BTC getdikcə daha mühüm əhəmiyyət
kəsb edir
Kəmərə ilk neftin vurulmasından 13 il keçir
2005-ci il
mayın 25-də Səngəçal
terminalındakı baş
nasos stansiyasından Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə
ilk neft vuruldu. Bununla da kəmərin
Azərbaycan hissəsi
istifadəyə verildi.
Bütün regionun həyatı üçün
mühüm əhəmiyyət
kəsb edən bu hadisə ilə bağlı Bakıda və Səngəçalda keçirilən
tədbirlərdə Azərbaycan
Prezidenti İlham Əliyevlə yanaşı,
Türkiyənin, Gürcüstanın
və Qazaxıstanın
dövlət başçıları
da iştirak etdi.
BTC ulu öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Məhz buna
görə də kəmərin tikintisi başa çatarkən layihənin səhmdarları
ona ulu öndər
Heydər Əliyevin adının verilməsi təşəbbüsünü irəli sürmüş və təklif yekdilliklə bəyənilmişdir.
Kəmər indiyədək ahəngdar
və təhlükəsiz
işləyərək ona
bəslənən ümidləri
və daşıdığı
şərəfli adı
layiqincə doğruldur.
BTC-ni üçüncü minilliyin
nəhəng mühəndis
qurğusu adlandırırlar. Çünki bütün Avrasiya məkanında mövcud olan analoji kəmərlər
arasında öz unikallığı ilə
seçilir. Bu kəmər haqlı olaraq dünya enerji təhlükəsizliyinin
əsas elementlərindən
biri sayılır.
Azərbaycanın, Gürcüstanın və
Türkiyənin ərazisindən
keçərək 1768 kilometr
məsafə qət edən bu xəttin
boruları bütün
marşrut boyu torpaq altında basdırılmışdır. Bu da onun təhlükəsizliyini
təmin edir. Kəmərin bir sıra əzəmətli yerüstü
qurğuları, o cümlədən
səkkiz nasos stansiyası da var. Səngəçaldakı baş
nasos stansiyasından sonra ikinci stansiya
yenə də Azərbaycanın ərazisində
- Yevlaxda yerləşir.
İki stansiya Gürcüstanda, dörd stansiya Türkiyə ərazisindədir.
BTC-ni “Üç dənizin əfsanəsi”, yəni Xəzəri, Qara dənizi və Aralıq dənizini birləşdirən polad kəmər də adlandırırlar. O, eləcə də xalqları və ölkələri bir-birinə yaxınlaşdırır.
Azərbaycanın 13 rayonundan
- Qaradağ, Abşeron,
Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər
ölkəmizdə 443, Gürcüstanın
7 bölgəsində 249 və
Türkiyənin 9 rayonunda
1076 kilometrlik yol boyu uzanır.
“BTC Company” şirkətində
kəmərin 11 səhmdarı
birləşib. Bunlar əməliyyatçı olan
BP (Böyük Britaniya),
SOCAR (Azərbaycan), “Şevron”
(ABŞ), “Statoyl” (Norveç),
TPAO (Türkiyə), “Eni”
(İtaliya), “Total” (Fransa),
“İtoçu” (Yaponiya),
“İnpeks” (Yaponiya), “EksonMobil” (ABŞ) və
“ONGC Limited” (Hindistan) şirkətləridir.
Əməliyyatçı şirkətin
məlumatına görə,
2006-cı ilin iyul ayında tam sistem kimi istismara veriləndən bu ilin əvvəlinədək
bu boru kəməri
ilə ümumilikdə
383 milyon tondan artıq (təxminən
2,87 milyard barel) xam neft nəql
edilmiş və Ceyhanda 3758 tankerə yüklənərək dünya
bazarlarına göndərilmişdir.
BTC bu ilin əvvəlindən də təhlükəsiz
və ahəngdar şəkildə fəaliyyət
göstərir. Hazırda boru xətti ilə əsasən Xəzərin Azərbaycan
sektorundakı “Azəri-Çıraq-Günəşli”
yataqlarının nefti
və “Şahdəniz”dən
çıxarılan kondensat
nəql olunur. Bundan əlavə, BTC-yə digər xam neft və kondensat
həcmləri də,
o cümlədən Türkmənistan
və Qazaxıstan nefti də vurulur.
Əvvəlcə boru kəməri gündə 1 milyon barel neft ötürmək
gücündə layihələndirilmişdi. 2006-2009-cu illər ərzində onun ötürmə qabiliyyəti bu cür də qalmışdı. 2009-cu ilin
mart ayında kəmərin
gündəlik ötürmə
gücü 20 faiz artırıldı və
1,2 milyon barel təşkil etdi.
İllər keçir, Azərbaycan yeni, daha qlobal
layihələri reallaşdırır. Bununla belə,
BTC getdikcə daha böyük əhəmiyyət
kəsb edir. Əvvəla
ona görə ki, təkcə ölkəmizə deyil, bütün regiona gəlir, xeyir-bərəkət
gətirən kəmərdir.
Kəmər istismara veriləndən
sonrakı illərdə
ölkəmiz böyük
həcmdə valyuta ehtiyatları əldə edib. Azərbaycan dövləti bu
ehtiyatlardan səmərəli
istifadə edərək
onları ölkənin
əsas inkişaf istiqamətlərinə yönəldib.
BTC-nin gəlirləri
hesabına bir sıra infrastruktur layihələri həyata keçirilib, qaçqın
və məcburi köçkünlər üçün
qəsəbələr salınıb,
insanların rifah halı yüksəldilib, iqtisadiyyat şaxələnib.
Neft gəlirlərindən düzgün
istifadə iqtisadiyyatın
diversifikasiyasına, qeyri-neft
sektorunun inkişafına
imkan verib.
BTC eyni zamanda Azərbaycandan dünyaya yeni bir yol açıb. Elə bir
dəhlizin təməlini
qoyub ki, bu gün onu
yeddi ölkə, onlarca şirkət həyata keçirir.
Çoxsaylı topdan qaz alıcısı Xəzərin
Azərbaycan sektorundan
çıxarılacaq və
həmin dəhlizlə
axıdılacaq mavi yanacağın yolunu gözləyir.
Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan kəmərini daim yüksək dəyərləndirir. Bu kəmərin
çəkilişini tarixi
hadisə adlandıran
dövlət başçısı
demişdir: “Əgər
o kəmər olmasaydı,
Azərbaycan öz neft və ondan
sonra qaz potensialını dünya
bazarlarına çatdıra
bilməzdi.
Beləliklə, dəhliz yaradıldı.
Xəzər dənizi-Qara dəniz-Aralıq
dənizi əməkdaşlıq
formatı formalaşmışdır.
Xəzər dənizini Aralıq
dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün
uğurla fəaliyyət
göstərir və başqa ölkələrə
də xidmət edir. Dəhliz formalaşandan sonra,
əlbəttə ki, Azərbaycan öz tranzit yolunu oynamağa başlamışdır.
Bu gün biz qeyd
edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən
və logistika imkanlarından tam şəkildə
istifadə edir”.
Flora SADIQLI
Azərbaycan. - 2018.-25 may.- S.9.