İlham Əliyev növbəti qlobal layihəsi ilə
Avropanın yeni enerji xəritəsini və təhlükəsizliyini
tərtib edir
Cənub Qaz Dəhlizinin işə düşməsi ilə
Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni
dövr başladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün ölkəmizin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışı günüdür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Biz bu günü burada – Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Eyni zamanda, onu da qeyd etməliyəm ki, bu gün Bakı Ekspo Mərkəzində XXV Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır və sərgidə iştirak edən yoldaşlar bu gün bu mərasimdə də iştirak etmiş kimi sayıla bilərlər. Mən onları da salamlayıram. Bildirmək istəyirəm ki, 25 il ərzində ilk dəfədir ki, Xəzər Neft-Qaz Sərgisinin açılışı sərgi yerində yox, Səngəçal terminalında baş verir.
Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. İlk sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və riskli dövlət kimi sayılırdı. Bu sərginin Azərbaycana investisiya qoyuluşu üçün çox önəmli rolu olmuşdur. Ötən 25 il ərzində bu sərgi dünya miqyasında çox mötəbər sərgi kimi tanınır və sərgidə iştirak edən şirkətlərin, ölkələrin sayı getdikcə artmaqdadır.
Qeyd etdiyim kimi, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.
Dünən Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etmişdir. Bu da tarixi hadisə idi. Çünki ilk dəfə olaraq 1918-ci ildə müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı məhz Azərbaycan xalqı yaratmışdır. Dünən təntənəli mərasimdə çıxış edərkən bildirdim ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi və Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bu gün Azərbaycan bəlkə də dünyanın ən inkişaf etmiş və ən zəngin ölkələrindən biri ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, zəngin neft ehtiyatlarımız çox böyük imkanlar açırdı. Ancaq Azərbaycan müstəqilliyini itirdi və ondan əvvəlki dövrdə Azərbaycan müstəqil olmadığı üçün Azərbaycan xalqı öz təbii ehtiyatlarından bəhrələnə bilməmişdir.
Dünya neftinin tarixi Azərbaycandan
başlayır. 1846-cı ildə dünya miqyasında ilk
dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda,
Bakıda hasil edilmişdir. O tarixi anı əks etdirən
abidə şəhərimizin mərkəzində bir neçə
il bundan əvvəl ucaldılıb. O vaxt
– XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlində
Azərbaycan dünya neft hasilatının əksəriyyətini
təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə
bilibmi?! Əlbəttə ki, yox. O illərin
şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir
ki, hər kəs görsün ki, xalq səfalət içində
yaşayırdı, yoxsulluq hökm sürürdü,
heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq, Azərbaycan resurs mənbəyi
idi və Azərbaycandan çıxarılan “qara
qızıl” Azərbaycan xalqının inkişafına xidmət
etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan
xalqının rifahına yönəlmirdi və eyni zamanda, biz
Abşeron yarımadasında böyük ekoloji problemlərlə
üzləşmişdik. Bu problemləri
bu gün müstəqil dövlət həll edir.
Bu gün müstəqil Azərbaycan
və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki,
ancaq müstəqillik şəraitində, müstəqillik
dövründə Azərbaycan xalqı öz təbii
ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik
dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz
müstəqil dövlət kimi ayaqda möhkəm
dayanmışıq, ölkə qarşısında duran
bütün vəzifələri uğurla icra edirik, belə nəhəng
layihələri tərəfdaşlarımızla birlikdə
icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib
edirik.
Sovet İttifaqı
dağılanda Azərbaycan 1991-ci ildə öz dövlət
müstəqilliyini bərpa etdi. Ancaq müstəqilliyimizin ilk iki ili çox ağır keçmişdir. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə
idi, xaos, anarxiya, böhran hökm sürürdü, neft sənayesi
tamamilə tənəzzülə uğramışdı, vətəndaş
müharibəsinə start verilmişdi. Yəni, ölkə
çox böyük təhlükələrlə üzləşmişdi
və müstəqilliyimizin ilk iki ili formal
xarakter daşıyırdı. Çünki Azərbaycan
müstəqil siyasət apara bilmirdi.
1993-cü ildə Azərbaycan
xalqı Heydər Əliyevə müraciət edərək
onu hakimiyyətə dəvət etdi, Prezident vəzifəsinə
seçdi və ondan sonra Azərbaycanın uğurlu
inkişaf dövrü başlamışdır. Biz əgər
tarixə baxsaq görərik ki, məhz o vaxtdan bu günə
qədər Azərbaycan inamla inkişaf edir, ölkə
qarşısında duran bütün vəzifələr
uğurla icra edilir və ölkə iqtisadiyyatının əsas
hissəsini təşkil edən neft-qaz sektorumuz da inkişaf
edir.
Qeyd etdiyim kimi, 1994-cü ildə
birinci Xəzər Neft-Qaz Sərgisi təşkil edilmişdir. Azərbaycanın
dünyada zəngin resurslara malik ölkə kimi
tanıdılmasında bu sərginin çox böyük rolu
olmuşdur. 1994-cü il sentyabrın
20-də “Əsrin kontraktı” imzalanmışdır. “Azəri-Çıraq-Günəşli”
neft yataqları dünyanın ən böyük neft
yataqlarından biridir və 24 il bundan əvvəl
imzalanmış “Əsrin kontraktı”nın
müddəti keçən il 2050-ci ilə qədər
uzadıldı. Yəni, bu, özlüyündə onu göstərir
ki, bu yataqda nə qədər böyük neft ehtiyatları
var. “Əsrin kontraktı” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət
göstərdi. İlk dəfə olaraq Xəzər
dənizi xarici şirkətlər üçün
açıldı. Biz o xarici şirkətləri dəvət
etdik və bu gün “Əsrin kontraktı”nın
icrası çox uğurla gedir və bu kontraktın
imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası
icra olunmağa başlamışdır.
Mən o tarixi günləri
yaxşı xatırlayıram. Çünki o vaxt mən
Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə
bilavasitə məşğul idim. O vaxt Azərbaycanın
neft strategiyası müəyyən olundu və bu gün biz bu
strategiyanın, görülən işlərin bəhrəsini
görürük.
