Qoyas ştatının qubernatoru cümhuriyyətin 100 illiyi münasibətilə Azərbaycanı təbrik edib

 

Braziliya Federativ Respublikasının Qoyas ştatının qubernatoru Joze Eliton de Figuerede Junior Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Qubernator məktubda Azərbaycan Respublikasını 28 may - Respublika Günü münasibətilə təbrik edir. O vurğulayır ki, 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti demokratiya və ədalətli cəmiyyət dəyərlərinə verilmiş ən yüksək töhfələrdəndir.

Joze Eliton de Figuerede Junior ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbriklərini çatdıraraq bildirir ki, bu il Qoyas ştatında keçirilmiş fotosərgi ştat əhalisi üçün Azərbaycanın tarixi, adət-ənənələri və mədəniyyəti ilə az da olsa tanış olmaq imkanı yaradıb. 

Məktubun sonunda qubernator Qoyas ştatı ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və hörmət bağlarının daimi olması niyyəti ilə bütün Azərbaycan xalqını təbrik edir.

 

Azərbaycan.- 2018.- 25 may.- S.8.