Akademik Arif Paşayev: “Yolların və elmi istiqamətlərin
kəsişməsində”
Moskvada nəşr olunan “İnjenernaə qazeta”nın may nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, akademik Arif Paşayevin “Yolların və elmi istiqamətlərin kəsişməsində” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan Mühəndislik Akademiyası (AMA) yaradıcı şəxsiyyətin özünüifadəsinə, təhsilin inkişafına, Azərbaycanda tətbiqi elmi tədqiqatların genişləndirilməsinə yönəlmiş bütün mühəndislik istiqamətləri üzrə alim və mütəxəssisləri öz sıralarında birləşdirən ictimai yaradıcı elmi təşkilatdır.
Akademiyanın sıralarında aparıcı elmi tədqiqat təşkilatlarının və ali məktəblərin elmlər doktorları və namizədləri, professorlar və dosentlər, mühəndislik elmi istiqamətlərinin əsasını qoyanlar cəmləşib. Akademiyanın üzvləri arasında dövlət mükafatı laureatları, əməkdar elm və texnika xadimləri, digər fəxri ad sahibləri vardır.
Akademiyanın üzvləri ali təhsilin dövlət standartlarının işlənib hazırlanmasında fəal iştirak edirlər. “Aviakosmos” istiqaməti üzrə gənc alimlər üçün hər il seminarlar, məktəblər təşkil edilir. AMA üzvləri ölkənin ali məktəblərinin akkreditasiyası prosesində iştirak ediblər. Elmi-tədqiqat institutlarının proqramları əsasında ali və orta ixtisas təhsilinin keyfiyyətinin monitorinqi sistemi yaradılıb.
Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramı həyata keçirilir. Orbitə çıxarılmış telekommunikasiya peykinin köməyi ilə hazırda 150-dən çox telekanal və 30 radiostansiya vasitəsilə yayım aparılır.
Bu il Azərbaycan Fransanın “Arianespace” şirkəti ilə birlikdə daha bir peyki orbitə çıxaracaq. “Azerspace-2” adlı bu peyk hazırda orbitdə olan “Azerspace-1” peykinin əhatə dairəsini genişləndirməklə bərabər, həm də onun ehtiyat variantı kimi xidmət edəcək. Bu, müştərilərə daha etibarlı xidmətlər göstərməyə imkan verəcək. Peykin xidmət zonası Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Mühəndislik Akademiyası bu proqramın reallaşdırılmasında fəal iştirak edir və Kosmos üzrə Şuraya rəhbərlik edir. Mühəndislik Akademiyası təbii ehtiyatların idarə edilməsi və istismarı ilə bağlı məsələlərin həllində, fotoqrammetrik və geoinformasiya layihələrinin icrası, tematik geoportalların və geoinformasiya sistemlərinin işlənib hazırlanmasında, aviakosmik informasiyanın işlənməsi üçün sifarişçinin alqoritmləri və metodikaları əsasında innovasiya texnologiyalarının yaradılmasında, habelə konsaltinq və kadr hazırlığı məsələlərinin həllində peykdən informasiyanın operativ qəbulu sahəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nailiyyətlərini əsas götürür.
Ətraf mühitin neftdən çirklənməsi parametrlərinin qiymətləndirilməsi üçün yüksək ayırdetmə qabiliyyətli RADARSAT-2 kosmik radiolokasiya sistemindən istifadə edilməsi əsasında Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında neft sızmalarının parametrləri aşkar edilib. RADARSAT-2 peykinin radiolokasiya təsvirlərindən və geoinformasiya yanaşmalarından istifadə əsasında Neft daşları rayonunda neft ləkələrinin dinamikası və bu cür tullantıların obyektləri təhlil edilib, ləkələrin paylanması xəritəsi yaradılıb. Bu, aşkar edilmiş neft ləkələrinin parametrlərini və xarakteristikalarını operativ şəkildə ölçməyə, tədqiq olunan akvatoriyanın müxtəlif sahələrində neftin paylanmasını təhlil etməyə, dənizdə çirklənmələr və onların mənbələri arasında əlaqəni aşkar etməyə imkan verir.