1994-cü ildən sonra ikinci
böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə
imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində məhz Xəzər
Neft-Qaz Sərgisinin keçirildiyi gündə
imzalanmışdır. Beləliklə, Azərbaycan
dünyaya özünü nəinki neft ölkəsi, həm də
qaz ölkəsi kimi təqdim etdi. Onu da
yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi
məsələlərində qaz amili o qədər də
ciddi rol oynamırdı. Hətta qaz
yataqlarının işlənilməsi o qədər də
böyük maraq doğurmurdu. Çünki
mənfəət neft yataqları ilə müqayisədə
daha aşağı idi. Ona görə bu
layihəyə investorları cəlb etmək o qədər də
asan məsələ deyildi. Ancaq bu gün,
bu tarixi gündə Cənub Qaz Dəhlizinin
açılışını qeyd edərkən biz
görürük ki, bu, nə qədər vaxtında
atılmış və müdrik addım idi. “Şahdəniz” qaz yatağı Cənub Qaz Dəhlizinin
əsas resurs bazasıdır.
1997-ci ildə isə “Əsrin
kontraktı”nın icrası nəticəsində
“Çıraq” platformasından ilk neft
çıxarılmışdır. O tarixi videokadrlar artıq
göstərilir və doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən
Xəzərdə yeni yataqdan neft hasil edilmişdir.
Azərbaycan açıq dənizlərə
çıxışı olmayan bir ölkədir. Ona görə
neft kəmərləri tikilməli idi və 1999-cu ildə
artıq birinci neft kəməri – Bakı-Supsa kəməri
istifadəyə verilmişdir. Yəni, bu,
onu göstərir ki, biz bu böyük işləri nə qədər
qısa müddət ərzində görmüşük.
Bu işlər həm böyük maliyyə vəsaiti
tələb edirdi, həm də texniki cəhətdən
çox çətin layihələr idi. Onu
da deməliyəm ki, 1999-cu ildə bizim hələ
böyük vəsaitimiz də yox idi. Ondan
sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə
verildi. Ona görə bu layihələrin həyata
keçirilməsi doğrudan da böyük səylər,
böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə
verilməsi ilə biz tarixdə ilk dəfə Xəzər dənizini
Qara dənizlə neft kəməri ilə
bağlamışıq.
Ondan sonra 2002-ci ildə
artıq biz “Azəri-Çıraq” yatağından
böyük neft gözləyərkən məhz burada - Səngəçal
terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildi
və bu gün Azərbaycan xalqına, bütün dost ölkələrə
xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri
vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər
ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr
tərəfindən hasil edilən neft artıq bu kəmər
vasitəsilə dünya bazarlarına
çıxarılır. Azərbaycan bu
gün, eyni zamanda, etibarlı tranzit ölkə kimi qonşu
ölkələrə öz imkanlarını təqdim edir.
2007-ci ildə isə
Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə
verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz”
yatağının işlənməsi mümkün deyildi.
Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə
Azərbaycan qazı Gürcüstana və Türkiyəyə
nəql edilməyə başlamışdır. O
günü də mən çox yaxşı
xatırlayıram. Ceyhandakı mərasimi də
yaxşı xatırlayıram. Bu gün
buraya gələrkən bütün o tarixi anlar, o günlər
bir daha mənim yaddaşımda oyandı və bir daha mən
demək istəyirəm ki, doğrudan da bunlar tarixi nailiyyətlərdir.
“Şahdəniz”
yatağının gələcək işlənilməsi ilə
bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə,
biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə
Azərbaycan qazını dünya bazarlarına
çıxarmaq üçün qaz kəməri
lazımdır. Beləliklə, Cənub
Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki
işlərə start verildi. Çox ciddi
işlər, danışıqlar aparıldı və nəhayət,
2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında
TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə
imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin
reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli
hissəsidir. Biz gələn ay TANAP layihəsinin
istifadəyə verilməsini də qeyd edəcəyik.
Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın
20-də, - o da çox rəmzi məna daşıyır,
çünki “Əsrin kontraktı” 1994-cü il sentyabrın
20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin
təməli qoyulmuşdur. Bu gün biz bu layihənin
rəsmi açılışını qeyd edirik və bu,
doğrudan da böyük və tarixi hadisədir.
Cənub Qaz Dəhlizi nəhəng
infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40
milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə
resurslarımız var. Gələcək kəşfiyyat və
istismar işləri əminəm ki, bunu təsdiqləyəcək.
Bu layihələrin həyata
keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan
mümkün olmazdı. Mən, ilk növbədə, regional əməkdaşlıq
haqqında danışmaq istərdim. Azərbaycan,
Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri,
o cümlədən nəqliyyat sahəsində
Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq
çox güclü üçtərəfli regional əməkdaşlıq
formatı yaratmışlar. Ona görə
bu layihələrin icra edilməsində bu üç ölkənin
birgə səyləri xüsusi yer tutur. Mən
bu gün fürsətdən istifadə edərək həm
Türkiyə, həm Gürcüstan rəhbərliyinə əməkdaşlığa
görə təşəkkürümü bildirmək istəyirəm.
Mən bu gün Amerika Birləşmiş
Ştatlarının hökumətinə təşəkkürümü
bildirmək istəyirəm. Çünki
Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə
bizə böyük dəstək olub, bizə kömək
göstərib, həm siyasi dəstək, həm mənəvi
dəstək. Əlbəttə, bu layihələr
böyük resurslar tələb edir və maliyyə
resurslarının böyük hissəsi banklar tərəfindən
verilir. Amerika hökumətinin bu işdə
çox böyük səyləri olub. Biz
bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin
reallaşmasında həmişə hiss etmişik və hiss
edirik. Bu dəstək bu layihələrin
icra edilməsində çox böyük rol
oynamışdır.
Böyük Britaniya hökuməti
də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi,
BP şirkəti energetika sahəsində bizim əsas
investorumuzdur. Böyük Britaniya hökuməti
bu layihələrin reallaşmasında həmişə bizə
dəstək göstərmişdir, biz bu dəstəyi bu
gün də hiss edirik. Keçən ay
Londonda Baş nazir xanım Mey ilə mənim
iştirakımla BP ilə SOCAR arasında növbəti
kontrakt imzalanmışdır. Bu, bizim
strateji əlaqələrimizi bir daha əks etdirir.
