Şəffaf iqtisadi siyasət

 

Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır.

 

İlham ƏLİYEV

 

 

Bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Prezident

İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” mövzusunda çox maraqlı və dərin məzmunlu məqaləsi mətbuatda dərc olunmuşdur.

Həmin məqalədə ölkə iqtisadiyyatının dayanıqlı və tarazlı inkişafını təmin edən bir sıra mühüm istiqamətlər üzrə, o cümlədən sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti, regionların inkişafı, ərzaq təhlükəsizliyi və aqrar siyasət, məşğulluq və yoxsulluğun azaldılması strategiyası və digər vacib istiqamətlər üzrə elmipraktik tutumlu fikirlər məqalədə geniş işıqlandırılmışdır.

Çox əlamətdardır ki, akademik Ramiz Mehdiyevin məqaləsində öncə ulu öndər Heydər Əliyevin iqtisadi strategiyasının dönməzliyi vurğulanmışdır: “Heydər Əliyevin milli iqtisadiyyatımızın inkişafı üçün əsas xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin edilməsindən, digər tərəfdən də iqtisadi islahatların aparılmasına ardıcıl siyasi dəstəyin verilməsindən ibarət olmuşdur”.

Həqiqətən də 90-cı illərin əvvəllərində iqtisadi islahatların hazırlanması, keçirilməsi sahəsində respublikada müxtəlif fikirlər olmuşdur. Bəziləri çox mühafizəkar mövqedə idilər ki, müharibə gedən, bir milyona qədər qaçqını olan ölkədə heç bir islahat keçirmək olmaz, biz gərək müharibəni qurtaraq, işğal edilmiş torpaqları azad edək, ondan sonra islahatlar keçirək. Digərləri isə hesab edirdilər ki, hər şeyi dağıtmaq, hər şeyi pozmaq lazımdır, onda bu islahatları keçirmək olar. Bu barədə Heydər Əliyev 1997-ci ilin aprelində ölkəmizdə iqtisadi islahatların gedişinə həsr olunmuş müşavirədə öz mövqeyini belə ifadə etmişdir: “...Biz isə nə o cür, nə də başqa cür mənfi fikirlərin təsiri altına düşmədik. İşimizi planlı, təmkinli, düşüncəli aparmaqla məşğul olduq. Qanunlar da qəbul etdik, fərmanlar da, sərəncamlar da verildi, başqa hüquqi sənədlər də yarandı. İndi onlar əməli surətdə həyata keçirilir. Bunlar onu göstərir ki, bizim strateji yolumuz düzdür, doğrudur. Yəni respublikanın iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə inkişaf etməlidir, xüsusi mülkiyyət yaranmalıdır. Bunun üçün iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməlidir, sahibkarlıq, təşəbbüskarlıq yaranmalıdır və inkişaf etməlidir.

Bu gün tam qətiyyətlə demək olar ki, biz bundan sonra da bu yolla gedəcəyik...”

İslahatlar aparılarkən xarici ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa və tələskənliyə qarşı çıxan Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, “bu Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir” və “yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla” həyata keçirilməlidir.

Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.

Hələ 24 il öncə, 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatın digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.

Hər bir cəmiyyətin və dövlətin inkişafında düzgün təşkil edilmiş nəzarət müstəsna rol oynayır. İndiki şəraitdə ümumi nəzarətin mühüm bir qolu olan maliyyə nəzarətinin rolu ikiqat artır.

Məhz mükəmməl maliyyə nəzarətinin mövcudluğu:

1) idarəetmədə optimal qərarların qəbul edilməsi və normal fəaliyyətin təmin olunmasına əsas verən informasiya bazasının formalaşmasına (informasiya funksiyası);

2) mövcud nöqsan və çatışmazlıqların üzə çıxarılması ilə yanaşı, onların gələcəkdə təkrar olunmamasına (profilaktik funksiya);

3) təsərrüfat subyektlərinə bütün ehtiyat və vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməsi istiqamətində öhdəliklərə əməl edilməsinə (səfərbəredici funksiya);

4) məsul şəxslərə qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi və öz öhdəliklərinin dəqiq yerinə yetirilməsi sahəsində tələblər aşılanmasına (tərbiyəvi funksiya) zəmin yaradır.

