Yüz tələbənin bir “günahı”

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

...Bütün fotolarda onların baxışları bir-birinə bənzəyir.

Gələcəyə dikilən bu baxışlar daha aydın sabaha olan ümidlərlə doludur.

O sabah bu insanlarla açılacaqdı...

İstiqlalını yenicə qazanmış məmləkətin gələcəyini bu gənclər yaradacaqdı...

Onlar dünyanın siyasi xəritəsində özünə təzəcə yer etməyə başlayan Azərbaycan Xalq Cümhuriyyətindən - müsəlman Şərqinin bu ilk demokratik respublikasından yeni aləmə, inkişafa, elmə, mütərəqqi yeniliklərə doğru irəliləyən, niyyəti bəlli olan ilk cığıraçanlar idi...

Böyük arzularla yola çıxdılar.

Üzərlərində Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi pasportlar, bu pasportlarda ad, soyad, ata adları...

Amma hamısının ümumi bir adı vardı: Cümhuriyyət tələbələri...

Bu adla da yolçuluq gələcəyə doğru idi. Heç xəyal belə etmirdilər ki, irəlidə onları hansı çətinliklər, ağrı-acılar gözləyir...

 

1 sentyabr qərarı

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 100 azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilməsi faktı demokratik cümhuriyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Bu addımı vacib edən səbəblər vardı. Ölkədə ali təhsilli mütəxəssislərin çatışmazlığı hər sahədə kəskin şəkildə hiss olunurdu. Yeni qurulan dövləti idarə etmək, qarşıdakı problemlərin həllinə nail olmaq üçün isə peşəkar kadrlar hava və su kimi vacib idi. Ona görə də ali təhsilli mütəxəssislər hazırlamaqdan ötrü cümhuriyyətin ən ciddi tədbirlərə əl atması tamamilə qanunauyğun sayılmalıydı. Hələ Qafqaz İslam Ordusunun Azərbaycanı düşməndən təmizlədiyi andan - 1918-ci ilin yayından belə bir ideya vardı. Amma mövcud problemlər layihənin tez bir zamanda reallaşdırılmasına imkan vermirdi. 1919-cu ilin əvvəllərindən bu məsələ yenidən gündəmə gəldi. Əvvəlcə parlament və hökumət divarları arasında müəyyən müzakirələr aparıldı, sonra mətbuatda ictimai müzakirələr başladı.

Azərbaycanlı gənclərin xaricdə təhsil almasının tərəfdarları ilə yanaşı, əleyhinə çıxanlar da vardı. Məsələn, Azərbaycanda universitetin yaradılmasının qızğın tərəfdarlarından olan Məhəmməd ağa Şahtaxtlı 23 iyul 1919-cu ildə “Bakinskaya jizn” qəzetindəki məqaləsində bunun dövlətə çox baha başa gələcəyini yazırdı. Parlamentin müxtəlif fraksiyalarını təmsil edən qüvvələr isə təklif edirdilər ki, xaricə əsasən kasıb balaları göndərilsinlər, dövlətli övladları onsuz da öz hesablarına oxuya biləcəklər. İctimai müzakirələrə paralel olaraq Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi yeni hökumət bu istiqamətdə artıq müəyyən işlər görməkdə idi. Nəhayət, 1 sentyabr 1919-cu ildə parlament 1919-1920-ci tədris ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına yeddi milyon rublun buraxılmasına qərar verdi. Sənəddə Avropaya gedəcək tələbələrə dörd yüz frank aylıq təqaüdün və min frank yol xərcinin, Rusiya ali məktəblərində təhsil alacaq tələbələrə isə üç min rubl aylıq təqaüdün və üç min rubl da yol xərcinin verilməsi nəzərdə tutulmuşdu. Qərarın ikinci maddəsi bundan ibarət idi ki, hökumət təqaüdündən istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra dövlətin müəyyənləşdirdiyi yerlərdə dörd il qulluq etməyə borcludurlar. Sənəddə tələbələrin həyat və məişətinin təmini üçün onlara nəzarət edilməsi də təsbit olunmuşdu.

