Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı
strateji müzakirələr aparılıb
ABŞ-ın paytaxtı Vaşinqtonda
ikigünlük Trans-Xəzər Forumuna start verilib. Forumun əsas
məqsədi Trans-Xəzər region dövlətləri, o
cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan,
Türkiyə, Əfqanıstan, Özbəkistan və
Türkmənistan tərəfindən həyata keçirilən
infrastruktur layihələri, mövcud biznes, ticarət və sərmayə
imkanları barədə ABŞ-ın siyasi, akademik və
biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.
AZƏRTAC xəbər verir ki, 3
milyondan çox üzvü olan nüfuzlu ABŞ Ticarət
Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı
ilə keçirilən, ilk dəfə olaraq ABŞ Ticarət
Palatasının Ağ ev ilə üzbəüz yerləşən
möhtəşəm “Hall of Flags” auditoriyasında baş
tutan forumda ABŞ administrasiyası və region dövlətlərinin
yüksək rütbəli nümayəndələri bir araya
gələrək Trans-Xəzər regionunun potensialını
müzakirə ediblər. Tədbirdə ABŞ
dövlət qurumlarının, akademik təşkilatların,
biznes və siyasi dairələrin, diplomatik korpusun 200-dən
çox nümayəndəsi iştirak edib. ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari
Litman və Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan
Niftiyev forumun açılışında tədbirin əhəmiyyətindən
danışıblar.
ABŞ dövlət katibinin
iqtisadiyyat və biznes məsələləri üzrə
köməkçisinin birinci müavini Brayn Makfiters
çıxışında müasir İpək Yolunun vacib
komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini
ifadə edib.
O, bu dəhlizin Şərq-Qərb
yükdaşımalarının həyata keçirilməsində
mühüm rolunu vurğulayıb və bu xüsusda
ABŞ-ın tərəfdaş olmaqda marağını
çatdırıb. ABŞ rəsmisi region ölkələrinin
bu dəhlizin inkişafı sahəsində mühüm
infrastruktur layihələri həyata keçirdiklərini və
bu xüsusda ötən il
açılışı olan Bakı-Tbilisi-Qars dəmir
yolunun əhəmiyyətini diqqətə
çatdırıb. B.Makfiters ABŞ-ın bu
istiqamətdə region ölkələri ilə yaxından əməkdaşlıq
etməyə hazır olduğunu və yaxın zamanlarda
özünün regiona səfər etmək niyyətinin
olduğunu söyləyib.
Daha sonra ABŞ Ticarət
Nazirliyinin beynəlxalq ticarət administrasiyasının
direktoru Matyü Edvard ticarət naziri Vilbur Rosun tədbirlə
bağlı xoş arzularını çatdırıb və
2016-cı ildən bəri Vaşinqtonda təşkil edilən
sözügedən forumun region ölkələri ilə yeni əməkdaşlıq
imkanlarının təşviqi baxımından vacib platforma
olduğunu ifadə edib. O, çıxışında ABŞ şirkətlərinin
tarixi İpək Yolunun canlandırılmasında region ölkələrinin
gördüyü işlərə yaxından cəlb edilməsi
üçün böyük potensialın olduğunu qeyd edib.
Natiq, həmçinin Trans-Xəzər dəhlizi
ölkələrini dəstəkləmək üçün
ABŞ Ticarət Nazirliyi tərəfindən həyata
keçirilən proqramlar barədə də məlumat verib.
Sonra Azərbaycanın və
forumun digər təşkilatçı dövlətlərinin
ABŞ-dakı səfirləri çıxış ediblər. Ölkəmizin
ABŞ-dakı səfiri Elin Süleymanov Trans-Xəzər
Forumunun Azərbaycanın regionda ticarət, tranzit əlaqələrinin
təmin edilməsində mərkəzi rolunu, xarici
investisiyalar və ticarət üçün işgüzar
dostluq mühitinin təqdim edilməsində potensialını
vurğulamaq üçün başlıca platforma olduğunu
bildirib. O, bu tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illiyi ərəfəsinə təsadüf
etdiyini və Sovet İttifaqının süqutundan sonra Azərbaycanın
müstəqilliyini yenidən bərpa edən digər region
ölkələri ilə bərabər böyük inkişaf
yolu keçdiyini söyləyib.
