Tarixin ən qüdrətli Azərbaycanı hər birimizin qürur mənbəyidir
Prezident İlham Əliyevin rəhbərliyi
ilə əldə olunan misilsiz
nailiyyətlər Xalq Cümhuriyyətinin
irsinə böyük töhfədir
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika və türk dünyasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu tarixi hadisə xalqımızın azadlıq, müstəqillik və demokratiya uğrunda apardığı milli azadlıq mübarizəsinin nəticəsi idi. Müstəqil dövlətimizin yaranması ilə yüz ildən artıq çar Rusiyasının əsarəti altında qalan xalqımızın dövlətçilik ənənələri yenidən bərpa olundu.
İstiqlalı təmin edən milli
mücadilə
1918-ci ildə yaranmış mürəkkəb tarixi şərait zamanı qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi müstəqil dövlətimizin yaranmasında müstəsna rol oynamışdı. Xaricdə yüksək təhsil alan, Avropa və dünya mədəniyyəti ilə yaxından tanış olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etmiş, ictimai-siyasi, fəlsəfi və maarifpərvər yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhfələr vermişdilər. Məhz bu insanlar yaranmış mürəkkəb vəziyyətdə birləşərək Azərbaycanın “İstiqlal bəyannaməsi”ni elan etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, qısa bir müddət ərzində həyata keçirdiyi tədbirlər, dəyərli işlər tariximizdə böyük iz buraxdı. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması, hakimiyyət strukturlarının və onun fəaliyyət mexanizminin formalaşması müstəqil dövlətin böyük uğurları idi. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Cümhuriyyət cəmi 23 aylıq fəaliyyəti dövründə bütün çətinliklərə baxmayaraq, xalqımızın gələcəyi üçün çox iş gördü. Hətta bacardığından da artığını etdi. Lakin 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Bununla belə, qeyd olunmalıdır ki, Xalq Cümhuriyyəti öz başlıca tarixi missiyasını yerinə yetirdi. Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı.
Nəhayət, 70 illik fasilədən sonra Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni Azərbaycan dövləti yaradıldı. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini qurdu.
Avstraliyada
Azərbaycana qarşı yüksək siyasi
ehtiram mövcuddur
Bu gün 10 milyonlarla azərbaycanlı dünyanın müxtəlif ölkələrində yaşayır. Fərqi yoxdur, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbi daim ana Vətənlə döyünür. Statusundan, peşəsindən, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlı hər gün Azərbaycanla maraqlanır, internetdən izləyir, yaxınları ilə hal-əhval tutur. Gündəlik vərdişə çevrilən bu milli hissi yaşamadan heç bir azərbaycanlı günü rahat başa vura bilməz. Biz Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayırıq. Xüsusən, Azərbaycanın son dövrlərdə qazandığı mühüm uğurlar, iqtisadi sahədəki inkişaf, beynəlxalq tədbirlər mərkəzinə və kosmos dövlətə çevrilməsi, ordusunu gücləndirməsi bütün azərbaycanlılar tərəfindən qürur və fəxarət hissi ilə qarşılanır. Ən əsası, bütün bu uğurlar fonunda Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir, dövlətçiliyi sarsılmaz olur. Azərbaycanın yüksəlişi müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi daha da ruhlandırır, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə daha etibarlı zəmin yaradır.
Odur ki, Cümhuriyyətin 100 illik yubileyi xarici ölkələrdə, o cümlədən uzaq Avstraliya İttifaqında yaşayan bütün azərbaycanlılar tərəfindən yüksək səviyyədə, ehtiramla qeyd olunur. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamları Avstraliya azərbaycanlıları tərəfindən də böyük rəğbətlə qarşılanır.
Qeyd edim ki, Avstraliya siyasi rəhbərliyi daim müstəqil Azərbaycana və onun dövlətçiliyinə böyük ehtiramla yanaşıb. Bunun Avstraliyanın Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da təsdiqləyir. Belə ki, bu ölkə müstəqilliyimizi 1991-ci ilin dekabr ayında tanıyıb. 1992-ci ildən diplomatik münasibətlər qurulub. Ötən il diplomatik münasibətlərin qurulmasının 25 illiyi həm Azərbaycanda, həm də Avstraliyada yüksək səviyyədə qeyd edildi. Avstraliyanın Azərbaycana olan yüksək siyasi ehtiramı Dağlıq Qarabağ münaqişəsinə olan münasibətdə də özünü göstərir. Belə ki, dünya siyasi arenasında öz dəst-xətti, yeri və çəkisi olan Avstraliya Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın maraqlarına uyğun mövqe nümayiş etdirir.
Avstraliya İttifaqının general-qubernatoru Piter Kosqrovun bu günlərdə Respublika günü münasibətilə Prezident İlham Əliyevə, hökumətə və Azərbaycan xalqına ünvanladığı təbrik məktubunun məzmunu da Avstraliya dövlətinin ali rəhbərliyinin Azərbaycana olan yüksək hörmətinin bariz ifadəsidir.