 

“Azərbaycan” qəzetində dərc olunmuş siyahı

 

Bu qərardan sonra parlament tələbə işləri üzrə xüsusi komissiya formalaşdırdı. Bura deputatlardan Məmmədəmin Rəsulzadə (sədr), Mehdi bəy Hacınski, Qara bəy Qarabəyov, Əhməd bəy Pepinov, Abdulla bəy Əfəndizadə üzv seçilmişdi. Komissiyanın gərgin əməyi və ciddi axtarışları sayəsində ali təhsil almağa göndəriləcək 100 tələbə müəyyən edildi. Dövlətin ayırdığı təqaüddən faydalanaraq xaricdə təhsil almaq arzusunda olan hər kəsə bərabər imkanların yaradılması üçün hökumət bacardığı bütün addımları atmışdı. Hətta yenicə formalaşmış ordumuzda xidmət edən tələbələrin seçimlərdə iştirak edə bilməsindən ötrü onların müvəqqəti məzuniyyətə buraxılmasına dair qərar belə vardı.

15 sentyabr 1919-cu ildə komissiyanın geniş tərkibdə ilk iclası keçirildi. Burada bir çox vacib məsələlər müzakirə edildi. Tələbələrin göndərilməsini və ixtisaslar üzrə bölgünün aparılmasını təşkil etməkdən ötrü əlavə xüsusi komissiya formalaşdırıldı.

Yerlər ixtisaslar üzrə bölünmüşdü: təbiət ixtisasları - 8 nəfər, tibb - 8 nəfər, dağ-mədən işi - 7 nəfər, mexanika - 11 nəfər, kimya - 3 nəfər, elektrotexnika - 8 nəfər, tikinti - 4 nəfər, yollar - 6 nəfər, kənd təsərrüfatı - 10 nəfər, gəmiqayırma - 4 nəfər, aviasiya - 2 nəfər, aqronomluq - 2 nəfər, iqtisadiyyat - 5 nəfər, tarix və filologiya - 5 nəfər, fəlsəfə - 7 nəfər, hüquq elmləri - 6 nəfər, politologiya - 3 nəfər.

Seçim mərhələsində komissiyaya 280 ərizə daxil olmuşdu. Burada türk (Azərbaycan) və gedəcəkləri ölkələrin dillərini bilənlərə, attestat qiymətləri yüksək olanlara, eləcə də kasıb balalarına üstünlük verilirdi. Məcburi şərtlərdən biri isə təqaüdçünün hökmən Azərbaycan təbəəsi (vətəndaşı) olması idi. Buna görə də 10-a yaxın tələbə Azərbaycan vətəndaşlığını qəbul etmişdi. Komissiya uzaqgörənlik göstərərək xaricə göndəriləcək 100 təqaüdçüdən başqa daha 31 təqaüdə namizəd də müəyyənləşdirmişdi ki, getməyən olarsa, onlar əvəzlənsinlər.

“Azərbaycan” qəzetinin 24 oktyabr 1919-cu il nömrəsində ixtisaslar və gedəcəkləri ölkələr üzrə bölünmüş 100 təqaüdçünün və həmin 31 namizədin siyahısı dərc olunmuşdu. 10 nəfərin İngiltərəyə, 23 nəfərin İtaliyaya, 45 nəfərin Fransaya, 9 nəfərin Türkiyəyə, 13 nəfərin Rusiyaya göndərilməsi qərara alınmışdı.

 

Ən fərəhli gün: valideynlər yaylıqlarla vida salamı göndərirdilər

 

Təqaüdçülərin 24 nəfərlik ilk dəstəsi Bakıdan 14 yanvar 1920-ci ildə yola salındı. Bu, Cümhuriyyətin 23 aylıq ömrünün ən fərəhli günlərindən biri idi. Yanvarın 12-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycan Cümhuriyyətini de-fakto tanımış, bu xəbər ölkədə bayram edilmiş və 14 yanvar qeyri-iş günü elan olunmuşdu. Dövlət təqaüdçüləri də Türkiyə və Qərbi Avropaya məhz belə bir bayram ovqatında yola salınmışdılar. Həmin gün onların uğurlandığı Bakı vağzalında əsl bayram ovqatı yaşanırdı. “Azərbaycan” qəzetinin 16 yanvar 1920-ci il sayında yolasalma mərasimindən geniş reportaj verilir. Mərasimdə tələbələrin yaxın qohumları, parlament komissiyası üzvləri ilə yanaşı, məclisi-məbusanın və hökumətin üzvləri, tanınmış xeyriyyəçilər, iş adamları, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tələbələrin şərəfinə vağzal binasında çay məclisi təşkil olunmuş, mərasimdə iştirak edən ictimai-siyasi xadimlər, tanınmış ziyalılar çıxış edərək gənclərə öz tövsiyələrini vermiş, təhsillərində uğurlar arzulamışdılar. Reportajın son cümlələri belə tamamlanırdı: “Tələbələr vaqona minərkən səmimi qucaqlaşmalar, öpüşmələr ilə ayrıldılar. Qatar hərəkət edərkən tələbələr Azərbaycan bayrağını çıxarıb tar və nəğmə tərənnümü altında “Yaşasın Azərbaycan!” deyə yola düşdülər”.