Səfir hazırda regionun
tranzit potensialının inkişafında Azərbaycan
hökumətinin fəaliyyətinə diqqəti çəkərək,
bu işdə mövcud vacib enerji və nəqliyyat infrastruktur
layihələrinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, diplomat ABŞ
şirkətləri ilə əməkdaşlığın
önəmli olduğunu və cari il
mayın 15-18-də Azərbaycandakı Amerika Ticarət
Palatası tərəfindən ilk dəfə olaraq
Vaşinqtona işgüzar missiyanın səfərinin bu əməkdaşlığa
əlavə töhfə verəcəyinə əminliyini ifadə
edib.
E.Süleymanov Azərbaycanın
regionda lider rolunun ölkə başçısının
strateji və uzaqgörən baxışı ilə
bağlı olduğunu vurğulayıb, həyata keçirilən
irimiqyaslı layihələrdən, o cümlədən
Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı,
Bakı Karqo Terminalını xatırladıb, bu layihələrin
regionun tranzit potensialının artırılmasında
xüsusi rolunu qeyd edib. Bununla yanaşı, Azərbaycan
diplomatı nəqliyyat və tranzitlə bərabər Azərbaycanın
həm də peyk ölkəsinə çevrildiyini bildirib.
Forum təşkilatçılarına,
o cümlədən ABŞ Ticarət Palatası və Xəzər
Siyasət Mərkəzinə təşəkkürünü
ifadə edən səfir tanınmış amerikan diplomatı
Riçard Houqləndin aparıcı rolunu vurğulayıb. Azərbaycan
diplomatı Ermənistan-Azərbaycan münaqişəsinə
toxunaraq, bu münaqişənin regionun tam inteqrasiyası və
əməkdaşlığına maneə olduğunu və
ABŞ-ın sabiq həmsədri R.Houqlənd kimi ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin sülhə nail
olunmasına sadiq qalaraq səylərini artıracağına
ümid bəslədiyini söyləyib.
Daha sonra E.Süleymanov vaxtilə
digər aparıcı ölkələrin təcrübəsini
öyrənən Azərbaycanın “ASAN xidmət” kimi öz
milli brendini yaratdığını və bu təcrübənin
regionun digər ölkələrində tətbiq edildiyini
deyib. Bildirib ki, bu təcrübənin
bölüşülməsi və gələcək əməkdaşlıq
imkanlarının müzakirəsi baxımdan “ASAN xidmət”in
nümayəndəsinin keçirilən tədbirdə
iştirakı xüsusi əhəmiyyət daşıyır.
Daha sonra Əfqanıstan, Türkiyə,
Gürcüstan və Türkmənistanın ABŞ-dakı
diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər
dəhlizinin üstünlükləri və görülən
işlər barədə danışıb, həmçinin
bu forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini,
cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın
daha da artırılmasında və bunun ölkələrin
iqtisadi inkişafında vacibliyini qeyd ediblər.
Forum çərçivəsində
Trans-Xəzər dəhlizi ölkələrində biznes və
sərmayə şəraiti, dəniz, dəmir yolu və hava nəqliyyatının
imkanları, regionun enerji təchizatı və təhlükəsizliyi
baxımından qlobal mərkəzə çevrilməsi, eləcə
də texnologiya və innovasiyalar üzrə təşkil edilən
4 paneldə dövlət və şirkət nümayəndələri
çıxışlar edib, müzakirələr
aparılıb, suallar cavablandırılıb.