Avropa İttifaqı bu layihənin
icrasında çox önəmli rol oynamışdır. Hələ
2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan
arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə
imzalanmışdır. Bu illər ərzində biz daim
Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın
və Avropa İttifaqının təşəbbüsü ilə
son dörd il ərzində Bakıda hər
il Cənub Qaz Dəhlizinin Məşvərət
Şurasının iclasları keçirilir. 2015-ci
ildən bu günə qədər Avropa İttifaqı bu
toplantılarda ən yüksək səviyyədə təmsil
olunur. Avropa İttifaqı ilə Azərbaycanın
əməkdaşlıq formatında energetika sektoru təbii
ki, çox böyük yer tutur.
Bu layihələrin həyata
keçirilməsi maliyyə institutlarının maliyyəsi
olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə
bizə dəstək olan beynəlxalq səviyyədə
tanınmış banklara da öz təşəkkürümü
bildirmək istəyirəm. Onlar da bizə
inanıb və öz maliyyə resurslarını
ayırıblar. Onlar da əmindirlər,
biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş
kimi bütün borcları vaxtında qaytarır və
qaytaracaq.
Bir sözlə, geniş beynəlxalq
əməkdaşlıq çərçivəsində həyata
keçirilən bu layihə əminəm ki, gələcəkdə
nəinki energetika sahəsində, bütün başqa sahələrdə
Avropada və bizim bölgədə əməkdaşlığın
dərinləşməsinə xidmət göstərəcək.
Cənub Qaz Dəhlizinin
icrasında yeddi ölkə iştirak edir. Mən o
ölkələrin adlarını bu gün çəkmək
istərdim - Azərbaycan, Gürcüstan, Türkiyə,
Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Bax, geniş beynəlxalq əməkdaşlıq
yaradılıb.
Eyni zamanda, üç Balkan ölkəsi
– Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar
kimi əminəm ki, növbəti mərhələdə bu
layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin
qolları olmalıdır. Biz ixrac
imkanlarımızı genişləndirmək istəyirik.
Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat
var. Biz də istəyirik daha çox qazı Avropaya sataq,
çünki Avropa bazarı bizim üçün ən əlverişli
bazardır.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi
məsələlərinin həllinə də kömək
göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə
bağlı məsələlər dünya gündəliyində
çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi,
o cümlədən enerji təhlükəsizliyindən
böyük dərəcədə asılıdır.
Cənub Qaz Dəhlizi enerji
resurslarının şaxələndirilməsi işində də
çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz
layihədir. Bu layihədə biz həm mənbələrin, həm
marşrutların şaxələndirilməsini
görürük. Çünki ancaq bu təqdirdə
biz tam mənada enerji resurslarının şaxələndirilməsi
haqqında danışa bilərik. Sadəcə
olaraq, yeni marşrutların açılması və eyni mənbədən
qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi
deyil. Biz isə, sözün əsl mənasında,
enerji şaxələndirilməsi layihəsini icra edirik.
Azərbaycan qazı yeni mənbədir və Cənub
Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini
yenidən tərtib edən layihədir. Bu
layihənin həyata keçirilməsində iştirak edən
bütün tərəflərin maraqları təmin edilib.
Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib.
Hasilatçı ölkə
Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan
və başqa ölkələr və istehlakçı
ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ
qaz kimi alacaqlar, - beləliklə, onlar üçün enerji təhlükəsizliyi
məsələləri daha da dolğun şəkildə, tam
şəkildə təmin ediləcək. Yəni,
maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə
bilməzdi. Bizim enerji siyasətimizlə
bağlı yanaşmamız məhz bundan ibarətdir. Biz qarşılıqlı faydalı əməkdaşlığı
təmin etməliyik.
İştirak edən
bütün tərəflər, şirkətlər, ölkələr
öz mənfəətini götürməlidirlər - həm
siyasi, həm təhlükəsizlik, həm iqtisadi. Şirkətlər
öz mənfəətini götürməlidirlər və
Azərbaycan resursların sahibi kimi, əlbəttə ki,
öz mənfəətini götürür və
götürəcək.
Çıxışımın
sonunda bu layihələrin ölkəmiz üçün nə
qədər böyük fayda gətirdiyini qeyd etmək istərdim. Bu gün Azərbaycan
ayaqda möhkəm duran bir ölkədir, müstəqil
ölkədir, müstəqil siyasət aparan ölkədir,
güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı,
ümumi daxili məhsul üç dəfədən çox
artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə
qoyulmuşdur.
Azərbaycanda xarici dövlət
borcu çox aşağı səviyyədədir, ümumi
daxili məhsulumuzun cəmi 20 faizini təşkil edir. Bizim valyuta
ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur.
Yəni, biz istənilən vaxtda bütün
borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda
son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50
faizdən 5,4 faizə düşüb,
işsizlik 5 faiz səviyyəsindədir. Bu, onu
göstərir ki, qara qızıl, neft və qaz insan
kapitalına çevrilib. Onu göstərir
ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından
əldə olunan gəlirləri cəmiyyətdə bərabər,
ədalətli şəkildə bölək və ölkə
iqtisadiyyatının inkişafı üçün lazım
olan layihələrə yönəldək. Dünya Davos İqtisadi Forumu Azərbaycan
iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə
görə 35-ci yerə layiq görüb. Bu,
onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini
uğurla aparırıq. Neftdən əldə
edilmiş gəlirlər iqtisadiyyatın qeyri-neft sektoruna
yönəlib. Davos Forumunun
hesablamalarına əsasən inkişafda olan ölkələr
arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan
üçüncü yerdədir. Bu
işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz
dayanır. Ancaq, eyni zamanda və
böyük dərəcədə bu işlərin təməlində
düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən
qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq
ölkələrin uğurlu inkişafını təbii
resurslar həll etmir. Düşünülmüş
siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün
azadlıqların təmin edilməsi, düzgün iqtisadi
siyasət və regional əməkdaşlıq uğurlu
inkişafın əsas amilləridir.
Bu gün bu tarixi gündə
mən bu tarixi məqamları bir daha sizin və Azərbaycan
xalqının diqqətinə çatdırmaq istərdim. Çünki
bugünkü günün təməli məhz o illərdə
qoyulub. Sadəcə olaraq, biz bütün
bu işləri ardıcıllıqla görmüşük.