2017-ci ildə energetika sahəsində
tarixi hadisələr baş verib. Belə hadisələrdən
biri də “Azəri-Çıraq-Günəşli”
yatağına dair kontraktın müddətinin 2050-ci ilə qədər
uzadılmasıdır. Azərbaycan
Dövlət Neft Şirkəti - SOCAR digər tərəfdaşlarla
birlikdə bu layihədə operator kimi iştirak edəcək.
Azərbaycan Mühəndislik
Akademiyasının üzvlərinin də fəal iştirak
etdiyi bu layihə sayəsində biz hələ uzun illər
boyu neft hasilatını sabit səviyyədə saxlaya biləcəyik.
“Cənub qaz dəhlizi”, TANAP
və TAP kimi qlobal layihələr uğurla həyata
keçirilir.
Marşrutların şaxələndirilməsi
və Böyük İpək yolu üzərində yerləşən
ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi
baxımından Avropa qitəsinin də nəqliyyat müstəqilliyini
təmin edən daha bir genişmiqyaslı transregional layihə
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Mühəndislik
Akademiyasının üzvlərinin də iştirak etdiyi bu
tarixi layihənin həyata keçirilməsi nəticəsində
Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən
birinə çevrilir. Bizim akademiyanın üzvləri
İran sərhədinə qədər dəmir yolu çəkilişini
təmin edən “Şimal-Cənub nəqliyyat dəhlizi”nin reallaşdırılması istiqamətində
mühüm addımlar atırlar.
Azərbaycanda Yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi
çərçivəsində Hollandiyanın “Royal Haskoning”
şirkəti ilə birgə inşa edilmiş bərə
terminalı açılıb. Bu layihədə Azərbaycan
Mühəndislik Akademiyasının üzvləri də
çox fəal iştirak ediblər. Limanda
yükaşırmanın illik həcmi 25 milyon ton yükə
və 1 milyon konteynerə bərabər olacaq. Layihəyə əsasən limanda logistika mərkəzinin
yaradılması da böyük əhəmiyyət kəsb
edir. Bu mərkəz Azərbaycanı Qərb
ilə Şərq arasında yükaşırma mərkəzinə
çevirəcək.
Heydər Əliyev Beynəlxalq
Aeroportunun ərazisində ümumi sahəsi 12 min kvadratmetr
olan Bakı Yük Terminalı açılıb. Bu layihə
Beynəlxalq Yerüstü Xidmət Şirkətinin
(International Handling Company) maliyyə dəstəyi ilə
“Khazar Construction” şirkəti tərəfindən həyata
keçirilib. Böyük Britaniya, ABŞ və Kanadada
istehsal edilmiş texniki avadanlıqlarla təchiz olunmuş
terminalın əlverişli ərazidə yerləşməsi
sayəsində Azərbaycan Amerikadan və Avropadan Asiyaya, eləcə
də Asiyadan əks istiqamətdə daşınan yüklər
üçün aşırma məntəqəsinə
çevriləcək. Bu, “İpək Yolu” layihəsinin
ayrılmaz tərkib hissəsidir. Bundan əlavə,
terminal bütün regionlardan respublikamıza yük
axınını xeyli artırmağa imkan verəcək, nəticədə
Bakı avtomatik surətdə mühüm tranzit zonaya
çevriləcək. Ekspertlər təsdiqləyirlər
ki, bu terminal MDB məkanında ən böyük və texniki
cəhətdən ən yaxşı təchiz olunmuş
yük terminalıdır. Həmçinin
bu terminal bütün Avropada ən yüksək beynəlxalq tələblərə
cavab verən ən yaxşı yük terminallarından
biridir. Terminalın texniki bazası yüklərin
bütün növlərinin saxlanmasını və işlənməsini,
müştərilər üçün servis xidmətlərinin
keyfiyyətini xeyli artırmağı, gömrük xidmətlərinin
tam dəstini, o cümlədən gömrük bəyannaməsi
və yüklərin çatdırılması üzrə
xidmətləri nəzərdə tutur. Aviaşirkət
qeyri-neft sektorunun sərmayələşdirilməsi üzrə
birinci yeri tutur. Bütövlükdə nəqliyyat
sektoru çox sürətlə inkişaf edir. Dövlət konserninin işi sayəsində yeni təyyarələr,
helikopterlər alınır, aeroportlar modernləşdirilir, dəmir
yolu yükdaşımalarının həcmi artır, yeni
tankerlər və quru yük gəmiləri istifadəyə
verilir, yol tikintisi inkişaf edir. Azərbaycan
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
layihələrinin reallaşdırılmasında mühüm
rol oynayır.