Tədbirin sərmayə və ticarət
mövzusuna həsr olunmuş və səfir R.Houqləndin
moderatorluğu ilə keçən ilk paneldə
çıxış edən Azərbaycanın nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin müavini
Elmir Vəlizadə ölkəmizdə ticarət, nəqliyyat
və tranzit sahəsində dövlət siyasətindən
danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi
altında ölkəmizdə son dövrlər aparılan
islahatlar və əldə edilən nəticələr barədə
ətraflı məlumat verib.
Nazir müavini Azərbaycanın
biznes mühiti sahəsində aparıcı beynəlxalq
reytinqlərdə mövqeyini
yaxşılaşdırdığını və ABŞ
şirkətləri üçün qeyri-neft sektoru, o cümlədən
nəqliyyat və logistika, yüksək texnologiyalar,
infrastruktur, sənaye və digər sahələrdə əməkdaşlıq
üçün yeni imkanların yarandığını
vurğulayıb. Bu paneldə həmçinin, ABŞ Prezidentinin köməkçisinin
müavini və Ağ ev Milli Təhlükəsizlik
Şurasının Mərkəzi Asiya üzrə Baş
direktoru Liza Kurtis, Əfqanıstan Prezidentinin infrastruktur və
texnologiya üzrə köməkçisi Mohammad Qayumi,
Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin,
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf
nazirinin müavini Qenadi Arveladze çıxış edərək
regionun geostrateji əhəmiyyətindən bəhs edib, burada
həyata keçirilən infrastruktur layihələrinin və
Trans-Xəzər dəhlizinin üstünlüklərindən
danışıblar.
L.Kurtis çıxışında,
həmçinin ABŞ-ın Qafqaz və Mərkəzi Asiya
ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi
bütövlüyünü dəstəklədiyini, eləcə
də Xəzər regionunun həmişə ABŞ-ın
xarici siyasətinin ən vacib prioritetlərindən olduğunu
və bu siyasi kursun indiki Administrasiya tərəfindən daha
da gücləndiriləcəyini qeyd edib.
Nüfuzlu beyin mərkəzi olan “Heritage”
Fondunun nümayəndəsi Lük Kofenin moderatorluğu ilə
keçən nəqliyyat infrastrukturunun inkişafına həsr
olunmuş növbəti paneldə çıxış edən
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı baş
direktorunun müşaviri Tural Əliyev Azərbaycanın nəqliyyat
infrastrukturu və dəhlizlər barədə məlumat verib,
eləcə də limanın tikintisi üzrə görülən
işlərdən, azad ticarət zonasının
yaradılmasından və onun regionda nəqliyyat-logistika
qovşağına çevrilməsi istiqamətində
oynayacağı roldan bəhs edib.
Bu paneldə çıxış edən
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi
Tariyel Mirzəyev təmsil etdiyi şirkətin Trans-Xəzər
dəhlizindəki rolu, bu dəhliz üzrə
daşımaların artırılması imkanları,
marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi,
regional tərəfdaşlığın gücləndirilməsi,
regionda həyata keçirilən infrastruktur layihələri
barədə məlumat verib.
Enerji sahəsinə həsr
olunmuş və ABŞ-ın Azərbaycandakı sabiq səfiri
Robert Sekutanın moderatorluğu ilə keçən paneldə
çıxış edən SOCAR-ın vitse-prezidenti Elşad
Nəsirov ölkəmizin enerji siyasəti, enerji dəhlizləri,
bu şirkətin regionda gördüyü işlər,
mövcud və tikilməkdə olan neft və qaz layihələri
barədə söz açıb.