Bu gün bizim ölkəmizin həyatında
çox əlamətdar tarixi bir gündür. Bu gündə mən Cənub Qaz Dəhlizinə uzun
və uğurlu ömür arzulayıram.
Sağ olun.
***
Sonra mərasimdə
çıxışlar oldu.
ABŞ Dövlət katibinin köməkçisinin
enerji məsələləri üzrə müavini xanım Sandra OUDKİRK
çıxış edərək dedi:
-Cənab Prezident Əliyev.
Energetika naziri Şahbazov.
Nazir müavini Çikovani.
Hörmətli cənab Məhəmməd
Barkindo.
Baronessa Nikolson, səfirlər,
xanımlar və cənablar.
Bugünkü mərasim - Cənub
Qaz Dəhlizinin açılışı tarixi hadisədir.
Mən bu münasibətlə
Prezident İlham Əliyevi təbrik edirəm.
Bu mühüm layihəni
reallığa çevirmək üçün yorulmaz fəaliyyətinə
görə burada təmsil olunan bütün ölkələrə
və şirkətlərə təşəkkürümü
bildirirəm.
Amerika Birləşmiş
Ştatları Xəzər hövzəsi regionunun daha
böyük iqtisadi inteqrasiyasında, Avropanın enerji təchizatının
şaxələndirilməsində bu layihənin mühüm
rolunu xüsusi qeyd edərək, 10 il bundan
əvvəl təklif olunan Cənub Qaz Dəhlizi barədə
təşəbbüsü qəti surətdə dəstəkləyib.
Prezident Tramp Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident
İlham Əliyevə bu günlərdə göndərdiyi məktubda
Cənub Qaz Dəhlizinin inanılmaz nailiyyət olduğunu və
bunun Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini
vurğulayaraq, bu layihəyə güclü dəstəyini
ifadə edib.
Təbii ki, Cənub Qaz Dəhlizi birgə
çalışmaq, sülh şəraitində inkişaf etmək,
Aralıq dənizinin şərq hissəsindən - İraq, Mərkəzi
Asiya və Qafqazdan daha böyük həcmdə təbii
qazın Avropadakı istehlakçılara çatdırmaq
baxımından region ölkələri üçün
yaxşı imkandır və o, şaxələndirmə məqsədilə
yaradılmışdır. Ümid edirik ki, həmin
ölkələr bu imkandan səmərəli istifadə edəcəklər.
Birləşmiş Ştatlar bütün tərəfdaşlarla,
eləcə də layihənin uzunmüddətli uğurunu təmin
etmək üçün bu layihəyə qoşulacaq digər
ölkələrlə işin davam etdirilməsini səmimiyyətlə
arzulayır. Sizi bir daha təbrik edirəm.
Sağ olun.
***
Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının
Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi
Baronessa Emma NİKOLSON çıxış edərək dedi:
- Zati aliləri, Prezident Əliyev.
Hörmətli qonaqlar,
xanımlar və cənablar.
Birləşmiş
Krallığın Baş nazirinin Azərbaycan üzrə
ticarət elçisi və Azərbaycana tez-tez səfər edən
insan kimi mən XXV Xəzər Neft-Qaz sərgi və
konfransına dəstək vermək üçün Bakıda
olmağımdan məmnunam. Azərbaycana səfər
etmək hər zaman böyük məmnunluq doğurur və
bu səfərimdə mən 1918-ci ildə yaradılan Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ən səmimi
təbriklərimi çatdırmaqdan şadam. Bu respublikanın yaradıcıları vaxtı
qabaqlayaraq qadınlara seçib-seçilmək və digər
hüquqları vermişlər. Bu səbəbdən mən
gender bərabərliyi sahəsində Azərbaycanın nailiyyətlərini
qeyd etmək üçün mayın 30-da Beynəlxalq
Qadınlar Forumunda iştirak etməkdən çox şadam.
Neft və qaz sənayesi Birləşmiş
Krallığın Azərbaycanla ticari münasibətlərinin
təməl daşı olaraq qalır. İlk Xəzər
Neft-Qaz sərgi və konfransının keçirilməsindən
sonra biz birgə böyük uğurlara imza atmışıq.
Bu il enerji əməkdaşlığında
növbəti mühüm hadisə baş verir. BP-nin “Şahdəniz-2” platformasından ilk qaz Cənub
Qaz Dəhlizi şəbəkəsi ilə Türkiyəyə
gedən boru kəmərlərinə daxil olacaq. Layihə Avropa üçün daha etibarlı enerji
təhlükəsizliyinin təmin edilməsi istiqamətində
atılmış mühüm addımdır. Biz birgə uğurlu tərəfdaşlıq
qurmuş, gələcək üçün möhkəm
bünövrə yaratmışıq.
Mən aprelin 26-da Prezident
Əliyevlə və Baş nazirimizlə onun Londondakı iqamətgahında
olmaqdan şərəf hissi duydum və o vaxt BP ilə SOCAR
gözəl uğurlu tərəfdaşlığın
növbəti sazişini imzaladılar. Əməkdaşlığımızın
dərinləşdirilməsi ölkələrimizə daha
böyük iqtisadi fayda gətirəcək. Bu baxımdan Birləşmiş Krallıq bizim ticari
əməkdaşlığımıza xüsusi diqqət
yetirir. Mən Baş nazir xanım Tereza Meyin “Xəzər
Neft və Qaz 2018” sərgi və konfransı münasibətilə
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab
İlham Əliyevə təbrik məktubunu oxumaq istərdim:
“Bakıda keçirilən
“Xəzər Neft-Qaz 2018” sərgi və konfransının
açılışı münasibətilə məktub
göndərməkdən böyük məmnunluq hissi duyuram.
Tam müstəqil və
suveren ölkə olan Azərbaycanın 1918-ci ildə
yaradılmış Xalq Cümhuriyyətinin 100 illik yubileyini
qeyd etməsi bu ilə xüsusi əhəmiyyət verir.
Bu il həm də
ilk dəfə 1994-cü ildə keçirilmiş Xəzər
Neft-Qaz Sərgi və Konfransının 25-ci
ildönümüdür. Hər iki yubiley
münasibətilə Prezident İlham Əliyevə ən səmimi
təbriklərimi çatdırmaq istəyirəm.
