İqtisadiyyatda qazanılan uğurlar Gəncənin sürətli inkişafını təmin edir

 

Son illər Azərbaycanda qazanılan uğurları ölkəmizin ikinci böyük şəhəri Gəncənin timsalında görmək olar. Qədim Nizami yurdunun siması o qədər dəyişib ki, şəhərə gələn əcnəbi qonaqlar indi onu inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə edirlər.

Elə Gəncənin ən mötəbər tədbirlərə evsahibliyi etməsi də bu inkişafın müsbət göstəricisidir. 2016-cı ildə Avropa “Gənclər paytaxtı”, 2017-ci ildə MDB ölkələrinin “Mədəniyyət paytaxtı” seçilən Gəncə bu gün özünün çiçəklənən dövrünü yaşayır. Haqlı olaraq şəhər sakinləri yaşadıqları bu qədim şəhərlə fəxr edir, onun daha böyük uğurlara imza atması üçün əllərindən gələni əsirgəmirlər. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə etdiyi səfərlər şəhərin həyatında yeni mərhələ açmaqla yanaşı, onun daha da inkişaf etməsinə stimul yaratmışdır.

Hər ili yüksək göstəricilərlə yola salan şəhər sakinləri cari ilə uğurla başlamış, 2018-ci ilin birinci rübü ərzində də qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görmüşlər. Belə ki, şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 236 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çoxdur. Nəticədə işləyən əhalinin orta aylıq əməkhaqqı 4,4 faiz artmışdır.

Uğurla reallaşdırılan iqtisadi islahatların əsas prioritetlərindən biri də ixracın genişləndirilməsidir. Son 3 ay ərzində şəhər müəssisələrində istehsal olunmuş məhsulların 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac olunmuşdur. Bu sahədə “Gəncə dəyirman” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Gəncə Tekstil” ASC, “Azəri-Ərəboğlu”, “DET.Al Alüminium” MMC, “Gəncə Əlvan Metal Emalı” ASC və Gəncə Avtomobil Zavodu xüsusilə fərlənmişdir.

Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhər sakinləri bütün sahələrdə yenidənqurma və abadlıq işlərini də uğurla davam etdirmişlər. Təməli Prezident İlham Əliyevin xeyir-duası ilə qoyulmuş 500 tamaşaçı tutumu olan Gəncə Dövlət Dram Teatrının yeni binasının və idman sarayının tikintisinə başlanılmışdır.

Bundan başqa, Üzeyir Hacıbəyli küçəsində yerləşən və qəzalı vəziyyətdə olan yataqxanada yaşayan insanların köçürülməsi üçün Nizami küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində yeni binaların, 2016-cı ildə yağan yağışlar nəticəsində evlərinə ziyan dəymiş vətəndaşlar üçün fərdi yaşayış evlərinin inşası da cari ildə davam etdirilmişdir.

Hazırda ümumi sahəsi 5 min kvadratmetrdən çox olan “Majestik” mehmanxanasının və ümumi sahəsi 2 min 500 kvadratmetr olan “Otel Univermaq”ın, həmçinin Hacıkənd qəsəbəsində 7 mərtəbəli ARFA mehmanxanasının və “Nizami Gəncəvi - sələfləri və xələfləri” adlı parkın inşası davam etdirilir.

Şəhərdə çoxmərtəbəli binaların da təmiri aparılır. Artıq dövlət vəsaiti ilə 14 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, 31 lift əsaslı və cari təmir edilərək sakinlərin ixtiyarına verilmişdir. Ayrı-ayrı ünvanlarda yerləşən inzibati binaların, ticarət, məişət və digər xidmət obyektlərinin ətrafında abadlıq işləri görülmüşdür. Hazırda nümunəvi məhəllələrin yaradılması istiqamətində iş aparılır. Layihənin həyata keçirilməsində əsas məqsəd şəhər sakinlərinin, xüsusilə uşaqların və gənclərin, təqaüdçülərin istirahətini səmərəli təşkil etməkdir.