2017-ci il bir sıra yeni layihələrin
iştirakçısı kimi Azərbaycan Mühəndislik
Akademiyası üçün iqtisadiyyatda artımın təmin
edilməsi, iri infrastruktur layihələrinin həyata
keçirilməsi, genişmiqyaslı regional və beynəlxalq
sammitlərin keçirilməsi ilə əlamətdar və səmərəli
il olub.
Akademiyada sənaye innovasiya
texnologiyalarının tətbiqi sahəsində
ayrı-ayrı müəssisə və birliklərin
sifarişi ilə təcrübə üçün əhəmiyyətli
məsələlər həyata keçirilir. Məsələn,
“Aqreqat” İstehsalat Birliyinin sifarişi ilə gücü 2000
vatta qədər olan aviasiya qızdırıcıları
üçün termostabilizasiya və qəza ayırma
qurğusu yaradılıb. Azərbaycan
Mühəndislik Akademiyası çərçivəsində
“İqlim” elm-istehsalat müəssisəsinin sifarişi ilə
çoxdamarlı sıxacların avtomatik yoxlanması və
sınaqları üçün daha mükəmməl
qurğunun yaradılması başa çatdırılıb.
Bu qurğu sıxacların prinsipial sxemə
uyğunluğuna avtomatik nəzarət, rabitəsiz elektrik
dövrələrinin izolyasiya müqavimətinin yoxlanması,
idarəedici proqram və fərdi kompüter vasitəsilə
onların elektrik möhkəmliyinin sınaqdan keçirilməsi
üçün nəzərdə tutulub.
Suyun ilkin tərkibi mürəkkəb
və çox çirklənmiş olduğu
yaşayış məntəqələri üçün
içməli suyun təmizlənməsi məqsədilə
sutkalıq məhsuldarlığı 36, 60 və 100 tona bərabər
olan modul qurğuları yeni avtomatik idarəetmə bloku
yaradılıb. Qurğu modulun işini məsafədən,
simsiz müşahidə və idarə etməyə imkan verir.
İndiyə qədər bu layihə əsasında
yaşayış məntəqələri üçün
içməli suyu təmizləyən modul tipli 260 konteyner
hazırlanıb.
Aeroportlar zonasında
uçma-enmə zolağının sərhədlərindən
keçmək niyyətində olan yerüstü nəqliyyat
vasitələrinin icazəsiz daxil olması kimi potensial təhlükənin
qarşısının alınması sistemi yaradılıb və
sınaqdan keçirilib. Həmçinin sistemin işləyən
nümunəsi hazırlanıb və sınaqdan keçirilib.
Nəqliyyat sistemlərinin intellektual idarəetmə kompleksinin
yaradılması üzrə iş aparılır.
Akademiyanın alim və mühəndisləri
neft-kimya texnologiyaları sahəsində neft-qaz mədənlərinin
tərkibində hidrogen-sulfid və karbon qazı olan lay sularında metalın müdafiəsi
üçün korroziya ingibitorları yaradıblar. Bu ingibitorların yaradılması zamanı neft-kimya
sintezi üçün xammal mənbələri kimi təbii və
sintetik üzvi turşulardan istifadə edilib. Tərkibində
karbon qazı çox olan lay suları
şəraitində metalı qorumağa imkan verən
çoxfunksiyalı və yüksək səmərəli
korroziya ingibitorları alınıb.
Neft-kimya texnologiyaları sahəsində
alimlərimizin daha bir orijinal işi neftin reoloji xassələrinin
yaxşılaşdırılması üçün mərkəzində
dördlü ammonium makrotsiklik birləşmələrin
sintezi üsuludur. Bu, ağır neftlərin
özlülüyünü aşağı salmağa və
neft qatranlarının miqdarını azaltmağa imkan verəcək.
Akademiyanın alimləri tərəfindən
aviasiya, təbabət, kənd təsərrüfatı və
ölkə iqtisadiyyatının digər sahələrində
istifadə edilən xüsusi ozonlaşdırma texnologiyası
və müvafiq avadanlıq yaradılıb.