Neft və qaz sənayesindən
əldə olunan gəlirlər Azərbaycanın müasir və
müstəqil ölkəyə çevrilməsinə kömək
etmişdir.
BP-nin Azərbaycanın
iqtisadi inkişafında belə mühüm rol oynaması
sevindirici haldır. 1994-cü ildə imzalanmış “Azəri-Çıraq-Günəşli”
müqaviləsi Azərbaycanın neft tarixində, eləcə
də ikitərəfli əlaqələrimizdə yeni bir
dövrün başlanğıcını qoyan tarixi
dönüş nöqtəsi idi.
O vaxtdan bəri Britaniya şirkətləri
Azərbaycanın neft və qaz sektorunu bütün
dünyanın qibtə edəcəyi müasir texnologiya və
dünya səviyyəli istehsalat müəssisələri
vasitəsilə inkişaf etdirmək üçün on
milyardlarla funt-sterlinq investisiya yatırıb.
Biz tərəfdaşlığımızı
daha da genişləndirmək istəyirik. Məhz buna
görə mən aprelin 26-da Prezident İlham Əliyevi Dauninq
Stritdə qarşılamaqdan böyük məmnuniyyət
hissi keçirdim. Bizim iştirakımızla BP və
SOCAR arasında hasilatın pay bölgüsü üzrə
altıncı Saziş imzalandı. Bu Saziş son iyirmi beş il ərzində iki şirkət
arasında qurulmuş möhtəşəm tərəfdaşlığın
təcəssümüdür.
Birləşmiş
Krallıq və Azərbaycan energetika sahəsindən başqa
bir çox digər sahələri də əhatə edən
güclü və ikitərəfli faydalı əlaqələr
qurublar. Ümid edirəm ki, bu əlaqələr
qarşıdakı illərdə də yüksələn xətlə
inkişaf edəcək.
Sonda builki Xəzər
Neft-Qaz Sərgi və Konfransının
iştirakçılarına uğurlar arzulayıram.
Tereza Mey
Böyük Britaniya və Şimali
İrlandiya Birləşmiş Krallığının
Baş naziri”
Baronessa Emma Nikolson
çıxışına davam edərək dedi: Cənab
Prezident, xanımlar və cənablar, bu gün bu konfransda
iştirak etməkdən şərəf hissi duyuram və bu səfərimdən
çox razıyam. Sizi əmin edirəm ki,
bundan sonra da səylərimi göstərəcəyəm ki,
ölkələrimiz arasında ticari münasibətlər
daha da güclənsin və xalqlarımız bundan bəhrələnsin.
Sizə uğurlar arzulayıram.
***
Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib
Ərdoğanın Prezident İlham Əliyevə və Cənub
Qaz Dəhlizinin rəsmi açılış mərasiminin
iştirakçılarına məktubunu oxudu. Məktubda deyilir:
“Cənab Prezident, əziz
qardaşım İlham Əliyev.
Hörmətli qonaqlar.
Sizi səmimi qəlbdən
salamlayıram.
Türkiyəyə və
Avropanın digər ölkələrinə Azərbaycan
qazını çatdıracaq Transanadolu təbii qaz boru kəmərinə
ilk qazın verilməsi münasibətilə keçirilən
bu mərasimin xeyirli olmasını diləyirəm.
İstər Azərbaycan ilə
ikitərəfli, istərsə də regional əməkdaşlığımız
baxımından örnək bir layihə olan TANAP-ın
tamamlanması hamımız üçün qürur mənbəyidir.
Bundan əvvəl uğurla həyata
keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
boru kəmərləri və nəqliyyat sahəsində
Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin
taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın
bir başqa bəhrəsidir.
TANAP-ın
reallaşmasında ABŞ-ın və Avropa
İttifaqının dəstəyi də əhəmiyyətli
olmuşdur.
Birlikdə
atdığımız addımlar bu tarixi layihənin sürətlə
və problemsiz başa çatdırılmasında önəmli
rol oynamışdır.
Bundan sonrakı müddətdə
Avropaya yeni bir mənbədən qaz nəqlini mümkün edəcək
Cənub Qaz Dəhlizinin digər layihələrinin də
vaxtında başa çatdırılması mühüm əhəmiyyət
daşıyır.
Bu gün TANAP boru kəmərinə
ilk qazın verilməsindən sonra iyunun 12-də Əskişəhərdə
böyük bir mərasimlə kəmərin
açılışını edəcəyik.
Bu tarixi anın şahidi
olmaq üçün sizləri də Əskişəhərdə
qarşılamaqdan böyük məmnunluq duyacağıq.
Digər tərəfdən, bu il 25-ci
dəfə keçirilən “Xəzər Neft və Qaz” sərgi
və konfransının təşkilində əməyi
olanları təbrik edir, bu mühüm tədbirin
uğurlarının artmasını və davamlı
olmasını diləyirəm.
Bu xoş fürsətdən
istifadə edərək TANAP-ın başda Türkiyə və
Azərbaycan olmaqla, bölgəmiz üçün xeyirli
olmasını bir daha arzu edir, bütün
iştirakçıları səmimi qəlbdən
salamlayıram.
Rəcəb Tayyib
Ərdoğan
Türkiyə
Respublikasının Prezidenti”
***
Neft İxrac Edən Ölkələr
Təşkilatının (OPEC) baş katibi Məhəmməd
BARKİNDO çıxış edərək dedi:
-Zati-aliləri, möhtərəm cənab
Prezident.
Hörmətli mərasim
iştirakçıları, sənaye liderləri, əssalamü
aleykum.
Ramazan ayınız mübarək
olsun.
Xəzər dənizinin sahilində -
Səngəçal terminalında yalnız 25-ci
ildönümü qeyd olunan “Xəzər Neft və Qaz” sərgi
və konfransının açılışında
iştirak etdiyim üçün yox, eyni zamanda, qlobal və
möhtəşəm layihənin açılışı
və istismara verilməsi mərasiminə
qatıldığım üçün böyük şərəf
və məmnunluq hissi keçirirəm.