O, gələn ay Avropanın enerji
diversifikasiyası və təhlükəsizliyində
xüsusi rol oynayacaq Cənub Qaz Dəhlizinin Trans-Anadolu (TANAP)
qaz boru kəməri hissəsinin açılış mərasiminin
keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu
paneldə, həmçinin “BP Azerbaijan” şirkətinin
vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Equinor” (əvvəlki
“Statoil”) şirkətinin vitse-prezidenti, Vaşinqton ofisinin rəhbəri
Qeir Vestqard çıxış edib və Azərbaycanla həyata
keçirilən uğurlu əməkdaşlıqdan
danışıblar.
İnnovasiya və texnologiyalar sahəsinə
həsr olunmuş sonuncu paneldə Azərbaycan Respublikası
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri
Azad Cəfərli və “Azərkosmos” ASC-nin sədrinin
müşaviri Abbas Məmmədov çıxış ediblər.
A.Cəfərli “ASAN xidmət” təcrübəsi
və onun Trans-Xəzər regionunda indiyədək həyata
keçirilmiş tətbiqi və gələcək perspektivlərindən
danışıb. A.Məmmədov isə “Azərkosmos”un fəaliyyəti, xidmətləri və
regionda qarşılıqlı faydalı əməkdaşlığın
inkişaf etdirilməsi sahəsində atılacaq növbəti
addımlar, habelə peyk sənayesində ABŞ şirkətləri
ilə uğurlu əməkdaşlıqdan bəhs edib.
Ümumilikdə, forumun ilk
günü Trans-Xəzər dəhlizinin üstünlükləri
iştirakçıların diqqətinə
çatdırılıb. Digərləri ilə müqayisədə
bu dəhlizin daha qısa olması və gələcəkdə
Çindən Avropaya daşımaların 15-20 günə
çatdırıla bilmə potensialı, dəhliz boyu
sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz
dövlətləri arasında sıx əməkdaşlıq,
artan ticarət, müasir standartlara cavab verən infrastruktur və
azad ticari zonaların mövcudluğu, “bir pəncərə”
sisteminin tətbiqi və daha da müasirləşməkdə
olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi
prosedurları və sair vurğulanıb.
Qeyd edək ki, forum Azərbaycan,
Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə,
Özbəkistan və Türkmənistanın ABŞ-dakı səfirliklərinin
dəstəyi ilə keçirilir. Dünya Bankı, Avropa Yenidənqurma
və İnkişaf Bankı, “Boeing”, “Chevron”, “Schneider Group”,
“Caspian Foundation”, ABŞ-Azərbaycan Ticarət Palatası,
Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi
Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes
Şurası, Amerikanın Azərbaycanda Ticarət Palatası,
Amerikanın Gürcüstanda Ticarət Palatası,
Amerikanın Qazaxıstanda Ticarət Palatası,
ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə
Şurası Forumun tərəfdaşlarıdır. “Boeing”, “Chevron”, “Schneider Group” və “Caspian Foundation”
şirkətləri builki forumun sponsorlarıdır.
Forumda Azərbaycanı Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, Azərbaycan
Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərkosmos”,
“Azərbaycan Hava Yolları” QSC, “Silk Way” və “Azərsun
Holding”in nümayəndələri təmsil edir. Eyni zamanda, foruma Azərbaycanda Amerika Ticarət
Palatası (“AmCham”) tərəfindən Vaşinqtona səfəri
həyata keçirilmiş missiyanın üzvləri də
qatılıb.
Trans-Xəzər Forumu
çərçivəsində, həmçinin ABŞ
Konqresində brifinq və nüfuzlu “Heritage” Fondunda analitik
müzakirələr nəzərdə tutulub. Bundan başqa, Azərbaycan
nümayəndə heyətinin Vaşinqtona səfəri
zamanı Ağ ev, Dövlət Departamenti, Ticarət Nazirliyi,
ABŞ Ticarət Palatası və Konqresdə ikitərəfli
görüşləri keçirilib.
Xatırladaq ki, Azərbaycanın təşəbbüsü
ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu
2016-cı ildən etibarən hər il
Vaşinqtonda keçirilir.
Azərbaycan.- 2018.- 20 may.- S.1; 4.