İslahatların səmərəliliyini təmin edən çevik və şəffaf idarəetmə strategiyası

 

Müasir dövrdə siyasi-ideoloji quruluşundan asılı olmayaraq, hər bir dövlətin inkişafa can atması, habelə bu niyyəti sağlam təməl üzərində gerçəkləşdirmək əzmi, ilk növbədə, onun zəngin dövlətçilik potensialı ilə şərtlənir. Azərbaycan xalqının dövlətçilik təfəkkürü əsrlərlə davam edən sosial-iqtisadi, siyasi proseslərin təsiri altında formalaşmış, milli psixologiyası, düşüncə tərzi konkret tarixi-mədəni mühitdə yeni keyfiyyətlər əxz etmişdir. Nəticə etibarilə xalqımız ötən əsrin əvvəllərində yaranmış tarixi şansdan səmərəli şəkildə bəhrələnərək milli dövlətçilik idealını praktik şəkildə gerçəkləşdirə bilmişdir.

Azərbaycan Respublikası hələ 100 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində müstəqilliyi elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısa müddətdə müstəqillik idealına qovuşmuşdur. Obyektiv səbəblər üzündən mövcudluğunu cəmi 23 ay qoruyub saxlaya bilmiş Cümhuriyyətin hüquqi, siyasi və mənəvi varisi olan Azərbaycan hazırda irs-varislik əlaqələri əsasında inamla inkişaf edir. Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev son 15 ildə yürütdüyü siyasətlə respublikamızın müstəqilliyini ilbəil gücləndirir, onun müasir, sivil, demokratik ölkə kimi tanınmasını, qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləməsini təmin edir.

Dövlət idarəçilik sistemində siyasi varislik həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qorunub saxlanılmasını nəzərdə tutur. Hələ 2003-cü ilin oktyabrında xalqın böyük etimadını qazanaraq prezidentlik səlahiyyətlərinin icrasına başlamış cənab İlham Əliyev son 15 ildə ümummilli liderin kadr siyasətini inamla davam etdirib. Ötən illərdə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab

İlham Əliyev dövlət qulluqçularını daim xalqın maraq və mənafeyini uca tutmağa, tutduqları vəzifələri şərəflə daşımağa çağırır. Cənab İlham Əliyevin prezidentlik dövründə dövlət qulluğunun həyata keçirilməsi mexanizmləri təkmilləşdirilmiş, kadrların yenilənməsi prosesi mühüm mərhələyə daxil olmuş, fəaliyyətində yüksək intellektə, praqmatizmə, sivil dəyərlərə istinad edən gənc nəslin nümayəndələri Azərbaycanda gedən proseslərin hərəkətverici qüvvəsinə çevrilmişlər.

Qloballaşma dövrü ümumən dünyada olduğu kimi, Azərbaycanda da bir çox dəyişikliklərlə xarakterikdir. Bütün bunlar ölkə daxilində, bölgədə və daha geniş miqyasda baş verən proseslərə yeni, müasir, islahatçı baxış və idarəetmə formalarının tətbiqini aktuallaşdırır. Məhz bu səbəbdəndir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini əhalinin gündəlik həyatının yaxşılaşdırılması, Azərbaycanın sosial-iqtisadi cəhətdən qüdrətlənməsinə yönəlmiş praktiki addımların atılması ilə bərabər, ümumilikdə idarəçilik fəlsəfəsinin dəyişdirilməsi, yeniləşdirilməsi və müasirləşdirilməsi təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin idarəetmə fəlsəfəsi məhz yeni təfəkkür və müasir yanaşmadan ibarətdir.

Tamamilə azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçərək xalqın iradəsini əks etdirən 2018-ci ilin 11 aprel seçkiləri ölkədə siyasi liberallaşma və modernləşmə proseslərini daha da sürətləndirməklə, səmərəli, şəffaf və hesabatlığa əsaslanan dövlət idarəçilik sisteminin formalaşmasına yeni imkanlar açmış, hakimiyyət komandasına yeni ruhmüasirlik çalarları gətirmişdir. Müstəqil Azərbaycanın ən yeni tarixinə əlamətdar hadisə kimi daxil olmuş bu seçkilər nəticə etibarilə cəmiyyətin mənafelərini özündə ehtiva edən, ölkəni dinamik inkişaf yoluna çıxaran Heydər Əliyev siyasi kursunin alternativsizliyini bir daha sübuta yetirmişdir.

11 aprel seçkiləri ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açmış, siyasi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə imkan yaratmış, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsində mühüm rol oynamışdır.

Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə yeni dövrün çağırışlarına cavab verən çevik və işlək idarəetmə modelinə keçid baxımından müasir təfəkkürlü gənclərə etimad göstərilməsini, onların yüksək vəzifələrə irəli çəkilməsini də vacib hesab edir. 2018-ci ilin 11 aprel seçkilərindən dərhal sonra Bakıda - Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuş bayram tədbirində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bizim taleyimiz öz əlimizdədir. Üzümü Azərbaycan gənclərinə tutub deyirəm: Ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün yetişən gənclik gələcəkdə Azərbaycanı idarə edəcək”.

Cənab İlham Əliyevin səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən həyata keçirdiyi strukturkadr islahatları - xüsusilə də müasir qlobal çağırışları obyektiv dəyərləndirməyi bacaran, yüksək intellektual səviyyəli, müasir menecer təfəkkürlü gəncləri yüksək dövlət postlarına təyin etməsi bu bəyanatın reallığa adekvatlığını bir daha təsdiqləyir. Hökumət komandasındakı son dəyişikliklər dövlətimizin rəhbərinin gənc, perspektivli və vətənpərvər kadrların irəli çəkilməsi yolu ilə idarəetmə sistemində şəffaflığı, səmərəliliyi, hesabatlığı təmin etmək, sistem xarakterli islahatları sürətləndirmək istəyinin bariz təcəssümüdür.

Dövlət başçısı aprelin

18-də keçirilmiş andiçmə mərasimində ötən illərdə əldə edilmiş uğurlarının davamlılığının təmin edilməsi baxımından dövrün tələbləri ilə səsləşən islahatların davam etdirilməsi zərurətini də xüsusi vurğulamışdır:Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var”.

Ötən 15 ildə xalqa layiqli xidmət, vətəndaşa həssas münasibət məsələləri Azərbaycan Prezidenti cənab

İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini, başlıca ideya istiqamətini təşkil etmişdir. Bu da təsadüfi deyildir ki, son 15 illik zaman kəsiyi ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən 15 ildə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir.

İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizmmüasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə, onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu nöqteyi-nəzərdən son 15 ildə regional tərəqqi və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.

Ötən illərdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olmuşdur. Bütün bunların nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə ölkəmiz “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır. Bundan əlavə, respublikamız 190 ölkənin biznes mühitini qiymətləndirən növbəti “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlmiş, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır.

Ötən illərdə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atılmışdır. 2018-ci ilin birinci rübündə xarici ticarətdə müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Ölkə başçısının 1 mart 2016-cı il tarixliQeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.

Uğurla həyata keçirilmiş islahatların nəticəsi olaraq respublikamızın bölgələrinin sənaye potensialı da əsaslı şəkildə güclənmişdir. Bu gün Azərbaycanın rayon və şəhərlərində yeni-yeni istehsal müəssisələri, fabrikzavodlar istifadəyə verilir, gənclərin faydalı məşğulluğu təmin edilir. Regionlarda avtomobil, velosiped, kənd təsərrüfatı texnikası, habelə yüngül sənaye, tekstil məhsulları istehsal edən sahibkarlarımızın ixrac potensialı əsaslı şəkildə güclənir. Son aylarda ixracın idxalı üstələməsi, xarici siyasətdə profisitin yaranması son illərdə həyata keçirilən qanunvericiinstitusional islahatların uğurlu nəticəsidir.

Son illərdə imzalanmış sənədlər əsasında sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apelyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergigömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçikorta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açmışdır. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri və hədəfləri əksini tapmışdır.

Əldə olunmuş naliliyyətlər, şübhəsiz, hökumət komandasının daha səylə çalışmasını, verilmiş tapşırıqların vaxtında, təxirəsalınmadan icrasını tələb edir.

Son 1 ayda Nazirlər Kabinetinin tərkibinin müasir idarəçilik meyarlarını mənimsəmiş kreativ təfəkkürlü gənc kadrlar hesabına zənginləşdirilməsi qarşıda duran vəzifələrin həllinə yaxşı imkanlar açır. İnanırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonrakı mərhələdə davam etdiriləcək islahatlar Azərbaycanın yaxın perspektivdə tamamilə moderninkişaf etmiş dövlətə çevrilməsini təmin edəcəkdir.

 

 

Şahsultan HƏSƏNOV,

Rusiya Federasiyasının Prezidenti yanında

İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri

 

Azərbaycan.- 2018.- 23 may.- S.1; 5.