Cənab Prezident, “Şahdəniz”
Sizin müdrik rəhbərliyinizin, səy və qətiyyətinizin,
bu böyük ölkədə fəaliyyət göstərən
sənaye şirkətlərinin hamıya nümayiş
etdirdiyi əzmkarlığın parlaq sübutudur. Bu layihə və onun artıq sürətlə
inkişaf etməkdə olan fazası çoxmilyardlı
kapital qoyuluşu layihəsidir. Bu layihə
dünya miqyasında ən böyük enerji layihələrindən
biridir. Bu layihə bir ilham mənbəyidir,
bütün Azərbaycan, eləcə də region və
dünya bu layihədən qürur hissi duymalıdır.
Bu layihə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli
şəkildə əlavə dəyər verir və
karbohidrogen sektorunun genişlənməsinə imkan yaradır.
Bu layihə bizim razılığa gəlməyimiz
üçün Sizin təşəbbüskarlığınız
və rəhbərliyiniz sayəsində OPEC-ə üzv olan və
üzv olmayan neft hasil edən 24 ölkə arasında tarixi əhəmiyyət
daşıyan əməkdaşlıq bəyannaməsində,
BP tərəfindən idarə olunan “Şahdəniz” layihəsi
və bir neçə ölkədən olan çoxsaylı
neft və qaz şirkətlərinin timsalında böyük tərəfdaşlığın
sübutudur. Biz Sizin bir neçə il
bundan əvvəl ifadə etdiyiniz və ən yüksək
hökumət dairələri səviyyəsində bunu etməyə
çağırdığınız OPEC-ə üzv olan və
üzv olmayan ölkələrin bir araya gəlməsinin
vacibliyini bildirən baxışınıza görə
Zati-alinizə minnətdar olmaqda davam edəcəyik. Əlbəttə
ki, buraya Sizin dövlət neft şirkətiniz
olan SOCAR, habelə digər iştirakçı şirkətlər
də daxildir. Bu, eyni zamanda, istehsalçı və
istehlakçılar arasında səmərəli və
uzunmüddətli əməkdaşlığın bir
nümunəsi olan tərəfdaşlıqdır. Bu tərəfdaşlıq Cənub Qaz Dəhlizi ilə
Xəzər dənizindən daha çox qaz
ehtiyatlarının nəql olunmasına imkan yaradacaq və
bununla da qlobal enerji təhlükəsizliyinə, xüsusilə
Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Zati-aliləri, icazə verin,
sitat gətirim. Dahi Henri Ford demişdir : “Əgər
hamı birlikdə hərəkət edirsə, onda uğur
özü sizə gələcək”.
Keçən il mən
Sizin ölkənizdə olmuşdum. Lakin iki ay
bundan əvvəl, cənab Prezident, mənə Sizinlə
görüşmək şərəfi nəsib oldu. Bu görüşdə biz neft bazarlarına
dayanıqlı əsaslarla sabitliyi bərpa etmək işində
kömək göstərmək üçün fikir
mübadiləsi apardıq və qət etdiyimiz yolu qiymətləndirdik.
Mən Sizin müdrik fikirlərinizi,
işlərin necə irəliləməsi ilə bağlı
tövsiyələrinizi özümlə Vyanaya apardım. Mən Azərbaycanın
davamlı surətdə ən çox neft hasil edən ölkələr
arasında olduğunu nəzərə alaraq hasilatın
könüllülük prinsipi əsasında
uyğunlaşdırılması ilə bağlı OPEC-lə
davamlı əməkdaşlıq apardığınıza,
göstərdiyiniz dəstəyə və üzərinizə
götürdüyünüz öhdəliyə görə təşəkkürümü
bir daha ifadə etmək istəyirəm. Əməkdaşlığımızın
daha da genişləndirilməsi üçün mümkün
imkanlarla bağlı müzakirələrimizin davam etdirilməsi
də məndə böyük məmnunluq hissi doğurur.
Mən bilirəm ki, OPEC-ə üzv olan və üzv olmayan
ölkələr arasında Sizin dəstəklədiyiniz
belə bir möhtəşəm əməkdaşlıq
formatının yaradılmasında hamımız bir dəyər
görürük. Bu, həmişəkindən
daha çox mürəkkəb, qarşılıqlı
asılılığı və qlobal bazarda, sənayedə
olan bütün maraqlı tərəflərin dayanıqlı
sabitliyə nail olmaq üçün birlikdə
çalışmasını əhəmiyyətli edir. Bu, həm hasilatçıların, həm də
istehlakçıların maraqlarına xidmət edir. Bu qlobal layihənin istismara verilməsi Sizin
bütün dünyaya ölkələr, regionlar, həm beynəlxalq,
həm də milli neft şirkətləri arasında əməkdaşlıq
üçün hansı addımların
atılmasının zəruriliyi barədə
çağırışınızın vacibliyini bir daha təsdiqləyir.
Cənab Prezident, mən bu dialoqu
növbəti iki gün ərzində Sizin nümayəndələrinizlə
davam etdirməyi, “Xəzər Neft və Qaz” sərgi və
konfransında iştirakımı səbirsizliklə gözləyirəm.
Təşəkkür edirəm.
***
Qaz İxrac Edən Ölkələr
Forumunun baş katibi Yuri
SENTYURİN çıxış edərək dedi:
-Zati-aliləri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev.
Möhtərəm mərasim
iştirakçıları, xanımlar və cənablar.
Cənub Qaz Dəhlizinin
açılışını bildirən belə bir mötəbər
tədbirin iştirakçısı olmaq mənim
üçün böyük şərəfdir. Sənaye, neft və qaz, mədəniyyət,
elm mərkəzi olan, lakin ən önəmlisi təmsil
etdiyim qurumun - Qaz İxrac Edən Ölkələr Forumunun
üzvü kimi Azərbaycanın gözəl paytaxtında -
Bakıda olmaq məndə böyük məmnunluq hissi
oyadır.
Azərbaycan Foruma 2015-ci ildə
üzv olub. Cənub Qaz Dəhlizinin rəsmi
açılışı ilə bağlı bu mərasim
beynəlxalq qaz mərkəzi kimi Azərbaycanın yeni önəmli
mövqeyini vurğulayır. Enerjiyə gələcək
tələbatın qarşılanmasında təbii qaz
böyük rol oynayacaq.
