Heydər Əliyev Cümhuriyyət qurucularının fəaliyyətini
yüksək qiymətləndirirdi
Azərbaycan Xalq Cümhuriyyəti-100
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin ikinci onilliyində Vətənimizin qeyrətli oğulları tərəfindən son dərəcə çətin, ağır bir dövrdə, mürəkkəb daxili və xarici maneələri dəf etməklə yaradıldı. Yeni təşəkkül tapan respublikada demokratik prinsiplər bərqərar edildi, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi, irqi, milli, dini bərabərsizliklər ləğv edildi. Qonşu dövlətlərlə sərhədlər müəyyənləşdirildi, dinc və sülh şəraitində yaşamaq, qarşılıqlı faydalı əməkdaşlıq etmək üçün zəruri addımlar atıldı.
Ana dili dövlət dili elan
olundu. Maarifin və mədəniyyətin inkişafına
xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir
universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi
adlar bərpa edildi.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinə, onun
qurucularının fəaliyyətinə yüksək qiymət
vermişdir.
Ulu öndər 1997-ci il mayın 27-də
Respublika sarayında Azərbaycanın milli bayramı -
Respublika Günü münasibətilə təntənəli
yığıncaqda AXC-nin yaradıcılarını
“xalqımızın qabaqcıl insanları, Azərbaycanın
gələcəyi haqqında düşünənlər”
adlandırmışdır. O, nitqində qeyd etmişdir ki, “Bu
respublikanın yaranması və az müddətdə olsa da,
yaşaması Azərbaycan xalqının dövlətçiliyinin
bərpasında, Azərbaycanın dövlət müstəqilliyi
əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində
tarixi rol oynamışdır”.
Ulu öndər 1998-ci il
yanvarın 30-da imzaladığı “Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncamda
bu gənc respublikanın yaradılmasını çox
yüksək dəyərləndirmişdir. Azərbaycan
Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq,
çox böyük və taleyüklü problemləri həll
etməyə müvəffəq olmuşdur. “Milliyyətindən, siyasi və dini mənsubiyyətindən,
cinsindən asılı olmayaraq bütün vətəndaşlara
bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin
müəyyən olunması, Azərbaycan dövlətçiliyi
atributlarının qəbul edilməsi, ana dilinin dövlət
dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi
üçün möhkəm zəmin yaratmışdır”.
Ümummilli lider Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyətinin, həyata keçirdiyi
tədbirlərin geniş ictimaiyyətə
çatdırılması üçün o dövrün sənəd
və materiallarının toplanıb nəşr edilməsinə
göstəriş verdi. Prezidentin
sərəncamı ilə yaradılmış dövlət
komissiyası qısa müddət ərzində 7 kitabdan ibarət
sənədlər toplusunun çapını
reallaşdırdı. Cümhuriyyət
dövründə qəbul edilmiş qanun, qərar və sərəncamlar,
hökumət aktları, parlamentin iclaslarının stenoqramları,
daxili və xarici siyasət, ordu quruculuğu tədbirlərini
əks etdirən sənəd və materiallar kütləvi
tirajla xalqımızın istifadəsinə verildi. Çap olunmuş bu materiallar demokratik cəmiyyət
qurmaq, iqtisadiyyatı inkişaf etdirmək, mədəniyyət,
xüsusən də təhsil sahəsində
görülmüş böyük işlər haqqında
dolğun təəssürat yaradır.
1998-ci ilin yazında Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illik yubileyinin respublika miqyasında təntənə
ilə qeyd edilməsi, silsilə tədbirlər, konfrans və
toplantıların keçirilməsi dövlət başçısının
bu tarixi hadisəyə yüksək qiymət verməsinin
növbəti təzahürü oldu. Heydər Əliyev 1998-ci
il mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik
yubileyi münasibətilə Milli Məclisin təntənəli
iclasında iştirak etdi və nitqində Şərqdə
ilk demokratik respublika yaradanları “qəhrəmanlıq
nümunələri göstərən insanlar”
adlandırdı.
Heydər Əliyev Azərbaycan Xalq
Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin
dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində
fəaliyyətini yüksək qiymətləndirmişdi: “O
ağır və çətin dövrdə ilk Azərbaycan
Demokratik Respublikasının baş naziri vəzifəsini Azərbaycanın
görkəmli oğlu Fətəli xan Xoyski öz üzərinə
götürmüş, bu vəzifəni layiqincə həyata
keçirmiş və xalqımız qarşısında
böyük xidmətlər göstərmişdir” -
demişdir.
