Avstraliyanın Viktoriya ştatı parlamentinin qanunverici
şurasının sədri Respublika Günü münasibətilə Azərbaycanı
təbrik edib
Avstraliya İttifaqının Viktoriya ştatı parlamentinin qanunverici şurasının (parlamentin yuxarı palatası) sədri Brüs Atkinson 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Avstraliyadakı səfirliyinə təbrik məktubu ünvanlayıb.
Məktubda Brüs Atkinson Viktoriya ştatının parlamenti və sakinləri adından Azərbaycan hökumətini və xalqını, eləcə də Viktoriya ştatında yaşayan soydaşlarımızı bayram münasibətilə təbrik edib.
Brüs Atkinson Azərbaycan icmasının anlayış, hörmət və etimadın yaradılması yolu ilə Viktoriya ştatının mədəniyyətinin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyətini təqdir edərək, həmvətənlərimizin Viktoriyanın ahəngdar və multikultural cəmiyyətə çevrilməsinə töhfələr verdiyini yüksək qiymətləndirib. O, Azərbaycan Respublikası və Viktoriya ştatı arasında dostluğun bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, paytaxtı Melburn şəhəri olan Viktoriya ştatında çoxlu sayda soydaşımız yaşayır. Melburnda Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası adlı diaspor təşkilatı, eləcə də Azərbaycan Evi fəaliyyət göstərir. Viktoriyada yaşayan Azərbaycan icması ölkəmizin Avstraliyada tanıdılmasına, o cümlədən tariximizin, mədəniyyətimizin və incəsənətimizin bu ölkədə təbliğinə töhfələr verir.
AZƏRTAC
Azərbaycan.- 2018.- 27 may.- S.8.