hadisə idi. Bakı Universitetinin açılması məsələsinə həsr olunan təkcə elə bu iclasda Azərbaycan dilinin dövlət dili kimi inkişafı, onun tədris və təhsil işində yeri haqqında ciddi mülahizələr səslənmişdi.

Parlament üzvlərinin çıxışları, istisnasız olaraq, hökumətin “Dövlət dili haqqında qərarı”na uyğun idi. Bakı Universitetinin açılması ilə bağlı müzakirələrdə dövlət dili, onun tədris və təhsil işində əsas problemlər müəyyənləşdirildi.

Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzeti yenicə qurulmuş milli hökumətin ideyalarını müdafiə edirdi. Ü.Hacıbəyli “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” məqaləsində qeyd edirdi ki, dilimizi öyrənməliyik. Öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyik ki, öz ehtiyaclarımızın bəyaninə qadir olaq. Eyni zamanda, dilimizin zəngin imkanlara malik olduğunu vurğulayırdı. Bizim türk lisanımız ən bəsit və kamil bir dildir, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hislərini bəyanə qadirdir.

Bu dövrün “İqbal”, “Dirilik”, “Təkamül”, “Açıq söz”, “İstiqbal” qəzetləri milli dilin inkişaf etdirilməsini qanuni və zəruri sayırdı. Azərbaycan dilinin sözün əsl mənasında, dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi parlamentə aid deyildi. Ona görə də parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və xüsusi qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi. Dövlət dilində olmayan sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev, adətən, belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır”. Bu və başqa səylər nəticəsində Məclisi-Məbusanda türk dilinin dövlət dili statusu bərqərar olmuş və qorunub saxlanmışdır.

 

Möhsün NAĞISOYLU,

AMEA Nəsimi adına Dilçilik

İnstitutunun direktoru, akademik

 

Sayalı SADIQOVA,

Nazirlər Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor

 

Azərbaycan.- 2018.- 25 may.- S.8.