Elmar Məmmədyarov: “Azərbaycan Fələstin məsələsinin
ədalətli həllinə töhfə verməyə
hazırdır”
Azərbaycan həmişə olduğu
kimi, Fələstin məsələsinin ədalətli
həllinə töhfə
verməyə hazırdır.
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 18-də İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) İstanbulda keçirilən
fövqəladə sammitindəki
çıxışı zamanı
bildirib.
Nazir qeyd edib ki,
60-dan çox fələstinlinin
öldürülməsi və
2000 insanın yaralanması
qəbuledilməzdir. Biz, üzv dövlətlər
və İƏT olaraq qan tökülməsini dayandırmaq və
qınamaq üçün daha çox səylər ortaya
qoymalıyıq. Azərbaycan həmişə olduğu kimi,
bu məsələnin ədalətli həllinə töhfə
verməyə hazırdır. Biz bir daha tam həmrəyliyimizi
və Fələstin məsələsinin ədalətli və
hərtərəfli həlli üçün dəstəyimizi
bildiririk. Fələstin-İsrail münaqişəsinin
sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin
Dövlətinin paytaxtı olmaqla “iki dövlət prinsipi”nə
əsaslanmalıdır.
Bildirilib ki, ABŞ Prezidentinin Yerusəlim şəhərini İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır.
Nazir deyib: “Göründüyü kimi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu addım Fələstin-İsrail münaqişəsinin ədalətli və davamlı həllinə nail olmaq üçün ümidləri puç etdi və humanitar fəlakətə yol açdı”.
Elmar Məmmədyarov qeyd edib ki, 2013-cü ildə Azərbaycan Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransına və Yerusəlim şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına evsahibliyi etdi. 2017-ci ildə Azərbaycanda “İslam həmrəyliyi ili” çərçivəsində biz BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin himayəsi və İƏT-in dəstəyi ilə Yerusəlim məsələsinə dair beynəlxalq konfransa evsahibliyi etdik. Həmin konfrans Əl-Əqsa məscidinin bağlanmasını və orada dindarlara qarşı məhdudiyyətləri qınayan kommünikenin qəbulu ilə nəticələnmişdi.
“Bildiyiniz kimi, keçən ay Qoşulmama Hərəkatı “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına evsahibliyi edib. Bu tədbir çərçivəsində Qoşulmama Hərəkatının Fələstin məsələsi üzrə Nazirlər Komitəsinin toplantısı təşkil olundu. Yekun Bakı Bəyanatında zorakılığa tamamilə son qoyulması üçün ciddi kollektiv səylərin göstərilməsinə çağırışlar edildi.
Həmçinin Fələstin qurumlarının xahişi əsasında Azərbaycan 2018-ci ilin sonunda Fələstinin Asiya ölkələrində akkreditə olunan səfirlərinin illik toplantısının təşkilinə köməklik göstərməyi planlaşdırır”, - deyə nazir vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı tam dəstəklədiyinə görə İƏT-ə və onun üzv dövlətlərinə minnətdarlığını çatdıran Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və İƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, 25 ildən artıqdır Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini yerli müsəlman əhali və İslam mədəniyyəti üçün dəhşətli humanitar nəticələrə səbəb olan qeyri-qanuni hərbi işğalda saxlamaqdadır.
Azərbaycan.- 2018.- 20 may.- S.2.