Dünya tarixində öz demokratikliyi
ilə seçilən cümhuriyyət
Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransın açılışında çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Xalq Cümhuriyyətinin dünya tarixinin ən demokratik dövlət qurumlarından biri olduğunu söyləyib. Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını deyən U.Ələkbərov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi.
Konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu söyləyib. Diqqətə çatdırılıb ki, cümhuriyyət xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb, müsəlman xalqlara müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib. Qısa müddətdə tarixi bir missiyanı yerinə yetirən Xalq Cümhuriyyəti genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verən cümhuriyyət bununla bütün dünya demokratiyasına böyük töhfə verib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarların qəbul olunduğu vurğulanıb.
Akademiyanın kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova isə cümhuriyyətin irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək bütün vətəndaşların hüquq bərabərliyini təmin etdiyini bildirib.
Konfrans işini bölmə iclaslarında davam etdirib. İclaslarda cümhuriyyətin cəmi 23 ay fəaliyyət
göstərməsinə baxmayaraq,
həyata keçirdiyi
tədbirlərin müstəqil
dövlətçiliyimizin əsaslarının yaradılması
və gələcək
inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük
əhəmiyyət kəsb
etdiyi vurğulanıb.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 30 may.- S.12.