Akademiya aviadaşımalar zamanı
infeksion xəstəliklərin yayılması riski ilə əlaqədar
uçuşların təhlükəsizliyi problemi üzərində
“Azərbaycan Hava Yolları” QSC ilə birlikdə fəal
iş aparır. İnsanın və ətraf
mühitin təhlükəsizliyi sahəsində
sanitar-epidemioloji tələblərə və normalara cavab verən
kompozision dielektrik izolyasiyalı ikibaryerli ozonatorlar işlənib
hazırlanıb və yaradılıb. Onların
orijinallığı və analoqlarla müqayisədə
yüksək keyfiyyəti patentlər və sertifikatlarla təsdiq
edilib. Hazırda akademiyada məxsusi olaraq
işlənib hazırlanmış, İKAO-ya və Dünya Səhiyyə
Təşkilatına təqdim olunmuş proqram əsasında
ozondan aviasiyada istifadənin hərtərəfli öyrənilməsi
məqsədilə xüsusi elmi-texniki istiqamətdə
işlər aparılır.
Kənd təsərrüfatının
inkişafı sahəsində ölkənin aqrar təhlükəsizliyinin
təmin edilməsi məqsədilə aqrar-sənaye sektorunda
quraqlığa davamlı kənd təsərrüfatı
bitkilərinin yaradılması, Azərbaycan
Respublikasının aran və dağətəyi quraqlıq
zonalarında və dağ yamaclarında eroziyaya qarşı
mübarizə və sudan istifadə
proqramlarını xüsusi qeyd etmək lazımdır.
Azərbaycan Mühəndislik
Akademiyası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat
Bitki Mühafizəsi İnstitutu ilə birlikdə
çoxillik fasilədən sonra ilk dəfə olaraq pambıq
əkini sahələrində rekord dərəcədə
yüksək - 200 min ton məhsul almağa müvəffəq
olub. Bu, əvvəlki ilin müvafiq göstəricisindən
3 dəfə çoxdur.
Buğda,
qarğıdalı, arpa, pambıq, şəkər
çuğunduru toxumlarının səpinqabağı
stimulyasiyası texnologiyası, çayın fermentasiya üsulları
yaradılıb, 2016-2017-ci illərdə yüksək məhsul
alınıb.
Bizim akademiyanın mütəxəssisləri tərəfindən
taxıl anbarlarının dezinfeksiyası və səpinqabağı
işlənməsi üçün ozonatorlar tətbiq edilməsi
nəticəsində dənli bitkilərin qorunub saxlanması,
onlardan həm qida məqsədilə, həm də genetik fond
kimi istifadə edilməsi üçün ekoloji şərait
təmin olunub. Toxum partiyasının ozon
vasitəsilə zərərsizləşdirilməsinin
effektivliyi müvafiq kimyəvi vasitələrlə zərərsizləşdirmə
ilə müqayisəli şəkildə qiymətləndirilib.
Məlum olub ki, toxumların ozon-hava
qarışığı ilə işlənməsi daha
yüksək məhsuldarlığı təmin edir.
Azərbaycan bu istiqamətdə
Rusiya Federasiyası ilə birlikdə kənd təsərrüfatının
inkişafına dair dövlətlərarası proqram
hazırlayır. Bizim akademiya N.İ.Vavilovun genetik resurslara dair elmi irsinin
inkişaf etdirilməsi üzrə birgə iş aparır.
Bütün mövcud layihələrə
ölkənin aparıcı elmi potensialı - əsasən
Milli Elmlər Akademiyasında, ölkənin qabaqcıl ali məktəblərində və onun
intellektual innovasiya klasterində, Azərbaycan Mühəndislik
Akademiyasının da aid olduğu elmi mərkəzlərdə
və təşkilatlarda təmsil olunmuş qüvvələr
cəlb olunur.
