Moskva Beynəlxalq Mühəndislik Akademiyasının ümumi yığıncağına azərbaycanlı alim sədrlik edib

 

Moskva Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2017–ci ildəki fəaliyyətinin yekunlarına dair ümumi yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, ümumi yığıncağın işinə sədrlik tədbir iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse–prezidenti, akademik Əhəd Canəhmədova həvalə olunub. Akademik Əhəd Canəhmədov AMA-nın 2017-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.

BMA–nın prezidenti, akademik Boris Qusev 12 ölkədən akademiyanın üzvü olan 230 nəfərin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.

Yığıncaq ərəfəsində Moskvada nəşr olunan “Èíæåíåðíàÿ Ãàçåòà”nın may nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, akademik Arif Paşayevin “Yolların kəsişməsində və elmi istiqamətlər” sərlövhəli geniş məqaləsi dərc edilib.

Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanıb. Müəllif məqalədə müasir elmi-texniki nailiyyətlərə əsaslanmaqla ölkəmizin dayanıqlı iqtisadi strategiyasının formalaşmasında həm transregional “Şərq-Qərb” dəhlizinin, həm də neft–qaz sektorunun inkişafı istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Ümumi yığıncaqda, həmçinin Beynəlxalq Mühəndislik Akademiyasının nizamnaməsinə dəyişiklik edilib və müvafiq qərarlar qəbul olunub.

 

 

Azərbaycan.- 2018.- 22 may.- S.3.