Humanizm ənənələrinə sadiqlik
nümunəsi
Bağışlamaq
qəlbin böyüklüyüdür
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərin çox şahidi olmuşuq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizmə sadiqlik ənənəsi davam etdirilir.
Prezident İlham Əliyev də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamlar imzalayır. Belə sərəncamlardan birini bu ayın 24-də imzaladı.
Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Bu sərəncamla azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub.
Əfv sərəncamı 39 xarici vətəndaşa - 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, 1 Özbəkistan, 1 Kamerun, 1 Hindistan, 1 Əfqanıstan, 1 Ukrayna vətəndaşına və vətəndaşlığı olmayan 3 şəxsə şamil olunub.
Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən mayın 25-də icra olundu. Azadlığa buraxılma Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, insan hüquqları üzrə müvəkkilin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirildi. Öncə ombudsman Elmira Süleymanovanın xahişi ilə Bakı şəhərində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumların azadolunma prosesini izlədik. Əfv siyahısında burada müxtəlif cinayət hadisələrinə görə cəza çəkən 8 nəfərin adı vardı.
Penitensiar Xidmətin rəis müavini, polkovnik Oqtay Məmmədov bildirdi ki, Azərbaycan Prezidentinin humanizm prinsiplərinə əsaslanaraq imzaladığı əfv sərəncamı bir daha göstərdi ki, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik prinsiplərin inkişafı, insan amilinə diqqətin artırılması dövlət siyasətinin prioritetidir.
Ombudsman Elmira Süleymanova dedi ki, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanan və Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən əfv sərəncamları beynəlxalq səviyyədə də təqdir olunur, Azərbaycanın müsbət beynəlxalq imicinə töhfə verir: “Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə, yəni müstəqilliyimiz dövründə 11 dəfə amnistiya aktı, 64 dəfə əfv sərəncamı imzalanıb. Elmira Süleymanovanın sözlərinə görə, 64-cü əfv sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın vəsatəti və təklifi ilə əfv olunub. E.Süleymanova əfv olunan şəxslərin səhvlərindən nəticə çıxaracaqlarına əmin olduğunu da söylədi.
Sonra azadlığa qovuşan qadın məhbuslara sənədlər təqdim edildi. Sevincinin həddi-hüdudu olmayan 5 uşaq anası Gündüz Babayeva azadlığa azyaşlı qızı ilə buraxıldı. Qeyd edək ki, Gündüz Babayevanın övladı həbsxanada dünyaya gəlib. G.Babayeva dövlət başçısı İlham Əliyevə onu yenidən övladlarına qovuşdurduğu üçün dərin təşəkkürünü bildirib bir də səhv etməyəcəyinə söz verdi.
Sonra Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumların azadolunma prosesi keçirildi və 62 məhkum azadlığa buraxıldı.
65 yaşlı Xəlil Məhəmmədov sevincini belə bölüşdü: “Mən çox sevinirəm. Cənab Prezident bizə yenidən azadlıq bəxş etdi. İnanıram ki, azadlığa çıxanlar Prezident İlham Əliyevin onlara olan etimadını doğruldacaqlar. Bu əfv sərəncamı ilə dövlət başçısı 634 məhkuma böyük sevinc bəxş edib. Cəzamızın çəkilməmiş hissəsindən azad olunmuşuq. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə sadiqliyidir. Bütün bunlar dövlət başçısının məhkumlara göstərdiyi diqqət və qayğının bariz numunəsidir”.
Azadlığa qovuşan digər məhkum Kamal Məmmədovu bayırda üç oğlu səbirsizliklə gözləyirdi. Bir qədər sonra ata və oğulların bir-birinə sarılması ətrafdakıları da təsirləndirdi. Gözlərdən axan sevinc göz yaşları hər kəsin üzündə təbəssüm yaratdı. Oğullarına sarılan Kamal Məmmədovun keçirdiyi hisləri də dinlədik: “Allah Prezidentin canını sağ etsin. Səhvlərimi bağışladı, vaxtından qabaq azadlığa çıxdım. Dövlət başçısına ailəmiz adından dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, bu müəssisədə əfv olunan 62 nəfərdən 4-ü xarici ölkə - Çin, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı idi.
Azadlığa çıxan Çin vətəndaşı Zeng Huihui hətta burada Azərbaycan dilini də öyrənib. O, Azərbaycan dilində fikirlərini belə ifadə etdi: “Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdaram ki, məni öz vətəndaşından ayırmadı. Özümü çox xoşbəxt hiss edirəm. Söz veririəm ki, bir də cinayət törətməyəcəyəm”.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2018.- 26 may.- S.1; 11.