“Jara-2018”: Rusiya
estradasının bütün ulduzları
Bakıya toplaşacaq
Dünya musiqi aləmində böyük populyarlıq qazanmış “Jara” festivalının təşkilatçılarından biri olan EMİN mətbuat konfransı keçirib
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı ilə bağlı hazırlıq işləri sürətlə aparılır. Hazırda qəfil küləkdən müdafiə məqsədilə montaj işləri görülür. İştirakçıların sayına gəldikdə, demək olar, Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq.
Bakıda keçiriləcək III “Jara”
daha hərarətli olacaq
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında festivalın təşkilatçılarından biri, tanınmış müğənni və bəstəkar EMİN deyib.
“Jara” Beynəlxalq Musiqi Festivalına təxminən 1000 nəfər musiqiçi gələcək, çünki hər bir artist öz kollektivinin müşayiətilə çıxış edəcək. Habelə Qazaxıstandan da musiqiçilər gələcək. Təbii ki, Azərbaycandan da ifaçılar olacaq. Hər il bizim artistlərimiz çıxış edirlər və bu il də belə olacaq”, - deyə EMİN bildirib.
Qeyd edək ki, iyulun 26-dan 29-dək “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk'oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.
Festivalın proqramı haqqında məlumat verən EMİN diqqətə çatdırıb ki, builki “Jara”da üç yubiley konserti olacaq - Valeriya, Vladimir Presnyakov və Leonid Aqutinin yubiley gecələri keçiriləcək. Habelə Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Yuri Antonovun da yaradıcılıq gecəsi gözlənilir. Hələ ki o, iştirakını şifahi təsdiqləyib. Eləcə də 55 yaşı tamam olan Valeri Meladze öz kollektivi ilə çıxış edəcək.
“Zənnimcə, Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq. Birinci “Jara” bir növ sınaq olsa da, Rusiyanın Birinci Kanalında reytinq baxımından çox yüksək nəticə göstərdi. II “Jara” başa çatdıqdan sonra, ötən il avqust ayının əvvəlində biz təşkilatçılar - Sergey Kojevnikov və Qriqori Leps bir yerə toplaşdıq və Birinci Kanalın nümayəndələri ilə birgə “Jara”nı növbəti səviyyəyə yüksəltmək məsələlərini müzakirə etdik. Beləliklə, qarşımıza vəzifələr qoyduq. Bu dəfə Birinci Kanaldan ən azı 13 efir əldə etməliyik. Bu, dördgünlük festivalda 12 musiqi gecəsi edir ki, hər gün üç-üç bölünəcək. Düşünürəm ki, bu, kifayət qədər mürəkkəb vəzifələrdir və böyük prodakşn, böyük miqdarda material, çoxsaylı mahnılar, yaxşı repertuar deməkdir. Habelə sizin indiyədək eşitmiş olduğunuz mahnılar yeni aranjemanda səsləndiriləcək”, - deyə EMİN diqqətə çatdırıb.
“Jara” postsovet məkanında
çox az sayda olan tədbirlərdəndir
Festival çərçivəsində film çəkiləcəyi barədə məlumat verən EMİN deyib: “Filmin şərti adı belədir: “Odnajdı na jare” (“Bir dəfə Jarada”). Bu filmdə həm peşəkar aktyorlar, həm də Rusiya şou-biznesinin nümayəndələri iştirak edəcəklər. Filmdə ayrıca xətt var ki, burada Azərbaycan və Rusiya artistləri çəkiləcəklər. Ekran əsəri “Jara” festivalında səhnəarxası hadisələri təsvir edən yay kinokomediyası olacaq. Bu, həm də Rusiya artistlərinin hamısının çəkiləcəyi ilk film olacaq. Beləliklə, biz çoxseriyalı yeni bədii layihə əldə edəcəyik ki, hər il bu layihə, əlbəttə ki, yeni süjetlərlə təkrarlana bilər. Filmin rejissorunun adını hələ ki açıqlamıram. O, televiziyada işləmiş, çoxlu filmlər çəkən istedadlı bir qızdır. Filmin prodüserliyində mənə dostum Timur Cəfərov kömək edir.
“Jara” üçün bir neçə element fikirləşmişəm. Birincisi, “Azərbaycan”
adlı çox yaxşı iki trek yazdırmışıq. Biz
festivalı bu mahnı ilə açmaq istəyirik.
Digər
mahnı - mən onu “Bakıya qaçaq. İkinci hissə” adlandırıram
- onun premyerası mayın 28-də olacaq.
Bu mahnını mənim dostum Brandon Stone yazıb.
“Jara”nın
büdcəsi böyükdür
və bu il də belə
olacaq. Çünki postsovet məkanında
bu cür hadisə çox azdır. “Jara”
brendi əsasında “Jara TV” və “Jara” radiostansiyası fəaliyyətə başlayıb.
İdeyalar çoxdur və
gələcəkdə reallaşdırıla
bilər”.
Xatırladaq ki, festivalın təşkilatçıları
müğənni və
bəstəkar Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının
təsisçisi Sergey Kojevnikovdur.
“Jara-2018”in biletləri ötən
il dekabrın
1-dən satışa çıxarılıb.
Azərbaycan.- 2018.-25 may.- S.15.