Heydər Əliyev Mərkəzində “Son
iclas” bədii-sənədli filminin təqdimatı olub
Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.
Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunub. Cümhuriyyətin 100 illiyi münasibətilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Mərasimdə çıxış edən filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bildirdi ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika olub, ölkədə çoxpartiyalı parlament yaradılıb və əsas azadlıqlar təmin edilib. Həmin dövrdə qadınlara seçib-seçilmək hüququ da verilib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir.
Bakı Media Mərkəzinin
prezidenti Arzu Əliyeva deyib:
- Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində
baş verən hadisələrdən bəhs
edir. Bu gün
biz müstəqil, güclü,
sürətlə inkişaf
edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq
və öz tariximizlə fəxr edirik. Mən əminəm ki,
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları
bugünkü Azərbaycanla
qürur duyardılar.
Sonda filmin yaradılmasında iştirak etmiş hər bir insana,
Heydər Əliyev Fonduna və BP şirkətinə öz təşəkkürümü bildirirəm.
BP-nin Azərbaycan, Gürcüstan,
Türkiyə üzrə
regional prezidenti Qəri
Counz isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ərəfəsində təqdimatı
keçirilən
filmin ölkə
tarixinin çox əlamətdar bir gününə həsr olunduğunu bildirdi. O dedi ki, filmdə
müsəlman Şərqində
ilk parlamentli respublikanın
sonunu gətirən faciəvi hadisələr işıqlandırılıb. Qəri Counz vurğuladı ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı
kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini
təbliğ edən təşəbbüsləri və
fəaliyyətləri həmişə
dəstəkləyib. Şirkət
cümhuriyyətin 100 illiyinə
həsr edilmiş belə bir filmin
sponsoru olmaqdan şərəf hissi duyur.
“BP 25 ildən
çoxdur Azərbaycanda
fəaliyyət göstərir. O vaxtdan
etibarən Azərbaycanın
və BP-nin tarixi paralel hesab edilir. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev ölkənin qapılarını
investorların üzünə
açdığı vaxtdan
etibarən biz respublikada
həyata keçirilən
iri neft və qaz layihələrində
iştirak etməkdən
qürur duyuruq.
Biz özümüzü həmişə
bu ölkənin vətəndaşı kimi
hiss etmişik və layiqli korporativ vətəndaş olmağa
çalışmışıq. Buna görə də
bizim üçün
Azərbaycanın tarixi
irsini işıqlandırmağa
töhfə vermək
təbii bir haldır. Beləliklə
ümid edirik ki, bu işdə
iştirakımız haqlı
olaraq öz tarixləri ilə qürur duyan işçilərimizə, onların
ailələrinə, həmvətənlərinə
bir töhfə və təşəkkür
rəmzidir”, - deyən
Qəri Counz filmin ərsəyə gəlməsində göstərilən
dəstəyə görə
Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə
təşəkkür etdi.
Sonra “Son iclas” filminin təqdimatı oldu. Ssenari müəllifi Müsəllim
Həsənov, quruluşçu
rejissoru Fuad Əlişov, quruluşçu
operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri
paytaxtla yanaşı,
bölgələrdə, tarixi
hadisələrin yaşandığı
ərazilərdə lentə
alınıb. Filmin ssenarisi bugünə qədər araşdırılmamış
və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə
alınıb. Ekran əsərində
cümhuriyyət qurucularının
müstəqilliyimizin düşmənlərinə
- istər işğalçı
ordu, istərsə də bu ordunun
daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər
və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə
faciə ilə başa çatsa da, onun Azərbaycanın
istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə həmçinin
Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə
qovuşmasına böyük
örnək olduğu
ön plana çəkilir. Ümumilikdə
bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş
günləri isə
32 gün davam edib və 25 məkanda çəkilişlər
olub. Filmin texniki, eləcə
də yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar
aktyorlardır. Filmin
çəkiliş qrupu
100 nəfərə yaxın
heyətdən ibarət
olub və filmdə
50-dən çox
peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə film layihəsi üzərində
700 nəfərlik heyət
işləyib.
Bakı Media Mərkəzi mayın
26-dan filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində
3 gün ödənişsiz
nümayiş etdirəcək.
Azərbaycan.- 2018.- 26 may.- S.4.