Azərbaycan Respublikasının
Prezidenti, Zati-aliləri İlham Əliyevin müdrik rəhbərliyi
ilə aparılan siyasət nəticəsində Azərbaycan
bir mərkəz kimi mühüm mövqe əldə
etmişdir. Fürsətdən istifadə edərək
prezident seçkilərində inamlı qələbəniz
münasibətilə Qaz İxrac Edən Ölkələr
Forumunun səmimi təbriklərini Sizə çatdırmaq
istəyirəm.
Qaz yataqlarının işlənilməsi
ilə bağlı ən böyük layihələrdən
biri kimi Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən
təbii enerji resurslarının nəqlində mühüm
rol oynayacaq. Gözlənildiyi kimi, Xəzər və Avropa
regionunda bir çox ölkələrdən keçən belə
bir nəhəng layihə xüsusilə dövlət və
özəl sektor arasında genişmiqyaslı əməkdaşlığa
xidmət edəcək. Texnologiyanın əsas
komponent rolu oynamasını nəzərə alsaq, bu
böyük layihəni həyata keçirmək
üçün 7 hökumət və 11 müstəqil
şirkətin birlikdə çalışması faktı
heç də təəccüblü deyil. Öz nəhəngliyi ilə seçilən Cənub
Qaz Dəhlizi Xəzər dənizinin qaz resurslarını ilk
dəfə birbaşa Avropa bazarlarına çıxararaq,
bütöv regionun enerji xəritəsini dəyişəcək.
Avropada yerli qaz istehsalının yaxın iyirmi il
ərzində azalacağı gözlənilir. Artan
idxal çatışmazlığı ilə əlaqədar
Avropa İttifaqı gələcək enerji tələbatını
qarşılamaq üçün öz idxal imkanlarını
daha da şaxələndirməlidir. Cənub
Qaz Dəhlizi mövcud təchizat marşrutlarına əlavə
olacaq və artan mayeləşdirilmiş təbii qaz
daşımaları, “Şimal axını” kimi yeni əlavələrlə
birlikdə idxal çatışmazlığını
azaltmağa kömək edəcək. Həmçinin
Azərbaycanın maliyyə və siyasi öhdəliyi enerji
dayanıqlılığının təmin olunması
üçün ölkənin oynadığı və
oynamağa davam edəcəyi vacib rolu vurğulayır.
Enerji təhlükəsizliyi və
dayanıqlı inkişaf haqqında danışarkən deməliyik
ki, bunlar dünyanın müxtəlif regionlarını təmsil
edən, qaz hasilatçısı və
ixracatçısı olan 19 ölkədən ibarət Qaz
İxrac Edən Ölkələr Forumunun məqsədləri
ilə tamamilə uzlaşır. Bu ölkələr birlikdə
dünyanın sübut olunmuş qaz ehtiyatlarının 70
faizinə, qaz boru kəmərlərinin 63 faizinə və
mayeləşdirilmiş təbii qaz ehtiyatlarının 58
faizinə malikdir. Qazın gələcək mənzərəsi
kifayət qədər müsbətdir. Təbii qaz
2040-cı ilə qədər ildə 1,5-1,8
faiz artaraq ən tez hasil edilən yanacaq növü
olacaqdır. Həmin dövrdə qlobal ümumi
təbii qaz ixracı 50 faiz artacaqdır. Avropa
bazarı bu artımın çoxunu özünə cəlb
edəcəkdir və bu da Cənub Qaz Dəhlizi infrastrukturunun
önəmini bir daha artıracaq.
Zati-aliləri, möhtərəm
qonaqlar, Qaz İxrac Edən Ölkələr Forumunun sadiq
olduğu əsas dəyər hasilatçı,
istehlakçı və tranzit ölkələr
arasındakı əməkdaşlıqdır. Belə bir əməkdaşlıq
etimad doğurur. Bu da öz növbəsində
tərəflərə bütün maraqlı tərəflər
arasında risklərin bərabər şəkildə
paylanılması prinsiplərinin qəbul olunmasını
unutmamaqla təchizatın və tələbatın təhlükəsizliyi
üçün qaza tələbatı və təchizatı
stimullaşdırmaq potensialı olan təcrübələrə
cəlb olunmaq imkanı verir. Təbii qaz
Paris razılaşmasının hədəflərinin tələblərini,
habelə Birləşmiş Millətlər Təşkilatının
dayanıqlı inkişaf məqsədlərini mükəmməl
şəkildə qarşılayan insanların seçdiyi
enerjidir. Bu dəyərlər, enerji təhlükəsizliyinə
sadiqlik, əməkdaşlıq Cənub Qaz Dəhlizinin özəyində
durur. Bununla da Cənub Qaz Dəhlizinin və
Qaz İxrac Edən Ölkələr Forumunun məqsədlərinin
bir nöqtədə üst-üstə
düşdüyünü xüsusi vurğulamaq
lazımdır.
Zati-aliləri, möhtərəm
mərasim iştirakçıları, bizim mərasim beynəlxalq
səviyyədə tanınan, nüfuzlu tədbir olan XXV “Xəzər
Neft və Qaz” sərgi və konfransı ilə eyni zamanda
keçirilir.
Hər iki tədbirin çox əlamətdar
hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü
ildönümünün qeyd olunması ilə paralel
keçirilməsi çox mühüm əhəmiyyət kəsb
edir.
Bu imkandan istifadə edərək,
çox əlamətdar yubiley ilə əlaqədar, icazə
verin, Sizə səmimi təbriklərimi çatdırım və
qardaş Azərbaycan xalqına ən xoş arzularımı
ifadə edim.
Diqqətinizə görə təşəkkür
edirəm.
***
Mərasimdə çıxış
edən “BP Group Upstream”in baş icraçısı Bernard
LUNEY dedi:
- Zati-aliləri, cənab Prezident.
Nazirlər, SOCAR-dan olan
dostlarımız, xanımlar və cənablar.
Bu gün burada, bu tarixi anda
BP-ni və “Şahdəniz” konsorsiumunu təmsil etməkdən
şərəf duyuram. Cənab Prezidentin də dediyi kimi,
bugünkü tarix bir çox səbəblərdən əlamətdardır.