Bu mənada heç də təsadüfi deyildir ki, akademik Ramiz Mehdiyevin məqaləsində dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və bu sahədə ölkəmizdə həyata keçirilmiş tədbirlər məntiqi ardıcıllıqla şərh olunmuşdur. Çox səciyyəvidir ki, Azərbaycanda mükəmməl nəzarət sisteminin yaradılması və mövcud nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılması ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri olmuşdur. Ulu öndər özü bu barədə demişdir: Demokratik hüquqi dövlət quruculuğunu strateji siyasi xətt hesab etmək heçbaş verən mənfi hallara, nizam-intizamı, qayda-qanunu pozanlara göz yummaq demək deyildir. Əksinə, dövlət quruculuğunu həyata keçirərkən və iqtisadi islahatlara rəvac verərkən biz bütün sahələrdə qayda-qanunun möhkəmlənməsinə nail olmalıyıq”.

Akademik Ramiz Mehdiyevin məqaləsində maliyyə nəzarətindən ölkənin iqtisadi-maliyyə təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi və bunun üçün maliyyə nəzarətinin hansı istiqamətlərdə təkmilləşdirilməsi yolları maraqlı şərh olunmuşdur. Məqalədə tamamilə haqlı olaraq qeyd edilir ki, maliyyə nəzarətini yalnız büdcə-vergi nəzarətilə məhdudlaşdırmaq olmaz. Başqa sözlə, maliyyə nəzarəti valyuta, gömrükbank nəzarətini də əhatə etməklə maliyyə resurslarının formalaşması, bölgüsü və istifadə edilməsi prosesinin qanuniliyinə, məqsədəuyğunluğuna və səmərəliliyinə nəzarət edilməsi sahəsində dövlət orqanlarınınauditor təşkilatlarının həyata keçirdikləri tədbirlərin məcmusu kimi dəyərləndirilir. Xüsusi əhəmiyyət kəsb edən cəhətlərdən biri də maliyyə nəzarətinin təşkilinin yaxşılaşdırılması sahəsində maliyyə nəzarətinin subyektlərinin (nəzarətedici qurumların müəyyənləşdirilməsi), maliyyə nəzarətinin obyektləri (hansı qurumlara nəzarət ediləcəyinin konkretləşdirilməsi) nəzarətin predmeti (nəyə nəzarət olunduğunun dəqiqləşdirilməsi), nəzarətin prinsiplərinin metod və metodologiyasının müəyyənləşdirilməsi istiqamətində kompleks tədbirlərin reallaşdırılmasının zəruriliyi ön plana çəkilmişdir. Fikrimizcə, yuxarıda göstərilənlərlə yanaşı, maliyyə nəzarətinin keyfiyyətini yüksəltmək şirkətlərin şəffaflıq və hesabatlılıq indeksinin hazırlanmasını və açıqlanmasını, nəzarət orqanlarının hesabatlılığının artırılması və onlar tərəfindən maliyyə nəzarətinin nəticələri barədə təhlillərin və statistik məlumatların ictimaiyyətə təqdim edilməsini, vergilərin qeyri-qanuni optimallaşdırılmasına qarşı tədbirlərin həyata keçirilməsini, biznes mütəxəssislərinin, habelə mühasiblərin və auditorların davamlı peşə təhsilinin icbariliyinin qanunvericiliklə təsdiq olunmasını və digər mühüm istiqamətlərin reallaşmasını tələb edir.

Məqalədə əks olunmuş belə bir fikirmaraq doğurur ki, maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi statistikanın və mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə paralel həyata keçirilməlidir.

Qeyd etmək lazımdır ki, maliyyə və sosial həyatda baş verən dəyişiklikləri əks etdirib müəyyənləşdirən statistikanın təkmilləşdirilməsi problemi ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir.

