Cümhuriyyət irsinin öyrənilməsinə
dəyərli töhfə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizdə dövlət səviyyəsində çox geniş tədbirlər həyata keçirilir. Cümhuriyyətin sosial-iqtisadi, ictimai-humanitar, daxili və xarici siyasəti ilə bağlı tanınmış ziyalılarımız fundamental araşdırmalarla, əsərlərlə çıxış edirlər. Bu günlərdə əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov ciddi bir təşəbbüslə çıxış edərək M.Ə.Rəsulzadənin pedaqoji əsərlərini seçilmiş variantda nəfis şəkildə nəşr etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi və M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə başlayan bu kitab M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin qısa xronologiyası, həyatı və pedaqoji irsi, eləcə də onun seçilmiş pedaqoji əsərləri ilə davam edir. M.Ə.Rəsulzadənin gənc nəsli yüksək ruhda tərbiyələndirməyə xidmət edən, onları vətəninə, xalqına fayda verən gözəl əxlaqlı bir insana çevirmək məqsədilə qələmə aldığı ilk mətbu yazıları 1903-cü ildə Tiflisdə çıxan “Şərqi-Rus” qəzetində dərc olunmuşdur. “Hümmət və qeyrət vaxtıdır”, “Öz müxbirlərimizdən”, “Elm tərifində deyilibdir. Müxəmməs” əsərlərində gəncliyə çağırış səslənir və peyğəmbər həzrətlərinin hədisləri əsasında bu mövzudan dolğun bəhs edir.
1906-cı ildə “İrşad” qəzetində “Qiraətxanə”, “Qiraətxanələrimizə dair” əsərləri, “Təkamül” qəzetində “İqnatyevin layihəsi”, “Bürokratiya və müsəlman məktəbləri” əsərləri dərc olunmuşdur. O, 1907-ci ildə “İrşad” qəzetində dərc olunan “H.Zərdabinin dəfn mərasimindəki nitqi”ndə demişdir: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif, maarif”. Onun uzaqgörənliklə yazdığı bu əsərlərdə məktəb və maarif siyasəti açıqlanır, təhsilin milliləşdirilməsi, demokratikləşməsi sahəsində görülmüş işlər ümumiləşdirilir, sovet imperiyasının tərkibində olan Azərbaycan xalq maarifinin vəziyyəti təhlilə cəlb olunur, sovet imperiyasının təhsil siyasəti açıqlanır. 17 may 1914-cü ildə “Bəsirət” qəzetinin 6-cı sayında “Qafqasiya ali məktəbi” məqaləsində yazır: “Qafqasiyalıların çoxdan bəri ürəklərində bəslədikləri böyük arzularından biri, münasibət düşdükcə ağlayaraq, izhari dərd edərək istədikləri məqsədlərindən ümdəsi hüsula gəldi. Keçən həftə Tiflisdə, Naftuluq məhəlləsində Qafqasiya politexnikum məktəbi-alisinin bünövrəsi quruldu”.
Onun məqalələrində milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılmış, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilmişdi. O, millətin oyanışını, bir millət kimi var olmasını dildə görürdü. “Milli dirilik” məqaləsində yazırdı: “Milliyyətin ümdə rüxnünü təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir...”
M.Ə. Rəsulzadə yüz illiklər ərzində təhsilin fars, ərəb, XIX əsrdən sonra isə rus dillərində aparılmasını kəskin tənqid edərək yazırdı: “Çarizm Azərbaycanda ruslaşdırma siyasətini iki istiqamətdə həyata keçirməyə başladı: birincisi, üləmaları, mollaları və əfəndiləri idarələrdə məmur vəzifəsinə təyin edərək öz xidməti qulluqçularına çevirirdi, ikincisi isə azərbaycanlı uşaqları rus məktəblərində oxudub onlardan rus təbiətli “uçitellər” hazırlayırdı. Lakin tədricən “uçitellər” anladılar ki, xalqımızın övladlarına Puşkin, Tolstoyla yanaşı, Füzulini, Şirvanini, Sabiri, Cavidi, Ə.Cavadı oyrətmək lazımdır”. Dövrün maarifçi ziyalıları kimi M.Ə. Rəsulzadə də məqalələrində milli yazılı və şifahi ədəbiyyatın, tarixi əsərlərin gənc nəslin təlim-tərbiyəsində, onlarda milli özünüdərki formalaşdırmaqda mühüm rol oynadığını yazırdı.
M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyəti ilə bərabər, maarifçi baxışlarında “İqbal”, “Yeni İqbal” və “Açıq söz” qəzetlərinin böyük əhəmiyyəti olmuşdu. 1914-cü ildə “İqbal” qəzetində “Dəyanət, milliyyət və məişət nöqteyi-nəzərindən kənd məktəbləri”, “Kənd məktəbləri xüsusunda”, “Təlimi-ümumi məsələsi”, kəndlilərin şübhələrini dəf etmək üçün “Yenə kənd məktəbləri haqqında” məqalələri dərc olunmuşdur. Onun pedaqoji görüşlərində bugünkü təhsil quruculuğunda böyük əhəmiyyət kəsb edən vətəndaş-insan, vətəndaş-şəxsiyyət probleminin həlli istiqamətləri öz əksini tapmışdır.
M.Ə.Rəsulzadənin elmi-pedaqoji fikirləri dərin nəzəri, elmi və ictimai-maarifçi siqləti ilə 20-ci yüzillikdən bu günümüzə, sabahımıza yol göstərməkdədir. Bu mənada əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun “Məhəmməd Əmin Rəsulzadə. Seçilmiş pedaqoji əsərləri” kitabının nəşri xüsusilə təqdirəlayiqdir. Geniş elmi-pedaqoji ictimaiyyət üçün nəzərdə tutulmuş əsərin təkcə pedaqoji yox, həm də sözün geniş mənasında, milli ictimai-humanitar düşüncənin formalaşması baxımından da dəyəri çox böyükdür.
Həsən BAYRAMOV,
pedaqoji elmlər doktoru
Azərbaycan.-
2018.- 26 may.- S.10.