Əhalinin təbii qazla təminatı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, qaz təchizatının yenidən qurulması, mavi yanacaqla təchiz olunmayan yaşayış ərazilərinə qaz xətlərinin çəkilməsi, əhaliyə verilən təbii yanacağın dəyərinin vaxtında ödənilməsi məqsədilə mənzillərdə müasir sayğaclar quraşdırılmışdır. Bundan başqa, şəhər qaz şəbəkəsində nəql edilən mavi yanacağın təchizatının yaxşılaşdırılması, istehlakçılara verilən qazın təzyiq rejimlərinin nizamlanması və qaz itkisinin qarşısının alınması məqsədilə ayrı-ayrı ünvanlarda 1025 qaz tənzimləyici qutu və 568 siyirtmə yenisi ilə əvəz edilmişdir. İstehlakçıların fasiləsiz qazla təmin edilməsi məqsədilə Sadillı və Cavad xan qəsəbələrində, Turqut Özal və Vəli Xuluflu küçələrində yüksək təzyiqli qaz boruları dayaqlar üzərinə qaldırılmışdır.

Dövlət başçısının tapşırığına əsasən Gəncənin müasir tarixində ən böyük sosial layihə olan içməli sü xəttinin və kanalizasiya sisteminin yenidən qurulması davam etdirilir. Artıq layihə çərçivəsində indiyədək ümumi uzunluğu 884 kilometr olan su xəttinin 179,7 kilometri, ümumi uzunluğu 891 kilometr olan kanalizasiya xəttinin 176,8 kilometrinin çəkilişi başa çatdırılmışdır.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə elm və təhsilin, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu sahələrin inkişafı istiqmətində son illər Gəncədə bir sıra məqsədyönlü işlər həyata keçirilmişdir. Belə ki, bu vacib sahənin maddi-texniki bazasının getdikcə möhkəmləndirilməsi, eləcə də ən müasir avadanlıqlarla təchiz olunması, yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması və təmiri daim diqqət mərkəzində saxlanılır. Təkcə keçən il 280 şagird yerlik “İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya” üçün yeni tədris korpusu və yataqxana, 1 və 14 nömrəli orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Şəhərin məktəbəqədər tərbiyə müəssisələrində də işlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Ötən il ümumilikdə 360 yerlik 1 və 44 saylı körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Hazırda Məhsəti qəsəbəsində 120 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir.

Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqlarında da məqsədyönlü işlər həyata keçirilmişdir. Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində yaradılmış müasir baytarlıq klinikası ən müasir avadanlıqlarla təchiz edilmişdir. Gəncə Dövlət Universitetində maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris laboratoriyalarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Universitetin 5-ci tədris binasında əsaslı təmir işləri başa çatdırılmış, yeni avadanlıq və inventarlarla təmin olunmuşdur. Azərbaycan Texnologiya Universitetində təmir işləri aparılmış, Gəncə Dövlət Regional, Tibb və Musiqi kolleclərinə təzə tədris vəsaitləri və avadanlıqları gətirilmiş, ərazilərdə abadlıq işləri görülmüşdür.

Məlum olduğu kimi, səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərındəndir. Odur ki, şəhərin səhiyyə infrastrukturunun inkişafı, əhalinin sağlamlığının mühafizəsi, sakinlərə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, müalicə-profilaktika işlərinin təkmilləşdirilməsi, infeksion-yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və bütövlükdə şəhərdə sanitar-epidemioloji sabitliyin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində səhiyyə ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına diqqətlə yanaşılır. Gəncə psixatriya xəstəxanası üçün beynəlxalq standartlara uyğun 2 korpus və bir neçə yardımçı bina inşa edilmiş, təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsində, 1 saylı birləşmiş uşaq xəstəxanasında, 2 saylı birləşmiş uşaq xəstəxanasının anesteziologiya və reanimasiya şöbələrində əsaslı təmir işləri aparılmışdır.

Şəhərdə turizmin davamlı inkişafı, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir standartlara uyğun yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, mövcud mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması da diqqətdə saxlanılır. Hazırda “Şah Abbas” və “Uğurlu xan” karvansaraylarının əsaslı təmir və bərpası, Hacıkənd qəsəbəsində Nazami Gəncəvi parkının salınması istiqamətində işlər davam etdirilir.

Gəncəlilər görülən işləri son hədd hesab etmirlər. Onlar Gəncənin bundan sonra da böyüyüb inkişaf etməsi üçün əllərindən gələni əsirgəmir, yorulmaq bilmədən çalışırlar.

 

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2018.- 20 may.- S.1; 5.