Azərbaycan və Serbiya prezidentləri
mətbuata bəyanatlarla çıxış ediblər
Mayın 21-də sənədlərin imzalanması
mərasimindən sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Serbiya Respublikasının
Prezidenti Aleksandr Vuçiç mətbuata
bəyanatlarla çıxış
ediblər.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə Azərbaycan
Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham
Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident,
ilk növbədə, bir
daha Sizi Azərbaycanda səmimiyyətlə
salamlayıram, ölkəmizə
xoş gəlmisiniz. Biz
Sizin səfərinizə
böyük əhəmiyyət
veririk. Əminəm ki, səfərin
nəticələri Serbiya-Azərbaycan
dostluq və strateji tərəfdaşlıq
əlaqələrinin inkişafı
üçün yeni imkanlar açacaqdır.
Biz strateji
tərəfdaşıq və
bu gün imzalanan sənədlər
arasında strateji tərəfdaşlıq üzrə
Birgə Fəaliyyət
Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli
sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla
bağlı bütün
önəmli məsələlər
öz əksini tapmışdır.
Biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik.
Bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri də geniş yer almışdır. Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var.
Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərmişdir. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır.
Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilmişdir. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcəkdir.
Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahə çox önəmli yer tutur. Cənab Prezident, bilirəm ki, Siz Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyəti Mərkəzi”nin açılışında da iştirak edəcəksiniz. Əminəm, bilirsiniz və görəcəksiniz ki, Sizin xalqınıza, xalqınızın mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük hörmət var. Humanitar sahədə mövcud olan əlaqələr xalqlararası əlaqələrin inkişafında mühüm yer tutur.
Hesab edirəm ki, turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsi həm ölkələrimizə gəlir gətirəcək, həm də insanlar bir-birini daha yaxından tanıyacaqlar, dost olacaqlar, necə ki, bizim ölkələr. Bizim ölkələrimiz dost ölkələrdir, qeyd etdiyim kimi, strateji tərəfdaşlardır. Əminəm, səfərdən sonra əlaqələrimizə yeni dinamika, yeni təkan veriləcəkdir ki, Serbiya ilə Azərbaycan daim bir-birini dəstəkləyən, bir-birinə kömək edən ölkələr kimi fəaliyyət göstərsinlər.
Sizin
ölkənizdəki işlərlə bağlı
apardığınız siyasəti biz
yüksək qiymətləndiririk. Siz
Serbiyanın müstəqil siyasətini müdafiə edirsiniz, ölkənizi inamla
idarə edirsiniz. Xalq
Sizə böyük dəstək göstərir.
Sizin siyasətiniz Serbiya
xalqı tərəfindən yüksək qiymətləndirilir.
Biz Sizin
dostlarınız kimi buna
sevinirik. Əminik ki,
Serbiya-Azərbaycan əlaqələri bundan
sonra da Sizin gündəliyinizdə önəmli yer tutacaqdır. Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gələcəkdə
bu əlaqələrin uğurlu
inkişafı üçün bütün imkanlar, şərait
var. Əsas odur ki, çox güclü qarşılıqlı
müştərək iradə var. Hesab edirəm ki, biz gələcək illəri də bu arzularla yaşayacağıq,
Serbiya-Azərbaycan əlaqələrini inkişaf
etdirəcəyik. Sağ olun.
***
Sonra Serbiya Prezidenti bəyanatla çıxış
etdi.
Prezident Aleksandr
Vuçiçin bəyanatı
- Hörmətli cənab Prezident, əziz dostum cənab Əliyev.
Sizə bu səmimi və xoş sözlərinizə görə
təşəkkür etmək
istəyirəm. Azərbaycan ilə Serbiya
arasında əlaqələrin
inkişafı baxımından
gördüyünüz bütün
işlərə görə
Sizə təşəkkürümü
ifadə etmək istərdim.
Düşünürəm ki, mən Sizin
Prezident seçilməyinizdən
sonra ölkənizə
səfər edən
ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə
dostluq münasibətlərinin
inkişafı bizim üçün çox vacibdir. Bu, bizim
dövlətlərimizin və
xalqlarımızın maraqlarına
tam uyğundur. Bizim əməkdaşlığımız
üçün çox
böyük meydan var.
Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək
olar ki, tam yarısı ilə Azərbaycana səfərə
gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə
əməkdaşlığı inkişaf etdirmək əzmindəyik.
Mənim ölkəmin müstəqilliyinin
və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Biz də öz növbəmizdə Azərbaycanın
müstəqilliyini və
suverenliyini dəstəkləyirik.
Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır. Cənab
Prezident, biz Sizin
siyasətinizi çox
yüksək qiymətləndiririk.
Siz elə bir şəxsiyyətsiniz
ki, ölkənizin müstəqilliyini qoruyursunuz,
öz azadlığınızı
qoruyursunuz və vətəndaşların firavanlığı
naminə əlinizdən
gələni edirsiniz.
Çünki Sizin ölkəniz
olduqca mürəkkəb
regionda, müxtəlif
regionların kəsişməsində
yerləşir və Siz ölkənizi nümunəvi şəkildə
qoruyub saxlaya bilmisiniz.
Eyni zamanda, iqtisadi maraqlarınız da təmin edilir. Münasibətlərimizin təkmilləşdirilməsində bizim böyük potensialımız var. Bu yaxınlarda
bizim hökumətlərarası
komissiyanın iclası
olacaqdır. Sonuncu iclas
2015-ci ildə olmuşdur.
Düşünürəm ki, müxtəlif
nəqliyyat layihələrinin
icrasında fəal əməkdaşlıq edə
bilərik. Azərbaycan şirkəti
Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir.
Bununla yanaşı, müxtəlif
kənd təsərrüfatı
məhsullarının alqı-satqısı
sahəsində, mədəniyyət,
idman və digər sahələrdə
daha böyük nailiyyətlər əldə
edə bilərik.
Təbii
ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də
böyük potensialımız
var. Düşünürəm ki, bunlar da
çox vacib sahələrdir.
Çox müsbət haldır ki, ölkələrimiz arasında heç bir mübahisəli məsələ yoxdur. Biz müxtəlif beynəlxalq
təşkilatlarda bir-birimizi
tam şəkildə dəstəkləyirik.
Cənab Prezident,
fürsətdən istifadə
edərək, Sizi burada, media qarşısında
Serbiyaya rəsmi səfərə dəvət
edirik. Siz orada bizim xalqın qonaqpərvərliyinin,
həm Sizə, həm də ölkənizə olan rəğbət və ehtiramın şahidi olacaqsınız. Azərbaycan
bizə dost ölkədir
və tezliklə Sizi Belqradda görmək ümidindəyik.
Sizi təbrik edirəm ki, ölkənizin qeyri-neft sektorunda 3 faizlik artım qeydə alınıb. Görürəm ki, Siz iqtisadiyyatın
şaxələndirilməsinə böyük önəm verirsiniz. Bu da
əsl siyasi rəhbərə xas olan bir xüsusiyyətdir.
Bizim yaxşı münasibətlərimiz
var. Artıq üç
ildir ki, bizim büdcəmizdə artım müşahidə
olunur. Bu da bizə daha
yüksək səviyyədə
qarşılıqlı sərmayə
qoyuluşu baxımından
yaxşı imkanlar yaradır.
Cənab Prezident,
səmimi dostluğa görə Sizə bir daha təşəkkürümü
bildirirəm və Sizi tezliklə Belqradda görmək ümidindəyəm. Sağ
olun.
Azərbaycan.- 2018.- 22 may.- S.2-3.