Yazıçı Manaf Süleymanov həmin tarixi günü özünün “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında daha ətraflı xatırlayırdı: “Səməd ağa Ağamalıoğlu gedənlərə nəsihət etdi, elmə, mədəniyyətə yiyələnməyi, texnikanı öyrənməyi tapşırdı... İbrahim Əbilov, Əhməd Pepinov və başqaları da məclisdə iştirak edib, tələbələrə uğurlar dilədilər.

Birdən stansiyada zəng çalındı. Gedənlər də, qalanlar da üzüntülü dəqiqələr keçirirdilər. Ağlayanların gözlərində yaş, dodaqlarında həzin bir təbəssüm vardı. Astadan səslər eşidilirdi: “Tez-tez məktub yaz!”, “Qürbət eldə xoşrəftar ol!”, “Həftədə çox yox, heç olmasa bir sətir yaz!”. Tarzən birdən “Orta mahur” çalmağa başladı. Gözəl xanəndənin ilhamı coşqun dəniz tək təlatümə gəldi.

Tələbələr qohum-əqrəba, valideynləri ilə vidalaşıb vaqonlara doluşdular. Musiqi təranələri altında qatar stansiyadan yavaş-yavaş ayrıldı. Dünyanın bu qarmaqarışıq vaxtında vətəndən, qohum-əqrəbadan və dostlardan ayrılmaq, övladı uzaq, qürbət ellərə yola salmaq intizarı üzlərdən oxunurdu”.

Maarif naziri Həmid bəy Şaxtaxtinskinin Əlimərdan bəy Topçubaşova azərbaycanlı tələbələrin yerləşdirilməsi ilə bağlı yazdığı xahiş məktubu qürbət ellərə yola düşən gənclərin heç də hamısına şamil oluna bilmədi. Hərçənd ki, burada oxumağa göndərilən tələbələrin hamısı nəzərdə tutulmuşdu. 10 nəfər İngiltərədə, 45 nəfər Fransada, 23 nəfər İtaliyada təhsil ala bilmədi. Çünki İngiltərə azərbaycanlı tələbələri qəbul etmədi. İtaliyada təhsil alması nəzərdə tutulan 23 nəfərdən yalnız 6 nəfəri həmin ölkədə qaldı. Fransada 45 tələbənin hamısı yerləşə bilmədi. Parlament komissiyası ölkələrin siyahısını tərtib edərkən Almaniyanı bu siyahıya salmamışdı. Lakin digər ölkələrdən fərqli olaraq məhz Almaniya tələbələrimizin yaşaması və təhsil alması üçün ən münasib ölkə oldu. Azərbaycanlı tələbələrin çoxu Almaniyanın ali təhsil müəssisələrinə qəbul edildilər.

Əfsus ki, taleyin çarxı geriyə fırlandı. 27 aprel tarixində Azərbaycan bolşevizmin işğalına məruz qaldı. Cümhuriyyət qurucuları yeni hökumətin təzyiq və təhdidləri ilə olmazın əzab və əziyyətlərə tuş gəldi... Onlardan bir qrupu qətlə yetirildi, bir qismi həbsə atıldı, sürgün edildi, bir qismi isə xaricə mühacirət etmək məcburiyyətində qaldı. Sovet hökumətinin ilk illərində müxtəlif ölkələrə göndərilmiş azərbaycanlı gənclərin təhsili barədə xalq komissarları sovetinin sədri Nəriman Nərimanov tərəfindən xüsusi dekret imzalanmışdı. Bu məsələdə Nərimanovun böyük rolu vardı. İlk vaxtlar onların ali təhsili başa vurmalarına şərait yaradılmışdı. Amma bu iş sona qədər başa çatdırılmadı. Ona görə də Cümhuriyyət tələbələrinin bəziləri öz təhsillərini yarımçıq qoyub Azərbaycana qayıtdı. Bəziləri getdikləri ölkələrdə başqa sahələrdə işləməyə başladı. Aralarında ağır vəziyyətə dözməyib intihar edənlər, səfalət içində dünyasını dəyişənlər, Vətənə dönəndən sonra ağır repressiyalarla üzləşənlər də çox oldu. Bolşevik hökumətinin məsuliyyətsizliyi, insana, intellektə heç bir dəyər verməməsi üzündən bu cavanların arzu və ümidləri puça çıxdı.