Sahibkarlıq fəaliyyətinin tam leqallaşdırılmasını və ölkə iqtisadiyyatında şəffaflığın artırılmasını təmin etmək məqsədilə “müşahidə olunmayan” iqtisadiyyatın bütün istiqamətləri üzrə, o cümlədən ev təsərrüfatları; qeyri-qanuni iqtisadiyyat; nəzərə alınmayan istehsal; qeyri-formal iqtisadiyyat üzrə uçot və hesabatlılığın qaydaya salınması şəffaflığın artırılması və kölgə iqtisadiyyatının həcminin və əhatə dairəsinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə isə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində kompleks tədbirlər sisteminin xüsusi yol xəritəsi çərçivəsində işlənib hazırlanması və həyata keçirilməsi aktual bir məsələ kimi öz həllini tapmalıdır. Belə yol xəritəsində ikili mühasibatlığın ləğvi, gəlirlərin düzgün bəyan edilməsi, hesabatların reallığı və şəffaflığın artırılması istiqamətində tədbirlər sisteminin işlənib hazırlanması ən yaxın hədəflər sırasında yer tutmalıdır.

Uçot və hesabatlılığın düzgün tərtib olunmasının vacibliyini belə bir faktla göstərmək olar ki, müəssisəyə dəyən zərərdə müxtəlif növ dələduzluqların payları sırasında maliyyə hesabatlarında saxtakarlığın səviyyəsi daha yüksəkdir. Belə ki, müəssisəyə dəyən zərərdə aktivlərin qanunsuz verilməsinin payı 9, korrupsiyanın payı 10 faiz təşkil etdiyi halda, maliyyə hesabatlarında saxtakarlığın 81 faiz paya malik olması aparılan xarici tədqiqatlar vasitəsilə sübuta yetirilmişdir.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində hesabatlılıq və şəffaflığa dair bir sıra mühüm problemlərin həlli qarşıya qoyulmuşdur. Bunlara ilk növbədə yeni hesabatvermə formalarının hazırlanmasını, ilkin uçotun təşviqini, büdcədənkənar vəsaitlərin idarəolunması və monitorinqi sisteminin hazırlanmasını, mühasibat uçotunun beynəlxalq standartların kiçikorta sahibkarlıq subyektləri tərəfindən tətbiqinin stimullaşdırılmasını, statistika infrastrukturunun təkmilləşdirilməsini, məlumatların mübadiləsi və açıqlanması mexanizmlərinin müəyyən edilməsi kimi problemləri göstərmək olar.

Onu da qeyd etmək yerinə düşərdi ki, şəffaflıq anlayışı barədə cəmiyyətdə hələ də qəti bir fikir formalaşmamış və hüquqi normativ aktlarda əks etdirilməmişdir. Fikrimizcə, şəffaflıq dedikdə, mövcud vəziyyət, qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər barədə informasiyanın bütün maraqlı tərəflərə əlçatan və anlaşılan olması üçün şəraitin yaradılması başa düşülməlidir. Eyni zamanda şəffaflıq makrosəviyyədə şəffaflıq (dövlət siyasətində şəffaflıq), mezosəviyyədə şəffaflıq (regional səviyyədə şəffaflıq) və mikrosəviyyədə şəffaflıq (təsərrüfat subyektlərində şəffaflıq) kimi təsnifləşdirilə bilər.

Məhz şəffaflığın artırılması və hesabatlılığın düzgün aparılması təsərrüfat fəaliyyətində risklərin azaldılmasına, səmərəli idarəetmə qərarlarının qəbul edilməsinə, ölkə iqtisadiyyatında real durumun qiymətləndirilməsinə, makroiqtisadi göstəricilərin düzgün proqnozlaşdırılmasına imkan verir.

Məhz buna görə də Prezident İlham Əliyev öz siyasətində şəffaflıq amilini daim diqqət mərkəzində saxlamaqdadır. 2018-ci il 18 aprel tarixində Prezidentin andiçmə mərasimindəki nitqində şəffaflığa münasibət belə ifadə olunmuşdur: “İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır”. Bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda isə Azərbaycan Prezidenti şəffaflığı belə dəyərləndirmişdir: “Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq”.

