Sounton Sayaçak: Laos Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır

 

Mayın 21-də Milli Məclisin vitse-spikeri Bahar Muradova Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin (XİP MK) xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclis sədrinin müavini ölkəmizdə səfərdə olan Laos nümayəndə heyətinə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyada maraqlı olduğunu, Avropa ilə əməkdaşlığa ciddi əhəmiyyət verildiyi kimi, Asiya ölkələri ilə də əməkdaşlığın genişlənməsinə maraq göstərdiyini qeyd edib. O cümlədən Hind-Çin yarımadası ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələr qurmağa hazır olduğumuzu bildirib. Xatırladıb ki, hələ sovet dövründə təhsil sahəsində əlaqələrimiz var idi, Laos gəncləri ali təhsil almaq üçün Azərbaycana gəlirdilər.

Vitse-spiker bu gün Yeni Azərbaycan Partiyası (YAP) ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanmasını yüksək dəyərləndirib. O, Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin parlamentində dostluq qruplarının yaradılmasını vacib sayıb.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik tarixindən və yubileyindən söz açan Bahar Muradova Milli Məclisin tərkibi və strukturu barədə məlumat verib. Bildirib ki, parlamentdə 12 siyasi partiyanın nümayəndəsi var. Çoxluq YAP-a məxsusdur. 39 nəfər bitərəf deputatdır. Parlamentdə 15 komitə, 2 komissiya fəaliyyət göstərir.

Görüşdə nümayəndə heyətinin başçısı Sounton Sayaçak Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illik yubileyi, həmçinin bu yaxınlarda keçirilmiş prezident seçkilərinin uğurla nəticələnməsi münasibətilə təbriklərini çatdırıb. O, təmsil etdikləri qurum barədə ətraflı məlumat verib. Bildirib ki, vaxtilə Bakıda təhsil almış laoslular Laos-Azərbaycan Dostluq Cəmiyyəti yaradırlar. Həmin cəmiyyət də münasibətlərimizin inkişafına öz töhfəsini verəcək. Qeyd edib ki, ölkəmizdən ayrıldıqları illər ərzində Bakı çox dəyişib və daha da gözəlləşib. Laos və XİP MK Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdır. Xanım Sounton Sayaçak Milli Məclisin deputatlarını ölkəsinə dəvət edib.

Söhbət zamanı ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, hazırkı səfər sıx əlaqələrin qurulmasına xidmət edir, qarşılıqlı səfərlərin intensivləşməsi faydalı olar.

Görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.

 

 

Azərbaycan.- 2018.- 22 may.- S.4.