Ulu öndərin imzaladığı
18 dekabr 1995-ci il tarixli sərəncamla Fətəli
xan Xoyskinin anadan olmasının 120 illiyi təntənəli
surətdə qeyd olunmuşdur. Yenə də
onun diqqət və qayğısı sayəsində Tiflisdə
Fətəli xan Xoyskinin qəbrinin üstü
götürülmüş, ətrafı abadlaşdırılmış,
məzarı üzərində büstü
ucaldılmışdır. Bakıda
yaşadığı binanın önünə xatirə
lövhəsi vurulmuşdur.
Respublika Günü hər il Türkiyədə, Fransada,
Gürcüstanda, Rusiyada, Almaniyada və s. yerlərdə təntənəli
şəkildə qeyd edilir.
Heydər Əliyevin böyük diqqət
və qayğısının nəticəsi idi ki, Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin sədri, Paris Sülh
Konfransında Azərbaycan nümayəndə heyətinin
başçısı, mühacirət dövründə
Fransada yaşamış və Parisdə dəfn olunmuş
Əlimərdan bəy Topçubaşovun xatirəsinin əbədiləşdirilməsi
üçün Fransa rəsmi dairələri təşəbbüs
göstərdilər. 1998-ci il iyunun 3-də
Fransa Xarici İşlər Nazirliyinin və Paris şəhəri
bələdiyyəsinin yardımı ilə Əlimərdan bəy
Topçubaşovun Parisdə yaşadığı Dekamp
küçəsindəki 27 saylı binanın divarına
xatirə lövhəsi vuruldu. Heydər
Əliyev bu addımı yüksək qiymətləndirdi və
dərhal Fransa Prezidenti Jak Şiraka minnətdarlıq məktubu
ünvanladı.
Bu hadisədən bir ay keçdikdən
sonra ulu öndər 1998-ci il iyulun 14-də
“Hyatt-Recens-Naxçıvan” mehmanxanasında Fransanın milli
bayramı - Bastiliyanın alınması günü münasibətilə
Fransanın Azərbaycandakı səfirliyinin təşkil
etdiyi rəsmi qəbulda söylədiyi nitqində yenidən
bu məsələyə toxundu: “Mən Əlimərdan bəy
Topçubaşovun xatirəsinə göstərilən
hörmətə və onun Parisdə yaşamış
olduğu evə xatirə lövhəsi vurulmasına görə
Fransa hökumətinə təşəkkürümü
bildirirəm”.
1998-ci il iyunun
26-da Respublika sarayında Azərbaycan Milli Ordusunun
yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli
yubiley mərasimində Heydər Əliyev cümhuriyyət
dövrünün ordu quruculuğu haqqında
danışmışdı. Ulu öndər hərbi
nazir Səməd bəy Mehmandarov, hərbi nazirin müavini
Əliağa Şıxlinski, baş qərargah rəisi Məmməd
bəy Sulkeviçin adlarını ehtiramla
xatırlamışdır.
Azərbaycanda bu gün fəaliyyət
göstərən müxtəlif hakimiyyət
orqanlarının, nazirliklərin yaranmasının tarixi
kökləri 1918-1920-ci illərlə bağlıdır. Heydər
Əliyev məmnunluqla qeyd etmişdir ki, bugünkü müstəqil
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyinin yaranma tarixini “1918-1920-ci illərdə ilk Azərbaycan
Demokratik Respublikasının bu məqsəd üçün
yaratdığı orqandan götürmək doğru,
düzgün və çox məqsədəuyğun qərardır”.
Ulu öndərin bu prinsipial mövqeyi Milli
Ordumuzun, Daxili İşlər Nazirliyinin, digər hakimiyyət
strukturlarının yaranma tarixlərinin dəqiqləşdirilməsində,
tarixi ədalətin bərpa edilməsində mühüm rol
oynamışdır.
Ümummilli lider Azərbaycanda ilk
demokratik respublika hökumətinin fəaliyyətinin istənilən
səviyyədə təşkil olunmaması səbəblərini
belə izah etmişdir: “Azərbaycan Demokratik Respublikası 23
ay yaşamışdır. Bu müddətdə
5 dəfə hökumət qurulmuşdur. Yaranmış
hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr
nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin
təsiri altında istefa verməyə məcbur olmuş, yenidən
yaranan hökumət yenə də istefa vermiş və beləliklə
də bu ağır şəraitdə demokratik respublikanın
dövlət, hökumət orqanları istənilən fəaliyyəti
göstərə bilməmişlər”.