Hərçənd ki, bu insanlar perspektivli mütəxəssis, sağlam düşüncəli ziyalı, bacarıqlı dövlət məmurları idilər. Əlbəttə, stalinizm öz dəst-xəttinə uyğun olaraq belə şəxsləri rahat buraxa bilməzdi...

 

Bir imza, bir tale

 

O, “yüzlər”dən biri idi: Əbdül Kərbəlayi Abbas oğlu Əbdülzadə...

Bəlkə də bu ad oxucuya konkret nəsə demir. Amma Əbdül Əbdülzadə istiqlal tariximizdə önəmli yeri olan şəxsiyyətlərdəndir. Qeyd edək ki, bu insan haqqında, ümumiyyətlə, 100 Cümhuriyyət tələbəsi barədə ilk araşdırmalar tədqiqatçı-alim Ədalət Tahirzadə tərəfindən aparılıb.

Ə.Əbdülzadə Bakıda doğulub, Bakı Politexnik Məktəbində neft sənayesi ixtisası üzrə təhsil alıb. Hələ politexnik məktəbində oxuduğu vaxtlardan elmi araşdırmalara, jurnalistik fəaliyyətinə böyük maraq göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 15 sentyabrından nəşrə başladığı “Azərbaycan” qəzetinin fəal yazarlarından biri olub. O, qəzetdə “Ə.Əbdül” imzası ilə çıxış edir, yenicə müstəqillik qazanmış ölkənin yürütməli olduğu sosial-iqtisadi, təhsil, qadın, hüquq-mühafizə siyasəti və s. mövzularda maraqlı təhlili yazılarla çap olunurdu. Cümhuriyyət dönəmində Azərbaycan parlamentində stenoqramçı, sonra Bakı məktəblərindən birində müəllim işləmişdi.

Cümhuriyyət hökuməti onu təhsil almaq üçün Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsinə göndərir. Amma bolşeviklər hakimiyyətə gələn kimi İstanbuldakı tələbələri geri çağırırlar. Əbdül Əbdülzadə də 1920-ci ildə Bakıya qayıtmalı olur. Təhsilini Bakı Politexnik İnstitutunda davam etdirir. Eyni zamanda, 1926-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini də bitirir. Bu müddətdə nəşriyyatlarda tərcüməçilik edir, elmi-publisistik fəaliyyətinə də ara vermir. Onun Mirzə Ələkbər Sabirə həsr olunmuş “Vicdani-millinin təcəllisi” adlı çox dəyərli bir məqaləsi var. Əfsuslar olsun ki, bu yazı indiyə qədər əksər oxucuların diqqətindən kənarda qalıb. Oxuyanlar isə onun müəllifinin kimliyinə o qədər də diqqət yetirməyib.

Əbdül Əbdülzadə 1922-ci ildən 1927-ci ilə kimi Nərimanov adına texnikumda müəllimlik edir. 18 yanvar 1927-ci ildə o, Müsavat Partiyasının gizli təşkilatlarının fəaliyyətində iştirakına görə tutulur və 8 il müddətinə Solovki adasına sürgünə göndərilir. 1934-cü ildə sürgündən qayıdır, amma Bakıda yaşamağa icazə verilmədiyinə görə Gəncəyə köçür. İki il Gəncə Sənaye Politexnik və Gəncə Dəmir Yol İnşaatı texnikumlarında dərs deyir. 9 nəfər keçmiş məhbus yoldaşı ilə birgə yenidən gizli müsavatçılıq fəaliyyətinə görə təkrar həbs edilir və onların hamısı 1937-ci ildə güllələnir. Bununla da Stalin repressiyası belə bir gənc ziyalının, istiqlal mücahidinin işıqlı ömrünə nöqtə qoyur.

 

(Ardı var)

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 26 may.- S.4.