Xalq Cümhuriyyəti ölkəmizin müstəqilliyi üçün möhkəm bünövrə
yaradıb
Mayın 25-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru Hafiz Paşayev konfransı açaraq cümhuriyyətin tarixindən və gördüyü böyük işlərdən danışıb. Bildirib ki, Azərbaycan Xalq cümhuriyyəti tariximizdə silinməz iz qoyub və ölkəmizin müstəqilliyi üçün möhkəm bünövrə yaradıb. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi dövlətçilik tariximizə göstərilən yüksək ehtiramın göstəricisidir.
Tədbirdə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yerindən və rolundan bəhs edib. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında yaradılmış ilk demokratik respublika idi. Cümhuriyyətimiz o vaxt həyata keçirdiyi islahatlarla hətta Qərb ölkələrini də qabaqlamışdı. Qadınların səsvermə hüququ təmin edilmiş, milli kimliyi yaratmaq üçün təhsil önəmli hədəflərdən birinə çevrilmişdi. Müasir respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin fundamental dəyərləri əsasında mövcudluğu çox önəmlidir.
Nazir qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan böhranla, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdi. Ermənistanın təcavüzkarlıq, etnik təmizləmə siyasəti nəticəsində ərazimizin 20 faizi işğal edildi, bir milyon soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz bütün sahələrdə inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycan sürətlə inkişaf etsə də, torpaqlarımızın işğal altında olması hələ də ən böyük problem olaraq qalır.
Nazir vurğulayıb ki, Azərbaycan indi dünyada siyasi-iqtisadi baxımdan etibarlı müttəfiqə çevrilib. Həyata keçirilən layihələr Azərbaycanı dünyada enerji istehsalçısı, tranzit ölkə kimi tanıdıb. Bizim Şərq və Qərb arasında olan mühüm rollarımızdan biri də multikulturalizmdir. Bu gün Azərbaycan dünyada həm də multikultural məkan kimi tanınır.
Konfransda digər
çıxış edənlər diqqətə
çatdırıblar ki, cümhuriyyət
xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə
gələcək müstəqilliyimiz üçün
etibarlı zəmin hazırlayıb, müsəlman
xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu
göstərib. Qısa müddətdə tarixi
bir missiyanı yerinə yetirən Azərbaycan
Xalq Cümhuriyyəti genişmiqyaslı demokratik islahatlar həyata
keçirib. Avropanın bir
çox ölkələrindən xeyli əvvəl qadınlara
seçib-seçilmək hüququ verən
cümhuriyyət bununla bütün
dünya demokratiyasına böyük
töhfə verib.
Azərbaycan.-
2018.- 26 may.- S.3.