Qeyd etmək lazımdır ki, ölkəmizdə maliyyə hesabatlarının təqdimetmə sahəsində hələ də bir sıra problemlər öz həllini gözləyir. İlk öncə qeyd etmək lazımdır ki, məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətlər üzrə hesabatların hazırlanması və təqdim edilməsi üzrə dolğuntam statistika mövcud olmadığı kimi, həmin hesabatların kənar auditor tərəfindən təsdiq edilməsi səviyyəsi də çox aşağıdır. Məsələn, 2017-ci il üzrə səhmdar cəmiyyətlərin məcburi auditdən keçmə səviyyəsi 14,9%, məhdud məsuliyyətli cəmiyyətlər üzrə isə daha az, yəni 0,9% təşkil etmişdir. Halbuki inkişaf etmiş ölkələrdə hesabatların gec təqdim edilməsinə görə şirkətlər üçün ciddi cərimə məbləğləri nəzərdə tutulmuşdur. Məsələn, Böyük Britaniyada 1 gün - 1 ay hesabat gecikdirməyə görə xüsusi şirkət 150 £, ictimai əhəmiyyətli qurum isə 750 £, 1 ay 1 gün - 3 ay gecikdirməyə görə 375 £ və 1500 £, 3 ay 1 gün - 6 ay gecikdirməyə görə 750 və 3000 £, 6 aydan artıq gecikdirməyə görə 1500 £ və 7500 £ cərimə tətbiq edilir.

Təklif edirik ki, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkəmizdə də maliyyə hesabatlarının və auditor rəylərinin vahid bir quruma təqdim edilməsi, saxlanılması və maraqlı tərəflərə əlçatanlığı təmin edilsin. Xarici ölkələrdə belə qurumlar aşağıdakı formalarda yaradılaraq fəaliyyət göstərir:

* Müstəqil hüquqipublik” şəxs formasında (Böyük Britaniya təcrübəsi);

* Müvafiq mərkəzi icra hakimiyyəti orqanının nəzdində “mərkəz”, “xidmət” və s. formasında (Rusiya, Gürcüstan, Bolqarıstan və s. təcrübəsi).

Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi və siyasi iradəsi ilə ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığının möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Korrupsiyaya qarşı mübarizə və onun profilaktikası baxımından şəffaflıqla birbaşa bağlı olan təsərrüfat subyektlərinin maliyyə hesabatlarının vaxtında hazırlanması və açıqlanması prosedurlarının genişləndirilməsi mühüm rola malikdir. Bununla yanaşı, beynəlxalq standartlar əsasında maliyyə hesabatlarının hazırlanması və müstəqil auditor rəyi ilə birlikdə ictimaiyyətə tam və vaxtında açıqlanması sahəsində mövcud olan problemlərin həlli zərurəti bir sıra tədbirlərin işlənib hazırlanmasını və tətbiq edilməsini tələb edir.

Beynəlxalq praktikadan fərqli olaraq, ölkəmizdə bir sıra hüquqi şəxslərin, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlərin öz illik maliyyə hesabatlarının təsisçidən başqa hər hansı bir orqana təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İctimai əhəmiyyətli qurumların, bankların, sığorta təşkilatlarının, səhmdar cəmiyyətlərin və digər hüquqi şəxslərin maliyyə hesabatları isə ayrı-ayrı tənzimləyici qurumlarda toplanılır. Bu isə Azərbaycanda hüquqi şəxslərin maliyyə hesabatlarının toplanması, ümumiləşdirilməsi, təhlili və açıqlanması sahəsində müəyyən problemlərin yaranmasına gətirib çıxarır.

Tamamilə haqlı olaraq ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dairStrateji Yol Xəritəsində “Maliyyə xidmətləri sektorunda hesabatlılığın şəffaflığının artırılması” adlı 4.4-cü bənddə məlumatların açıqlanması mexanizmlərinin müəyyən edilməsi vəzifəsi qarşıya qoyulmuşdur.

Ona görə də Prezident

İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri şərh edilərkən auditin real funksiyasının bərpa olunması zərurəti ön plana çəkilmişdir.

Bu mənada akademik Ramiz Mehdiyev tamamilə haqlı olaraq qeyd edir ki, “ölkədə müstəqil audit xidmətini inkişaf etdirmədən, onun fəaliyyətini təkmilləşdirmədən maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun qurulması qeyri-mümkündür. Bu sahənin inkişaf etdirilməsi, öz növbəsində, yüksəkixtisaslı auditor kadrların hazırlanmasını, audit xidmətinə tələbin artırılması üçün zəruri şəraitin yaradılmasını tələb edir”.