Avstraliya Azərbaycandan kifayət qədər coğrafi uzaqlıqda yerləşir. Yəqin elə buna görədir ki, iki ölkə arasında iqtisadi əlaqələr hələ arzuladığımız səviyyədə deyil. Buna baxmayaraq, dövlətlər arasında qarşılıqlı anlaşmaya əsaslanan səmimi münasibətlər formalaşıb. Ötən il Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes forumu iqtisadi əlaqələrin inkişafı istiqamətində mühüm addım oldu. Eyni zamanda, Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevin rəhbərliyi ilə parlament nümayəndə heyətinin mütəmadi olaraq Avstraliyaya səfərinin nəticəsi olaraq bu ölkədə Azərbaycanı daha yaxından tanımağa başlayıblar.
Ümumiyyətlə, Avstraliyada Azərbaycanla bağlı keçirilən tədbirlərdə daim parlamentin deputatlarını, yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, tanınmış ictimai şəxsləri görmək olar. Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının, Azərbaycan səfirliyinin və Azərbaycanın fəxri konsulluğunun dəstəyi ilə keçirilən tədbirlər yerli ictimaiyyət tərəfindən maraqla izlənilir. 28 May - Respublika Günü ilə bağlı tədbirlərin keçirilməsi isə artıq Avstraliyada ənənə halını alıb.
Xalq Cümhuriyyətinin 100 illiyi Kanberrada təntənə ilə qeyd edildi
Bu günlərdə Kanberra şəhərində Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin təşkilatçılığı və Avstraliyadakı Fəxri Konsulluğunun dəstəyi ilə Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edildi. Tədbirdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, işgüzar dairələrin nümayəndələri, Avstraliya Milli Universiteti nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin rəhbərləri, Kanberrada akkreditə olunmuş diplomatik missiyaların başçıları və əməkdaşları və bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla 250 nəfərə yaxın qonaq iştirak edirdi.
Tədbir Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə əsas qonaq qismində iştirak edən Xarici İşlər və Ticarət Departamentinin protokol xidmətinin rəhbəri xanım Lindal Saks Avstraliya hökuməti adından Azərbaycan Prezidentini və xalqını bayram münasibəti ilə təbrik etdi.
Azərbaycanın Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verdi. 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən E.Həbibzadə müstəqilliyin ilk illərində ölkəmizin bir sıra səbəblərlə əlaqədar çətinliklərlə üzləşdiyini bildirdi. Lakin buna baxmayaraq, ümummilli lider Heydər Əliyevin qətiyyətli addımı və həyata keçirdiyi düşünülmüş siyasət sayəsində həmin çətinliklər uğurla aradan qaldırılmış və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanlı diplomat ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.
Daha sonra Azərbaycanın Avstraliyadakı fəxri konsulu kimi mən çıxış edərək son illər ərzində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd etdim, Azərbaycan-Avstraliya əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlığın vacib rol oynadığını vurğuladım. Eyni zamanda, son dövrlər iqtisadi-ticarət sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atıldığını, o cümlədən 2017-ci ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfər etdiyini diqqətə çatdırdım.
Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli ötən illər ərzində Avstraliya Parlamenti nümayəndə heyətinin tərkibində ölkəmizə həyata keçirdiyi səfərlə bağlı xatirələrini bölüşdü. O, həmin səfərlər zamanı Azərbaycanın son illər əldə etdiyi böyük iqtisadi nailiyyətlərinin canlı şahidi olduğunu vurğuladı. Qeyd etdi ki, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı bəzi qonşu dövlətlər üçün nümunə olmalıdır. Eyni zamanda, o, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini hər zaman dəstəklədiyini diqqətə çatdırdı. Kreq Kelli bu işdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu və onun rəhbəri Xanlar Fətiyevin fəaliyyətini yüksək qiymətləndirdi.
Tədbir zamanı Azərbaycanın əməkdar artisti Sevinc Hüseynli Azərbaycan milli rəqslərini ifa etdi. Daha sonra Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan ruhu” və Bakı şəhərinin “Expo-2025” Ümumdünya sərgisinə evsahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı videoçarxlar nümayiş etdirildi, eləcə də iştirakçılara müxtəlif məlumat nəşrləri paylanıldı. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim olundu.
Xaricdə yaşayan hər bir azərbaycanlının arzusu Azərbaycanın daha da güclənməsi, inkişaf etmiş ölkələrin cərgəsinə qatılması və işğal altında olan torpaqlarımızın azad edilməsidir. Əminik və inanırıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasi kurs bütün sahələrdə yüksəlişə yol açdığı kimi, bundan sonrakı dövrdə də Azərbaycanın inkişafını və yüksəlişini, daha firavan və xoşbəxt gələcəyini təmin edəcək.
Aydan RZAYEVA,
Azərbaycanın Avstraliya
İttifaqında fəxri konsulu
Azərbaycan.-
2018.- 26 may.- S.9.