Hər şeydən əvvəl biz Cənub Qaz
Dəhlizinin rəsmi açılışını qeyd
edirik. Mən “Şahdəniz” konsorsiumunun adından, həmçinin
SOCAR-a və digər tərəfdaşlara – TPAO, “Petronas”,
“Lukoil”, NICO və Cənub Qaz Dəhlizinə “Şahdəniz-2”
layihəsinin reallaşdırılmasında göstərdikləri
dəstəyə görə təşəkkür etmək
istəyirəm. Biz bu layihəni birlikdə
reallaşdırdıq. Biz Xəzər
hövzəsinə dair öz təcrübə və dərin
bilikləri ilə layihəyə verdiyi töhfəyə
görə SOCAR-a xüsusi minnətdarlığımızı
bildiririk.
“Şahdəniz-2” həqiqətən
də transformasiyaya yol açan inqilabi bir layihədir. Dünyanın
ən böyük qaz layihələrindən biri kimi, bu layihənin
Azərbaycanın qaz hasilatını ildə 16 milyard kubmetr
artıracağı gözlənilir. Layihənin
pik dövründə təkcə Azərbaycanda “Şahdəniz-2”də
24 min nəfərdən çox insan işləyib. BP
şirkətində 2 min 500 nəfər Azərbaycan vətəndaşı
işləyir ki, bu da ölkədəki
ixtisaslaşmış heyətimizin 90 faizini təşkil edir.
Həmçinin yerli vətəndaşlar üçün
iş yerləri yaratmaqla bu layihə infrastrukturun
inkişafına əhəmiyyətli töhfə verir.
Bakı yaxınlığında modernləşdirilmiş
dünya səviyyəli istehsalat sahələri, Xəzər dənizində
analoqu olmayan “Xankəndi” qabaqcıl sualtı tikinti gəmisinin
inşası, yerli resurslardan maksimum istifadə və ilk dəfə
olaraq bütün dəniz qurğularının, o cümlədən
dünya səviyyəli iki platformanın yerli resurslarla Azərbaycanda
inşa edilməsi buna əyani misaldır. Əlbəttə
ki, bu gün Cənub Qaz Dəhlizinə qazın
vurulmasını rəsmi olaraq qeyd etdiyimiz bu Səngəçal
terminalında aparılmış əsaslı genişləndirilmə
işləri qeyd olunanların bariz nümunəsidir.
Buradan Cənub Qaz Dəhlizi
Azərbaycan və Gürcüstan əraziləri ilə uzanan
genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini izləyir
və oradan isə TANAP xəttinə qoşulur. Bütün
bunlar ölkə üçün böyük nailiyyətlərdir.
Əlbəttə ki, 2020-ci ilə qədər Cənub
Qaz Dəhlizi ilə Xəzərdən çıxan Azərbaycan
qazının ilk dəfə olaraq birbaşa Avropanın qaz
bazarlarına nəql ediləcəyi gözlənilir. Mənim dediyim transformasiya məhz budur. Bu isə
yalnız sizin və hökumətin, cənab Prezidentin, habelə
SOCAR və bütün digər “Şahdəniz” tərəfdaşlarının
dəstəyi sayəsində və əlbəttə ki, Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində mümkün olmuşdur.
Bu gün biz, həmçinin
Xəzər Neft və Qaz Sərgisinin 25 illiyini qeyd edirik. Bu sərginin
ilk dəfə 1994-cü ildə açılışı
neft-qaz hasilatı üzrə uzunmüddətli və
uğurlu ənənələrə söykənən
müasir sənayenin dirçəlişi ilə əlamətdar
olmuşdur.
Cənab Prezident, mən Sizə və
Azərbaycan xalqına BP-nin səmimi təbriklərini
çatdırmaq istəyirəm. Biz həmişə bu sərgidə
iştirak etmək, ötən bir il ərzində nəyə
nail olduqlarımızı nümayiş etdirmək və
bölüşmək, burada qurduğumuz davamlı tərəfdaşlığı
qeyd etmək, neft və qazın Azərbaycanda sosial, mədəni
və iqtisadi sahələrə verdiyi əsaslı töhfəni
təqdir etmək imkanına malik olmaqdan məmnunluq
duymuşuq.
1994-cü ildə “Əsrin
kontraktı”nın imzalanması Azərbaycanda
böyük sərmayələr və inkişaf
dövrünün təməlini qoydu.
Cənab Prezident, məhz Sizin
uzaqgörən siyasətiniz sayəsində ötən ilin
sentyabr ayında “Azəri-Çıraq-Günəşli”
üzrə yeni “Əsrin kontraktı” imzalandı.
Cənab Prezident, Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edərkən, hesab edirəm
ki, Siz “İlk demokratik respublikanın qurucuları
bugünkü Azərbaycanı görsəydilər, onunla
qürur duyardılar” deməklə bütün bu nailiyyətləri
bir cümlə ilə gözəl ifadə etmiş oldunuz. Qürur
duyulmalı və perspektivdə gözlənilən çox
nailiyyətlər var.
BP və “Şahdəniz” tərəfdaşlarının
adından qeyd etmək istəyirəm ki, bu ölkənin
növbəti yeni bir uğur yolunda Sizinlə əməkdaşlıq
etməyi səbirsizliklə gözləyirik. Təşəkkür
edirəm.
***
Sonra “Şahdəniz-2” və
“Cənub Qaz Dəhlizi” layihələri haqqında
videoçarx təqdim olundu.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı bu vaxtadək Azərbaycanda aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadratkilometr ərazini əhatə edir və onun ilkin geoloji qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. “Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunacaq qaz Cənub Qaz Dəhlizi ilə ötürüləcək. Qaz təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq. Türkiyəyə ilk qaz bu il, Avropaya isə 2020-ci ildə çatacaq.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdi.
Bununla da Azərbaycan daha bir
tarixi nailiyyətə imza atdı. Cənub Qaz Dəhlizinin
əsas seqmentlərindən olan TANAP boru kəməri gələn
ay istismara veriləcək. Qaz ixracı nəticəsində
ölkəmizin gəlirləri artacaq, Azərbaycanın beynəlxalq
mövqeyi daha da güclənəcək.
Sonda xatirə şəkilləri
çəkdirildi.
Azərbaycan.- 2018.-30 may.- S.1; 3; 4; 5.