Milli Aviasiya Akademiyasında hər il aviakosmik problemlərin həllində gənclərin
kreativ potensialının üzə
çıxarılmasına və inkişaf etdirilməsinə
həsr olunmuş “Fevral qiraətləri” keçirilir. Bu tədbirlərin təşkilatçıları
Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya
Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və
“Azərkosmos” ASC-dir. “Fevral qiraətləri - 2018” çərçivəsində
“Aviakosmik problemlərin həllində gənclərin
yaradıcı potensialı” mövzusunda III beynəlxalq
elmi-praktiki konfrans keçirilib. Konfransın
işində Rusiya, ABŞ, İngiltərə və
Qazaxıstandan gələn qonaqlar iştirak ediblər. Bu konfrans gənclərin intellektual potensialından
aviakosmos sahəsində mövcud elmi problemlərin obyektiv və
hərtərəfli araşdırılmasında istifadə
imkanlarının artırılması istiqamətində
mühüm addımdır. Gənclər arasında
maraqlı elmi diskussiyalar və müzakirələr, riyaziyyat
və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində
aparıcı mütəxəssislərin ustad dərsləri,
“dəyirmi masa”lar və digər tədbirlər
keçirilir. Üç gün davam edən
konfransda 8 seksiya çərçivəsində 120-dən
çox məruzə dinlənilib.
Bizim mühəndislərin
fikrincə, təhsil sahəsində əsas resurs məhz
istedadlı və hazırlıqlı insanlar olmalıdır. Kadr potensialı kimi əsasən
Milli Aviasiya Akademiyası və Azərbaycanın digər
aparıcı ali məktəbləri nəzərdə
tutulub. Akademiyanın üzvləri Azərbaycanın ali məktəblərində təhsilin keyfiyyətinin
idarə edilməsi və yüksək ixtisaslı, o cümlədən
mühəndis profilli mütəxəssislər
hazırlanması üzrə iş aparırlar. Yeni
iqtisadiyyata keçid problemləri, regionların innovasiyalı
inkişaf üçün aparıcı texnoloji parklar kimi təsdiq
olunması, bu məsələnin həllində ali məktəbin rolu və iştirakı
birinci dərəcəli vəzifələr hesab edilir.
Beynəlxalq əməkdaşlıq
sahəsində Azərbaycan Mühəndislik Akademiyası Beynəlxalq
Mühəndislik Akademiyası ilə birlikdə
Qırğızıstanın və Sloveniyanın mühəndislik
akademiyaları ilə üçtərəfli müqavilə
üzrə fəal iş aparır.
Bir sıra ölkələrin mühəndislik
akademiyaları ilə, xüsusən Beynəlxalq Mühəndislik
Akademiyası, Rusiya, Özbəkistan, Ukrayna, Belarus, Sloveniya
mühəndislik akademiyaları ilə sıx əməkdaşlığı
davam etdiririk. İslam Ölkələri Mühəndislik
İnstitutları Federasiyasına (İÖMİF) daxil olan Azərbaycan
Mühəndislik Akademiyası bu qurum və onun üzvləri
ilə əməkdaşlığı genişləndirir.
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” adlı beynəlxalq elmi-texniki jurnal artıq doqquz ildir ki, Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. “Xəbərlər”də müasir dünya standartlarından istifadə edilməklə elektron formatda ingilis dilində məqalələrə ayrıca annotasiyalar dərc edilir, bu materiallar kommersiya məlumat bazalarından birinin köməyi ilə yayılır, xarici analitik bazaya (SCOPUS və Clarivate Analitics) keçidlə indeksləşdirmə və sitatgətirmə işləri görülür.
“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı internet şəbəkəsində inteqrasiya edilmiş elmi resurs hüquqlarının sahibidir. Bu resursa Rusiyanın Elmi Sitatlar İndeksi (RESİ), elektron elmi nəşrlər, elmi nəşrlərin informasiya məlumat bazaları, habelə elmi nəşrlərin elektron versiyalarına fərdi abunə servisi daxildir. Jurnalın reytinqi RESİ-nin impakt-faktor əmsalı ilə təyin olunur. Jurnalın tammətnli elektron versiyası Rusiya Universal Elmi Elektron Kitabxanasının məlumat bazasında (www.elibrary.ru) yerləşdirilir.
Bizim akademiyanın üzvləri il ərzində çoxsaylı konqreslərdə, beynəlxalq və regional elmi forumlarda, simpozium və konfranslarda iştirak ediblər. Alimlərimiz və mühəndislərimiz Azərbaycan iqtisadiyyatının davamlı inkişaf strategiyasının reallaşdırılması və təkmilləşdirilməsi üçün xüsusi fəallıq göstərirlər.
Arif
PAŞAYEV,
Azərbaycan
Mühəndislik Akademiyasının
prezidenti,
akademik
Azərbaycan.- 2018.- 23 may.- S.5.