Eyni zamanda, qanunvericiliyə əməl etməyən təsərrüfat subyektlərinin müsbət auditor rəyi alması hallarının aradan qaldırılması üçün auditorların intizam və peşə məsuliyyətinin gücləndirilməsi istiqamətində işlərin daha sistemli, ardıcıl və kəsərli aparılması tələb olunur.

Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tətbiqini, haqsız rəqabətə qarşı mübarizəni, auditorların peşə məsuliyyətinin gücləndirilməsini və digər müddəaları özündə ehtiva edən “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni qanununun qəbul edilməsi də günümüzün ən mühüm çağırışları sırasındadır.

Müasir şəraitdə auditə getdikcə güclənən zərurət və tələbat ilk növbədə aşağıda göstərilənlərlə əlaqədardır:

maraqlı tərəflərin hüquqlarının və qanuni maraqlarının müdafiəsi;

maliyyə hesabatlarının düzgünlüyünün təmin edilməsi;

maliyyə sferasında korrupsiya və dələduzluğun qarşısının alınması;

maliyyə hesabatlarında informasiyanın keyfiyyətinin yüksəldilməsi;

sahibkarlıq riski səviyyəsinin azaldılması;

iqtisadi təhlükəsizliyin təmin olunması.

Prezident İlham Əliyevin sözləri ilə desək, “Audit sisteminin beynəlxalq təcrübə və standartlar əsasında təkmilləşdirilməsi Azərbaycanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət edir”.

Qanunvericiliyə uyğun olaraq, məcburi auditin obyekti sayılan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının qarşısını almaq üçün tədbirlərin görülməsi Prezident İlham Əliyev tərəfindən mühüm bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu heç də təsadüfi deyildir: belə ki, auditdən yayınma - bu, korrupsiyaya şərait yaradan halların mövcudluğu, bilavasitə korrupsiya halları, çirkli pulların yuyulması və digər neqativ hallar deməkdir.

Respublikamızda xüsusi çəkisinə görə məcburi audit subyektləri arasında birinci yerdə duran qurumlar məhdud məsuliyyətli cəmiyyətlərdir. Son məlumatlara əsasən, aktiv fəaliyyətdə olan MMC-nin sayı 42 mindən çoxdur ki, bu da ümumi məcburi audit subyektlərinin təxminən 90 faizini təşkil edir. Onların auditdən keçmə faizi ildən-ilə azalmaqla, son ildə 0,9 faiz təşkil etmişdir. Zənnimizcə, belə vəziyyətin əsas səbəbi məhdud məsuliyyətli cəmiyyətlərin öz maliyyə hesabatlarını yalnız təsisçi üçün tərtib etmələri, yəni dövlət orqanına təqdim etmək barədə heç bir öhdəliklərinin olmamasıdır.

Bəzən belə mülahizələr yürüdülür ki, audit təsərrüfat subyektləri üçün əlavə maliyyə yükü yaradır və bununla da auditin istər təsərrüfat subyektləri, istər mülkiyyətçilər və istərsə də bütövlükdə ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyəti şübhə altına alınmaqla “qənaət rejimi” tərəfdarları kimi özlərini göstərmək istəyirlər. Əslində isə bu, tamamilə səhv və yanlış yanaşmadır. Aparılan hesabatlar göstərir ki, göstərilmiş auditor xidmətlərinin ÜDM-dəki payı və ya auditor təşkilatlarına və sərbəst auditorlara ödənilən xidmət haqları ÜDM-in 0,0006%-ni təşkil edir ki, bu da cüzi bir rəqəm olduğuna dəlalət edir.

Ölkə Prezidentinin iqtisadi strategiyasının və şəffaflıq siyasətinin reallaşması üzrə mexanizmlərin işlənib hazırlanması və tətbiqi yeni qlobal reallıqda Azərbaycan iqtisadiyyatının düzgün istiqamətləndirilməsi və inkişafının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və gələcək inkişafımıza möhkəm zəmin yaradır.

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 25 may.- S.9.