Heydər Əliyev Azərbaycanda ilk
demokratik respublikanın süqutu səbəblərinə də
müdrikliklə aydınlıq gətirmişdir: “Azərbaycanın
ətrafında və daxilində gedən proseslər bu
respublikanın, hökumətin öz fəaliyyətini davam
etdirməsinə imkan verməmişdir. Bir tərəfdən
Rusiyada bolşevik hakimiyyəti keçmiş çar
Rusiyasının bütün ərazilərində bolşevik
üsul-idarəsi qurmağa cəhd göstərərək Azərbaycana
yönəlmişdi, respublikamızın daxilində o cəhdləri
dəstəkləyən qüvvələr onlarla birləşmişdi.
Onlarla yanaşı olaraq, ... hökumətdə
və ...parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr
bu demokratik respublikanın süqutuna gətirib
çıxarmışdır”.
Bununla belə, o zamankı
mürəkkəb və ziddiyyətli dövrdə Azərbaycan
Xalq Cümhuriyyətinin qurucuları yüksək vətəndaşlıq
mövqeyi nümayiş etdirmiş, bütün çətinliklərə
sinə gərərək müstəqil dövlətin
möhkəmlənməsinə şərəflə xidmət
etmişlər. Heydər Əliyevin qeyd etdiyi kimi, “...onlar
öz üzərlərinə düşən tarixi
missiyanı yerinə yetirmişlər və Azərbaycan
xalqının tarixinə parlaq bir səhifə
yazmışlar”.
Uli öndərin siyasətini
bütün sahələrdə uğurla davam etdirən Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev də Azərbaycan
Xalq Cümhuriyyəti qurucularının fəaliyyətini
yüksək qiymətləndirmişdir. Onun 2017-ci il
mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi haqqında” sərəncamda bu çox aydın
ifadə edilmişdir: “Azərbaycan Xalq Cümhuriyyəti
öz üzərinə götürdüyü çətin
tarixi vəzifəni imkanlarının ən son həddində
çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti,
dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri
müəyyənləşdirildi, bayrağı, himni və
gerbi yaradıldı, ana dili dövlət dili elan edildi,
dövlət quruculuğu sahəsində ciddi tədbirlər
həyata keçirildi. Ölkənin ərazi
bütövlüyü və milli təhlükəsizliyi təmin
edildi, qısa müddətdə yüksək döyüş
qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə
və demokratik prinsiplərə uyğun dövlət
orqanları quruldu, maarifin və mədəniyyətin
inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın
ilk universiteti təsis olundu, təhsil milliləşdirildi,
xalqın sonrakı illərdə mədəni yüksəlişi
üçün zəmin hazırlayan, ictimai fikir tarixi
baxımından müstəsna əhəmiyyətli işlər
görüldü”.
Cümhuriyyət
qurucularının çox böyük xidməti ondan ibarətdir
ki, ölkəmizin sonrakı tarixi inkişafına,
mövcudluğunu davam etdirməsinə zəmin yarada bildilər. Prezident İlham Əliyevin
sərəncamında bu cəhət xüsusi
vurğulanmışdır: “Dünya birliyi tərəfindən
tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində
Azərbaycanın beynəlxalq hüququn subyekti olması
1920-ci ilin aprel ayındakı bolşevik işğalından
sonra Azərbaycanın bir dövlət kimi dünyanın
siyasi xəritəsindən silinməsinin qarşısını
aldı”.
Azərbaycan Xalq Cümhuriyyəti
sovet Rusiyasının hərbi təcavüzü nəticəsində
qarşısına qoyduğu böyük məqsədlərə
tam müvəffəq ola bilmədən
süquta uğrasa da, onun xalqımızın
yaddaşında, insanların şüurunda bərqərar
etdiyi müstəqillik ideyası kommunist ideologiyasının
ciddi-cəhdlə yayıldığı dövrdə
unudulmadı. Azərbaycan xalqı sovet dönəmində
milli dövlətçilik atributlarının bir çoxunu
qoruyub saxlaya bildi. Xüsusən,
ümummilli lider Heydər Əliyevin respublikamızda ilk rəhbərliyi
dövründə uğurla gerçəkləşdirdiyi
müdrik və uzaqgörən siyasət xalqımızın
tarixi-mədəni yaddaşını özünə
qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq
məfkurəsi işığında müstəqillik
arzularının güclənməsi və yaxın gələcəkdə
yenidən həqiqətə çevrilməsinə zəmin
yaratdı.
Qabil
ƏLİYEV,
tarix elmləri doktoru, BDU-nun professor
Azərbaycan.-
2018.- 26 may.- S.10.